02 Oktyabr 2011 12:10
431
Mədəniyyət
A- A+

Əməkdaşlığın yeni uğurları

 

Hər bir xalqın tarixi ilk növbədə onun maddi-mədəniyyət abidələrində yaşayır. Ona görə də bütün hallarda həmin daş yaddaşların qorunub saxlanması və gələcək nəsillərə  çatdırılması  mühüm məsələlərdəndir. Zəngin  təbii sərvətlərə  məxsus Azərbaycan torpaqlarında da  tarixin yaşıdı, inkişafın göstəriciləri sayılan maddi-mədəniyyət abidələri az deyil. Ən maraqlısı odur ki, ilk insan məskənlərindən olan Azıx mağarası məhz Azərbaycan ərazilərində aşkar edilmişdir. Qobustan qayalarından gələn səda isə, təbii ki,  əcdadlarımızın daşlaşmış səsidir.

Xalqımızın keçdiyi  tarixi yolda sivilizasiyaların  dəyişməsi öz  izini bir sıra abidələrdə qoruyub saxlamaqdadır. Dünya təcrübəsində abidələr eyni zamanda turizmin inkişafına təsir göstərən amillərdən hesab edilir. Çünki hər hansı ölkəyə səfər etmiş  əcnəbi ilk növbədə  oradakı maddi-mədəniyyət abidələri ilə tanışlığa can atır. Bunun da əsas səbəbi həmin xalqın tarixini, yaşayış tərzini əks etdirən maddi-mədəniyyətinə maraqdır. Hər bir ölkə də qədimliyini, bəşər sivilizasiyasının formalaşmasındakı rolunu sübuta yetirmək, onu dünyaya təqdim etmək üçün mədəni irs nümunələrindən faydalanır. Bununla da  demək olar ki, turizm  eyni zamanda hər hansı ölkənin maddi-mədəni irsinin daha geniş məkanda tanıdılmasında mühüm vasitələrdən biridir.

Ərazisində ən qədim dövrlərə təsadüf edən yaşayış məskənlərinin, abidələrin olduğu Azərbaycan bütün imkanlardan istifadə etməklə, turizmin inkişafında bu amildən yetərincə istifadə edirmi, görəsən, yaxud həmin maddi və mənəvi sərvətlər beynəlxalq hüquq normaları əsasında qorunub saxlanırmı?

İlk növbədə qeyd olunmalıdır ki, bütün tarixi dövrlərdə maddi-mədəniyyət abidələrimizin mühafizəsinə bugünkü qədər diqqət yetirilməyib. Əvvəllər bunun qorunmamasının müxtəlif səbəblərindən biri təcavüzkarların  bu yerlərin təbii sərvətlərinə həris münasibətləri idi. Ayrı-ayrı dövrlərin ictimai-siyasi  və iqtisadi quruluşlarında abidələrə və digər təbii sərvətlərə məkirli yanaşma onları millilikdən və minilliklərdən uzaqlaşdırmağa "xidmət" edib. Təbii fəlakətlər də burada  öz mənfi təsirini az göstərməyib. Lakin elə maddi-mədəniyyət nümunələri də var ki, onları nə əsrlərin, nə də nəsillərin "soyuq baxışları" əlimizdən almaq iqtidarında olmayıb. Belə sərvətlərimizə bir sıra xalq tətbiqi-sənət nümunələrini misal göstərmək olar.

Ümumiyyətlə, dövlət müstəqilliyinin bərpasına qədər bir sıra  maddi-mədəniyyət abidələrimizin qorunmasında göstərilən münasibət ürəkaçan olmayıb. Ona görə də bədxah qonşularımız bundan istifadə edərək, bəzi yazılı abidələrimizi saxtalaşdırmağa can atıblar.

Son dövrlər  bəşəriyyətin daha çox diqqət yetirdiyi məsələlərdən biri də məhz maddi-mədəni irsin qorunması və saxlanmasıdr. Bu da təbii ki, səbəbsiz deyil. Ərazi mübahisələrinin  yaratdığı münaqişələrin həllində tarixin  yaşıdı olan maddi-mədəniyyət abidələrinin rolu olduqca böyükdür.

 Əraziləri erməni təcavüzkarlarının qurbanına çevrilmiş Azərbaycan da  uzun illərdir ki, Ermənistan tərəfindən zorla cəlb  edilmiş münaqişənin ağrılarını yaşayır. Türk dünyasına qarşı çıxan daşnaklar nəinki xalqımıza məxsus musiqini, hətta çoxsaylı maddi-mədəniyyət  abidələrimizi özününküləşdirməyə çalışıblar. Buna  nail olmadıqda, onları  qəddarcasına darmadağın etmişlər. Qafqaz Albaniyası dövründən qalma çoxsaylı abidələrimiz bu baxımdan daha acınacaqlı hala salınmış, az qala, tamamilə məhvə məruz qalmışdır. Keçmiş sovetlər birliyi dövründə maddi-mədəniyyət abidələrimizin mühafizəsinə göstərilən laqeydlik təsadüfi deyildi. Mərkəz tərəfindən bəzi hallarda qəbul olunan qərarlar məhz xalqımızın  qədim tarixini saxtalaşdırmışdır ki, bu da, əslində, "Böyük Ermənistan"ın yaradılması istiqamətində aparılan çirkin siyasətin görünməyən tərəflərindən idi. 70 illik sovetlər dövründə Ermənistanın memarlıq nümunələri göstərilən kitablarda Qarabağ və Naxçıvan ərazilərindəki qeyri-maddi mədəniyyət nümunələrimiz xristian abidələri kimi təqdim edilmişdir. Hansı ki, həmin abidələr İslamaqədərki dövrün yadigarları, daha doğrusu, albanlara məxsus yazılı daş kitabələrdir.

Dövlət müstəqilliyinin bərpasından sonra bir sıra sahələrdə olduğu kimi, maddi-mədəniyyət nümunələrimizin qorunub saxlanması və dünyaya öz adı və ünvanı ilə təqdim olunması istiqamətində aparılan dövlət siyasəti nəticəsini göstərməkdədir. Məhz uğurlu siyasətin göstəricisidir ki, bir sıra maddi və mənəvi sərvətlərimiz artıq YUNESKO-nun Maddi-Mədəni İrs siyahısına  salınıb.

Mədəni Dəyərlərin Mənsub Olduqları Ölkələrə Qaytarılmasının Təşviqi və ya Qanunsuz Mənimsəmə halında Geri Qaytarılması  üzrə YUNESKO-nun Hökumətlərarası Komitəsinin  17-ci   sessiyasında bir daha bu məsələ öz aktuallığı ilə diqqəti cəlb edib. Belə ki, sessiyada Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin təkcə ərazi  iddiaları ilə məhdudlaşmadığı, işğal olunmuş torpaqlarda yüz mindən artıq  dəyərli eksponatın, zəngin mədəniyyət nümunələrinin oğurlanması və dağıntılara məruz qalması haqqında məlumatlar verilib. Həmçinin  qeyri-qanuni arxeoloji qazıntıların aparılması və aşkar edilmiş obyektlərin mənimsənilməsi halları  bir daha diqqətə çatdırılıb. Azərbaycan tərəfi zəbt olunmuş ərazilərdə mədəni irsin qorunması, konkret tövsiyələrin hazırlanması üçün YUNESKO-ya müraciət edib.

Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyaya uyğun olaraq, qədim dillər, xalq ənənələri, müxtəlif ritual və ayinlər, sənətkarlıq, eyni zamanda şifahi xalq yaradıcılığı nümunələri bu irsə aid edilib. Həmin Konvensiya sənayeləşmə, urbanizasiya, miqrasiya və kütləvi turizmin təsiri ilə dünyada qeyri-maddi irs üçün yaranan təhlükələrə cavab tədbiri hesab olunur.

Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri, Heydər Əliyev Fondunun  prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2003-cü ilin oktyabrında Azərbaycan muğamları, 2009-cu ilin martında aşıq sənəti, Novruz bayramı, 2010-cu ildə  isə Şərq toxuculuq sənətinin bir qolu olan Azərbaycan xalçaları ÜUNESKO-nun Mədəni-İrs siyahısına daxil edilib.

Paytaxt Bakının tarixini özündə daha mükəmməl şəkildə qoruyub saxlayan İçərişəhər kompleksi, Qobustan qoruğu da bu siyahıdadır.

Xalqın milli varlığını özündə yaşadan maddi-mənəvi, intellektual irsin qorunması məqsədi ilə müxtəlif layihələr həyata keçirən Heydər Əliyev Fondu  7 illik fəaliyyəti dövründə xüsusən muğam, aşıq, xalçaçılıq sənətlərinin qorunması, inkişafı və beynəlxalq miqyasda təbliği istiqamətində üzərinə götürdüyü missiyanı şərəflə daşıyır. Dənizkənarı parkda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi də həmin humanist siyasətin nəticəsidir. Heydər Əliyev Fondunun  xeyirxahlıq təşəbbüsləri, əlbəttə, təkcə yuxarıda qeyd etdiyimiz faktlar deyil. Mədəniyyət sahəsində həyata keçirilmiş layihələrdən biri də Azərbaycan Xalçası və Xalq Tətbiqi sənəti Dövlət Muzeyinin inşasıdır.

Ötən ilin oktyabrında Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, həmçinin Aşıqlar Birliyinin təşkilatçılığı ilə I Beynəlxalq Aşıq Festivalının keçirilməsi nəinki milli mədəniyyətimizə nümunəvi diqqət  və qayğıdır, eyni zamanda Azərbaycan həqiqətlərinin  bu yolla dünyaya təqdim edilməsidir. Bu siyahıya üç il dalbadal Qəbələdə keçirilən  Beynəlxalq Musiqi Festivalını da əlavə etmək yerinə düşərdi.

Mədəniyyət və incəsənətimizin bəşəri dəyərlərə məxsus olması barədə beynəlxalq miqyasda təbliğatı məsələsində Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın ardıcıl fəaliyyəti yeni-yeni uğurlara  yol açır.

 

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video