08 Avqust 2021 01:26
929
Təhsil
A- A+

Erməni qəsbkarlarının dağıtdıqları məktəblər təmir ediləcək

 

Qurub-yaratmaq asan deyil. Ancaq ülvi arzular, uca amallar olanda heç bir çətinlik maneəyə çevrilmir. Azərbaycan dövlətinin artıq başladığı quruculuq işlərinə də böyük zəhmət və maliyyə gərək olduğu göz önündədir. Çünki düşmənlərimiz amansız olublar. Ermənistan silahlı qüvvələrinin otuz ilə yaxın işğalda saxladığı ərazilərimizdə daş-daş üstə qalmayıb. Qəddar erməni qəsbkarları ələ keçirdikləri torpaqlara yad olduqlarını, bu yerlərdə uzun müddət duruş gətirməyəcəklərini tarixi, mədəni, dini abidələri, yaşayış və ictimai binalari uçurub-dağıtmaqla göstəriblər.

Ötən il müzəffər Azərbaycan Ordusu erməni silahlı qüvvələrini layiq olduqları məğlubiyyətə uğratdı. 44 günlük Vətən müharibəsində igid oğullarımız işğalçı ordunu torpaqlarımızdan qovdu. Otuz ilə yaxın davam edən işğala son qoyuldu. Vətən torpaqları yağı düşmənin tapdağından qurtuldu. Artıq öz doğma sakinlərinin yolunu gözləyən azad edilmiş yurd yerlərimizdə Prezident İlham Əliyevin göstərişi ilə təmir-bərpa işləri aparılır. 2021-ci il avqustun 4-də dövlət başçısı 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Gəncə şəhəri, Ağdam, Goranboy və Tərtər rayonlarında zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 7,0 (yeddi) milyon manat vəsait ayrılsın”.

Qeyd etdiyimiz kimi, otuz il müddətində itkilərimiz, düşmənin vurduğu zərər həddindən artıq böyükdür. 1990-cı illərdə erməni silahlıları tərəfindən hücumlara məruz qalanadək o yerlərin bütün yaşayış məntəqələrində məktəblər, uşaq bağçaları var idi. Muzeylər, mədəniyyət mərkəzləri fəaliyyət göstərirdi.

1992-ci il mayın 8-nə, erməni silahlı birləşmələrinin işğalınadək Qarabağın incisi sayılan Şuşa şəhərdə 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 31 kitabxana, 2 kinoteatr, 8 muzey, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və Xalq tətbiqi sənəti muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi var idi. İşğaldan sonra Şuşa məktəbləri respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərməyə başladı. Bülbülcan adına Şuşa Şəhər Uşaq Musiqi Məktəbi Mərdəkan qəsəbəsində yerləşən Hacı Zeynalabdin Tağıyev adına 123 saylı tam orta məktəbin binasına köçürüldü.

Laçın rayonu 1992-ci il mayın 18-də erməni işğalına məruz qaldı. O vaxtadək rayonda 217 mədəniyyət müəssisəsi, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki-peşə məktəbi fəaliyyət göstərirdi. Rayonda 67 kitabxana var idi.

İşğaldan sonra Laçın rayon Təhsil Şöbəsi Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində fəaliyyətini davam etdirməli oldu.

1993-cü il 23 iyul tarixdə erməni silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam rayonunun 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi düşmən dağıntılarına məruz qaldı.

Kəlbəcər 1992-ci il aprelin 2-də zəbt olunanda 96 ümumtəhsil məktəbi, o cümlədən 46 tam orta, 42 ümumi orta, 8 ibtidai məktəb vardı. Bunlardan əlavə, 1 texniki-peşə məktəbi, 2 əyani-qiyabi məktəb, 8 məktəbdənkənar və 4 məktəbəqədər təhsil müəssisəsi də fəaliyyət göstərirdi.

Ağdərə rayonu Ermənistan ordusu tərəfindən 7 iyul 1993-cü ildə işğal olunanda  burada 30 orta məktəb, 27 məktəbəqədər müəssisə, 1 texniki-peşə məktəbi var idi.

Erməni işğalına 1993-cü il avqustun 31-də məruz qalan Qubadlı rayonunda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərirdi. Bundan əlavə, bir əyani-qiyabi, bir orta texniki-peşə və iki musiqi məktəbi də var idi. Rayonda 60 kitabxana fəaliyyət göstərirdi. Qubadlıda 111 mədəni-maarif müəssisəsi, həmçinin 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub olub.

Həmin il oktyabrın 29-da erməni işğalına məruz qalanda bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki-peşə və musiqi məktəbi fəaliyyət göstərirdi.

Həmin təhsil ocaqlarının yerləşdiyi binalardan əsər-əlamət yoxdur. 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra üzləşdiyimiz mənzərələr acınacaqlıdır. Erməni qəsbkarları işğal etdikləri ərazilərimizdə tarixi və müasir tikililəri yerləyeksan edəndə unudublar ki, Azərbaycan dövləti, xalqı öz torpaqlarına sahib çıxmağa, düşmənlərindən xilas etməyə qadir olduğu kimi, onu yenidən qurmağa, gülüstana çevirməyə də qadirdir.

Ötən il Vətən müharibəsinin davam etdiyi günlərdə bütün dünya erməni cinayətkarlığının növbəti təzahürlərinin şahidi oldu. Erməni işğalçıları yenə öz çirkin niyyətlərindən əl çəkmədilər. Döyüş meydanlarında Azərbaycan Ordusuna gücü yetməyən Ermənistan silahlı qüvvələri cəbhə bölgəsindən uzaqda yerləşən yaşayış məskənlərimizi də iriçaplı pulemyotlardan, raketlərdən atəşə tutdular. Nəticədə dinc sakinləri evlərində, öz küçələrində qanına qəltan etdilər. Düşmənin təcavüzkarlığının qurbanı yalnız günahsız insanlar olmadı, yaşayış evləri, ictimai binalar erməni silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində dağıldı. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Gəncə şəhəri, Ağdam, Goranboy və Tərtər rayonlarında zərər vurduqları təhsil müəssisələrində təmir-tikinti işləri həyata keçiriləcək.

Erməni işğalçılarının dağıtdıqları, yox etdikləri məktəb binaları Azərbaycan dövlətinin qüdrəti ilə yenidən inşa olunacaq. Həmin təhsil ocaqlarında Vətənini sevən, onu dünyada tanıtmağa qadir olan, uluları kimi ədalətli, sülhsevər, igid Azərbaycan övladları yetişəcək.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video