28 Avqust 2021 00:44
695
SİYASƏT
A- A+

Ermənistan parlamentində gözlənilənlər baş verir

 

Deputatlar münasibətlərini yumruq-təpiklə aydınlaşdırırlar

 

Son günlər Ermənistanı diqqət mərkəzinə gətirən məsələ parlamentdə deputatlar arasında baş verən davalardır.

Belə ki, bu günlər Ermənistan parlamentində müxalifət fraksiyasını təmsil edən deputatlarla qanunverici orqanın təhlükəsizlik xidmətinin əməkdaşları arasında əlbəyaxa dava olub. Hadisəyə səbəb parlament sədrinin təhlükəsizlik xidmətinə deputat Anna Mkrtçyanı iclas zalından çıxarmaq barədə tapşırığı olub.

Müxalif deputatlar A.Mkrtçyanı əhatəyə alıb və onun zaldan çıxarılmasına imkan verməyiblər. Mübahisəyə iqtidar deputatları da qoşulub, toqquşma yaşanıb. Müxalif parlamentarilər “Nikol, sən satqınsan” qışqırıblar.

Bundan bir gün sonra da Ermənistanın qanunverici orqanının iclasında qalmaqal yaşanıb. Hakim “Vətəndaş razılaşması” fraksiyasını təmsil edən Hayk Sarkisyanın çıxışı müxalif deputatların qəzəbinə səbəb olub. Onun iqtidarın siyasətini müdafiə edən çıxışı zamanı Ermənistanın bütün keçmiş müdafiə nazirlərini satqın adlandırması ölkənin sabiq müdafiə naziri Seyran Ohanyanın rəhbərlik etdiyi “Ermənistan” fraksiyasının deputatları tərəfindən kəskin reaksiya ilə qarşılanıb. Müxalifətçilər Sarkisyana şüşə qab atıblar. Sonradan bütün fraksiyalar bir-birinə şüşə qablar atmağa başlayıblar və insident böyüyüb. Nəticədə gözündən xəsarət alan müxalif deputat Qeqam Nazaryan xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Ermənistan baş naziri Nikol Paşinyanın qaynı - Anna Akopyanın qardaşı, hakim “Vətəndaş razılaşması” fraksiyasından deputat olan Qraçya Akopyan Ermənistan parlamentində baş verən insident zamanı zaldan çıxarılıb. Akopyan təhlükəsizlik xidmətinin əməkdaşı tərəfindən zaldan çıxarılarkən ana söyüşü söyməyə başlayıb.

Həmin anlar “Qraparak” qəzetinin müxbiri tərəfindən lentə alınıb. Sakitləşdikdən sonra jurnalistlərlə söhbət edən Paşinyanın qaynı deputat həmkarı Hayk Sarkisyanın parlamentdə insidentə səbəb olan Ermənistanın bütün keçmiş müdafiə nazirlərinin satqın olması fikrini təkrar edib.

İqtisadi məsələlər üzrə parlament komissiyasının rəhbəri, müxalif “Ermənistan” fraksiyasının deputatı Vaqe Akopyanın çıxışı zamanı “Vətəndaş razılaşması” fraksiyasını təmsil edən deputatlar ona mane olublar. Parlament spikeri bir neçə dəfə müxalifət və iqtidar deputatlarına xəbərdarlıq edib. İqtidar deputatlarından biri V.Akopyanı təhqir etməyə başlayıb və bundan sonra o, tribunanı tərk edərək hakim fraksiya üçün ayrılmış sektora hücum edib.

Ermənistan parlamentinin “Şərəfim var” və “Ermənistan” fraksiyaları qanunverici orqanda deputatlara qarşı zorakılığı qətiyyətlə pisləyiblər. İki müxalifət fraksiyasının yaydığı birgə bəyanatında qeyd edilir ki, bu, qanunverici orqanın tarixində rüsvayçı hadisədir:  “Hakimiyyəti təmsil edən bir qrup insanın qanunsuz göstərişlərə əməl edərək ölkənin qanunverici orqanda demokratik dəyərlərə qarşı cinayət törətdiyi günlər parlament tarixinin ən abırsız səhifələrindən biri olacaq. Ermənistanda zorakılığın təbliğatı və nifrət atmosferinin bir mənbəyi var - Nikol Paşinyanın başçılıq etdiyi “Vətəndaş razılaşması” partiyası. Biz cinayət törədənlərin siyasi və hüquqi məsuliyyətə cəlb olunması işinin ardınca gedəcəyik”.  

Baş verənlər göstərir ki, erməni cəmiyyəti demoralizə edilib və parlament davalarının sayı bundan sonra da çox olacaq.

 

E.CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video