20:10 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ekoloji Məsələlər üzrə İşçi Qrupunun iclasında aparılmış monitorinqlərin nəticələri müzakirə olunub

ANA SƏHİFƏ / CƏMİYYƏT
01:46 01.08.2021

 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji Məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində hərbi-siyasi, sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə bağlı Fəaliyyət Planı” üzrə aidiyyəti qurumlar tərəfindən ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks monitorinqlər, o cümlədən  transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi və radioekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə aparılan monitorinqlər haqqında qrup üzvlərinə məlumat verilib. Həmçinin Fəaliyyət Planının icrası ilə bağlı aidiyyəti qurumların nümayəndələri tərəfindən məlumatlar verildi, tədbirlərin icrası zamanı qarşıya çıxan məsələlərin həlli istiqamətində müzakirələr aparıldı.

Ətraf mühitə və təbii sərvətlərə vurulmuş zərərlə bağlı qanunvericiliyə uyğun qiymətləndirmələr aparılır. Zəngilan və Cəbrayıl rayonları üzrə araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib, hazırda Füzuli rayonu haqqında arayış hazırlanır.

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərindəki şəhər və qəsəbələrin Baş planının hazırlanması məqsədilə Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı şəhərlərində, bu rayonların kəndlərində və Hadrut qəsəbəsində “Dron” uçuş aparatı vasitəsilə 187,16 kvadratkilometr ərazinin fotoçəkilişləri aparılıb, 1:1000-1:2000 miqyasda ortofotoplanlar və rəqəmsal topoqrafik planlar hazırlanaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil verilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Rəqəmsal Geoloji İnformasiya Sisteminə qoşulmalı olan qurumlar tərəfindən görülmüş işlər və bununla bağlı planlaşdırılan təlimlər haqqında qrupun üzvlərinə məlumat verildi, çatışmazlıqların aradan qaldırılması tövsiyə olundu.

İşğaldan azad edilmiş ərazilərdə yanğın hadisələri haqqında Fövqəladə Hallar Nazirliyinin məlumatında iyun ayı ərzində 116 belə hadisənin baş verdiyi qeyd olundu. Qərargahın tapşırığı və görülən tədbirlər nəticəsində iyul ayında yanğın hadisələrinin sayının 60-a endiyi və bu işlərin daim nəzarətdə saxlanılmasının vacibliyi vurğulandı.

Qarabağın işğaldan azad edilmiş ərazilərində hidroloji obyektlərin Coğrafi İnformasiya Sistemləri (CİS) bazasında, Azərsky və “Dron” çəkilişləri əsasında elektron xəritəsinin yaradılması işləri davam edir. Çaylar üzərində quraşdırılacaq yeni avtomat hidroloji cihazların yerlərinin dəqiqləşdirilməsi işləri yekunlaşdırılıb, çaylarda sululuğun ölçülməsi və çirklənmə vəziyyətinin müəyyənləşdirilməsi, o cümlədən Zəngilan rayonunun ərazisindən axan Oxçuçay çayının kəmiyyət və keyfiyyət göstəricilərinə analitik nəzarət davam edir.

Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM