27 Aprel 2021 00:37
919
SİYASƏT
A- A+

“Erməni soyqırımı” olubmu: tarix nə deyir?

 

1915-ci ildə Amerikada daşnaksütyun təşkilatının mərkəzi komitəsi Osmanlı hökumətinin guya erməniləri təqib etməsi ilə əlaqədar olaraq Amerika ermənilərinə etdiyi müraciətdə yazırdı ki, bu hadisələr nəticəsində 300 min nəfərədək erməni öldürülüb, 300 min nəfərədək Mesopotamiyada ölüb, 200 min nəfər Rusiyaya qaçıb, 400 min erməni isə islam dinini qəbul edib.

Bu məsələ 1919-cu ildə təşkil edilmiş Harbord missiyasının da diqqətində idi. Missiyanın hesabatında yazılırdı ki, 1914-cü il üçün Asiya Türkiyəsində ermənilərin sayı 1 milyon 500 min nəfər olub, onlar Anadoluda pərakəndə halda yaşayıblar, əgər hətta bütün dünyadan ermənilər altı vilayətə gəlsəydilər belə, yenə də türklər sayca çox idilər.

ABŞ alimləri Castin Makkarti və Karolin Makkarti bu dövrün statistikasını təhlil edərək yazırlar ki, 1912-1922-ci illərdə həlak olan ermənilər 1,5 və 2 milyon nəfər deyil, xeyli az olub. Ölən ermənilərin sayını deyərkən, həlak olan müsəlmanları da nəzərə almaq lazımdır. Heç şübhəsiz, müharibə şəraitində hərbi əməliyyatların gedişində ermənilərin çəkdiyi acılar olub, ancaq erməni silahlı bandaları dinc türk və müsəlmanları da qırıblar. Statistika göstərir ki, 600 min erməni ilə yanaşı, 2,5 milyon nəfər Anadolu müsəlmanı, çoxları da türk həlak olub.

Rus və sovet ədəbiyyatında da müharibədə ölən ermənilərin sayı ziddiyyətli göstərilir. Məsələn, V.Qurko-Kryajin daşnaksütyunun yuxarıda göstərilən məlumatına əsaslanaraq 1926-cı ildə yazırdı ki, Birinci Dünya müharibəsi dövründə 300.000-ə qədər erməni ölüb, bu qədər də erməni Mesopotamiyada yollarda ölüb, 200.000 nəfər erməni Rusiyaya qaçıb, 400.000 nəfərə qədər erməni isə islam dinini qəbul edərək xilas olub.

1959-cu ildə Moskvada çapdan çıxmış sənədlər külliyyatında yazılır ki, 1915-1916-cı illərdə türklər yüz minlərlə erməni öldürdülər və Ərəbistan çöllərinə qovdular. Tarixçi A.D.Noviçev isə heç bir mənbəyə istinad etmədən 1.500.000 erməninin qırıldığını, 1.200.000 erməninin Suriya, İraq, Rusiya, İran və başqa ölkələrə köçdüyünü iddia edirdi.

Osmanlı ensiklopediyasında 1915-1918-ci illərdə ermənilərin 600.000 türkü və kürdü öldürdükləri yazılır. Ensiklopediyanın 7-ci cildində qeyd edilir ki, bütövlükdə Osmanlı imperatorluğunda 1.300.000-1.500.000 erməni yaşayıb, qırılan ermənilərin sayı 1.500.000 deyildir. Müharibədə erməni itkisi 300.000-ə qədərdir və 703.000 erməni Suriyaya köçürülüb.

 “Mşak” qəzeti ermənilərin düşdükləri vəziyyət üçün erməni təşkilatlarını, daşnakları günahlandırırdı. Qəzet 1915-ci il 21 dekabr tarixli sayında senzuranın dərcinə icazə vermədiyi “Fayda” adlı məqaləsində yazırdı: “1896-cı ildən daşnaksütyun fəaliyyətin aşağıdakı vasitələrini müəyyənləşdirdi: Türkiyə Ermənistanı və xaricdə təbliğat aparmaq, xalqı silahlandırmaq, Avropa dövlətlərinin Türkiyəyə Qordi düyünü olan “erməni məsələsi”ni həll etmək üçün təzyiq etməsinə məcbur edən fəal açıq çıxışlar təşkil etmək... daşnaksütyunun fəaliyyəti öldürücü nəticə verir. Rusiya ermənilərinin təşkil etdikləri azadlıq hərəkatının nəticələri bax budur”.

 

“Ermənilərin fəlakəti”nin Avropa ölkələrində təbliği

 

Ermənilər Avropa ölkələrində geniş uydurma təbliğat işlərinə başladılar. 1916-cı ilin fevralında Londonda Lord Mera adına erməni qaçqınlarına yardım fondunun nümayəndəsi, jurnalist Harold Bekston Qafqaza səfər etdi. Səfər zamanı onu Tiflisdə nəşr olunan “Orizon” qəzetinin əməkdaşı Arşak Safrastyan tərcüməçi kimi müşayiət edirdi. Fevralın 28-də onun şərəfinə Tiflisdəki “Anona” restoranında ziyafət verildi. Qonağın yanında daşnaksütyunun üzvləri Vardanyan, Muradyan, İsaakyan və b. var idi. Bu şəxslər ermənilərin vəziyyəti barədə jurnalistə yalan və şişirdilmiş məlumatlar verdilər, ruslara inanmadıqlarını bildirdilər. Harold Bekston söhbət zamanı dedi ki, ermənilərə muxtariyyəti israrla tələb etmək üçün daha tutarlı, xüsusən ölən ermənilərin sayına, təqiblərinə, hüquqsuzluqlarına, sıxışdırılmasına dair faktları toplamaq lazımdır. O qəti şəkildə bildirdi ki, İngiltərə mətbuatında ermənilərin hüquqlarını müdafiə edən yazılarla çıxış edəcəkdir.

 Harold Bekstonun söylədiklərinə uyğun olaraq erməni ziyalıları, siyasi partiyaların üzvləri, bitərəflər mətbuatda ermənilərin ölümünə dair saxta məqalələr, dəyən maddi və mənəvi ziyan barədə şişirdilmiş və fantastik şeylər yazmağa başladılar. Məsələn, Bakıda dərc edilən “Arev” (Günəş) qəzeti bununla bağlı olaraq aşağıdakıları təklif edirdi: “1. Rus ordusu tərəfindən tutulan ərazilərdə kəndlərin, rayonlarda əhalinin və əmlakın, dağıdılan mədəniyyət müəssisələrinin sayını müəyyənləşdirmək. 2. Müharibə illərində ermənilər hansı təqiblərə və məhrumiyyətlərə məruz qalıblar? 3. Hansı şəraitdə və nə zaman qırğın baş verib, ona kim rəhbərlik edib, ermənilərin köçürülməsinin hansı şəraitdə və hansı yolla baş verdiyini aydınlaşdırmaq. 4. Ermənilərin Rusiyaya qaçmasının təfərrüatlarını müəyyənləşdirmək, bütün fiziki və mənəvi məhrumiyyətlərini araşdırmaq. Toplanan bütün məlumatları rus və Avropa dillərində nəşr edilən almanax və qəzetlərdə dərc etdirmək”.

Bundan sonra erməni mətbuatında uydurma yazıların sayı artdı.

Harold Bekstonun səfəri və verdiyi vədlər barədə Rusiya Daxili İşlər Nazirliyinin Polis Departamenti yerli hakimiyyətlərlə Rusiyanın səfirlik və konsulluqları ilə münasibətlər üçün xarici ölkələrə ezam edilmiş xüsusi agentinə 1916-cı il martın 29-da göndərdiyi məxfi məktubunda yazırdı: “Bekston Tiflisdə yerli daşnaklar tərəfindən qəbul edilib və onlardan ermənilərin hazırkı vəziyyətinə dair qərəzli məlumatlar alıb. O, məqalələrində erməni muxtariyyəti ilə bağlı məsələlərə kömək edəcəyinə, bu məqsədlə ingilis cəmiyyətinə təsir edəcəyinə söz verib”.

Polis Departamenti agentinə ingilis mətbuatını diqqətlə izləmək, Bekstonun erməni məsələsi ilə bağlı məqalələrini mərkəzə göndərmək tapşırığı verdi.

İngiltərəyə qayıtdıqdan sonra H.Bekston “Ararat” qəzetində “İrəvan metamorfozası” adlı bir məqalə dərc etdirdi. Londonda dərc edilən “Ararat” qəzeti ermənilərin vəziyyətinə dair materialların xarici mətbuat orqanlarında dərci üçün xüsusi komissiya yaratdı. Paris və Milanda da belə komitələr quruldu. Az sonra İsveçrədəki komitə fransız dilində bir neçə kitabça nəşr edərək yaydı. Beləliklə, xəyala gəlməyən uydurmalar işə düşdü.

 

Rusiya ermənilərə muxtariyyət vermir

 

Rusiya ermənilərə etibar etmədiyi və onların separatçılığının güclənəcəyindən narahat olduğu üçün işğal edilən ərazilərə ermənilərin yerləşməsinə artıq qeyd edildiyi kimi, icazə vermədi. 1916-cı il aprelin 2-də polkovnik (arxiv sənədində adı yazılmayıb - M.Q.) Qafqazın İran və Türkiyə ilə yaxın hissələrində ermənilərin torpaq alması məsələsinə dair yazdığı məxfi arayışında qeyd edirdi: “Erməni hərəkatı ilə tanış olan çoxlu şəxslərin fikrincə, Türkiyə və İranda qədim erməni abidələrinin arxeoloji baxımdan öyrənilməsinə və tədqiqinə marağın artması diyarın təbii sərvətlərinə yiyələnmək üçün öyrənmək məqsədi daşıyır. Bu fikirlərin nə qədər doğru olduğunu zaman göstərəcəkdir, ancaq bu, şübhə doğurmur. 1914-cü ilin ikinci yarısından erməni hərəkatının daha çox artdığı bir dövrdə ermənilər Trapezunddan Kilikiyaya və Ankaradan Urmiyəyə qədər olan ərazilərə iddialarını gizlətmirdilər. Bunu mitinqlərdə və mətbuatda müzakirə edirdilər. İndi onlar sözdən işə keçiblər. İnsanları hiddətləndirməmək üçün erməni mətbuatının və nitqlərinin tonu xeyli dəyişmişdi, lakin ermənilərin hərəkətləri göstərirdi ki, onlar müəyyənləşdirilmiş, tamamilə müəyyən məqsədə doğru dayanmadan gedirlər”.

Sənəddə daha sonra yazılırdı: “Türkiyədən olan qaçqın ermənilərin İrəvan və Yelizavetpol quberniyalarındakı dövlət torpaqlarına “müvəqqəti” yerləşdirmək barədə vəsatət qaldırmaları, Ələşkərt vadisində torpaqların “yarısının” əkib-becərilmək üçün verilməsi layihəsi və b. onların bütün torpaqları sistematik olaraq tutmağa və bu rayonda müəssisələri inhisara almağa dair həmin planlı fəaliyyətlərinin təzahürüdür. Azərbaycan, Xəzər dənizinin əvvəllər bizə məxsus olan cənub sahilləri və ordularımız tərəfindən tutulan türk torpaqları bizim cənuba doğru tarixi hərəkət yolumuzun üstündə yerləşir. Yaxın zamanlarda hadislərin necə olacağından asılı olmayaraq, bu torpaqlar Rusiya imperiyasının tərkibinə daxil edilməlidir. Bu, son iki əsrdə baş verən hadisələrin qaçılmaz məntiqi nəticəsidir və ondan imtina etmək tarixdən imtina etməyə bərabərdir. Müasir hadisələr, heç bir zaman olmadığı kimi, göstərir ki, “rus” vilayətləri bu sözün geniş mənasında rus elementi olan və üstünlük təşkil edən və ya öz maraqlarını qorumağa imkan verən şərtləri qoyan ərazilərdir. Boş ərazilərin ruslardan başqa hər hansı xalq tərəfindən tutulması bu vəzifəni çətinləşdirəcəkdir. Müharibə başa çatana qədər və Türkiyənin vilayətlərinin ələ keçirdiyimiz torpaqları üzərində hüquqlarımız aydınlaşdıqda onların tutulması qadağan edilməlidir və ya hətta dövlət mülkiyyəti elan edilməlidir”.

Rus ordusunun işğal etdiyi ərazilərdə muxtariyyət almağa olan ümidləri azalan ermənilər Avropadan imdad diləməyə başladılar. İngilis və fransiz hökumətləri 1916-cı ilin iyun ayında “erməni məsələsi” ilə əlaqədar olaraq rus hökumətinə müraciət etdilər. Müraciətdə Ermənistana muxtariyyət verilməsi təklifi irəli sürülürdü. Rusiya Avropa dövlətlərinin iştirakı ilə Şərqi Anadoluda ermənilərə muxtariyyət vermək fikrində deyildi. Belə hesab edirdi ki, bu muxtariyyət Rusiyaya tabe olmayacaq və düşmən olacaq. Çarizm Cənubi Qafqazda azərbaycanlıların və gürcülərin də həmin istəyə düşəcəyindən narahat idi.

Rusiya Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı olaraq Qafqaz hakimiyyətinin fikrini soruşdu. Məsələni müzakirə etmək üçün Tiflisdə müşavirə çağırıldı. Müşavirədə general Yanuşkeviç, general Yudeniç, general-leytenant Volski və digərləri iştirak edirdilər. Geniş bir müzakirə keçirildi. Müşavirədə belə bir yekdil fikir ifadə edildi: “Ermənilər müttəfiqlər naminə çoxlu itkilər vermələrinə baxmayarq, onlar muxtariyyət haqqı almağa layiq deyillər, çünki onların inqilabi komitələrdən başqa bir təşkilatı yoxdur, onlar da erməni xalqının iradəsini və rolunu ifadə edirlər, bu təşkilatlar Rusiyaya münasibətdə düşmən münasibətdədirlər, onların əlində muxtariyyət olarsa, onlar Rusiyaya düşmən münasibət bəsləyərlər”.

Qəbul edilən qərar Petroqrada göndərildi. Rus hökuməti bu fikirləri redaktə edərək İngiltərə və Fransa hökumətlərinə çatdırdı. Fransanın baş naziri Aristid Brian cavabı aldıqdan sonra Poqos Nübar Paşanı yanına çağıraraq dedi ki, təəssüf edir, ermənlərin yalnız inqilabi komitələri vardır, məsələn, daşnaksütyunun üzvləri xaricdə erməni xalqının xeyrinə təbliğat aparırlar. Poqos Nübar ermənilər haqqında Paşa Aristid Brianın fikrini dəyişməyə cəhd edərək digər təşkilatların olduğunu desə də, o, mövqeyindən dönmədi. Beləliklə, ermənilərin muxtariyyət almaq istəkləri Fransa tərəfindən rədd edildi.

Poqos Nübar Paşa 1916-cı ilin yayında Parisdə ingilis ictimai xadimi Ceyms Brays ilə görüşərək “erməni məsələsi”nin ingilis diplomatik dairələrində vəziyyətini müzakirə etdi. Ceyms Brays bildirdi: “Ermənistana muxtariyyət verilməsini anlayışla qarşılayır, lakin onun həyata keçirilməsinə Rusiya mane olur, Fransanın isə Ermənistana muxtariyyət verilməsi məsələsində mövqeyi hələ aydın deyildir”.

Beləliklə, əsrlər boyu türk hakimiyyəti altında rahat yaşamış, lakin çətin vəziyyət yaranan kimi Türkiyəni arxadan vuran ermənilər ölkə ərazisini parçalamaq və muxtariyyət almaq üçün fəaliyyətlərini genişləndirsələr də, istəklərinə nail ola bilmədilər. Onlar Rusiya və Qərb ölkələri arasında “topa” çevrildilər.

V.Vasakuni imzalı bir erməni müəllifi “Ardzaqank Parizi” (Parisin səsi) adlı jurnalın 1916-cı il 25 oktyabr tarixli 14-cü sayında ermənilərin müharibədə özlərini aparmasını tənqid edərək yazırdı: “Biz özümüzü siyasətçi kimi göstərə, mövqeyimizi müəyyənləşdirə bilmədik. Müharibəyə qatıldıq. Ancaq soruşmadıq ki, nə məqsədlər uğrunda? Biz müharibəyə qatılarkən tarixi, beynəlxalq sosial-iqtisadi münasibətləri və onların nəticələrini unutduq. Biz müharibəyə qatılarkən öz-özümüzü aldatdıq. Bizim könüllülərin başçıları bizi inandırdılar ki, əgər rus ordusuna yardım etsələr, Qafqaz ali rəhbərliyi onlara Ermənistan üçün muxtariyyət verəcəkdir. Eyni ağalar bizi inandırdılar ki, gənc Türkiyə də onlara muxtariyyət verəcəkdir. Lakin ermənilər ruslara inanaraq onların tərəfinə keçdilər. Bu səhv idi. Rus hökuməti ermənilərə muxtariyyət vədi verməmişdi. Gənctürklər də ermənilərə muxtariyyət vədi verməmişdi. Könüllü hərəkatın bir hissəsi ruslarla, digər bir hissəsi isə türklərlə danışıqlar aparırdı. Petroqradda ermənilərin qurultayında Qriqor Çalxuşyan bildirdi ki, rus hökumətinin ermənilərə muxtariyyət verməsi barədə şayiələr yepiskop Mesropun, Samson Arutunovun və Aleksandr Xatisovun uydurması olub”.

Ermənilər ruh düşkünlüyünə qapılmışdılar. Qafqaz canişinliyinin xüsusi şöbəsinin rəisi Qafqaz ordu qərargahının rəisinə, surətini isə Tiflis quberniya jandarma idarəsinin rəisinə göndərdiyi 1916-cı il 4 noyabr tarixli 6250 nömrəli tam məxfi məktubunda ermənilərin əhvali-ruhiyyəsi haqqında belə yazırdı: “Bir ilə yaxın Bitlis-Van rayonunda olarkən, işimin xarakterinə uyğun olaraq əhalinin bütün sinifləri ilə, həm erməni, həm də müsəlmanlarla daimi və geniş əlaqə saxlamalı oldum, onlardan mənə ermənilərlə digərləri arasında, onların fəaliyyətləri və nəzərdə tutduqları planları barədə çoxlu məlumatlar daxil olur. Ermənilərdən, əsasən, kənd əhalisindən daha çox məlumatlar alıram. Onların çoxu erməni komitələrinin fəaliyyətinə rəğbət bəsləmirlər. Sonuncunu onda günahlandırırlar ki, məhz bu komitələr ermənilərə bütün bədbəxtlikləri gətirmişlər və erməni xalqını tamamilə məhv edəcəklər. Kənd əhalisi əksər hallarda komitələrin gizli fəaliyyətləri ilə əlaqəli deyillər və yalnız bir şeyi arzu edirlər ki, onları işləmək üçün sakit buraxsınlar. Lakin onlar səslərini qaldıra bilmirlər, çünki komitələr əhalini terror qorxusu altından saxlayırlar, tabe olmayanlar ilə qəddarcasına hərəkət edirlər. Ermənilər mənə dəfələrlə məlumat veriblər ki, daşnaksütyun diyarda gizli şəkildə enerjili fəaliyyət yürüdür, başlıca olaraq gəncləri komitə üzvlüyünə yazılmağa məcbur edir, onları “böyük işə” hazır olmağa səsləyir”.

İstəklərinə çatmayan ermənilər “çəkdikləri əzablar” barəsində xarici ölkələrdə uydurma şayiələr yayırdılar. Onların təbliğatı Amerikada yaxşı gedirdi. İlk növbədə ona görə ki, burada 120 min erməni var idi və Erməni Milli Komitəsi fəaliyyət göstərirdi. Daşnakların, qnçakçıların komitələri hələ 1900-cü ildən bu ölkədə fəal idilər. Onların təbliğatı sayəsində amerikan cəmiyyəti erməni həyatı ilə yaxından tanış olmuşdu. Amerikanın Türkiyə ərazilərində çalışan konsulları və missionerləri də erməni təbliğatında mühüm rol oynayırdılar. İtaliya və Böyük Britaniyada da fəal təbliğat aparılırdı.

Tiflis quberniya jandarma idarəsinin rəisi polkovnik Pastrulyin 1917-ci il yanvarın 28-də Qafqaz canişinliyi dəftərxanasının xüsusi şöbəsinin rəisinə 188 nömrəli məxfi məktubunda erməni təşkilatlarının fəaliyyəti barədə yazırdı: “Türkiyə Ermənistanından uzaq olan və ermənilərin həyatı, inkişaf səviyyəsi, milli özünüdərki haqqında tanış olmayan daşnaksütyun rəhbərləri 30 il müddətində kabinetlərində oturaraq bütün bir xalqın taleyinin həll etdilər və onları özbaşına buraxdılar. Özlərini erməni xaqlının taleyinin ifadəçisi hesab edən daşnaklar onu real dünya müharibəsinə qədər gətirdilər. Onlar bu müharibə nəticəsində ermənilərin azad olacağını təbliğ edirdilər. Lakin daşnaklar ermənilərə sağalmaz yaralar vurdular. Erməni xalqını yer üzündən silinmək həddinə gətirdilər. Belə vəziyyət bütün erməniləri daşnaksütyunun əleyhinə yönəltdi. Xalq onları yalançı və saxtakar adlandırdı. Daşnaklar isə bunu türklərin etdiyi haqqında şayiələr yayırdılar. Daşnaksütyunun fəaliyyəti rusların işinə yaradı. Ermənisiz Ermənistan qaldı. Bu isə həm Rusiya, həm də Türkiyə ermənilərinə mənfi təsir etdi”.

Daşnaksütyun isə erməniləri düşürdüyü vəziyyətə görə günahı rusların üzərinə ataraq aşağıdakıları bildirirdi: “Könüllü dəstələr yalnız ruslar tərəfindən təşkil edilib ki, türklər qəzəblənib erməniləri qırsınlar”. Bu fikri daşnakların xaricdəki dostları da müdafiə edirdi. Belələrindən biri ingilis Harold Bekston idi. Əvvəllər Qafqazda olan Bekston Rusiyanın erməni siyasətini belə ifadə edirdi: “Əgər ruslar bizimlə və fransızlarla əlaqədə olmasaydılar, erməni məsələsindən yaxa qurtarmaq üçün öz əlləri ilə erməniləri doğrardılar”.

* * *

Ümumiyyətlə, sözdə “erməni soyqırımı” və onun siyasi alver predmetinə çevrilməsinin gerçək qısa tarixi belədir. “Erməni soyqırımı” deyilən bir şey olmayıb. Ermənilər özlərini fəlakətə salıblar. Böyük dövlətlər ermənilərdən bir alət olaraq istifadə ediblər. Ermənilərin isə onlardan yararlanmaq istəkləri həmin dövlətlərin milli maraqlarının kölgəsində qalıb.

Ermənilərin və onların havadarlarının heç bir tarixi fakta, mötəbər mənbəyə əsaslanmayan cəfəng nitqləri isə yalnız siyasi məqsədlər üçün uydurulub.

Türk milləti etmədiyini qəbul etməz və kimsə də qəbul etdirə bilməz. Tarixən belə olub, indi də, gələcəkdə də belə olacaq...

 

Musa QASIMLI,

Milli Məclisin deputatı,

AMEA-nın müxbir üzvü, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video