09 Dekabr 2011 01:12
339
SİYASƏT
A- A+

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını hər addımda təsdiqləyir

 

Azərbaycanın beynəlxalq təşkilatların və Ermənistanın qarşısında qoyduğu tələb kifayət qədər aydındır. Əgər dünya həmişə böyük geosiyasi əhəmiyyətə malik region kimi qəbul etdiyi Cənubi Qafqazda yenidən müharibə alovlarını görmək istəmirsə, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün işğalçı Ermənistanı beynəlxalq hüququn tələblərini yerinə yetirməyə vadar etməlidir. Ədalətin öz yerini tutması üçün qaçqın və məcburi köçkünlərin 20 illik doğma torpaq həstərinə son qoyulmalıdır. Beynəlxalq hüququn işlək vəziyyətdə olduğunu göstərmək üçün BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum 4 qətnaməsinin icrası təmin edilməlidir.

Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün beynəlxalq normaların ona verdiyi hüquqa müvafiq olaraq hərb yoluna əl atmaq məcburiyyətində qalacağını dünyaya və Ermənistana dəfələrlə açıq şəkildə çatdırmışdır. İşğalçı Ermənistan da, onun havadarları da yaxşı başa düşürlər ki, hərb variantı onlar üçün qətiyyən məqbul deyil. Çünki Azərbaycanın indi qüdrətli, müasir, yüksək nizam-intizamlı ordusu var. Bu ordunun qarşısında işğalçı dövlətin tab gətirməsinin mümkünsüzlüyü elə ermənilərin özləri tərəfindən də etiraf olunmuşdur.

Ancaq məsələ təkcə bununla yekunlaşmır. Azərbaycan bu gün siyasi, iqtisadi inkişafının elə bir səviyyəsindədir ki, Ermənistanın dünya siyasətində özünü əsas fiqur sayan havadarları belə, ona hər hansı formada təsir, təzyiq göstərməkdə acizdirlər. Əksinə, Cənubi Qafqazın geosiyasi mənzərəsinin müəyyənləşməsində, regionda yeni transmilli layihələrin reallaşmasında, qlobal enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun böyük olduğu qəbul edilib. Tək yerləşdiyimiz regionda yox, Mərkəzi Asiyanın da daxil olduğu böyük bir coğrafi məkanda geosiyasi hadisələrin inkişafı istiqamətində Azərbaycanın həlledici mövqeyə sahib olduğu təsdiqlənir.

Lakin bütün bunlara baxmayaraq Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsindən ehtiyat edən bəzi beynəlxalq güclər, antiazərbaycançı şəbəkələr Ermənistana daha cidd-cəhdlə himayədarlıq etməyə çalışırlar. Amma bunlar, hər hansı bir nəticə verməkdən uzaqdır. Ən azı ona görə ki, Azərbaycan onun milli maraqlarına qarşı hərəkət edən gücə adekvat reaksiya vermək iqtidarındadır.

Beləliklə, istənilən halda aydın görünür ki, zaman qətiyyən Ermənistanın xeyrinə işləmir, əksinə, hər keçən gün Azərbaycanla bu dövlət arasında fərq nisbəti böyük sürətlə ölkəmizin lehinə dəyişir. Beynəlxalq təşkilatlar da yaxşı bilir ki, Ermənistanın və onun hamilərinin qarşısında güclü, tolerant, ərazi bütövlüyünü istənilən yolla bərpa etməyə qadir olan bir Azərbaycan var. Bu kontekstdə Ermənistan da, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə vasitəçilik edənlər də yaxşı başa düşürlər ki, daha danışıqlar masası arxasında müxtəlif bəhanələrlə, qeyri-konstruktiv mövqe nümayiş etdirməklə problemin həlli prosesini uzatmaq olmaz.

Ötən günlərdə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Vilnüsdə keçirilən 18-ci iclası çərçivəsində bir sıra xarici ölkələrin nümayəndələri də öz bəyanatlarında Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğulamışlar. ABŞ dövlət katibi Hilları Klinton Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini qeyd edərək bu regionda sabitliyin və barışığın bərqərar olacağına ümid etdiyini bildirmişdir. İrlandiya parlamentinin deputatı Lüsinda Qreyton ATƏT məkanında münaqişələrin həlli mövzusuna toxunaraq bildirmişdir ki, 2012-ci ildə ATƏT-in sədri olacaq İrlandiya həlli uzanan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə nail olmaq üçün ATƏT-in Minsk qrupu ilə sıx əməkdaşlıq edəcəkdir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi ilə danışıqlar prosesinin çox intensiv davam etdiyini vurğulayaraq, tərəfləri son iki ildə Prezident D.Medvedevin təşəbbüsü ilə keçirilmiş görüşlərdə işlənib hazırlanmış və cari  ilin may ayında Dovildə Rusiya, ABŞ və Fransa liderlərinin birgə bəyanatında dəstəklənmiş təkliflərdən istifadə etməyə çağırmışdır. Fransanın Avropa işləri üzrə naziri Jan Leonetti isə demişdir ki, Rusiya, ABŞ və Fransa prezidentlərinin səylərinə və cəhdlərinə baxmayaraq 2011-ci ildə Qarabağ münaqişəsinin tənzimlənməsində konkret irəliləyiş olmamışdır.

Vilnüsdəki iclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da çıxış edərək qeyd etmişdir ki, ölkəmiz bir sıra regionlararası layihələr hazırlayır, buna görə də gözləyirik ki, bizim ərazi bütövlüyümüzə və suverenliyimizə təhdidlər təkcə Azərbaycanın təhlükəsizliyi kontekstində deyil, həm də daha geniş mənada - Avropada təhlükəsizlik, sabitlik və inkişaf kontekstində müzakirə edilməlidir. Dağlıq Qarabağ münaqişəsi bütün regionun inkişafına böyük təhlükədir. Bir milyondan çox qaçqın, Azərbaycan ərazilərinin 20 faizdən çoxunun işğal edilməsi ağır şərtlərdir. Hesab edirik ki, Azərbaycan və erməni icmalarının nümayəndələri arasında daha sıx birbaşa əlaqələr və görüşlər bu istiqamətdə atılan addımlardan biri olacaqdır. Nazir onu da vurğulamışdır ki, status-kvonun bundan sonra da davam etməsi regionda təhlükəsizlik üçün təhdid mənbəyidir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri status-kvonun qəbuledilməz olmasını dəfələrlə bəyan etmişlər.

Üç həmsədr ölkə tərəfindən tərtib olunmuş Madrid prinsiplərinin aktuallaşdırılması barədə təklif tərəflərə təqdim edilmiş və Azərbaycan hərtərəfli sülh müqaviləsinin tərtib edilməsi də daxil olmaqla, danışıqları davam etdirməyə hazır olduğunu bildirmişdir. Azərbaycanlı nazir demişdir: "Təəssüf ki, Ermənistan bu təklifdən imtina etmişdir. Danışıqlar prosesində irəliləyiş Ermənistanın təkcə bu regionda deyil, onun hüdudlarından kənarda da davamlı sülhə nail olmaq məqsədilə status-kvonu dəyişməyi nə dərəcədə arzu etməsindən asılıdır".

Ermənistanın həmsədrlərin hazırladığı Madrid prinsiplərininin aktuallaşdırılması barədə  təklifdən  imtina etməsi faktiki olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ermənilərin maraqlı olmadığını açıq şəkildə təsdiqləmiş olur. Beləliklə, bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan ərazi bütövlüyünün bərpasında sülh yoluna sadiqdir, lakin Ermənistan danışıqlarda qeyri-konstruktivlik nümayiş etdirməyə davam edərsə, onda Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələ başlanacaq. Bu mərhələ isə aydındır ki, Ermənistan üçün məqbul olmayacaq. Digər tərəfdən, ermənilər onu da yaxış bilirlər ki, nə özləri, nə də onlara himayədarlıq edən qüvvələr heç vəchlə Azərbaycanı ərazi bütövlüyünün bərpası üçün hərb də daxil olmaqla digər vasitələrdən istifadədən çəkindirə bilməz.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video