19 Fevral 2013 01:02
621
Təhsil
A- A+

Əlifba islahatı latın qrafikalı nəşrləri kütləviləşdirdi

 

Oxucular dövlətin latın qrafikalı kitabların nəşrinə böyük qayğısından razıdırlar

 

Son illər ölkəmizdə elm və təhsilin inkişafına dövlət qayğısı xeyli artıb. Müvafiq sahələrin modernləşdirilməsi və inkişaf etdirilməsi üçün dövlət proqramları qəbul olunur. Azərbaycan kitabxanalarının latın qrafikalı ədəbiyyatla və elmin bütün sahələrini əhatə edən kitablarla təmin olunması elm və təhsilin fundamental bazası kimi bu proseslərdən kənarda qalmayıb. Ana dilimizin qorunması uğrunda həmişə mübarizə aparan, onun dövlət dilinə çevrilməsinə, zənginləşməsinə, beynəlxalq münasibətlər sisteminə yol tapmasına çalışan ümummilli lider Heydər Əliyev çıxışlarında deyərdi ki, dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız vətənpərvərlik formulu yoxdur. Gənc nəsildən tələb edirdi ki, ana dilimizi təkcə sevməyin, həm də onu öyrənin. Bu sırada əlifbamızın latın qrafikası ilə əvəzlənməsi gündəmə gəldi. Çünki dil və əlifba təkcə anlaşmaq üçün ünsiyyət vasitəsi deyil, həmin xalqın dünyagörüşünün, düşüncə tərzinin, mənəvi varlığının ifadəsidir. Latın qrafikalı yeni Azərbaycan əlifbasının həyata keçirilməsinin xalqımızın ümumi mədəni inkişafına və ölkəmizin dünya birliyinə mədəni inteqrasiyasına yardımçı oldu.

Xatırladaq ki, Azərbaycan ilk dəfə rəsmi olaraq 1923-cü il oktyabrın 20-də latın qrafikalı əlifbaya keçmişdi. Ona qədər yazışmalarda ərəb qrafikalı əski əlifbadan istifadə olunurdu. Bir neçə il hər iki əlifbadan istifadə olunsa da, 1929-cu il yanvarın 1-dən sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu. Bu hadisədən 5 il sonra Türkiyə Cümhuriyyəti də ərəb qrafikasından imtina edərək latın əlifbasını qəbul etdi. Stalin Türkiyənin bu addımını SSRİ-də yaşayan türkdilli xalqlara yaxınlaşmaq niyyəti kimi qiymətləndirdi və 1939-cu ildə Kiril əlifbasını sovet ittifaqının bütün müsəlman respublikalarına tətbiq etdi. İmperiyanın rəmzlərindən biri kimi kiril əlifbasından SSRİ-nin süqutuna qədər istifadə olundu. İmperiya dağıldıqdan sonra digər sahələrdə olduğu kimi əlifbamızda da islahatlar aparıldı. Bu gün isə latın qrafikalı Azərbaycan əlifbası artıq həyatımızda tam yerini tutmuşdur. 18 iyun 2001-ci il tarixində ulu öndər Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzaladı. Bununla da latın qrafikasına keçid rəsmən başa çatdı.   

Ümummilli lider Heydər Əliyev Azərbaycan dilində olduğu kimi, əlifbamızın da inkişafına qayğı göstərmişdir. Dilimizin inkişafı və latın qrafikalı nəşrlərin kütləviləşməsi üçün müntəzəm olaraq imzaladığı fərman və sərəncamlarda ortaya çıxan problemlərin həlli vacib sayılırdı. Dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi zərurətə çevrildi. 

Azərbaycan ədəbiyyatının, azərbaycanlı düşüncəsini, təfəkkürünü əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilərək gənc nəslə çatdırılması ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşdi. Dövlət başçısının "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli və "2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" 2004-cü il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatı, eləcə də lüğət və ensiklopediyalar silsiləsindən ümumi tirajı 9 milyondan artıq kitab nəşr edilərək kitabxanalara göndərildi, oxucuların ixtiyarına verildi. Bu nəşrlər sayəsində gənc nəslin latın qrafikası ilə çap olunmuş bədii və elmi ədəbiyyata ehtiyacının ödənilməsi istiqamətində mühüm addım atıldı. Sonrakı sərəncamlarda isə 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.

Dövlət müstəqilliyini qazandıqdan sonra dilimizin tətbiqi işinin təkmilləşdirilməsi ilə bağlı hər il dövlət hesabına latın qrafikasında çap olunması vacib hesab edilən ictimai əhəmiyyətli kitabların siyahısı müəyyənləşdirilir və dərc edilir. Dünya ədəbiyyatından tərcümə olunan nümunələr arasında klassik, müasir, Nobel mükafatçıları olan müəlliflərlə yanaşı, dünya antologiyasından toplular da nəzərdə tutulub. Toplunun çapa hazırlanmasında elmi-yaradıcı işlərin görülməsi, əsərlərin tərcüməsi də nəzərdə tutulub. Lakin burada problemlər tamamilə aradan qaldırılmayıb. Uşaq ədəbiyyatının nəşri ilə bağlı mütəxəssislər bildirirlər ki, uşaq ədəbiyyatı kiçik yaşlıların dünyagörüşünün, tərbiyəsinin formalaşması üçün nəzərdə tutulur. Lakin son zamanlar nəşr olunan kitablarda bunlar nəzərdən qaçırılıb. Valideynlərin əlini ciblərinə salması üçün ən gözəl fürsət uşaqlarla bağlıdır, nəşriyyatlar yalnız bunu unutmayıblar. Onların fikrincə, ədəbiyyatımızın ən kölgədə qalan sahəsi uşaq bölməsidir, bu bölməyə daim diqqət olmalıdır.     

Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" sərəncamdır. Bu sərəncamların nəticəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynadı. Dövlət başçısı milli xüsusiyyətlərimizin saxlanılmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çatdıraraq demişdir: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir". 

Kitabxanaçılar latın qrafikalı nəşrlərlə təmin olunmalarından danışarkən klassik ədəbiyyat nümunələrində heç bir problemin qalmadığını bildirirlər. Elmin və mədəniyyətin digər sahələrindən bəhs edən nəşrlər isə tədricən həyata keçirilir.  Onlar etiraf edirlər ki, nəşrlərin yenidən latın əlifbasına çevrilib külliyyatla nəşr edilməsi və kitabxanalara paylanması asan iş deyil. Dövlət bu işin görülməsinə külli miqdarda vəsait ayırdı və nəzarətdə saxladı. Ona görə də çox keçmədən kitabxanalar latın qrafikalı kitablarla zənginləşdi. Demək olar ki, oxucular kitabxanadan əliboş qayıtmırlar.    

Latın qrafikasında "Böyük İqtisadi Ensiklopediya" beşcildliyinin nəşri bu sahədə qazanılan ən böyük uğurlarımızdandır. Bu, müstəqillik əldə etdikdən sonra konkret sahəyə aid irihəcmli nəşr olan ilk ensiklopediyadır. "Böyük İqtisadi Ensiklopediya" beşcildliyi 10 minə yaxın iqtisadi termin, müxtəlif iqtisadi proseslərin əyani izahı üçün 2000-dən çox sxem, cədvəl, qrafik və fotolardan ibarət olmaqla, ümumilikdə 6 min səhifədən çoxdur. Dünya təcrübəsindən bəhrələnərək iqtisadi terminologiyaya vahid prinsipdən yanaşma əsasında makro və mikro iqtisadiyyat, pullu kredit münasibətləri, bank işi, qiymətli kağızlar bazarı, milli və qlobal rəqabət,  iqtisadi təhlükəsizlik, iqtisadiyyatda tətbiq edilən qanun və kateqoriyalar, iqtisadiyyat elminin formalaşmasında böyük xidmətləri olmuş görkəmli iqtisadçı alimlərin bioqrafiyası, onların irəli sürdüyü iqtisadi nəzəriyyə, qanun və prinsiplərlə bağlı minlərlə termin, söz və ifadənin mahiyyətinin mükəmməl izahı verilib. Çoxcildliyin səhifəsində 1968-ci ildən başlayaraq Nobel mükafatına layiq görülmüş məşhur iqtisadçıların bioqrafiyası, onların irəli sürdüyü yeni təlim və konsepsiyaların təməl prinsiplərinə geniş yer ayrılıb. Buradakı dəyərli informasiyaların böyük əksəriyyəti ilk dəfə ana dilimizdə bu cür peşəkar səviyyədə dərc olunur.

Azərbaycan Prezidentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli 506 nömrəli fərmanının tələblərinə müvafiq olaraq dilimizə yeni daxil olmuş bir çox iqtisadi termin və anlayışların Azərbaycan dilinin qrammatik prinsiplərinə müvafiq ifadəsinə ensiklopediyada nail olunub. Bu da müasir iqtisadi terminologiyanın yaranması deməkdir. Güman etmək olar ki, "Böyük İqtisadi Ensiklopediya" nın nəşri müasir dövrümüzdə öz aktuallığı ilə seçilən digər konkret elm sahələrinə aid analoji nəşrlərin hazırlanması üçün nümunə olacaq.

 

Rəsmiyyə RZALI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video