14:13 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Erməni arxeoloqlarının «tarix» axtarışı
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
02:10 25.10.2011

 

Son illərdə Azərbaycanda həyata keçirilən irimiqyaslı kompleks arxeoloji qazıntılar qədim tariximizin, mədəniyyətimizin, maddi mədəniyyət abidələrimizin hərtərəfli araşdırılmasına imkan yaratmışdır. Ənənəvi arxeoloji ekspedisiyalarla yanaşı fəaliyyəti dayanmış çöl dəstələrinin işi yenidən bərpa edilmişdir. İndiki şəraitdə sərhəd zonalarında, xüsusilə Ermənistan respublikası ilə həmsərhəd rayonlarda arxeoloji qazıntıların həyata keçirilməsi çox vacib əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasında arxeoloji qazıntıların istiqamətlərini müəyyənləşdirən və əsaslı arxeoloji qazıntılar aparmaqla tariximizə dair yeni maddi sübutları ortaya qoyan bir elmi müəssisə olaraq -AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu bu istiqamətdə mühüm işlər aparır. Ermənistanla sərhəd bölgələrdə arxeoloji qazıntı işlərinə xüsusi diqqət yetirilir. Çünki, son illərdə Qazax, Ağstafa, Ağdam, Füzuli, Goranboy rayonlarının arxeoloji abidələrinə qarşı iddialar, işğal altında qalan torpaqlarımızda abidələrimizin talan edilməsi müntəzəm hal almışdır. Ermənilərin məqsədi Azərbaycanın arxeoloji abidələrindən taladıqları materiallar əsasında özlərinə saxta tarix yaratmaqdır. 

Əldə edilən faktlar əsasında təsdiq edilmişdir ki,  işğal altındakı torpaqlarımızda ermənilər mütəmadi olaraq arxeoloji qazıntı işlərini həyata keçirirlər. Erməni "arxeoloqları" əvvəlcə Azıxda belə təxribatlara başladılar və Azıx abidəsini dünyaya erməni abidəsi kimi tanıtmağa cəhd etdilər. Hətta Azıxda arxeoloji tədqiqatlar aparmaq üçün beynəlxalq ekspedisiya da təşkil etməyə nail oldular. Lakin Azərbaycan hökuməti bu addımı kəskin şəkildə pislədi və orada tədqiqatlar aparan xarici ölkə mütəxəssislərinin təmsilçiliklərinə etirazını bildirdi. Məlumdur ki, ilk dəfə Azıx mağarasında qazıntılar aparan arxeoloqlarımız azıxantropun qalıqlarını tapmış və dünyaya sübut etmişlər ki, Azərbaycan öz təbii zənginliyi ilə qədim insanların yaşadığı ərazilərdən olmuşdur. Bu gün yalançı ideyalarla silahlanan erməni alimlərinin Azıxda apardıqları arxeoloji qazıntılar nəticəsi və heç bir elmi dəyəri olmayan bir işdir və orada "erməni izi" axtaran "tədqiqatçılar" dünya elminin ciddi qəbul etmədiyi adamlardır.

Bu zavallılar dərk etmirlər ki, dünya alimləri onların cəfəng fikirlərinə gülür və hələ XX əsrin 60-cı illərində Azərbaycan paleolit məktəbinin nümayəndələrinin irəli sürdükləri fikirlərlə razılaşırlar. Bunun bariz ifadəsidir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə 2010-cu ildə Azıx qazıntılarının başlanmasının 50 illiyi ilə bağlı Bakıda beynəlxalq arxeoloji konfrans keçirildi və həmin konfransda dünyanın ən nüfuzlu Paleolit dövrü alimləri məruzələri ilə təmsil olundular. Konfransda iştirak edən Rusiya Federasiyasının, Gürcüstanın nüfuzlu tədqiqatçıları bir daha vurğuladılar ki, yaşına görə dünyada üçüncü, keçmiş ittifaq miqyasında isə birinci tapıntı olan azıxantrop Azərbaycanın tarixi ərazisində aşkarlanmışdır və onun elmi dəyəri ilə artıq dünya alimləri tanışdırlar. Millətimizə, xalqımıza aid olan maddi mədəniyyət abidələrimizi "mənimsəməklə", öz adlarına çıxartmaqla, bu abidələrin üzərində əlavələr etməklə tarix yaratmaq mümkün deyil. Bu abidələr onu yaradan xalqa məxsusdur və onun nə qədər zəngin irsə malik olduğunun göstəricisidir.  

Mənfur ermənilər ərazilərimizin 20 faizini işğal etməklə kifayətlənməyərək həmin ərazilərdəkli maddi mədəniyyət abidələrimizi mənimsəməkdə davam edir və yalan dəlillərlə bu abidələrin onlara məxsusluğunu ifadə edirlər. Laçın rayonunda arxeoloji qazıntılar aparan erməni "tarixçiləri" burada xeyli abidələrimizi dağıtmış, zəngin arxeoloji materialları, o cümlədən tuncdan, qızıldan və dəmirdən hazırlanan bəzək əşyalarını, saxsı qabları, silah nümunələrini talayaraq Ermənistan muzeylərinə göndərmişlər. Hazırda Ermənistanın tarix muzeylərinin stendlərini bəzəyən həmin nadir və unikal materiallar Azərbaycanın qədim sakinlərinin maddi mədəniyyətinin nümunələridir. Ümumiyyətlə, Ermənistanın özündə, yəni tarixi Azərbaycan torpaqlarında arxeoloji qazıntılar zamanı tapılan bütün materiallar əslində xalqımızın tarixi keçmişidir. Amma bu materiallar hazırda erməni saytlarında erməni "yeni nəsil arxeoloqları"nın araşdırmalarının nəticəsi olaraq qədim erməni abidələri və maddi mədəniyyət nümunələri kimi təqdim edilir. Əlimizdə daha bir barbarlıq nümunəsi də vardır. Belə ki, Ağdam rayonunda 20-dən çox kurqan abidəsini dağıdaraq, arxeoloji materialları sözün əsl mənasında qarət edən erməni "arxeoloqları" əldə etdikləri qənimətləri Tiqranakert muzeyinə daşıyaraq orada erməni xalqının tarixi keçmişi kimi nümayiş etdirirlər. Hətta, Ağdam rayonundakı bəzi istirahət guşələrinin yanında kiçik arxeoparklar yaradılmışdır və bu arxeoparklar sahəyə gələn turistlərə xidmət göstərir.

1951-ci ildə nəşr edilmiş "Erməni xalqının tarixi" dərsliyi üçün S.T.Yeremyan tərəfindən tərtib edilmiş atlasda Qafqaz Albaniyası ərazisində guya ermənilərə aid Tiqranakert adlı iki yaşayış məntəqəsi göstərilmişdir. 1950-ci illərin sonunda aparılan arxeoloji kəşfiyyat işləri nəticəsində müəyyən edilmişdir ki, indiki Ağdam-Ağdərə şose yolu üstündə yerləşən Şahbulaq yaxınlığındakı Tərnəüt kəndinin qərb tərəfində (Pənahəli xanın qalasının ətrafı) yerləşən yaşayış yeri əslində qədim alban məskənlərinin biridir və burada erməni adından söhbət belə gedə bilməz. Buranın qədim alban yaşayış yeri olması ilə bağlı hətta XIX əsrdə bu yerlərdə olan erməni müəllifləri Alışan, S.Calalyan, M.Barxudaryan da məlumat vermişdir. Sonralar S.T.Yeremyan da bununla razılaşmışdır. Əllərinə məqam düşən ermənilər indi "tarixi ədalətsizliyi" bərpa edərək buraya "qədim erməni şəhəri Tiqranakert" adını vermiş, eyni adda muzey yaradaraq Şahbulaqda istirahət guşəsi və qədim alban şəhərinin yerində arxeopark yaratmışlar.

Son illərdə diplomatik sahədəki ağır məğlubiyyətləri və geriləmələri erməniləri daha da quduzlaşdırmışdır. İşğal etdikləri torpaqlarda müvəqqəti olduqlarını anlayan və bunu indi başa düşən ermənilər abidələrimizi daha vəhşicəsinə dəyişdirir, onlara əlavələr edir, arxeoloji materialları talayaraq Ermənistanın tarix muzeylərinə daşıyır, dəyişdirə və saxtalaşdıra bilmədikləri abidələri yerində məhv edir, dağıdırlar. Onların məqsədi minilliklərlə yaşı olan arxeoloji abidələrimizə sahib çıxmaq, Azərbaycan xalqının bu əraziyə gəlmə olduğunu və heç bir özünəməxsus arxeoloji abidəyə malik olmadıqlarını "sübuta yetirməkdir", bunun üçün isə bütün vasitələrdən istifadə edirlər. Hətta son illərdə internetdəki müxtəlif sosial şəbəkələr vasitəsilə "azərbaycanlı" alimlərlə və bəzi üzdəniraq gənc "tarixçilərlə" dialoqlara girir, beynəlxalq konfranslarda elmi əməkdaşlıq adı altında onlarla söhbətlər aparırlar. Əfsuslar olsun ki, belə tədqiqatçılarımız da vardır və bu zavallılar dərk etmirlər ki, ermənilərlə elmi əməkdaşlığın arxasında nələr dayana bilər.

Xüsusilə son illərdə erməni tarixçiləri Azərbaycanın qərb ərazilərində (tarixi-arxeoloji abidələrlə daha zəngin hesab olunan, qədim mədəniyyət mərkəzi sayılan Gəncə-Qazax bölgəsi) mövcud olan tarixi-arxeoloji abidələrin əksəriyyətinin onlara məxsus olduğunu, Xocalı-Gədəbəy mədəniyyətinin özlərinin yaratmasını iddia edirlər. Amma bir şey həqiqətdir ki, hər hansı bir arxeoloji mədəniyyətə malik artefakt dünyanın hansı ölkəsində olursa-olsun həmin mədəniyyətin tipik və səciyyəvi xüsusiyyətini daşıyır. Şomutəpə, Kür-Araz, Talış-Muğan, Xocalı-Gədəbəy, Naxçıvan və s. arxeoloji mədəniyyətinə malik hər hansı bir bəzək və ya silah nümunəsi istər Fransanın, istər Almaniyanın, istərsə də İngiltərənin muzeyində saxlanılsın, yenə də həmin mədəniyyətin daşıyıcısıdır. Ona görə də ermənilərin bu "yeni tapıntıları" erməni xalqının yox, bu nümunələri yaradan xalqın və həmin mədəniyyəti minilliklər boyu yaşadan xalqın tarixi zənginliyinin məhsuludur.

Təbii ki, ölkə rəhbərliyi ideoloji sahədə Ermənistanın uydurma ərazi iddialarına qarşı, yalan və qondarma fikirlərinə qarşı, Qafqazda guya ən qədim xalq olmaları kimi cəfəng ideyalarına qarşı mübarizə aparır və onlara çox tutarlı cavablar verir. Belə tutarlı cavablar göz qabağında olan və mənbələrdə əks olunan tariximizə əsaslanır. Arxeologiyanın xidməti isə bu sahədə bəlkə də heç nə ilə ölçüyəgəlməzdir. Məhz arxeoloji qazıntılardan əldə olunan tutarlı və təkzibolunmaz faktlar, arxeoloji sübutlar heç bir vəchlə dəyişdirilə bilməz. Erməni tarixçiləri nə qədər çalışsa da bu faktları özününküləşdirə bilməzlər.

Saxta dəlillərə əsaslanaraq, öz tarixlərini bizim tariximiz üzərində quran, ərazilərimizi zaman-zaman mənimsəyərək tarixizimizin müəyyən səhifələrinə də tamah salan bədnam ermənilər Qafqazın yerli xalqı deyil. Ona görə də indiki Ermənistan adlanan ölkənin ərazisində - tarixi Azərbaycan torpaqlarında yer altında yatan bütün maddi-mədəni sərvətlər yalnız bizim xalqa məxsusdur. İndi həmin torpaqlarda bir nəfər də olsun azərbaycanlı yaşamasa da yerin altında qalan bütün arxeoloji abidələr həmin torpaqların əsl sahiblərinin kim olmasının tarixi şahididr. Ona görə də nəinki işğal altında qalan torpaqlarımızda eləcə də Göyçədə, Zəngəzurda, Qafanda, Dərələyəzdə çalışan arxeoloji ekspedisiyalar məhz bizim tariximizi aşkar etməklə məşğuldur. Bununla belə maddi mədəniyyət abidələrimizi öz adlarına çıxaran erməni saxtakarları bilməlidirlər ki, arxeoloji abidələrimizi talamaqla, əldə edilən qədim nümunələrimizi özününküləşdirməklə heç vaxt özlərinə qədim tarix yaza bilməyəcəklər.

 

Şamil NƏCƏFOV,

arxeoloq, tarix üzrə fəlsəfə doktoru



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM