14:21 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Əlamətləri eyni, yoluxduruculuq qabiliyyəti yüksək olan koronavirusun Britaniya ştammı yayılmaqdadır

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:26 19.03.2021

 

Dünya koronavirus epidemiyası ilə birdəfəlik vidalaşacağı xəbərinin müjdəsini gözləyir. Bu təhlükəli virus isə dondan-dona girərək yoluxma və ölüm saylarını artırmaqda davam edir.

Ümumdünya Səhiyyə Təşkilatının həftəlik epidemioloji bülletenində qeyd olunur ki, keçən həftə virusun müxtəlif variantları barədə məlumat verən ölkələrin sayı artmaqdadir. VOC 2020.12/01 koronavirusundan başqa, ilk dəfə Cənubi Afrikada aşkar olunmuş 501Y.V2 ştammının coğrafiyası da genişlənərək 64 ölkəyə çatıb. Əvvəlcə Braziliya və Yaponiyada təsbit edilən P.1 ştammı daha 6 ölkədə aşkar edilib.

Artıq xeyli müddətdir ki, koronavirusun Britaniya ştammı meydana çıxıb. Bu ştammın daha təhlükəli olduğu, sürətlə yayıldığı, ağır keçirildiyi bildirilir. Alimlər Britaniya ştammının əvvəlki növlərlə müqayisədə 50 faiz daha yoluxucu və 65 faiz daha öldürücü olduğunu müəyyənləşdirib. Bu ştammın yayılmasının qarşısını almaq üçün Avropada bir çox ölkələr üçüncü dəfə qapanma qərarını veriblər.

Təəssüflə qeyd edək ki, ölkəmizdə də koronavirusun Britaniya ştammı aşkarlandı. Milli Hematologiya və Transfuziologiya Mərkəzindən verilən məlumata görə, Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1,  B.1.1.7 (Britaniya variantı) aşkar edilib.

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, Azərbaycanda koronavirusa yoluxma sayının artmasını ölkəmizdə Britaniya ştammının olması ilə əlaqələndirmək doğru deyil. O, vurğulayıb ki, adi bir insan özü COVID-19-un Britaniya ştammına yoluxub-yoluxmamasını təyin edə bilməz.

Bu gün ən çox düşündürən və narahatlıq doğuran suallardan biri də budir ki, Britaniya stammını COVID-19-dan necə fərqləndirmək olar? Vasif Əliyevin sözlərinə görə, bu ştammın da əlamətləri eynidir, onun sadəcə yoluxduruculuq qabiliyyəti yüksəkdir: “Bu ştamma yoluxma zamanı təyin olunan müalicədə də hər hansı fərq yoxdur”.

Britaniya ştammı adlandırılan koronavirusun yeni növü 2020-ci ilin sentyabrında ilk dəfə Kent qraflığında müəyyən edilib. Yeni ştamm sürətlə yayılaraq qısa müddətdə Britaniyanın bütün ərazilərində aşkarlanıb. Avropa və ABŞ-da aparılan son araşdırmaların nəticələrində martın ortalarından etibarən koronavirusun mutasiya olunmuş versiyasının, xüsusilə Britaniya ştammı ön plana çıxacağı açıqlanırdı. Təxmin edilirdi ki, aşkarlanan yeni yoluxmaların yarısından çoxu yeni ştammlar olacaq.

Son statistikalara əsasən, Britaniya ştammı 110-dan çox ölkədə qeydə alınıb. Bir sıra ölkələrdə, məsələn, Estoniyada bu ştammın yoluxma sayına görə koronavirusun ilkin növünü ötdüyü açıqlanıb. Statistik hesablamalara görə, ABŞ-da ümumi yoluxma hallarının 25-30 faizini virusun bu növü təşkil edir. Hazırda Azərbaycana qonşu olan Gürcüstan, İran və Türkiyədə də yeni ştammlar aşkarlanıb. Türkiyədə indiyədək koronavirusun Britaniya ştammına yoluxma faktı qeydə alınan insanların sayı 41 mindən çoxdur. Son məlumatlara görə, Gürcüstanda 31, İranda isə 62 nəfərdə bu növə yoluxma halı aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının  Avropa Regional Bürosunun direktoru Hans Klüge açıqlamalarının birində yeni ştammın daha çox gənc yaş qrupları arasında yayılma ehtimalının olduğunu bildirmişdi.

Britaniya ştammına yoluxanlarda əsasən öskürək, güclü yorğunluq, boğaz və əzələ ağrıları kimi simptomlar müşahidə olunur. Həmçinin Böyük Britaniyanın Milli Statistika Xidməti yeni ştammda iybilmə qabiliyyətinin itirilməsini “Çin” variantına nisbətən özünü daha zəif büruzə verdiyini müəyyənləşdirib. İngiltərədə koronavirusa yoluxmuş 6 min təsadüfi sakindən götürülən məlumatlar əsasında bu nəticəyə gəlinib. Yoluxanların çoxunda bu üç simptomdan ən azı biri aşkar olunub. Tədqiqatlar zamanı 2020-ci il noyabrın ortalarından 2021-ci il yanvarın ortalarınadək xəstələnən insanlardan götürülən analizlərin nəticələri nəzərə alınıb.

Yeni ştamma yoluxmuş 3,5 min nəfərlik qrupda 35 faiz öskürəkdən, 32 faiz yorğunluqdan, 25 faiz əzələ və ümumən bədəndəki, 21,8 faiz isə boğazdakı ağrılardan şikayətlənib. Xəstələrin 16 faizində dadbilmə, 15 faizində isə iybilmə qabiliyyətinin itdiyi müəyyənləşdirilib. Baş ağrısı, tənəffüs, ishal və qusma ilə bağlı məlumatlar eyni olub.

Virusun mutasiyaya uğramış formasının yoluxdurma əmsalının SARS-CoV-2-nin yoluxdurma əmsalından minimum 35 faiz daha yüksək olduğu İngiltərədə aparılan son elmi tədqiqatda əksini tapıb. Mutasiya olunmuş viruslu xəstənin ətrafındakıları yoluxdurma faizi 15 faizdir.

Ölkəmizdə koronavirusun Britaniya ştammının aşkarlanması faktı əhalini daha da ehiyatlı olmağa səsləyir. Qeyd edək ki, hazırda koronavirus əleyhinə vaksinasiya davam edir. Ölkəmizdə koronavirus əleyhinə istifadə edilən “Coronavac” vaksinin yeni ştammlara qarşı da effektiv olduğu bildirilir. Bundan başqa, gigiyenik tələblərə əməl etmək, maska taxmaq, məsafə saxlamaq kimi sadə, lakin zəruri məsələlərə ciddi yanaşmaq vacib olaraq qalır. Unutmayaq ki, özümüzü koronavirusun bütün növlərindən qorumağa çalışmaqla, həm də doğmalarımız, yaxınlarımız da daxil olmaqla, bütövlükdə cəmiyyətin sağlamlığının qayğısına qalırıq.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM