07:29 27 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 26.09.2021

Qüdrətin nümayişi


00:48 26.09.2021

27 sentyabr saat 06:00...


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Elə yaşamalısan ki, sonra peşman olmayasan”

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:49 31.07.2021

 

Vətən fədaisi Vüqar Ələkbərovun nə vaxtsa dostlarına dediyi bu sözlər indi məzarına həkk olunub

 

 Vətən müharibəsində şücaət göstərərək torpaqlarımızı işğaldan azad edən igid oğulların şərəfli döyüş yolunu öyrənmək və geniş təbliğ etmək hər birimizin vətənpərvərlik borcudur. Vətən uğrunda son damla qanınadək döyüşərək şəhidlik məqamına yüksəlmiş cəsur hərbi qulluqçularımızdan biri də gizir Vüqar Ələkbərovdur.

Gizir Vüqar Ələkbərov 1994-cü il noyabrın 16-da Ucar rayonunun Qazyan kəndində anadan olub. Şaynat və Telman Ələkbərovların ailəsinin ilki, iki oğul övladından biri idi. Orta təhsilini Qazyan kənd 2 saylı tam orta məktəbində almış, 9-cu sinfi bitirdikdən sonra Göyçay şəhərindəki Dövlət İdarəetmə və Texnologiya Kollecinə qəbul olunmuşdu. 2014-cü ildə kolleci “Nəqliyyat vasitələrinin təmiri və servis xidməti” ixtisası üzrə bitirmişdi. Müddətli həqiqi hərbi xidməti 2014-cü ilin iyul ayından 2016-cı ilin yanvar ayınadək Daxili Qoşunların Bakıda, Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində keçmişdi. Sonra qoşunların Bərdə rayonundakı “N” saylı hərbi hissəsinin xüsusi vasitələrin tətbiqi dəstəsində müddətdən artıq həqiqi hərbi xidmətə keçirilərək Vətən qarşısında şərəfli borcunu yerinə yetirməyə davam etmişdi. Nümunəvi xidməti və yüksək hərbi intizamı ilə etimadı doğrultmuş, hərbi hissə komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılmışdı. Məhz buna görə də 2017-ci ilin fevral ayından etibarən qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müxtəlif vəzifələrdə xidmətini davam etdirən silahdaşımız 2018-ci ilin may ayından atəş təminatı qrupunda iriçaplı pulemyot yarımqrupunun komandiri vəzifəsinə irəli çəkilmişdi. Tələbkarlığı və qayğıkeşliyi sayəsində tabeliyindəki şəxsi heyətin rəğbətini qazanan Vüqarın bir komandir kimi də fəaliyyəti hər zaman müsbət qiymətləndirilirdi.

“N” saylı hərbi hissənin “Pələng” şərti adını daşıyan xüsusi təyinatlı dəstəsində qrup komandiri olmuş, 3-cü dərəcəli “Rəşadət” ordeni, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş baş leytenant Xəqani Məmmədov (hazırda qoşunların Bərdə rayonundakı “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində xidmətini davam etdirir) iki hərbi qulluqçunun - gizir Vüqar Ələkbərov və çavuş Cəlil Xeyrullayevin şəhidlik zirvəsinə yüksəldiyini qeyd edərək, onların döyüşlər zamanı göstərdikləri şücaətlə qürur duyduğunu bildirir. Söyləyir ki, Vətən müharibəsinin ilk günündən hərbi əməliyyatlarda fəal iştirak edən gizir V.Ələkbərov Murovdağ silsiləsi, Cəbrayıl, Füzuli rayonlarının və Xocavənd rayonunun Hadrut qəsəbəsi ətrafındakı bir sıra yaşayış məntəqələrinin və strateji əhəmiyyətli yüksəkliklərin azad olunmasında, eləcə də düşmənin xeyli sayda canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində böyük şücaət göstərib.

2020-ci il oktyabrın 12-də Füzuli-Cəbrayıl rayonları istiqamətində gedən döyüş Vüqar üçün sonuncu oldu. Onunla birgə bu döyüşdə iştirak etmiş “Pələng” xüsusi təyinatlı dəstəsində yarımqrup komandiri, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş gizir Pərvin Rəhimli vətənpərvər silahdaşının qəhrəmanlığını heç zaman unutmayacağını deyir: “Murovdağ silsiləsindən başlayaraq hər bir döyüşdə Vüqarın necə mərd insan olduğunu gördüm. Döyüş meydanında ermənilərin başına od-alov yağdırmaqla bərabər, gözünü qırpmadan yaralanmış silahdaşlarımızın, eləcə də şəhidlərimizin cəsədlərinin mərmi “yağış”ı altından çıxarılmasında, yaralılara ilk tibbi yardım göstərilməsində, çətin tapşırıqların yerinə yetirilməsində hər zaman fərqlənirdi. Sonuncu tapşırığımız düşmənin Füzuli-Cəbrayıl rayonları istiqamətində strateji cəhətdən əlverişli ərazidə mövqelənmiş top batareyasını məhv etmək idi. Aldığımız kəşfiyyat məlumatına əsasən, burada ermənilərin 8 ədəd 150 millimetrlik topu və xeyli sayda canlı qüvvəsi cəmləşmişdi. Bizim qrup atəş dəstəyi ilə müxtəlif istiqamətlərdən düşmənin xeyli sayda canlı qüvvəsini məhv edə-edə irəliləyərək onun əsas mövqeyinə yaxınlaşmışdı. Ermənilərlə aramızda 10-15 metrə qədər məsafə vardı. Şiddətli döyüş gedirdi. Bu vaxt səngərdə uzanmış düşmən pulemyotçusunun ayağa qalxaraq biz olan istiqamətə atdığı güllələrdən biri Vüqarın sinəsindən dəydi... Biz isə həmin erməni pulemyotçusu da daxil olmaqla onların bütün şəxsi heyətini və toplarını məhv edib mövqelərini ələ keçirdik, düşməndən şəhid silahdaşımızın intiqamını aldıq”.

Gizir V.Ələkbərov 2020-ci il oktyabrın 15-də doğulduğu kəndin qəbiristanlığında dəfn olundu. Subay idi, şəhidliyindən dörd ay öncə nişanlanmışdı. Arzusu müharibə xalqımızın qələbəsi ilə bitdikdən sonra toy edib ailə həyatı qurmaq və xoşbəxt ömür sürmək idi...

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli və 24 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə gizir Ələkbərov Vüqar Telman oğlu (ölümündən sonra) “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Vüqar nə vaxtsa demişdi: “Həyat çox qısadır. Bu həyatı insan kimi yaşamaq lazımdır. Elə yaşamaq lazımdır ki, sonra peşman olmayasan”. İndi bu sözlər onun məzar daşına həkk olunub... Vətən uğrunda şəhidlik zirvəsinə ucalan Vüqar kimi igid oğullarımızın hər biri yaşadıqları qısa, lakin şərəfli ömürləri ilə adlarını tariximizin qəhrəmanlıq səhifələrinə əbədi həkk ediblər.

 

Anar ƏHMƏDOV,

DİN Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru, mayor



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM