28 Aprel 2021 04:05
793
SİYASƏT
A- A+

Erməni diasporu ABŞ-a güc gəldi

 

Yalançı "soyqırımı"nın "tanınması" ədalətin tapdalanması,  tarixin isə saxtalaşdırılmasının təsdiqidir

 

Nə vaxtsa baş verəcəyi gözlənilən hadisə, nəhayət, baş verdi.

ABŞ-ın 46-cı prezidenti 24 aprellə bağlı nitqində ermənilərin arzusunu yerinə yetirdi!

Nitqində “soyqırımı” ifadəsi işlətdi!

C.Bayden özündən əvvəlki prezidentlərin heç birinin etmədiyini etdi!

Osmanlı imperiyasında 1915-ci ildə baş verən hadisəyə tarixçilər yox, siyasətçi qiymət verdi!

Özü də ermənilərin əsl tarixlərinin açılacağından qorxduqları, arxivlərə girməkdən inadla boyun qaçırdıqları bir vaxtda!

Özü də 44 günlük zəfər savaşında Müzəffər Ali Baş Komandan İlham Əliyevin təkcə Ermənistanı yox, dünya erməniliyini məğlub edərək rəzil duruma saldığı bir vaxtda!

Bəs görəsən C.Baydenin işlətdiyi “soyqırımı” sözü ermənilərin dərin yarasını sağaldacaqmı?

“Soyqırımı” ifadəsi faşist xislətli erməniləri yenidən dirçəldə biləcəkmi?

“Soyqırımı” ifadəsi “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq eşqiylə yaşayan ermənilərin xülya arzularını gerçəkləşdirə biləcəkmi?

Bütövlükdə bu “soyqırımı” sözü ermənilərə nə verəcək, beynəlxalq münasibətlərə nə kimi təsir göstərəcəkdir?!

***

ABŞ dünya erməniliyinə mükafat, Türkiyəyə hədə hesab olunan sonuncu patronu da atdı.

Hədə patronunu...

Əslində bu, boş patrondur!

Əvvəla, heç bir hüquqi qüvvəsi yoxdur!

İkincisi, belə qərar verilsə belə geriyə şamil edilmir!

Amma əldən çıxan imkanlar və ziyanlı məsələlər də olacaq!

Belə ki, daha erməni diasporu “soyqırımı”nın qəbulu üçün dünyadakı ermənilərdən pul toplaya bilməyəcəkdir.

Halbuki hər il bu məqsədlə diaspor imkanlı ermənilərdən xeyli vəsait yığaraq ondan özü də əməllicə bəhrələnirdi.

Həm də təkcə özü yox!

Bu ifadə yəqin ki, Ermənistandakı erməniləri ruhlandıra, boş “qələbə illüziyası” doğura bilər...

Bu isə o deməkdir ki, onlar reallıqla hesablaşmayaraq qisasçılıq niyyətlərinə daha inamla meyil edəcək, düşmən mövqeyində qalacaq, deməli, həm də blokadadan çıxmayacaqlar.

Otuz illik blokada Ermənistanı və erməni xalqını hansı günə salıb, bunu tək ermənilər yox, bütün dünya yaxşı görür və bilir.

***

Əslində it də gedib, ip də!

Ermənistan Azərbaycandan torpaq qopara bilmədi!

Əvəzində başı əzildi, ordusu məhv edildi, özü rüsvay oldu, bir dövlət kimi gələcəyi böyük şübhə altına düşdü!

Azərbaycan və Türkiyənin bölgədə yeni əməkdaşlıq yaratmaq çağırışına “soyqırımı” eyforiyası ilə yox deməklə faktiki özü-özünə cəza vermiş olacaqdır!

Dalanda qalmaq, təcrid olunmaq, əhalisi miqranta çevrilmək, dilənçi günündə yaşamaq cəzası.

Bu ifadənin nə Azərbaycana, nə də Türkiyəyə isti-soyuğu yoxdur!

İki dost və qardaş ölkə əl-ələ verərək inkişaf və tərəqqi yolu ilə yenə də sürətlə irəliləyəcəklər.

Hansısa quru söz bu irəliləyişə təsir göstərmək iqtidarında deyil!

Əksinə, belə məqamda belə bir addımın atılması Ermənistanın özünə ciddi zərbədir!

Müxtəlif vaxtlarda Fransa, İtaliya, Almaniya parlamentləri bu “soyqırımı”nı tanımışdılar.

Nə dəyişmişdi?

Budəfəki tanıma isə Türkiyə-ABŞ münasibətlərinə ciddi xələl gətirir!

Ən azı artıq Türkiyə ictimai rəyində ABŞ daha dost dövlət hesab olunmur!

Halbuki NATO-da ciddi və etibarlı müttəfiq sayılırdılar!

Bu addım həm də Türkiyə-Ermənistan münasibətlərini daha da kəskinləşdirə və başlanılası əməkdaşlıq yolunda əngələ çevrilə bilər!

***

C.Baydenin söylədiyi “soyqırımı” sözü - məhkəmə qərarı deyil!

“Soyqırımı” sözü - sübutunu gözləyən, indiki halda isə tarixi faktlarla təsdiqini tapması mümkün olmayan ifadədir!

“Soyqırımı” sözü ilə nə Türkiyəni qorxutmaq, nə də ona hansısa formada təsir göstərmək mümkün deyil!

“Soyqırımı” sözü ilə Türkiyəni inkişafdan dayandırmaq, tutduğu yoldan geri çəkilməyə vadar etmək də reallıqdan uzaqdır!

Artıq türk xalqı dostunu və düşmənini, xeyirxahını və bədxahını yaxşı tanıyır!

Əksinə, Türkiyəyə qarşı bu ədalətsizlik türk xalqını iqtidar ətrafında daha sıx və möhkəm birləşdirəcəkdir!

C.Bayden 24 aprel bəyanatında səsləndirdiyi “soyqırımı” ifadəsini necə əsaslandırır?

Başqa sözlə, özü inanırmı ki, həqiqətən 1915-ci ildə Osmanlı imperiyası ərazisində ermənilərə qarşı soyqırımı törədilib?

Əvvəla, Bayden həmin dövrdə həyatda olmayıb, yaşı 78-dir, hadisələr isə 106 il bundan əvvəl baş verib!

İkinci, erməni yalanı bütün dünyaya bəllidir və dəlilsiz sözlə, bədii əsərlər yazmaq, qondarma rəsmlər çəkib göstərməklə soyqırımı sübuta yetirilən məsələ deyil!

Türkiyə dövləti isə soyqırımı hadisəsinin olmadığını, erməni xəyanətinin qarşısının alınması üçün “böyük köçürülmə” əməliyyatının aparıldığını bəyan edir.

Həqiqəti öyrənmək istəyənlər üçün isə arxivlərinin qapısını açır.

Lakin nə ermənilər, nə də Bayden arxivə yaxın getmirlər.

Ermənilər bilirlər ki, arxivlərə baş vurulsa, yalanlarının üstü açılacaq.

Bayden isə...

Ondan əvvəlki ABŞ prezidentləri də seçki dövründə erməni diasporuna verdikləri sözə əməl etməyiblər, çünki yaxşı bilirlər ki, bu, erməni yalanından başqa bir şey deyil!

Hətta ABŞ Prezidenti D.Reyqan bir yanlışlıqdan sonra xüsusi komissiya yaradaraq məsələni ciddi şəkildə araşdırmış və bundan sonra “soyqırımı” sözünü işlətməkdən imtina etmişdi.

Görünür C.Baydenə həqiqəti bilmək gərək deyilmiş!

Siyasət naminə həqiqət qəsdən təhrif edilib.

Lakin heç bir hüquqi gücü, real təsiri, əməli nəticəsi olmayan bu açıqlamanın ABŞ-Türkiyə münasibətlərinə ziyanlı təsiri də nəzərə alınmalıydı.

Türkiyə rəsmiləri bununla bağlı öz sözlərini deyib, mövqelərini bildiriblər!

Müstəqil siyasət yeridən, regionun güc mərkəzlərindən birinə çevrilən, iqtisadi və hərbi qüdrəti günbəgün artan Türkiyəni belə sözlərlə nə qorxutmaq, nə də dayandırmaq mümkün deyil!

Əslində C.Bayden bu ədalətsiz, həqiqəti təhrif edən açıqlaması ilə ABŞ-ın nüfuzuna daha bir ciddi zərbə vurdu!

ABŞ-da prezident seçkilərindən sonra Kapitoliyə hücum edib seçki saxtakarlığını bəyan edən Tramp tərəfdarlarının etirazı və bunun nəticəsində insan ölümü baş verməsindən sonra ikinci zərbə!

NATO-da yaxın tərəfdaşı olan Türkiyəyə qarşı belə bir addım isə ABŞ Prezidentinin ciddi səhvi hesab olunur.

Əvvəlki prezidentlərin etmədikləri səhv!

***

Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir!

Onların hansınasa qarşı törədilən ədalətsizliyi hər biri özünə qarşı edilən haqsızlıq kimi qəbul edir!

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngində bu qərarın yanlış olduğunu, tarixi səhvə yol verildiyini və qınanıldığını bildirmiş, Azərbaycanın hər zaman Türkiyənin yanında dayandığını söyləmişdir.

İlham Əliyev bu açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu da göstərmişdir.

Beləliklə, C.Baydenin “erməni soyqırımı” bəyanatı ilə əslində ABŞ heç nə qazanmır, bəlkə də əksinə!

Türkiyə isə müstəqil siyasət yeridən güclü dövlət kimi tutduğu yol ilə bundan sonra da gedəcəkdir!

Azərbaycan isə dost və qardaş ölkə kimi daim onun yanındadır.

Ermənilər isə bu sözdən eyforiyaya düşərək Xankəndidə Azərbaycan və Türkiyə bayraqlarını yandırdılar!

Görünür, ürəkləri dəmir yumruq istəyir və nə etdiklərinin, düşdükləri acınacaqlı vəziyyətin fərqində deyillər!

Hələlik görünən budur ki, qocalardan ibarət yeni ordu yaratmaq, qisas almaq barədə boşboğazlıq edirlər!

Amma unutmamalıdırlar ki, problemlər sözlə, haqqı, ədaləti təhrif edən bəyanatlarla deyil, əməli işlə, bəzən isə döyüş meydanında həll olunur!

Bu meydanda kimin kim olduğunu 44 günlük müharibədə təkcə ermənilər və onların havadarları yox, bütün dünya gördü və bildi!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video