11 Iyun 2021 02:48
1053
SİYASƏT
A- A+

Erməni faşizminin terror siması

 

1989-cu ilin 16 sentyabr, 1990-cı ilin 18 fevral, 11 iyul, 10 avqust, 30 noyabr, 1991-ci ilin 9 yanvar, 30 may, 19 iyun, 31 iyul, 2 avqust, 21 avqust, 8 sentyabr, 26 sentyabr, 19 oktyabr, 20 noyabr, 26 dekabr, 1992-ci ilin 8 yanvar, 28 yanvar, 26 fevral, 22 mart, 28 mart, 18 aprel, 20 may, 1993-cü ilin 28 fevral, 2 iyun, 22 iyul, 30 avqust, 1994-cü ilin 1 fevral, 18 mart, 19 mart, 13 aprel, 3 iyul tarixləri....

“Tbilisi-Bakı”, “Şuşa-Bakı”, “Tərtər-Kəlbəcər”, “Tbilisi-Ağdam”, “Şəmkir-Gəncə” sərnişin avtobusları, Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu, “Moskva-Bakı” sərnişin qatarı (Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında), hərbi hissəyə məxsus “UAZ-469” markalı avtomaşın, yenidən “Moskva-Bakı” sərnişin qatarı (Dağıstanın Temirtau stansiyası yaxınlığında), “Ağdam-Xocavənd”, “Ağdam-Qaradağlı” sərnişin avtobusları, Türkmənistandan “Krasnovodsk-Bakı” marşrutu ilə hərəkət edən dəniz bərəsi, “Kislovodsk-Bakı” sərnişin qatarı (Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında)...

Bu tarixlərin hər birinin arxasında bir faciə dayanıb. Bu məkanların hər biri Azərbaycan xalqına qarşı törədilmiş bir faciənin şahidi olub. Faciələrin nəticələri, baş verdikləri məkanlar fərqli olsa da, onların ümumi adları eynidir - ERMƏNI TERRORU...

Erməni terrorunun saylarını sadalasaq, bitərmi? Bu terrorun yaşını demək mümkündümü? O, nə zaman başlayıb, nə zaman bitəcək? Bu sualların cavabına konkret cavab vermək olmur, çünki ermənilər bugün də terroru davam etdirməkdə israrlıdırlar.

Erməni terrorizmi beynəlxalq cinayətkar şəbəkənin mühüm tərkib hissəsidir. Terror bu toplumun əsas güvənc yeri, onun tarixdəki dəyişməz mövqeyinin təminatçısıdır. Onlar öz tarixini yalnız terrorla yazır.

 

Cənubi Qafqazda terror təşkilatlarını yaradanlar yalnız ermənilərdir

 

Terroru özlərinin əsas siyasəti sayan ermənilər sırf bu niyyətlərini həyata keçirmək üçün fəaliyyətlərini mütəşəkkilləşdirərək Cənubi Qafqazda ilk terror təşkilatlarını yaradıblar. Hələ 1885-ci ildə yaradılan “Armenakan” partiyasının əsas məqsədi Türkiyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törətmək olub.

İki il sonra - 1887-ci ildə Cenevrədə yaradılan “Hnçak” partiyasının əsas məramı Türkiyənin Anadolu bölgəsini, “Rus” və “İran” Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə “Böyük Ermənistan” dövləti yaratmaq olub. Partiya hətta terroru özünün fəaliyyətinin əsas istiqaməti olduğunu da bəyan edib. Onun proqramında qarşıya qoyulmuş məqsədə çatmaq üçün terrordan istifadənin zəruruliyi xüsusi qeyd olunub.

1890-cı ildə Tiflisdə yaradılan “Daşnaksütyun” partiyasının da əsas məqsədi Azərbaycanın Qarabağ, Naxçıvan, Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” dövləti yaratmaq idi.

Dünyanın müxtəlif yerlərində qanlı aksiyalar törədən erməni terrorçular bu təşkilatlarla kifayətlənməyiblər.

ASALA, Erməni Gizli Azadlıq Ordusu, Erməni Azadlıq Cəbhəsi, Gənc Ermənilər İttifaqı, 9 İyun Qrupu, Geqaron, Apostol və digərləri erməni terrorçularının əsas təşkilatları olublar. Bu təşkilatların əksəriyyəti  ASALA ilə sıx əlaqə yaradıb. Onların bəziləri hətta ASALA-nın tərkib hissəsi hesab edilir.

Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyir ki, ermənilər terror aktlarından öz çirkin niyyətlərini həyata keçirmək üçün təzyiq forması kimi istifadə edirlər və ən təəsüfləndirici fakt da odur ki, onların törətdiyi terror aktları keçmiş SSRİ və beynəlxalq aləmin heç bir qınağına tuş gəlməyıb: “Onların vəhşiliklərinin qarşısını almaq üçün heç bir cəhd göstərilməyib”.

Qasım Hacıyev bildirir ki,  20 Yanvar faciəsindən sonra Ermənistan silahlı quldur dəstələrinin Azərbaycanın sərhəd ərazilərinə basqınları daha azğın forma almağa başlayıb. Naxçıvan Muxtar Respublikası erməni terrorunun əsas hədəfi olub. Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən yeganə dəmiryolu xəttinin Ermənistan SSR-in Mehri rayonu ərazisinə düşən hissəsindən keçən qatarlar, xüsusilə sərnişin qatarları 1989-cu ilin iyul ayının 14-dən başlayaraq erməni təxribatçıları tərəfindən mütəmadi olaraq atəşə tutulub, partladılıb. 1989-cu ilin iyul ayından 1992-ci ilin noyabr ayınadək Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəmiryolunda yüzdən çox təxribat hadisəsi baş verib.

 

6 ildə 373 terror

 

Ümumilikdə 1989-1994-cü illər ərzində Dağlıq Qarabağda erməni terrorçuları tərəfindən nəqliyyatda 29 böyük terror hadisəsi həyata keçirilib, 2 mülki vertolyot və təyyarə vurulub.

1988-1994-cü illər ərzində Dağlıq Qarabağda erməni vandalları tərəfindən 2559 toqquşma, 315 silahlı basqın, 1388 dəfə atəşə tutma halları qeydə alınıb. Bunların nəticəsində 514 nəfər həlak olub, 1318 nəfər yaralanıb. Erməni silahlı dəstələri həmin müddətdə Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrində 119 obyekt və 1134 yaşayış evini dağıdıb və yandırıb. 6 sərnişin avtobusu, bir neçə sərnişin qatarı partladılıb, körpülərə hücumlar təşkil edilib.

1988-1993-cü illərdə terror və soyqırımı siyasəti yeridən Ermənistan tərəfindən Azərbaycan ərazilərində ümumilikdə müxtəlif səpkili 373 terror aktı törədilib ki, nəticədə 1200 nəfər həlak olub, 1705 nəfər yaralanıb.

 

Terrorçuluq erməni diaspor təşkilatlarının nizamnamələrində də təsbit olunub

 

XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın Qarabağ və Ermənistanla sərhəd bölgələrində soydaşlarımıza qarşı genişmiqyaslı terror aktlarının həyata keçirilməsində ASALA özünün xüsusi fəallığı ilə seçilib. Bütün zamanlarda terrorizmi dəstəkləyən Ermənistan dövlətinin təcavüzkar mövqeyindən istifadə edən ASALA və digər erməni terror təşkilatları bir neçə dəfə Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarını, vətəndaşlarını hədəfə götürməklə hədələyiblər. Qasım Hacıyevin sözlərinə görə, Azərbaycana və onun vətəndaşlarına qarşı terror hadisələrinin planlaşdırılması təkcə erməni terror təşkilatlarının siyasəti deyil: “Bu, həm də Ermənistanın dövlət siyasətidir. Ermənilərin terror fəaliyyəti bir sıra diaspor təşkilatlarının nizamnaməsində də öz əksini tapıb. Onlar öz məqsədlərinə çatmaq üçün terrordan geniş istifadəni nizamnamə və fəaliyyət proqramlarına daxil ediblər”.

Tarixçi alim əlavə edir ki, Ermənistanın müasir siyasi fəaliyyətində erməni diaspor təşkilatları ilə əlaqəli şəkildə təhdid üsullarından istifadə əsas yer tutur. Bu fəaliyyətdə əsasən terrordan yararlanmaq nəzərdə tutulur. Terror  yuvası olan Ermənistana xaricdən dəstək verən fondlar və maliyyə resursları böyük dövlətlərə məxsus olduğu üçün bu barədə məlumatlar məxfi saxlanır. Onu da xatırladaq ki, XX əsrin əvvəllərinə qədər terror fəaliyyəti Qriqoryan kilsəsi tərəfindən təşkil və idarə olunub.

Qasım Hacıyevin sözlərinə görə, Ermənistan hazırda təkcə Azərbaycana qarşı deyil, regionda yerləşən digər dövlətlərə qarşı da müxtəlif şəkildə terror fəaliyyəti  həyata keçirir: “Azərbaycana, Gürcüstana və Türkiyəyə  əsassız ərazi iddiaları  irəli sürən ermənilər zaman-zaman dəhşətli terror hadisələri törədiblər. Bəlkə heç bir ölkədə ermənilərdə olduğu qədər terror təşkilatı və terrorist yoxdur. Dünyada ermənilərin törətdiyi terror hadisələri qədər dözülməz və dəhşətli vəhşiliklər görünməyib”.

 

Uşaq qatilləri

 

Erməni terrorunun konkret hədəfi yoxdur. Bu hədəfdə diplomat, qadın və kişi, yaşlı və ya uşaq, ümumiyyətlə, kimliyindən asılı olmayaraq, hər bir azərbaycanlı ola bilər. Hədəfə nail olmaq üçün istifadə edilən vasitələr də müxtəlifdir. Bu vasitələr arasında hətta bomba-oyuncaqlar da olub. Ermənilərin düşünülmüş şəkildə hazırladıqları plana görə, marağından bomba-oyuncağı əlinə götürən uşaq onun partlaması nəticəsində ölməlidir. 

Azərbaycana çayla bomba-oyuncaqların axıdılması təcrübəsindən dəfələrlə yararlanmış Ermənistanın 2011-ci ildə törətdiyi faciə daha amansız idi. Rusiyanın Sankt-Peterburq şəhərindən qonaq gələn 13 yaşlı Aygün Şahmalıyeva Tovuzun Əlibəyli kəndindən axan Tovuz çayından “itəbənzər” oyuncaq tapmışdı. O, bu oyuncağın  partlaması nəticəsində  dünyasını  dəyişdi,  anası Elnarə isə yaralandı.

2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələri  həyətdə oynayan 14 aylıq Zəhra bala nənəsi Sahibə Quliyeva ilə birlikdə qətlə yetirildi.

2020-ci il oktyabrın 24-də Ermənistan silahlı qüvvələrinin Goranboy və Tərtər rayonlarını raket və ağır artilleriyadan atəşə tutması nəticəsində nar yığıb yemək istəyən Orxan İsmayılzadə ömrünün 16-cı ilində terrorun qurbanı oldu.

Ötən il oktyabrın 17-də ermənilər tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində məktəbli Nigar Əsgərova, Məryəm və Orxan Xəlilli əbədiyyətə qovuşdular.

Bərdənin ağır artilleriyadan atəşə tutulması nəticəsində rayonun Qarayusifli kənd tam orta məktəbinin 2-ci sinif şagirdi Aysu İsgəndərova həyətdə oynayarkən erməni terrorunun qurbanına çevrildi.

Sadalanan faktlar erməni terrorunun yalnız kiçik bir nümunəsidir.

 

Erməni terrorunun növbəti qurbanları 

 

Vətən müharibəsinin başa çatmasından sonra işğaldan azad edilmiş ərazilərimizin tez bir zamanda minalardan təmizlənməsi məsələsi yalnız Azərbaycan üçün deyil, onları torpaqlarımıza basdıran Ermənistan, eləcə də yeni kommunikasiya xətlərindən faydalanmaq istəyən digər dövlətlər üçün də maraqlı olmalıdır.

 Azərbaycanın azad edilmiş ərazilərdə quruculuq işlərinə başlamasına mane törətməkdən, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını yubatmaqdan ötəri Ermənistan minaların basdırıldığı xəritələri Azərbaycana təhvil vermək istəmir, bunun üçün müxtəlif bəhanələr gətirir. Azərbaycan tərəfinin müharibənin bitməsindən sonra atdığı bütün addımlara baxmayaraq,  Ermənistan öz terrorçu siyasətinin mahiyyətini dəyişmək istəmir, bəşəri və hərbi cinayətlərini davam etdirir. Beynəlxalq hüququn norma və prinsiplərinə açıq-aşkar hörmətsizlik nümayiş etdirən Ermənistanın bu addımı ağır cinayət hesab edilir.  

Ermənistanın bu məkrli siyasəti nəticəsində minaların qurbanına çevrilən hərbçi və mülki şəxslərin sayı getdikcə artır. Ermənilərin Kəlbəcərdə basdırdığı minaların partlaması nəticəsində peşə fəaliyyətini yerinə yetirən azərbaycanlı  media işçiləri Məhərrəm İbrahimov və Sirac Abışov növbəti qurbanlar oldular.

 

Dünya “dur” demədikcə…

 

Ötən ilin 10 noyabr tarixində üçtərəfli birgə Bəyanatın imzalanmasından sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 140 nəfərdən çox insan minaya düşüb. Onlardan 27 nəfər həlak olub, digərləri isə müxtəlif növ bədən xəsarətləri alaraq əlil olublar.

Azad edilmiş ərazilərimizdə ermənilərin basdırdığı işarələnməmiş minaların xəritələri verilmədikcə bu cür faciələrin təkrarlanması istisna olunmur...

Bu gün Azərbaycan humanist, Ermənistan isə terror siyasətini dünyaya nümayiş etdirir. Amma hələ də ikili standartlardan çıxış edən dünya Ermənistanın bu siyasətinə qapalı gözlə baxır. Dünya ölkələri və beynəlxalq təşkilatlar öz gözlərini açaraq  terror törətməkdən usanmayan,  minalanmış ərazilərin  xəritələrini Azərbaycana verməkdən boyun qaçıran Ermənistanı dayandırmalıdırlar.  Dünya Ermənistana “dur” demədikcə o, öz əməlləri ilə regionun təhlükəsizliyi üçün təhdid törətməkdə davam edəcək.

 

İlhamə İSABALAYEVA

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video