13 Oktyabr 2011 07:10
409
SİYASƏT
A- A+

Əhalinin yüksək sosial təminatının AZƏRBAYCAN MODELI

 

Dünyanın mövcud inkişaf tarixi müstəqillik fəlsəfəsinin şüurlara getdikcə daha çox hakim kəsildiyini, milli suverenlik hüququnun bəşəri miqyasda bütün xalqlar üçün ən ali dəyər olaraq qəbul edildiyini göstərir. Məhz bunun nəticəsidir ki, təkcə son bir əsr ərzində müxtəlif formada aparılan mübarizələrin və tarixi şəraitin diktə etdiyi reallıqlar nəticəsində suverenliyini qazanan, beynəlxalq hüququn müstəqil subyektinə çevrilən xalqların sayında böyük artım qeydə alınmışdır. İnkişaf yolu və istiqamətlərini hər hansı kənar siyasi, ideoloji təsirə məruz qalmadan azad şəkildə müəyyən edən millətlərin tərəqqisi daha dinamik və çoxşaxəli xarakterə malik olmuş, yüksək nəticələrin əldə edilməsinə gətirib çıxarmışdır.

Qədim və zəngin tarixə malik Azərbaycan xalqı əsrlər boyu müstəqil dövlətini qurmaq arzusu ilə yaşamış, zaman-zaman milli dövlətçiliyini formalaşdırmış, buna xələl gətirən hallara qarşı qətiyyətlə mübarizə aparmışdır. Hər zaman müstəqil yaşamaq arzusunda olan xalqımızın bu istiqamətdə apardığı qətiyyətli mübarizə, həmçinin tarixi şəraitdən irəli gələn zərurət sayəsində ötən əsrin son onilliyində yenidən dövlət müstəqilliyinə qovuşmuş, öz hüquqlarını suveren formada reallaşdırmağa başlamışdır. Ancaq təəssüf ki, müstəqilliyin ilk illərində özünü göstərən siyasi təlatümlər, Dağlıq Qarabağ kimi milli faciənin daha dərin yaralara yol açması, hakimiyyət ambisiyaları nəticəsində meydana çıxan çəkişmələr Azərbaycanı böyük fəlakətlər girdabına düçar etmişdi.

Həmin dövrdə siyasi və coğrafi cəhətdən də bölünmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycanın yenicə qazanılmış müstəqilliyini itirmək riski get-gedə artır, bunun fərqinə varmaq istəməyən hakimiyyət təmsilçiləri isə daha çox şəxsi mənafelərini təmin etməyə çalışırdılar. Xalqın iqtisadi, sosial qayğılarını, həmçinin, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində ərazilərimizin beşdə bir hissəsinin işğal altına düşməsi, 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsi, digər bu kimi hallardan irəli gələn çətinlikləri aradan qaldırmaq əvəzinə, iqtidar mənsubları ölkəyə yeni problemlər yaradırdılar. Bununla da ölkənin öz suverenliyini itirmək təhlükəsi getdikcə artırdı və yaranmış vəziyyətdə Azərbaycan xalqı yenə də müdriklik göstərərək böyük oğlu, nüfuzlu dövlət xadimi, ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasını təkidlə tələb etdi. Ölkəsinin, xalqının ağır günündə baş verənlərə biganə qala bilməyən ulu öndər 1993-cü ildə yenidən hakimiyyətə qayıtdı və məhz Heydər Əliyevin sayəsində müstəqilliyin ilk illərində dövlət suverenliyinin itirilməsi təhlükəsi də daxil olmaqla, iqtisadi, siyasi və digər sferalarda özünü göstərən problemləri dəf etmək, Azərbaycanın tarixində yeni intibah mərhələsinin əsaslarını yaratmaq mümkün oldu.

Müstəqilliyi Azərbaycan xalqı üçün ən böyük milli sərvət olaraq dəyərləndirən ulu öndər ölkəni 1990-cı illərin əvvəllərində hakimiyyətdə olmuş qüvvələrin yaratdıqları genişmiqyaslı problemlər, təhlükələr, o cümlədən sosial-iqtisadi çətinliklər məngənəsindən xilas etmiş, dövlətçiliyimizi ağır və sərt sınaqlardan çıxararaq əbədi, dönməz suverenliyinə qovuşdurmuşdur. Sarsılmaz özüllər üzərində bərqərar edilən möhkəm daxili sabitlik, vətəndaş müharibəsinin qarşısının alınması, xaos və anarxiyaya son qoyulması fonunda qarşıda duran ən mühüm məsələlərdən biri isə xalqın sosial rifah halının yüksəldilməsi, məşğulluğun təmin edilməsi idi. Özü də bütün bunlar ölkə iqtisadiyyatında idarəetmə və istehsal nizamına yeni yanaşma kontekstində reallaşdırılmalı, təsərrüfatın 70 il ərzində formalaşmış idarəçilik metodunu isə tamam fərqli üsullar əvəz etməli idi. Ancaq zamanının lideri olan, hadisələrin inkişaf axarını qabaqlayan, ona pozitiv təsir göstərən və novatorluqla yanaşan, praqmatik, rasional addımlar atan Heydər Əliyev bu missiyanı da uğurla yerinə yetirdi. Nəticə etibarı ilə müstəqil dövlət quruculuğu prosesinə başlanılması fonunda iqtisadi tərəqqinin yeni istiqaməti yarandı, ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, əhalinin sosial rifahı yüksələn xətt üzrə inkişaf etməyə başladı. Ulu öndərin yeni neft strategiyası çərçivəsində 1994-cü ildə dünyanın aparıcı transmilli neft şirkətləri ilə imzalanan və ən nəhəng layihələrdən biri kimi qəbul edilən "Əsrin müqaviləsi"nin ərsəyə gəlməsi ilə hərtərəfli tərəqqinin sarsılmaz əsası yaradıldı.

Planlı təsərrüfat sistemindən bazar iqtisadiyyatına keçid şəraitində ümummilli liderin ölkənin böyük perspektivlərinə hesablanmış strateji inkişaf proqramının başlıca məqsədlərindən biri xalqın rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi olmuşdur. Sosialyönümlülük prinsipini daim əsas götürən Heydər Əliyevin bu istiqamətdə dəqiq düşünülmüş, qabaqcıl dünya təcrübəsinə cavab verən, eyni zamanda ölkə və cəmiyyət reallıqlarını nəzərə alan məqsədyönlü siyasəti cəmiyyətdə özünü göstərən sosial ziddiyyətlərin aradan qaldırılmasına rəvac verdi. Bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən edən ümummilli liderin həyata keçirdiyi sosial siyasətin iki əsas xarakterik cəhəti xüsusi olaraq diqqət cəlb edirdi. Bunlardan birincisi sosial siyasətin dayanıqlı xarakter daşıması, ölkənin iqtisadi bazisinə əsaslanması, ikincisi isə onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsi idi. Artan iqtisadi imkanlar fonunda əhalinin sosial müdafiəsinin davamlı olaraq yaxşılaşmasına hər zaman xüsusi diqqət yetirən ulu öndər qeyd edirdi: "Müstəqil dövlət olan Azərbaycan hüquqi demokratik dövlət quruculuğu yolu ilə, iqtisadiyyat sahəsində islahatlar aparılması, bazar iqtisadiyyatının bərqərar edilməsi və dünya iqtisadi sisteminə inteqrasiya yolu ilə gedir. Hamımızın məqsədi insanların rifah halını yaxşılaşdırmaq, insanların gündəlik tələbatını ödəmək, insanlara yaxşı həyat tərzi yaratmaqdan ibarətdir".

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında yeni iqtisadi şəraitə uyğun olaraq ölkəmizdə formalaşmaqda olan sosial müdafiə modeli artıq dövlət quruculuğu fəlsəfəsində aparıcı elementlərdən biri, ümumi siyasətin mühüm tərkib hissəsi olmaqla cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunmasına, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanlar yaradılmasına xidmət edirdi. Ulu öndərin müəllifi olduğu müasir Azərbaycanın Avropa dəyərlərinə, demokratiya və insan azadlığına söykənən, ümumxalq səsverməsi ilə qəbul olunan ilk milli Konstitusiyası isə ölkəmizin suverenliyinin möhkəmlənməsində, hüquqi, demokratik dövlət quruculuğu işində mükəmməl bir sənəd olmaqla bərabər, iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət etməsini dövlətin məqsədi kimi özündə təsbit edirdi. Dövlətin diqqət sahəsində olan sosial siyasətinin konturlarını və vəzifələrini özündə əks etdirən Konstitusiyanın 16-cı maddəsinin 1-ci bəndində qeyd olunur: "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır".

Bununla faktiki olaraq müəyyən edilirdi ki, bütün inkişaf etmiş sivil dövlətlərdə olduğu kimi, iqtisadiyyat fərdin, şəxsin maddi, sosial, mənəvi tələbatlarının ödənilməsinə istiqamətləndirilməlidir. Sosial sferada digər qanunvericilik aktlarının qabaqcıl tələblərə uyğunlaşdırılması, həmçinin bu sahədə atılan digər addımlar keçid dövründə ölkəmizin sosial transformasiya prosesini uğurla reallaşdırması ilə nəticələnmişdir. Liberallaşma və makroiqtisadi sabitlik, institusional islahatlar, iqtisadi yüksəlişin artım imkanları və perspektivinin kifayət qədər dəqiqliklə hesablanması şəraitində ölkədə insanların layiqli həyat tərzinin təmin olunması istiqamətində Azərbaycan möhtəşəm uğurlara imza atmışdır.

Bu uğurları şərtləndirən əsas amillərdən biri inkişaf yolunda Azərbaycanın özünün hədəflərini düzgün müəyyən etməsi, demokratik, iqtisadi aspektdə bazar münasibətlərinə rəvac verən, sahibkarlığı və çoxmülkiyyətçiliyi dəstəkləyən, sosial müstəvidə isə hər kəsin layiqli həyat səviyyəsini təmin etməyi öhdəsinə götürən bir dövlət ideyasının mövcudluğu idi. Qeyd edilən fonda əhalinin sosial problemləri ön plana çəkilmiş, onların həlli məqsədilə təxirəsalınmaz tədbirlər görülmüş, çoxsaylı yeni iş yerləri açılmış, maaşlar, pensiyalar, digər sosial müavinətlər vaxtaşırı artırılmış, sənət adamlarına, alimlərə, hətta tələbələrə xüsusi prezident təqaüdü təyin edilmişdir. Nəticədə əhalinin sosial müdafiəsinin təşkili inkişaf etməyə, həyat səviyyəsi ildən-ilə yüksəlməyə başlamışdır. Bütün bunlar bir daha təsdiq edirdi ki, ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə insanların maddi-rifah halının daim yüksəlməsinə, onların etibarlı sosial təminatına xüsusi önəm vermişdir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 1993-2003-cü illərdə ulu öndər tərəfindən ölkədə sosial sahədə inkişafın təmin olunmasına xidmət edən 60-dan artıq sənəd imzalanmışdır. Pensiya-müavinətlərin artırılması, əlillər və şəhid ailələri üçün mənzil tikintisi, əlillərin minik avtomobilləri, müxtəlif reabilitasiya vasitələri ilə təminatı, onların tibbi-sosial reabilitasiyası, bərpa-müalicə və protez xidmətinin təkmilləşdirilməsi, bu sahədə xidmət şəbəkəsinin bütün bölgələr üzrə genişləndirilməsi, yeni sosial obyektlərin yaradılması, aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi, işçi hüquqlarının təkmilləşdirilməsi və etibarlı müdafiəsi, həmçinin digər sair istiqamətlərdə tədbirlər məhz ulu öndərin təşəbbüsü, xeyir-duası ilə başlanmış və artıq ənənəvi xarakter almışdır.

Beləliklə, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda əhalinin məşğulluq səviyyəsi davamlı olaraq yüksəlməyə başlamış, sosial müdafiə işinin bütün sahələrində konkret, məqsədyönlü işlərin görülməsini nəzərdə tutan və ilbəil çevik xarakter alan sosial siyasət kursunun etibarlı əsası qoyulmuşdur. Bu siyasət iqtisadi tərəqqidən irəli gələn imkanların ilk növbədə əhalinin maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəldilməsi, daim güclənən iqtisadi təməl üzərində inkişaf etdirilməsi prinsipinə söykənir.

2003-cü ildən etibarən isə ölkəmiz üçün milli transformasiyanın zamanın çağırışlarına adekvat olan yeni mərhələsi başlanmış, Azərbaycan öz tərəqqisinin daha sürətli mərhələsinə çıxmış, iqtisadi strukturun intensiv formalaşması prosesinə start verilmişdir. Sözügedən kontekstdə ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqil Azərbaycanın iqtisadi-sosial inkişafına, əhalinin sosial müdafiəsi sahəsində böyük tarixi nailiyyətlər əldə edilməsinə gətirib çıxarmışdır. Fəaliyyətində ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvi vəhdətinə nail olan cənab İlham Əliyevin qarşıya qoyduğu əsas məqsəd və vəzifələr sırasında əhalinin həyat səviyyəsinin yüksələn xətt üzrə inkişaf etdirilməsi, ölkədə yoxsulluq probleminin birdəfəlik həllinə nail olunması, insanların layiqli həyat tərzinin təmin edilməsi prioritet təşkil edir. Məhz bunun nəticəsidir ki, müasir Azərbaycanın əsas xarakterik xüsusiyyətlərindən olan sürətli inkişafın ən mühüm cəhətlərindən biri yaşanan tərəqqinin hər bir ölkə vətəndaşının, ailənin həyatında da öz əksini tapmasıdır. Beynəlxalq miqyasda da açıq etiraf olunur ki, ölkəmizdə son bir neçə ildə əhalinin həyat səviyyəsi davamlı olaraq yüksəlmiş, insanların maddi gəlirləri mütəmadi artmış, sosial və digər xidmətlər əsaslı kəmiyyət və keyfiyyət dəyişikliyinə məruz qalmışdır.

Ədalətin, qanunun aliliyinin, ölkənin, eləcə də hər bir vətəndaşın təhlükəsizlyinin təminatçısı kimi çıxış edən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində respublikamızda iqtisadiyyatın inkişaf dinamikası daha mütəhərrik hala gəlmiş, özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, şaxələnmiş milli iqtisadiyyatın formalaşdırılması prosesində yeni nailiyyətlər qazanılmışdır. Real fakt və nümunələrin yaratdığı danılmaz həqiqətdir ki, Azərbaycan Prezidentinin iqtisadi sferada həyata keçirdiyi siyasətin ən önəmli cəhətlərindən biri hər zaman sosialyönümlülük və qoyulan məsələlərin həllində iqtisadi aspektin mövcudluğu faktorunun ön plana çəkilməsidir. Bu mənada Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra imzaladığı ilk fərman və sərəncamlar sırasında ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlərin xüsusi yer tutması tamamilə təbiidir. İqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi, bunların konkret dövlət proqramları ilə təminatı da ölkə Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi siyasətin vacib məqamlarındandır. Bu da öz növbəsində Azərbaycanda əhalinin məşğulluq səviyyəsinin davamlı yüksəlişinə, işsizlik probleminin uğurla həllinə səbəb olmuşdur. Eyni zamanda ölkəmizin malik olduğu iqtisadi potensialın daha da gücləndirilərək onun kompleks şəkildə səmərəli reallaşdırılması nəticəsində əməkhaqları və pensiyaların, digər sosial müavinətlərin mütəmadi artırılması, yaradılan yeni iş yerlərinin daha çox qeyri-neft sektorunu əhatə etməsi fonunda vətəndaşların sosial müdafiəsi davamlı olaraq yaxşılaşmışdır. Bu, həm də ölkəmizdə reallaşdırılan məşğulluq strategiyasının kifayət qədər dəqiqliklə düşünüldüyünü, böyük uzaqgörənliklə hazırlandığının real təzahürü kimi qiymətləndirilir.

Qeyd edilənlər öz növbəsində Azərbaycanda iqtisadi artımın dinamik xarakter almasını, əhalinin maddi gəlirlərinin davamlı olaraq artmasını şərtləndirmişdir. Əsas makroiqtisadi göstəricilərdən olan ümumi daxili məhsulun son 8 il ərzində orta artım tempinə görə Azərbaycan dünyada lider mövqenin sahibi kimi çıxış etməyə başlamışdır. Hesablamalar göstərir ki, 2004-2011-ci illərdə ölkəmizdə adambaşına düşən ümumi daxili məhsulun həcmi 5 dəfə artmışdır. Azərbaycan iqtisadiyyatının keçdiyi inkişaf yolunun nümunəviliyini və effektivliyini dünya miqyasında isbata yetirən ən mühüm hadisələrdən biri 2009-cu ildə özünün zirvə nöqtəsinə çatan və əksər ölkələrin hələ də fəsadlarını tam aradan qaldırmaqda çətinlik çəkdiyi qlobal maliyyə böhranı olmuşdur. Böhran dövründə Azərbaycan nəinki ümumi daxili məhsulun 9,3 faizi həcmində artıma nail olaraq yenə də bu göstərici üzrə dünya lideri olmuş, eyni zamanda iqtisadi sahədə keçid dövrünü başa vurmaq kimi möhtəşəm bir uğurun müəllifi kimi çıxış etmiş, həm iqtisadi, həm də siyasi anlamda regional güc mərkəzi kimi formalaşdığını bir daha sübuta yetirmişdir. O da təqdirəlayiq haldır ki, qlobal maliyyə-iqtisadi böhran şəraitində hətta inkişaf etmiş ölkələr sosial proqramları təxirə saldığı halda, Azərbaycanda bütün sosial layihələrin uğurla və yüksələn templə həyata keçirilməsi davam etdirilmişdir.

Ölkəmizdə iqtisadiyyatın əsas xarakterik xüsusiyyətlərindən biri müxtəlif sahələr üzrə inkişafın proqram təminatı, eyni zamanda dövlət başçısı tərəfindən bu məqsədlə verilən çoxsaylı fərman və sərəncamlardır. Bu zaman diqqət yetirilən əsas məqam sosialyönümlülük prinsipinin gözlənilməsidir. Qeyd edilənlərə misal olaraq hazırda uğurla icra olunan "Azərbaycan Respublikasının məşğulluq strategiyası (2006-2015-ci illər)", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və digər vacib sənədləri göstərmək olar.

Sözügedən sənədlərin, həmçinin regionların inkişafına dair proqramların icrası əhalinin məşğulluq səviyyəsini yüksəltməklə bərabər, insanların real və nominal gəlirlərinin də artması ilə müşayiət olunmuşdur. Bunun nəticəsidir ki, ölkədə son 20 il ərzində iqtisadi fəal əhalinin sayı təqribən 23 faiz artaraq 2011-ci ilin 1 sentyabr tarixinə 4,6 milyon nəfər, məşğul əhalinin sayı 16 faiz artaraq 4 milyon 329,1 min nəfər təşkil etmişdir. 2003-cü ilin 1 oktyabr tarixindən 1 aprel 2011-ci ilə qədər 930 min yeni iş yeri açılmışdır ki, onların 667,8 mini daimidir. 20 il ərzində məşğulluq xidməti orqanları tərəfindən 445552 nəfər işlə təmin olunmuş, 42822 nəfər peşə təliminə, 43551 nəfər ictimai işlərə cəlb edilmişdir. Vətəndaşların peşə-əmək qabiliyyətinin artırılması məqsədilə son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin nəzdində olmaqla Bakı, Naxçıvan və Göyçay şəhərlərində yeni regional peşə tədrisi mərkəzləri yaradılmışdır.

Hesablamalar göstərir ki, əhalinin real gəlirləri 1995-ci ilə nisbətən 8 dəfədən çox artmış və 2010-cu ilin sonunda adambaşına 2900 manata yaxın təşkil etmişdir. 1996-cı ildən etibarən ötən illər ərzində dövlət büdcəsindən əhalinin sosial müdafiəsinə və sosial təminatına çəkilən xərclər 30 dəfədən çox, iqtisadiyyatın inkişafına yönəldilən vəsaitlər isə 93 dəfə artmışdır. Büdcədən əhaliyə əməkhaqqı, pensiya və müavinətlərin ödənilməsinə 1995-ci ildəkindən 51,9 dəfə çox vəsait ayrılmışdır. 1995-2010-cu illər ərzində orta aylıq əməkhaqqı 26,5 dəfə artaraq 331,5 manat, cari ilin 6 ayının nəticəsinə görə isə təxminən 355 manat təşkil etmişdir. Ölkə əhalisinin sosial vəziyyətinin getdikcə yaxşılaşması yoxsulluğun azaldılmasına öz təsirini göstərmiş və yoxsulluğun səviyyəsi 1995-ci ildəki 61,5 faizdən hazırda 9 faizə enmişdir.

Əhalinin sosial müdafiəsinə yönəlmiş tədbirlərin icrasında isə əsas vasitəçi orqan kimi çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizin ümumi iqtisadi inkişaf dinamikasına uyğun olaraq, möhtərəm Prezident tərəfindən qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirməkdədir. Artıq 5 ildən çoxdur ki, yoxsul ailələrin rifahında mühüm rol oynayan ünvanlı dövlət sosial yardımı proqramı ölkə rəhbərinin əhaliyə olan diqqət və qayğısına layiq şəkildə həyata keçirilməkdədir. Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev aztəminatlı əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə 21 oktyabr 2005-ci il tarixdə "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunu imzalamış, 2006-cı ilin ortalarından etibarən respublikamızda ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqinə başlanılmışdır. Belə yardımların verilməsi insanların aztəminatlı təbəqəsinin maddi rifah halının yüksəlməsində mühüm rol oynayır və ildən-ilə bu yardımın verilmə mexanizmi daha da təkmilləşdirilir. Ünvanlı sosial yardım təyin edilərkən yoxsulluğun mənfi nəticələrinin yüngülləşdirilməsi, bu yardımın real olaraq ehtiyaca uyğun müəyyən edilməsi və subyektin dəqiq seçilməsi vacib faktor kimi nəzərdə tutulur. Hazırda 130 minə yaxın ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir. Ötən müddətdə ehtiyac meyarının həddi 30 manatdan 75 manata qaldırılmışdır ki, bu da 2,5 dəfə artım deməkdir. Aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılmasına aktiv tədbirlər vasitəsilə və onların mövcud daxili resurslarından istifadə olunmaqla kömək göstərilməsi məqsədilə hazırlanan "Özünədəstək" ünvanlı sosial yardım layihəsi ilə bağlı sınaq işlərinə start verilmişdir və gələn ildən bütün ölkə üzrə bu proqramın tətbiqi nəzərdə tutulur.

Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş insanların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların yeni mənzillərlə təmin olunması istiqamətində işlər ilbəil yüksələn xətlə davam etdirilir. 1997-2007-ci illərdə 2183 mənzil əlil və şəhid ailələrinin istifadəsinə verilmiş, son illərdə Prezident İlham Əliyevin şəxsi tapşırığına uyğun olaraq, mənzil tikintisi işləri gücləndirilmişdir. 2008-ci ildə bu təbəqələrdən olanlar üçün 596 mənzil, 2009-cu ildə 707 mənzil, 2010-cu ilin tikinti planına əsasən isə 715 mənzil (o cümlədən 200 fərdi ev) inşa etdirilmişdir. Ümumiyyətlə, 1997-ci illə müqayisədə əlil və şəhid ailələri üçün inşa olunan mənzillərin illik sayı 10 dəfəyə yaxın artmışdır və cari ildə də bu istiqamətdə işlər uğurla davam etdirilir. İndiyədək 4 mindən çox əlil və şəhid ailəsi mənzillə təmin olunmuşdur.

Əlillərin minik avtomobilləri ilə təminatı işləri davam etdirilmiş, 1998-2008-ci illərdə 2588 ədəd "Oka" markalı minik avtomobili müvafiq kateqoriyalardan olan əlillərə təqdim edilmişdir. 2009-cu ildən isə bu sahədə irəliləyişə nail olunmuş, keyfiyyəti və rahatlığı ilə daha üstün olan 352 ədəd "Slavuta" markalı avtomobillər əlillərə təqdim olunmaq üçün respublikaya gətirilmişdir. Beləliklə, indiyədək 3000-ə yaxın minik avtomobili xüsusi kateqoriyadan olan əlillərə təqdim edilmişdir. Həmçinin 7500-ə yaxın əlil arabası ehtiyacı olan əlillərə verilmişdir. Mənzillərin və avtomobillərin təqdimat mərasimlərində Prezident İlham Əliyevin dəfələrlə şəxsən iştirak etməsi bu qəbildən olan insanlara yüksək səviyyədə qayğı və diqqətin real nümunəsidir. Əlillərin müxtəlif reabilitasiya avadanlıqları ilə təminatı işləri də ilbəil yüksək səviyyədə davam etdirilir və onların hər hansı reabilitasiya avadanlıqlarına olan ehtiyacı vaxtlı-vaxtında aradan qaldırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər zaman ictimai birliklərlə, müxtəlif əlil cəmiyyətləri ilə yaxından əməkdaşlıq etmişdir. Bu ictimai birliklər mənzillərin, avtomobillərin paylanması zamanı şəffaflığın təminatında xüsusi rol oynayır, müvafiq komissiyanın işində fəal iştirak edirlər.

Son illər müxtəlif bölgələrdə yeni tibb müəssisələrinin istifadəyə verilməsi, səhiyyə xidmətlərinin təkmilləşməsi, tibbi-sosial ekspertiza xidmətinə nəzarətin güclənməsi əlillərin reabilitasiya göstəricilərinin artmasına səbəb olmuşdur. Respublikanın müxtəlif bölgələrində olmaqla 14 bərpa-müalicə və protez-ortopediya mərkəzi yaradılmışdır ki, onlarda il ərzində 8 mindən çox əlilə xidmət göstərilir. 2008-ci il avqustun 28-də isə Sumqayıtda Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi olan Paralimpiya İdman Kompleksi əlil idmanının inkişaf etdirilməsində mühüm maddi-texniki bazaya malikdir. Əlilliyi olan şəxslərlə bağlı qanunvericilik, o cümlədən "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu xeyli təkmilləşdirilmiş, ümumilikdə, son illərdə 10-na yaxın yeni hüquqi normativ akt qəbul edilmişdir. Vahid Məlumat Bazasına məlumat daxil edilmiş əlillərin sayı 150 mindən çoxdur.

Əhaliyə daha səmərəli sosial xidmətin göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu gün müasir tələblərə uyğun hər bir şərait yaradılmışdır. Göstərilən etimadın doğrulması və Prezident İlham Əliyevin qarşıya qoyduğu məsələlərə daha diqqətlə və məsuliyyət hissi ilə yanaşılması, ortaya çıxan problemlərin operativ şəkildə həll olunması, əhaliyə göstərilən xidmətin səviyyəsinin artırılması həmişəki kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də xüsusi diqqət mərkəzində qalmaqda davam edir. Bu kontekstdə vəzifələrinin icrası zamanı nöqsanlara yol verənlər ciddi şəkildə cəzalandırılır.

Son 20 ildə ölkəmizdə sosial müdafiə sisteminin mütərəqqi beynəlxalq təcrübəyə uyğun qurulması, əmək qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə mötəbər beynəlxalq təşkilatlarla və müxtəlif ölkələrlə fəal əməkdaşlıq həyata keçirilmişdir. Dünya Bankı ilə birgə "Pensiya və sosial təminat" layihəsindən sonra yeni "Sosial müdafiənin inkişafı" layihəsi, həmçinin Avropa İttifaqı ilə birgə Tvinninq layihəsi həyata keçirilir. Layihə çərçivəsində əmək bazarının gücləndirilməsi komponenti üzrə modul tipli təlim proqramların hazırlanması, ölkədə 200 Peşə və müvafiq təlim Standartının, o cümlədən, Peşə Standartları Mərkəzinin yaradılması xüsusi diqqət mərkəzində yer alır. Bu isə əmək bazarında iqtisadi inkişafa uyğun olaraq beynəlxalq tələblər səviyyəsində ixtisaslı kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, Dövlət Əmək Müfəttişliyinin potensialının artırılması istiqamətləri üzrə işə başlanılmış və 3 illik strateji fəaliyyət planı hazırlanmışdır. Həmçinin, əmək hüquqlarının təkmilləşdirilməsi və iş yerlərində əmək qanunvericiliyinin tətbiqi sahəsində mötəbər beynəlxalq qurumların yüksək demokratik və humanist dəyərlərə söykənən konvensiya və tövsiyələri Azərbaycan tərəfindən ratifikasiya olunmuşdur və bu, milli əmək qanunvericiliyində də öz əksini tapır. Digər tərəfdən Azərbaycan sosial hüquqlar, o cümlədən işçi hüquqları ilə bağlı mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT və Beynəlxalq Əmək Təşkilatı ilə fəal əməkdaşlıq edir. 1991-ci ildən Azərbaycan Avropa Sosial Xartiyasının 18 bəndinə və Beynəlxalq Əmək Təşkilatına üzv olaraq təşkilatın 55 konvensiyasına qoşulmuş, onlardan 8-i fundamental, 4-ü prioritet konvensiyalardır. Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatı tərəfindən gənclərin məşğulluq problemlərinin həllində dünyada 10 lider ölkə sırasına daxil edilmişdir. Ümumiyyətlə Beynəlxalq Əmək Təşkilatı tərəfindən Azərbaycan Respublikası əhalinin məşğulluğu sahəsində siyasətin formalaşması və həyata keçirilməsi üzrə regionda (28 dövlət) lider ölkə kimi qiymətləndirilmişdir.

Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas aspektində cəmiyyət, ailə və hər bir vətəndaşın sosial rifahının mütəmadi qaydada yüksəlməsi, insan kapitalının inkişafı əsas diqqət mərkəzində yer alır. Təsadüfi deyil ki, ölkəmizdə insanların fiziki, mənəvi, sosial tələbatlarının təminatının ildən-ilə yaxşılaşması beynəlxalq səviyyədə də yüksək qiymətləndirilmiş, Azərbaycan insan inkişafı indeksinə görə dünya üzrə böyük müvəffəqiyyətlərə imza atmış dövlətlərdən biri kimi göstərilmişdir. Ümumiyyətlə, insan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında son 10 il ərzində aparıcı dövlət kimi qəbul olunur. BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatından da aydın görünür ki, Azərbaycan bu istiqamətdə hətta dünya üzrə qabaqcıl sayılan iki dövləti - Çin və Hindistanı da arxada qoymağa müvəffəq olmuşdur. Cari ilin noyabr ayında açıqlanmış və Bakıda təqdimatı keçirilmiş hesabatdan aydın olur ki, son 5 ildə Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə imza atan ölkə kimi çıxış edir və bunun nəticəsidir ki, 2005-ci ildə 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. Ölkəmiz 2000-2010-cu illər arasında postsovet məkanında insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstəriciyə nail olmuşdur. Nəticədə Azərbaycan "orta insan inkişafı" qrupu ölkələrini tərk edərək, "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil edilmişdir.

Beləliklə, aydın görünür ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə sosial müdafiə, əmək qabiliyyətli əhalinin işgüzarlıq və təşəbbüskarlığının artırılması üçün zəruri şərait yaradılmış, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əmək və sosial hüquqlarının qorunmasının təmin edilməsi istiqamətində böyük nailiyyətlər əldə olunmuşdur.

 

Bu vaxta qədər isə ölkəmizdə sürətli inkişafa xidmət edəcək möhkəm bazanın formalaşdırılması qarşıdakı dövr ərzində Azərbaycanın qət edəcəyi tərəqqi yolunun, o cümlədən məşğulluq səviyyəsinin və əhalinin sosial rifahının yüksəlişinin yenə möhtəşəm uğurlarla müşayiət olunacağına, ölkəmizin daha böyük nailiyyətlərə imza atacağına şübhə yeri qoymur. Bu, həm də Heydər Əliyev tərəfindən müəyyən olunan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyasının tələblərinə cavab verən mükəmməl siyasətin real təzahürüdür.

 

Fizuli ƏLƏKBƏROV,

əmək və əhalinin sosial müdafiəsi naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video