10 Sentyabr 2021 00:30
1132
DÜNYA
A- A+

Əfqanıstanın yeni hökuməti nə koalision, nə də inklüzivdir

 

Yeni hökumətin andiçmə mərasimi sentyabrın 11-nə təyin olunub. Bu, təsadüfdürmü?

 

Xəbər verildiyi kimi, “Taliban” Əfqanıstan hökumətinin qurulduğunu bildirib. Baş nazirin səlahiyyətlərini Molla Məhəmməd Həsən Axund icra edəcək. Onun müavini hərəkatın siyasətini formalaşdıran Molla Abdulqani Bəradardır. İkinci müavin vəzifəsinə Molla Abdulsalam Xənafi təyin olunub.

Yeni XİN başçısı əmir Xan Motaki, müdafiə naziri Molla Yaqub, daxili işlər naziri Siracəddin Hakkani, mədəniyyət və informasiya naziri Zəbiulla Mücahiddir. Təhsil naziri şeyx Məvlavi Nurulla Munir, iqtisadiyyat naziri Məhəmməd Xanif, Mərkəzi Bankın rəhbəri isə Molla Mohammad İdris təyin ediliblər. Göründüyü kimi, taliblərin əvvəlki bəyanatlarının əksinə olaraq, yeni hökumət koalision və ya inklüziv, yəni müxtəlif siyasi qüvvələrin və etnik qrupların nümayəndələrindən ibarət deyil. Üstəlik, orada həm terrorçuluq fəaliyyətində şübhəli bilinən, həm BMT-nin və ayrı-ayrı ölkələrin müxtəlif qara siyahılarına daxil olan simalar var.

 Avropa İttifaqı və ABŞ yeni hökuməti tənqid edib, Çin onunla əməkdaşlığa hazır olduğunu bildirib, Rusiya isə gözləmə mövqeyi tutub. Bununla yanaşı, həm Rusiya, həm də Çin Qərblə G7 formatında Əfqanıstanı müzakirə etməyəcəklər.

Ekspertlər taliblərin Kabil üzərində nəzarətindən məhrum olduqları vaxtdan keçən 20 il ərzində həqiqətən də yaxşılığa doğru dəyişdiyini müəyyən etmək üçün gələcək hökumətin tərkibini özünəməxsus test adlandırırdılar. Əfqanıstan İslam Əmirliyinin (“Taliban” öz rejimini belə adlandırır) müvəqqəti hökumətinin tərkibinin açıqlanmasından sonra bu testin nəticələri birmənalı görünür: hökumətdə yalnız taliblər, puştunlar və kişilər yer alıb. Qeyd etdiyimiz kimi, heç bir inklüzivlikdən - yəni siyasi qüvvələrin, etnosların və xüsusilə cinslərin yeni hakimiyyət orqanlarında bərabərliyindən söhbət getmir.

Taliblərlə dialoqun qurulması üçün yeni hökumətdə ən uyğun olmayan fiqur daxili işlər naziri Siracəddin Hakkanidir. O, bir çox ölkələrdə, o cümlədən Rusiya Federasiyasında qadağan olunmuş “Taliban”ın Pakistandakı “Hakkani şəbəkəsi”nin lideridir. DİN-in yeni rəhbəri Federal Təhqiqatlar Bürosu tərəfindən axtarılan şəxslərin siyahısına daxil edilib. ABŞ onun həbsi üçün 10 milyon dollar məbləğində mükafat ayırıb.

Taliblərin diplomatiyasına cavabdeh olan və Qərb üçün ən məqbul sayılan Molla Abdulqani Bəradar isə hökumət başçısı yox, baş nazirin müavini təyin edilib. Baş nazir Molla Məhəmməd Həsən Axund “Taliban”ın qurucularından biridir və hələ də BMT sanksiyaları altındadır. Molla Axund müdafiə naziri Molla Yaqubla yanaşı, 1990-cı illərdə hakimiyyətə gəlmiş taliblərin “köhnə qvardiyası”na aiddir. Amma ölkəyə rəsmi olaraq “Taliban”ın lideri və Şura başçısı əmir Heybatulla Axundzadə rəhbərlik edəcək. Taliblər nə seçki, nə də Əfqanıstan üçün ənənəvi olan qəbilə liderlərinin toplantısının çağırılmasından danışırlar.

Yeni hökuməti öz bəyanatlarında həm Aİ, həm də ABŞ Dövlət Departamentini tənqid edib. Lakin əhəmiyyətli bir nüans var: nə Aİ, nə də ABŞ yeni hökumətin tanınmamasından danışır. Dövlət Departamentinin bəyanatında yalnız talibləri “sözlərilə yox, əməllərilə” qiymətləndirəcəyini bildirir. Əslində, Rusiya da eyni mövqe tutur.

Son məlumata görə, Əfqanıstanın yeni hökumətinin andiçmə mərasimi sentyabrın 11-də keçiriləcək. Taliblər mərasimə Rusiya, Türkiyə, Çin, İran, Pakistan və Qətəri dəvət ediblər. Tarixə fikir verirsinizmi - 11 sentyabr. Məhz 20 il əvvəl sentyabrın 11-də “əl-Qaidə” qruplaşması ABŞ-da dəhşətli terror aktları törətmişdi. O vaxt “əl-Qaidə” Əfqanıstanda yerləşirdi və hakimiyyətdə Taliban idi...

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video