18 Aprel 2021 00:30
2287
Mədəniyyət
A- A+

Ən qədim ziyarətgah - ATƏŞGAH

 

Ərazisindəki tarixin ayrı-ayrı dövrlərində inşa edilmiş saysız-hesabsız abidələr ölkəmizin ən qədim yaşayış məskənlərindən biri olduğunu təsdiq edir. Həmin abidələr həm də ulularımızın həyat tərzindən, inancından xəbər verir. Bu mənada Abşeron yarımadasında, Suraxanı kəndində yerləşən məbəd maraq doğurur. Ancaq Atəşgah adlanan bu məbəd əsrlərboyu yalnız bu yerlərin sakinləri üçün əhəmiyyətli olmayıb. Təbii qaz çıxışı olan sönməz alovların yerində tikilən, adı “Alov evi” və ya “Alov yeri” mənasını ifadə edən ibadətgaha dünyanın müxtəlif yerlərindən gələn ziyarətçilərin ardı-arası kəsilməyib. Onların arasında Aleksandr Düma, Kempfer, Villot, Berezin, Dmitri Mendeleyev və başqa məşhurlar olub.

“Qafqaz səfəri” əsərində Aleksandr Düma Atəşgah barədə yazıb: “Nahar qurtaran kimi qapıda hazır dayanan faytonlara minib məşhur Atəşgaha getdik. Bakı Atəşgahı, az səyahət edən fransızlar istisna olmaqla, bütün aləmə bəllidir.

...Biz tamamilə alova bürünmüş qapıdan həyətə girdik. Böyük dördkünc həyətin ortasında günbəzli səcdəgah ucalır. Səcdəgahın tən ortasında əbədi alov şölələnir”.

Böyük rus kimyaçısı Dmitri Mendeleyev rus taciri Konerevin 1855-ci ildə Atəşgahın arxasında tikdirdiyi kerosin zavodunda işləyib. O, həyat yoldaşına məktubunda Atəşgahın çox maraqlı məbəd olduğunu yazıb. Bildirib ki, mən indiyəcən belə məbəd görməmişəm.

Tarixi mənbələrdə  yazılanlara gəlincə, Bakıətrafı ərazilər erkən orta əsrlərdən etibarən mənbələrdə sönməz alovlar məkanı kimi göstərilib. Tədqiqatçı Sara Aşurbəyli bu barədə ən erkən məlumatların Bizans tarixçisi Panili Prisk tərəfindən verildiyini bildirib. Panili Prisk yazıb ki, farslar tərəfındən təqib olunan hun qoşunları ölkəni qarət edərək Midiyadan Skifiyaya “sualtı qayalarından alov qalxan” başqa yolla qayıdıblar. N.Xanıkov bu məlumatın “şəksiz, əbədi Bakı odları”na aid olduğunu qeyd edib.

Tədqiqatçıların fikrincə, Cənubi Qafqazda Zərdüştiliyə ibadət ənənələri burada alov məbədləri inşa etdirmiş Sasanilərin hakimiyyəti dövründə yayılmağa başlanıb.

930-cu ildə İstəxri “Yollar və ölkələr kitabı”nda bildirib ki, Bakı yaxınlığında sakinləri zərdüşti olan kəndlər var. Bu məlumatı sonradan ərəb coğrafiyaşünası Əbülfəda da qeyd edib.

Başqa ölkələrdən gələn tacirlər də müqəddəs yer kimi mütləq Atəşgaha baş çəkib, bir neçə gün burada qalıblar. Təxminən XV-XVI əsrlərdən etibarən Şirvan və Hindistan arasında diplomatik və ticari əlaqələr genişlənib. Həmin dövrdə Şimali Hindistandan olan parça və ədviyyat tacirləri, eləcə də şivaizm və siqh monnas sektası mənsublarının hesabına Suraxanı atəşgahı bərpa edilərək hinduist və siqh ibadətgahı kimi istifadə olunub. Buranı müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər ziyarət ediblər.

Xüsusilə XVI-XVII əsrlərdə Azərbaycandan keçən məşhur İpək yolu ilə ölkəmizə gələn tacirlər öz vətənlərinə döndükdə Suraxanıda yerdən çıxan təbii alovdan da söz açıblar. Beləcə, bura gələn zəvvarların, atəşpərəstlərin sayı artıb.

Bakıdakı oda səcdə etmək üçün gələn hindli zəvvarlar barədə XVII əsr mənbələrində məlumatlar qalmaqdadır. Məbəd ərazisində ən qədim tikili 1713-cü ilə, ən yeni tikili kitabəyə əsasən 1810-cu ildə tacir Kançanaqaranın hesabına inşa edilmiş mərkəzi altar hesab edilir.

İbadətgahın ətrafında XVIII əsrdə bir-birinə bitişik ibadət zalları, hücrələr və karvansara tikilib. Hücrələrdə davanaqari və qumruki hind əlifbaları ilə yazılmış müxtəlif məzmunlu kitabələr mövcuddur.

Hazırda məbəd yaxınlığında yerləşən daşlarla doldurulmuş dərin dördbucaqlı quyuda əvvəllər vəfat etmiş dindarların cəsədləri müqəddəs odda yandırılıb. Cəmiyyətdən ayrılıb ibadətgah ərazisində yaşayan dindar rahiblər burada müqəddəs alov vasitəsilə bədənlərini və ruhlarını təmizləyiblər. Rahiblər boyunlarından ağırlığı 30 kiloqrama kimi çatan zəncirlər asır, bədənlərinin müxtəif yerləri yananadək kalsium oksid üzərində uzanırdılar. Heç bir işlə məşğul olmayan, zəvvarların ianələri hesabına yaşayan məbəd kahinləri ölümdən sonra insanın ruhunin dirildiyinə, yenidən yerə qayıtdığına inanırdılar. Onlar bu düşüncədə idilər ki, ruhun hörmətli adam, ya da hansısa heyvan cildində qayıtması insanın sağ ikən topladığı müsbət karmaların miqdarından asılıdır.

XIX əsrin əvvəllərində məbəd kompleksi dövrümüzə çatdığı görünüşə malik olub. Əsasən hinduslar tərəfindən istifadə olunsa da, məbədin memarlığı ənənəvi hinduizm məbədlərinin memarlığından fərqlidir. Abidənin əksər tədqiqatçıları qeyd edirlər ki, ümumi memarlıq xüsusiyyətlərinə görə o, Azərbaycanın şəhər karvansaralarını xatırladır. Beşguşəli həyətin mərkəzində rotonda - pavilyon yerləşir. Həmin rotonda kompleksin əsas alov məbədidir.

Yerli memarlıq ənənələri əsasında inşa edilən Atəşgah eyni zamanda qədim alov altarlarının xüsusiyyətini özündə birləşdirir. Memarlıq kompleksi planda beşguşəli çıxıntılı və iri giriş portalına malik müdafiə divarları və ərazinin mərkəzində yerləşən dördguşəli altar - alov məbədindən ibarətdir. Giriş üzərində Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan qonaq otaqları - balaxana tikilib.

Məbəddə 20 qiymətli daş kitabə var. Onlar hücrənin üstə yerləşdirilib. Birini zərdüşt, 19-nu isə atəşpərəstlər qoyublar. Onlardan 19-u hind, biri fars dilində yazılmışdır. Hər kitabədə otaqların neçənci ildə və hansı tacir tərəfindən tikilməsi, həmçinin hind tanrılarının adları qeyd olunmuşdur. Hücrələrdən yaşayış yeri, ibadətgah və karvansara kimi istifadə olunub.

Bəzi hücrələrin giriş qapısının üstündə daş üzərində yazılmış ithaf kitabələri var. XX əsrin əvvəllərində abidəni ziyarət edən Cekson 18 kitabə saydığını yazır. Onlardan ən erkəni Samvat 1770-ci ilə aiddir. Məbədin kitabələrindən 14-ü “B.A.Dornun Qafqaz və Xəzərin cənub sahillərinə səyahət atlası”na daxil edilib. 1950-ci ildə C.M.Unvala həmin kitabələrdən 16-sını nəşr etdirib.

Kitabələrin bəzisinin sonunda yazılma tarixi qeyd edilib. Bunun əsasında kitabələrin XVIII-XIX əsrlərə aid olması müəyyənləşdirilib. Bəzi hinduizm kitabələri ciddi zədələndiyindən onların oxunması mümkün olmayıb. Atəşgahdakı yeganə zərdüşti kitabəsi dörd sətirlik şeir formasında yazılıb.

1855-ci ildə Atəşgah yaxınlığında zavod tikildikdən sonra məbədin təbii alovları tədricən zəifləyib. Alovları zəifləmiş məbədi 1887-ci ildə Rusiya imperatoru III Aleksandr ziyarət edib. 1902-ci il yanvarın 6-da Bakı atəşgahının sonuncu təbii alovu sönüb.

XX əsrin əvvəllərində tədqiqatçı M.S.Sayapin Hövsan sakinindən aldığı məlumata əsaslanaraq XIX əsrin ikinci yarısında məbəd ətrafında hələ də oda ibadət edən yaşlıların yaşadıqlarını, onların övladlarının isə artıq müsəlman olduqlarını yazıb.

1925-ci ildən sonra məbəd demək olar ki, tərk edilib. Bu vəziyyət əlli il davam edib. 1975-ci ildə ətraflı restavrasiya işlərindən sonra Atəşgah yenidən ziyarət üçün açılıb. 2007-ci ildə məbəd yenidən restavrasiya olunub.

Azərbaycan Prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılıb, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib.

1998-ci ildə isə Atəşgah UNESKO-nun Ümumdünya irsi siyahısına salınmaq üçün namizəd siyahısına daxil edilib.

Bir ildən çoxdur ki, həyatımızı dəyişən, səyahət etməyi sevənlərə maneələr yaradan pandemiyayadək hər il Atəşgahı orta hesabla 145.000 nəfər ziyarət edirdi. Bu gün isə burada yerləşən muzey də digər muzeylərimiz kimi, həyatımızın öz məcrasına düşəcəyi, qapılarının ziyarətçilərinə açılacağı günü gözləyir.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video