24 Avqust 2021 00:26
551
DÜNYA
A- A+

Əfqan qaçqınlara qapı açan olacaqmı

 

BMT-nin rəsmi rəqəmlərinə əsasən, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarmağa başladıqdan və “Taliban” hücuma keçdikdən sonra 550 min əfqan öz evini tərk edib. Onların böyük əksəriyyəti dövlət sərhədlərinə və Kabil Hava Limanına toplaşıb və müxtəlif yollarla hər həftə 20 mindən 30 minə qədəri ölkəni tərk edir.

Hazırda bu insanların əksəriyyətinin taleyi qonşu dövlətlərin - Pakistan, İran, Tacikistan və Özbəkistanın qərarlarından asılıdır. Əfqanıstanı tərk edən miqrantların yolunda ilk dayanacaq müvəqqəti çadır düşərgələrdir. İki dövlət - İran və Pakistan onları “sərhəddə qaçqınları qəbul etmək hüququ” ilə yerləşdirirlər. Lakin qaçqınların bir çoxu Avropaya getmək istəyir. Bu isə asan məsələ deyil. Çünki Avropa ölkələrində əfqan qaçqınların qəbulu ilə bağlı fikir ayrılığı var.

Avropa Parlamentinin spikeri David Sassoli Sloveniyanın Baş naziri Yanez Yanşanın miqrantları Avropa İttifaqının ərazisində yerləşdirmək istəməməsini açıq şəkildə tənqid edib. O, müvafiq bəyanatı Avropa Parlamentinin saytında yayıb. Yanşa bildirib ki, Avropa İttifaqı Əfqanıstan vətəndaşlarının qəbulu üçün humanitar dəhliz açmayacaq və xalqı öz ölkələri üçün mübarizə aparmağa çağırıb. Bununla yanaşı, Sloveniyanın Baş naziri Avropa İttifaqının Suriyadan miqrantları heç bir məhdudiyyət olmadan qəbul etməyə başladığı 2015-ci ilin səhvlərinin təkrarlanmasının yolverilməzliyini qeyd edib.

Buna cavab olaraq Avropa Parlamentinin rəhbəri David Sassoli qərbpərəst əfqanlara Aİ-də qaçqın statusunun verilməsinə tərəfdar olduğunu bəyan edib. O, qeyd edib ki, Sloveniyanın Baş naziri “Taliban”dan qaçanlarla həmrəylik nümayiş etdirməlidir və bu ölkə əfqanıstanlı qaçqınlarla bağlı Avropa İttifaqının atacağı addımlar barədə təkbaşına qərar verə bilməz. Hazırda Aİ-nin bütün təsisatları bu problemin həlli üzərində işləyir.

Əvvəllər əfqanıstanlı qaçqınların məskunlaşmasının əleyhinə olan ölkələrin siyahısına Avstriya, İsveç, Danimarka və Yunanıstan da qoşulub. Bu aradaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub və Əfqanıstanda baş verən son hadisələr müzakirə edilib. Ölkəsinin hazırkı əsas vəzifəsinin öz vətəndaşlarının Əfqanıstandan təxliyə edilməsi olduğunu qeyd edən Türkiyə Prezidenti bu prosesin Kabil Hava Limanında əlverişli vəziyyət yarandıqca davam etdiriləcəyini bildirib. Prezident Ərdoğan əfqan xalqına qonşu dövlətlərdən də yardım edilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, Əfqanıstanda yaranan mövcud vəziyyət səbəbindən yeni köç dalğasının qlobal böhrana çevrilməsinin qarşısının alınması üçün başda Avropa İttifaqı ölkələri olmaqla hər kəs məsuliyyət daşımalı və beynəlxalq birlik bu məsələdə birləşməlidir.

Bu arada xəbər yayılıb ki, “Taliban” hərəkatı Əfqanıstanın Pəncşir əyalətində müqavimət qüvvələrini mühasirəyə alıb. Bu barədə “Taliban”ın rəsmi nümayəndəsi Zəbihulla Mücahid “Twitter”də bildirib. O, danışıqlar yolu ilə sülhə nail olmağa cəhd etdiklərini vurğulayıb.

Qeyd edək ki, Pəncşir əyaləti taliblərə təslim olmayıb. Pəncşirdə müqavimət qüvvələrinə əfsanəvi səhra komandiri Əhməd Şah Məsudun oğlu Əhməd Məsud rəhbərlik edir. O, “Şarkul Avsat” televiziya kanalına verdiyi müsahibəsində bildirib: “Taliban”la danışıqlara hazırıq və Əfqanıstanda sülhün və əmin-amanlığın yaranması üçün atamın qanının tökülməsini də bağışlaya bilərəm”. Onun dediyinə görə, bir neçə dəfə nümayəndələri vasitəsilə taliblərlə görüş keçirib. Lakin vahid mövqedən çıxış etmək məsələsinin müzakirəsi nəticəsiz qalıb.

“Biz də müsəlmanıq, biz də Əfqanıstanda sülh olmasını istəyirik və bu səbəbdən “Taliban”la birlikdə çalışmağa hazırıq. Lakin “Taliban” məsələləri silah gücünə həll etməyə çalışır ki, bu da qarşılıqlı əməkdaşlığa imkan vermir”, - deyən Ə.Məsud atasının da vaxtilə “Taliban”la nəticəsiz danışıqlar apardığını xatırladıb. O bildirib ki, danışıqlar səmərəli aparılsa, bütün Əfqanıstanda sülh bərpa olunacaq.

“Taliban” hərəkatı Əfqanıstan Prezidenti Əşrəf Qani və vitse-prezident Əmrulla Saleh haqqında amnistiya elan edib. “Taliban”ın liderlərindən biri Xəlil Hakkani Pakistanın “Geo TV” telekanalına bildirib ki, prezidenti, vitse-prezidenti və prezidentin təhlükəsizlik məsələləri üzrə müşaviri Həmdulla Mohibi əfv edirlər: “Onlar istəsələr, ölkəyə qayıda bilərlər. Öz tərəfimizdən bizə qarşı döyüşmüş generaldan tutmuş adi insana qədər hamını bağışlayırıq. Əfqanıstan rəhbərliyi ilə bizim aramızda düşmənçilik yalnız dinlə bağlı olub”.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video