05:03 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin\


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Əhalinin məşğulluğunun təminatı üçün ehtiyat mənbələrindən də istifadə olunur

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:55 31.07.2021

 

Azərbaycanda əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilir ki, bunların da mühüm bir hissəsini yeni iş yerlərinin açılması təşkil edir. İnsanların məşğulluq probleminin həlli  daim dövlətin və şəxsən Prezident İlham Əliyevin diqqətindədir. Bu həssas münasibətin nəticəsidir ki, məşğulluğun yüksək səviyyədə həlli üçün yeni yollardan, ehtiyat mənbələrindən istifadə olunur.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının qeyri neft-qaz sektorunda dayanıqlı inkişafın təmin edilməsinə, iqtisadiyyatın diversifikasiyası və prioritet sahələrə irihəcmli investisiyaların yönəldilməsi nəticəsində yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlamasına, yeni iş yerlərinin açılmasına zəmin yaratmışdır. Ölkə ərazisində təkcə 2020-ci il ərzində 9619 yeni müəssisə və təşkilat yaradılmış və onların 83,2 faizi Bakı şəhərində, qalanı digər iqtisadi rayonlarda işə başlamışdır. Qeyd edək ki, keçən il respublikanın bütün iqtisadi və inzibati rayonları üzrə 128979, o cümlədən ilin dördüncü rübündə 22742 yeni iş yeri açılmışdır.

Bu ilin birinci rübü ərzində Azərbaycanda yaradılmış 2833 yeni müəssisə və təşkilatın 77,8 faizi paytaxtın, qalanları digər iqtisadi rayonların payına düşmüşdür. Ölkə üzrə 13181 yeni iş yeri açılmışdır. Onların 10,9 faizi yeni, 85,5 faizi mövcud, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 3,2 faizi isə digər tədbirlər üzrə yaradılmışdır. Yeni iş yerlərinin 79,9 faizi Bakı şəhərinə aiddir. 

Ümumiyyətlə, bu ilin birinci yarısının sonunda ilkin məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin sayı 5279,9 min nəfər olmuşdur və onlardan 4929,1 min nəfərini məşğul əhali təşkil etmişdir. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1677,6 min nəfər olmuşdur. O cümlədən, iqtisadiyyatın dövlət sektorunda 911,6 min, qeyri-dövlət sektorunda 766 min nəfər çalışmışdır. İqtisadiyyatın neft-qaz sektorunda 32,1 min, qeyri neft-qaz sektorunda isə 1645,5 min nəfər cəmləşmişdir.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin sahələr üzrə sayını göstərən rəqəmlər də maraq doğurur. Belə ki, onların 23,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi tikintidə, 7,3 faizi emal sənayesində, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğuldur.

Xidmət sahəsində işləyənlərin isə 19,7 faizi təhsil, 18,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 5,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi istirahət, əyləncə və incəsənət, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və  0,9 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışırlar.

Koronavirusun sosial-iqtisadi sahəyə vurduğu ziyanın minimum olması üçün  Azərbaycan dövləti hələ pandemiyanın əvvəlindən genişmiqyaslı qabaqlayıcı tədbirlər görmüşdür. İqtisadi inkişafın təmin olunması üçün bir sıra əsaslı proqramlar işlənib hazırlanmışdır və onlar həyata keçirilməkdə davam edir. Əhalinin məşğulluq məsələsi bu dövrdə də prioritetlərdən biri kimi qalmışdır.

Prezident İlham Əliyev hələ keçən ilin əvvəlində demişdir: “Dövlət xətti ilə həyata keçirilən investisiya layihələri, eyni zamanda, məşğulluğu təmin edir və əhalisi artan Azərbaycan üçün məşğulluq məsələsi, əlbəttə ki, ön plandadır”.

İctimai iş yerlərinin açılması və özünüməşğulluğun inkişaf etdirilməsi insanların işlə təmin olunması istiqamətində atılan uğurlu addımlardandır. Qeyd edək ki, pandemiya ilə bağlı vəziyyət ictimai iş yerlərinin sayının daha da artırılmasını gündəmə gətirmişdir və bununla əlaqədar keçən il minlərlə ödənişli ictimai iş yeri yaradılmışdır.

Özünüməşğulluq vətəndaşlar üçün əlverişli qazanc formasıdır. Belə ki, hər ailənin öz büdcəsi olur, bunun sayəsində də insanlar müəyyən iş qura bilirlər. Əlbəttə, dövlətin köməyi ilə.

Dolanışıq səviyyəsi aşağı olan vətəndaşlara dövlət həmişə qayğıkeşlik və diqqət göstərir. Bununla yanaşı, həm də ehtiyaclarını ödəmək üçün hər bir ailənin özünün imkanlarının yaranması məsələsi önə çəkilir. Özünüməşğulluq da məhz maddi çətinliyi olan ailələrin özlərinə yaxşı dolanışıq şəraiti yaratmağa imkan verir. Dövlət orqanları, yerli icra orqanları və özəl qurumların bu istiqamətdə layihələr həyata keçirmələri qarşıya məqsəd kimi qoyulub. Təqdirəlayiq haldır ki, bu sahədə də tədbirlər davamlı xarakter daşıyır.

Bu il iyulun 14-də Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində demişdir: “Bildiyiniz kimi, son illər ərzində ölkəmizdə genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir. Biz hər il özünüməşğulluqla məşğul olmaq istəyənlər üçün vasitələr təqdim edirik və onların sayı artır. Bu il nəzərdə tutulub ki, 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq, dövlət tərəfindən onlara vasitələr veriləcək və beləliklə, onlar öz gələcək maddi imkanlarını özləri təmin edəcəklər. Özünüməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailələrinin üzvləri və müharibə əlilləri vardır. Yəni bu da daim diqqət mərkəzində olan məsələdir”.

Məqsəd əhalinin bu proqramdan ciddi şəkildə bəhrələnməsidir. Çünki özünüməşğulluq perspektivli proqramdır. Bu proqram insanların özlərinin dolanışığını yaxşılaşdırmağa, bəzi vətəndaşları ələbaxımlıq vərdişindən çəkindirməyə kömək etməklə yanaşı, iqtisadi inkişafa təkan verəcək.

 

Flora SADIQLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM