09:09 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Ələsgərəm, hər elmdən halıyam”

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:26 17.04.2021

 

Ulu Göyçənin saz-söz ustadının  tükənməz mənəvi xəzinəsinin Azərbaycan ədəbiyyatında xüsusi yeri var

 

Azərbaycan aşıq ədəbiyyatı qədim tarixə malikdir. Xalqımız Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər, Şəmkirli Aşıq Hüseyn, Sarı Aşıq, Molla Cuma, Ağdabanlı Qurban, Aşıq Bəsti, Dədə Şəmşir və bu gün də ənənəni davam etdirən neçə-neçə saz-söz sənətkarı yetirmişdir.

Azərbaycan aşıq ədəbiyyatının qaynaqları müxtəlif olsa da, mahiyyət etibarilə xalqımızın tarixini, mədəniyyət və incəsənətini özündə yaşadır. Klassikləşmiş, bu sənətə aşiqləşmiş aşıqlarımızın Dədə Qorqud boylarından başlayan yolunun layiqincə davam etdirilməsində təkcə xalqın və onun sənət daşıyıcılarının deyil, zamanın və dövranın, eyni zamanda, hakimiyyətlərin də müxtəlif mənalarda təsiri az olmamışdır.

Bütünlüklə türk xalqlarının folklorundan yol başlayan aşıq sənəti zaman-zaman özünün kamil sənətkarlarını yetirib. Bu sırada dayananlardan biri də XVI əsrdən başlayaraq nəsil şəcərəsi davam edən Aşıq Ələsgərdir. O Ələsgər ki, Azərbaycan aşıq ədəbiyyatına yeni şeir növləri, hikmət və təravət gətirmişdir.

1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuş Aşıq Ələsgərin ustadlığa qədər keçib gəldiyi yol uzun və məşəqqətlərlə dolu olub. Lakin dünyaya göz açdığı ulu Göyçənin “Aşıqlar mahalı” adlandırılması, sazın-sözün beşiyində laylasının çalınması ona ruhi qida verib, elə buna görə də uşaqlıqdan, ustadından sənət dərsi almamışdan mehr-məhəbbətini telli saza salıb...

Azərbaycan aşıq ədəbiyyatında özünəməxsus izi və dəstxəti olan ustadlar məktəbinin banisinə çevrilmiş, on iki şəyirdini kamil sənətkar zirvəsinə ucaltmış Dədə Ələsgərin yaradıcılığından öncə onu yetişdirən Göyçə mahalının dəfələrlə erməni vandalları tərəfindən darmadağın edilməsi nəticəsində mənəvi sərvətimizin məhvindən söz açmaq istəyirik.

Bir əsrdə dörd dəfə qaçqınlıq, didərginlik taleyi yaşamış göyçəlilər hər dəfə ağır məhrumiyyətlərə düçar olmuşdular. XX əsr isə Ələsgər ocağı, ümumiyyətlə, göyçəlilər üçün faciələr dövrü kimi yaddaşlara yazılmışdı. Əsrin əvvəlindən sonuna kimi dörd dəfə Göyçənin daşnaklar tərəfindən darmadağın edilməsi, viran qoyulması Azərbaycan aşıq ədəbiyyatının buradakı qoluna ağır zərbə vurmuşdur. Diri-diri tonqallara atılanların arasında Aşıq Ələsgər nəslinə mənsubların daha çox olması isə təsadüfi deyildi. Erməni vandallarının nə qədər amansız və qəddar olmasını, milli-mənəvi dəyərlərimizə və sənətimizə, həmçinin sənətkarlarımıza qənim kəsilməsini təsdiqləyən faktlardan ən ağrılısı Aşıq Ələsgərin şəyirdi və qardaşı oğlu Aşıq Nəcəfin kürəyinə qaynar samovar bağlanıb dirigözlü alışdırılıb-yandırılması idi. Barışıqlıq etmək bəhanəsi ilə Göyçənin tanınmış simalarını, o cümlədən Aşıq Nəcəfi Basarkeçərə çağıran daşnaklar ƏIəsgər ocağının da neçə-neçə başbilənini məhv etmiş, amansızcasına qətlə yetirmişlər.

Aşıq Ələsgər Göyçədən qaçqın düşərək 1918-1921-ci illərdə ailəsi ilə birlikdə Kəlbəcərin Qanlıkənd yaşayış məntəqəsində məskunlaşmış, doğma ellərə qayıtdıqdan beş il sonra (1926-cı ildə) vəfat etmişdir. Doğulduğu Ağkilsə kəndinin qəbiristanlığında dəfn edilmiş ustadın ziyarətə çevrilmiş qəbirüstü abidəsi 1988-ci ildən sonra daşnak vandalları tərəfindən dağıdılmışdır.

Aşıq Ələsgərin oğlu Talıbın söyləmələrinə görə, onların əcdadları “Arazın o tayından gəlmələr”dəndir. Ömrünü el şənliklərində keçirmiş aşığın Dədəlik tituluna nail olması da təsadüfi deyildir. Dədə Qorquddan yol başlayan Dədəlik aşıq Ələsgərdə daha əzəmətli və yaddaqalanlıq qazandı ki, bundan sonra həmin ada layiq görülənlərdən biri də Dədə Şəmşir oldu. Erməni daşnaklarının Dədə Şəmşir yurduna da iki il ərzində iki dəfə od vurması taleyi bəd gətirmiş elimizin qədəri idi.

Aşıq Ələsgərin nəsil şəcərəsi: atasının adı Alməmməd (əslində isə Əliməmməd), onun da atasının adı Talıbxan olub. Ankarada 1987-ci ildə nəşr etdirilmiş “Göyçəli Aşıq Ələsgər” kitabında tərtib olunmuş şəcərəyə görə, Ələsgərin ulu babaları Təhməz (sonralar Təhmas olduğu aşkar edilmişdir), Əbdüləzim və Heydərin nəsli Səfəvilər sülaləsindən üzübəri yol gəlmişdir.

Özündən əvvəlki ustad aşıqların ədəbi-bədii irsini dərindən-dərinə mənimsəyən Ələsgər bu sahədə elə bir zirvəyə ucalmışdır ki, sələfləri onu əbədi olaraq yüksəklikdə görüblər.

Təcnis Alıdan (ondan öncə isə atası, şair Alməmməddən) beş ilə yaxın müddətdə kamil dərs alan Ələsgər özü də bu sənətə yeni gələnlərin ustadına çevrilmişdir. Aşığın nəvəsi İslam Ələsgərin tərtibatında 1991-ci ildə işıq üzü görmüş “Ələsgər ocağı” kitabının ön sözündə deyilir: “Bu ocaqda Dədə Qorqud qopuzunun müqəddəs xələfini özünə həmdəm edənlərdən doqquz nəfəri xalq arasında aşıq kimi tanınmışdır”.

Bununla belə, o da xüsusi olaraq vurğulanır ki, bu nəsildən aşıq şeirlərinin müxtəlif formalarında yazanların sayı iyirmidən artıq olmasına baxmayaraq, başqa aşıq və el şairləri kimi, nə birincilər (aşıqlar), nə də ikincilər (şairlər) ustad Ələsgər sənətinin kölgəsindən çıxa bilmədi.

Digər yaradıcı ozanlardan fərqli olaraq, Dədə Ələsgər aşıq poeziyasında xüsusi iz açan, öz dövrünədək məlum olmayan şeir növlərində danışmış, bir sözlə, Göyçə aşıq məktəbini yaratmışdır. Divani, təcnis, müxəmməs, tərcibənd, tərkibənd kimi şeir növlərini ədəbiyyata gətirən Aşıq Ələsgər, eyni zamanda dodaqdəyməzləri, dildönməzləri ilə də fikrini ifadə etmiş və dövrünün ziddiyyətlərini xalqa çatdırmışdır.

Aşıq Ələsgər molla yanında dini təhsil aldığından, “Qurani-Şərif”in məziyyətlərini poetik dillə olduqca məharətlə çatdırmışdır.

Aran Qarabağla ulu Göyçənin təbiətinin vəsfini təcnislərinin birində ustad belə verir:

 

Var olsun Qarabağ, əcəb, səfalı...

Başa Xaçın axar, ayağa Qarqar.

Göyçə qar əlindən zara gəlibdi,

Muğan həsrət çəkər: a yağa qar, qar...

 

 Aşıq Ələsgər erməni zülmünün şahidi kimi, ötən əsrin əvvəllərində yaşadığı məşəqqətləri istər qoşma və gəraylılarında, istərsə də təcnis və divanilərində çox ustalıqla tarixləşdirmişdir. Deyirlər ki, Aşıq Ələsgər dağları o qədər vəsf edib ki, kim necə yazırsa-yazsın, sanki onun ruhundan qopub. Bununla yanaşı, ustad doğma Göyçəsindən didərgin düşdüyü illərdə dağların da qəribsədiyini poetik ovqata gətirmişdir. Bir vaxtlar, yəni bahar fəsli, yaz ayları gələndə süsənli-sünbüllü lalalı dağlar el-obanın yaylaq yerinə dönürdüsə, bu dəfə o, ayrılıqdan saralan dağlarda atların kişnəməməsini, türfə gözəllərin ayna bulaqlarda telini daramamasını “Kərəm gözəlləməsi”, “Göyçəgülü”, “Dilqəmi”... ilə oxşayırdı:

 

Bahar fəsli, yaz ayları gələndə,

Süsənli, sünbüllü, lalalı dağlar.

Yoxsulu, ərbabı, şahı, gədanı

Tutmaz bir-birindən aralı dağlar...

 

 Bu tərifdən sonra Dədə Ələsgər dağların elsiz, çöllərin sürüsüz, çobansız, tütəksiz qalan çağlarında sanki nənələrin dilində bayatı qoşur, ağı deyirdi:

 

...Hanı mən gördüyüm qurğu-büsatlar?!

Dərdmənlər görsə, tez bağrı çatlar.

Mələşmir sürülər, kişnəşmir atlar,

Niyə pərişandı halların, dağlar?!

 

Ötən əsrin 90-cı illərində Ələsgər yurdu kimsəsizləşdi. Dağlar, yaylaqlar el-obasız qaldı. Lakin yağıların yağmaladığı bulaqların zümzüməsi kəsilsə də, Dədə Ələsgərin nəğməyə çevrilmiş ilhamlı qoşmaları, təcnis və divaniləri... eşidilməkdədir. Aşıq sənətinin UNESCO-nun Ümumdünya İrs siyahısına daxil olunmasında da Aşıq Ələsgər poeziyasının mühüm rol oynaması danılmazdır.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM