12 Avqust 2021 00:34
1956
SİYASƏT
A- A+

Düzgün siyasət və vətənpərvər gənclik

 

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri Azərbaycan gəncliyinə aiddir

 

“…Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.

 

İlham ƏLİYEV

 

Gənclər siyasəti ümumi dövlət siyasətinin mühüm sahəsi kimi daim diqqətdədir. Ölkəmizdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, yenilikçi ideyalarının reallaşdırılması, ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində bütün addımlar atılır, lazımi şərait yaradılır. Müstəqilliyin bizə qazandırdığı ən böyük töhfələrdən biri də gənc nəslin milli ruhda tərbiyəsi, hərtərəfli inkişafı üçün yaranmış mühitdir. Bu mühiti Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət formalaşdırıb. Prezident İlham Əliyev isə bu siyasəti daha da inkişaf etdirməkdədir.

 

Gələcəyə aparan yol

 

1996-cı ilin 2 fevral günü... Bakının ən böyük toplantı məkanlarından olan Heydər Əliyev Sarayında Azərbaycan gənclərinin ilk forumu keçirilirdi. Ulu Öndərin təşəbbüsü ilə təşkil edilmiş toplantıda Heydər Əliyev iştirak edirdi. Burada o dövr üçün Azərbaycan gəncliyini narahat edən bir çox məsələlər qaldırılır, müstəqillik dövründə onların qarşısında duran vəzifələr müəyyənləşdirilirdi. Ulu Öndər gələcəyə strateji baxışı ilə Azərbaycan gəncliyinə öz zəruri tapşırıq və tövsiyələrini verirdi. Bu müraciətin əsas qayəsini Vətənə sevgi, Azərbaycan dövlətinin maraqlarını bütün şəraitlərdə qorumaq, ölkəyə və cəmiyyətə faydalı olmaq üçün özünü daim inkişaf etdirmək, müasir dünyanın çağırışlarını nəzərə almaq, fiziki və mənəvi sağlamlıq məsələlərinə diqqət təşkil edirdi. Forumdan bir il sonra isə 1997-ci ilin 1 fevralında Ümummilli Lider Heydər Əliyev 2 fevralın Azərbaycanda gənclər günü elan edilməsi haqqında sərəncam imzaladı.

Gənclər günü bütün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda qeyd olundu. 1996-cı ildən etibarən respublikamızda belə bir ənənə formalaşdıqdan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də gənclər gününün qeyd edilməsinə başladılar. Dünyada isə yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən konfransda BMT-nin qərarı ilə avqustun 12-si Beynəlxalq Gənclər Günü elan edildi.

 

Gənclər hər zaman öndədir

 

1996-cı ildə ölkə ağır problemlərlə üz-üzə idi. Heydər Əliyevin gənclər məsələsinə bu qədər önəm verməsi tarixi şəraitdən və Ulu Öndərin bir dövlət adamı kimi müdrikliyindən, uzaqgörənliyindən irəli gəlirdi. Heydər Əliyev gəncliyin hər bir cəmiyyət üçün nə qədər mühüm önəm daşıdığını bilirdi. Fərqində idi ki, gəncliyi - gələcəyə hədəflənmiş milli ideyalar ətrafında bir araya gətirmədən bu hədəflərə çatmaq mümkün deyil. Hər bir ölkənin gəncliyi onun gələcəyidir. Bu həqiqətləri Heydər Əliyev o dövrdə siyasi arenada olan hər kəsdən və hamıdan daha yaxşı bilirdi. Ona görə ki, ötən əsrin 80-ci illərinin sonlarında canı-qanı bahasına Vətənin müstəqilliyinə nail olan Azərbaycan gəncliyini də hələ 1970-ci illərdə ölkəyə rəhbərliyi zamanı özü yetişdirmişdi. Böyük rəhbərin gərgin əməyi sayəsində  gənclərin məişət, təhsil, mədəni tələbatının ödənilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülürdü. Heydər Əliyev vətənpərvər, yüksək təhsilli, əməksevər, intellektual, gələcəyə inanan və doğma yurdun gələcəyini daha gözəl görmək istəyən, bunun üçün çalışan gənclik timsalında müstəqil dövlətimizin bünövrəsini formalaşdırırdı. Təkcə bir faktı xatırlatmaq kifayət edər ki, Heydər Əliyev hər il minlərlə gənci SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrində ölkəmiz üçün xüsusilə vacib ixtisaslar üzrə oxumağa göndərirdi. Biliyi, təhsili, intellektual sərvəti Azərbaycanın ən ucqar bölgələrində, təhsil mühitindən kənarda yaşayan insanlar üçün də qiymətli bir dəyərə çevirməyi bacarmışdı.

Müstəqillik illərində Azərbaycanın əsas kadr potensialını da məhz Heydər Əliyevin yetişdirdiyi mütəxəssislər təşkil edirdi. Ulu Öndərin yetirmələri olan, onun vətənpərvərlik məktəbindən öyrənən gənclik ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın istiqlalı uğrunda ayağa qalxdı. Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin 15 iyununda hakimiyyətə qayıdışından sonra dövlət gənclər siyasətinin vahid koordinasiya edilərək mərkəzləşmiş qaydada icrası üçün xüsusi sərəncam verərək Gənclər və İdman Nazirliyi yaradıldı. Gənclər siyasəti ilə bağlı mühüm qərarlar verildi. “Gənclər siyasəti haqqında” qanun qəbul olundu.

Ümummilli Lider gənclərlə keçirdiyi mütəmadi görüşlərlə onlara nə qədər böyük dəyər verdiyini, gəncləri maraqlandıran məsələləri daim diqqətdə saxladığını, gənc nəslin gələcəklə bağlı ideyalarının, hədəflərinin mühümlüyünü göstərirdi. Onların mənəvi və fiziki sağlamlığının, vətənpərvərlik ruhunda tərbiyəsinin, milli dəyərlərimizə bağlılığının nə qədər həyati vacib məsələ olduğunu bildirir, öz yanaşmaları ilə gənclərə şəxsi nümunə olurdu. Bu kurs zamanın çağırışlarına uyğun olaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daha böyük əzmlə həyata keçirilir. Dövlət başçısı Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə apardığı fəaliyyətdə gənclərə böyük inam bəsləyir. Gəncliyin inkişafı üçün lazımi şəraitin yaradılması istiqamətində məqsədyönlü addımlar atır.

 

Gənclərə böyük inam var

 

Azərbaycan Prezidentinin formalaşdırdığı dövlətçilik strategiyası hər bir  gənci dövlətin əsas hədəfinə - ərazi bütövlüyümüzün bərpa olunmasına istiqamətləndirmişdi. Torpaqlarımızın azadlığını ümummilli hədəfə çevirmişdi.

Prezident İlham Əliyev çıxışlarında nəsillərarası münasibətə, qırılmaz bağlılığa toxunur, təcrübə ilə dinamizmin, çevikliyin vəhdətinin Azərbaycanı öz hədəflərinə daha da yaxınlaşdıracağını bəyan edirdi. Vətən müharibəsindəki qələbəmiz bunun tarixi sübutu, xalqın liderinin uzaqgörənliyinin təntənəsi oldu.

Bu savaşda Azərbaycan gəncliyi nə qədər vətənpərvər, cəsarətli və güclü olduğunu göstərdi. Ona bu gücü verən, özünəinam hissini təlqin edən əsas amil isə Vətən, torpaq sevgisi idi. Ordumuzun nümayiş etdirdiyi misilsiz qalibiyyətinin də sirri elə Vətən sevgisindədir. Bu sevgi bizi Qələbəyə qovuşdurdu. Tarixi Zəfərimizin əsas amilinə çevrildi.

 

Müqəddəs amal

 

Vətən müharibəsində Azərbaycan gəncliyini sanki yenidən tanıdıq. Azərbaycanda nə qədər vətənpərvər, cəsur, qəhrəmanlıq ruhu ilə dolu, bir o qədər də savadlı, sağlam düşüncəli gəncliyin yetişdiyinə hər birimiz şahid olduq. Qələbənin əldə olunmasında cəmiyyətin bütün sosial qruplarından olan insanların fədakar əməyi var. Amma əsas yük əlində silah, qəlbində Vətən sevgisi ilə yağı düşmənin üzərinə atılan gənclərimizin üzərinə düşdü. Buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qələbədən sonra Şuşaya ilk səfəri zamanı qazanılmış zəfərdə gənclərimizin rolunu xüsusi vurğuladı. Vətənpərvərlik ruhu da budur!

Bütün müharibələr böyük bir tarixdir, burada iştirak etmiş döyüşçülərin xatirələridir. Qələbə ilə başa çatmış müharibə xalqın qürur hekayəsidir. Bu xatirələr Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunu daha da yüksəldəcək. Axı Vətən müharibəsindəki qələbəmiz həm də gəncliyin qələbəsidir. Gələcəyin keçmiş üzərindəki qələbəsi... Onu müasir dövrün yetişdirdiyi gənclik qazandı.

Azərbaycan gəncliyi dövlət rəhbərimizin onlara xitabən vurğuladığı “Gənclər, mən sizə inanıram, güvənirəm” fikrindən güc alacaq və Vətən tarixinin yeni şanlı səhifələrini yaradacaq.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video