02:33 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünyanın gözlədiyi peyvənd
ANA SƏHİFƏ / SƏHIYYƏ
01:27 23.12.2020


Artıq bir ildir ki, yeni növ koronavirus Yer üzündəki bütün xəstəlikləri arxa plana keçirərək bəşəriyyətin bir-nömrəli probleminə çevrilib. COVID-19 Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunandan bəri bütün ölkələr bu virusla mübarizəyə qalxıb və savaş aparır. Dünya tibbi, müxtəlif ölkələrin elm adamları insanlıq üçün yeni olan bu bəlanı "susdurmaq” naminə səfərbər olub.

Çin alimləri COVID-19-un genomunu açıqladıqdan sonra isə əczaçılıq şirkətləri, laboratoriyalar, ayrı-ayrı alimlər və həkimlər koronavirusa qarşı peyvənd axtarışına başladılar. Müxtəlif qorunma və qabaqlayıcı tədbirlərə, məhdudiyyətlərə baxmayaraq, infeksiyanın sürətlə bütün planetə yayılması hər kəsin diqqətini və ümidini daha çox istehsal olunacaq peyvəndə dikdi. Bütün ilboyu hamını bu sual daha çox maraqlandırdı: peyvənd nə vaxt hazır olacaq?


Peyvəndlər bütün koronavirus mutasiyalarına qarşı təsirli olacaq


Artıq xeyli vaxtdır ki, bəzi ölkə və şirkətlərin istehsal etdiyi peyvəndlər barədə müsbət fikirlər səslənməkdədir. Hətta bir neçə ölkədə əhalinin peyvəndlənməsinə başlanıldığı da bildirilir.

Bu günlərdə ABŞ-ın yeni seçilən Prezidenti Co Bayden COVID-19 əleyhinə "Pfizer/BioNTech” vaksininin ilk dozası ilə peyvənd edilib. Onun həyat yoldaşı - ölkənin gələcək birinci xanımı Cill Bayden də həmin gün peyvənd olunub.

Baydenin peyvəndlənməsi ABŞ-da tibb işçilərinə vaksinin ilk dozaları tətbiq edildikdən bir həftə sonra və koronavirus əleyhinə ikinci vaksinin təcili istifadə olunmasına qida məhsullarının və dərman preparatlarının keyfiyyətinə sanitar nəzarəti idarəsi tərəfindən icazə veriləndən sonra aparılıb.

"Pfizer” vaksini 95 faizli effektivliyin alınmasından ötrü bir neçə həftə fasilə ilə iki dozanın vurulmasını tələb edir. Co və Cill Baydenlərin vaksinin ikinci dozasını nə vaxt alacaqları hələ məlum deyil.

Baydenin mətbuat katibi Cen Psaki bildirib ki, yeni seçilən vitse-prezident Kamala Harris və onun həyat yoldaşı Duq Emhoff gələn həftə peyvənd olunacaqlar.

"Pfizer/BioNTech” vaksini ilə yanaşı, Rusiyanın "Sputnik V” peyvəndinin də "COVID-19”a və onun mutasiyaya uğramış yeni növünə qarşı təsirli olacağı deyilir. Rusiyanın Birbaşa İnvestisiya Fondunun prezidenti Kirill Dmitriyev "Sputnik V”nin İngiltərədə ortaya çıxan yeni virus daxil olmaqla bütün koronavirus mutasiyalarına qarşı təsirli olacağını açıqlayıb: "Bu, Qamaleya Araşdırma Mərkəzi ilə qiymətləndirmələrimizə əsaslanır. "Sputnik V” nin əvvəlki modifikasiyalarla, S-proteinlə çox yaxşı və keyfiyyətli bir şəkildə mübarizə apardığını gördük. Bu səbəbdən ilkin təhlillər "Sputnik V”nin də bu mutasiyaya və digər mutasiyalara qarşı təsirli olacağını təsdiqləyir”.


Azərbaycanda vaksinləmə dövlət hesabına həyata keçiriləcək


Dünyada vaksinləmə prosesinin başlandığı vaxtda Azərbaycan da bu prosesə qoşulur. Ölkəmiz ötən aylar ərzində aparıcı vaksin istehsalçıları olan "Sputnik V”, "AstraZeneca”, "Sinofarm”, "Sinovac”, "Moderna”, "Pfizer BioNTech” kimi firmalarla danışıqlar aparıb.

Azərbaycan hələ sentyabr ayında Qlobal Peyvəndlər Alyansı (GAVI), Epidemiyaya Hazırlıq İnnovasiyalar Alyansı (CEPI) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yaradılan

COVAX platformasına qoşulan ilk ölkələrdən olub. COVAX geniş sayda peyvənd namizədlərini müxtəlif texnologiyalar vasitəsilə qiymətləndirərək təhlükəsiz COVID-19 peyvənd təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir. COVAX bütün ölkələr üçün effektiv peyvənd axtarışını sürətləndirən, dünyada COVID-19-a qarşı peyvəndlərə sürətli, ədalətli və bərabər əlçatanlığı təmin etmək üçün hazırlanmış bir mexanizmdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI təşkilatı arasında imzalanmış sazişə əsasən, ÜST tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq. Sazişə görə, ÜST-ün prekvalifikasiya mərhələsindən keçmiş COVID-19 əleyhinə peyvənd istehsal olunduqda Azərbaycan peyvəndi ilk əldə edən ölkələrdən biri olacaq.

Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının dekabrın 18-də videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı bu məsələyə toxunarkən bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olan ölkə kimi bu məsələni daim diqqət mərkəzində saxlayıb: "Biz həmişə bütün beynəlxalq forumlarda deyirdik ki, kifayət qədər maliyyə resurslarına malik olmayan ölkələrin də vaksinlərdən istifadə etmək imkanı inkişaf etmiş ölkələr kimi olsun, bu məsələdə ayrı-seçkilik olmasın. Biz də vaksinləmə strategiyasını hazırlamışıq, bu strategiya çoxplatformalılığı nəzərdə tutur. Hansı texnologiyalardan istifadə ediləcəyindən asılı olmayaraq, bizim üçün əsas meyar həmin vaksinlərin elmi cəhətdən əsaslandırılmış təhlükəsizliyi olacaq. Nəzərdə tutulur ki, vaksinləmə proqramı gələn ilin əvvəlində başlanacaq, vaksinləmə könüllü olacaq və dövlət hesabına həyata keçiriləcək”.


İlk peyvəndin kəşfi


Bütün dünya koronavirusdan qurtulmaq üçün peyvəndlənməni səbirsizliklə gözləyir. Digər tərəfdən isə insanlar arasında peyvənd haqqında müxtəlif şayiələr dolaşır, inamsızlıq, qərarsızlıq sezilir. Bu yerdə peyvəndin insanlıq üçün hansı məna kəsb etdiyini göstərən tarixə, ilk peyvəndin kəşfinə qısa bir nəzər salaq.

Suçiçəyinin 3000 il əvvəl Misir və ya Hindistanda yarandığı fərz edilir. Bir zamanlar çox dəhşətli sayılan bu xəstəlik ümumilikdə 500 milyon insanın ölümünə səbəb olub. XVIII əsrin əvvəllərində təkcə Avropada hər il 400 min insan bu xəstəlik səbəbindən həyatını itirirdi. Suçiçəyinə yoluxan hər 3 böyükdən biri, 10 körpədən 8-i ölürdü.

1721-ci ildə ABŞ-da başlayan epidemiya Bostonda əhalinin yüzdə 8 faizinin həyatına son qoymuşdu. 1950-ci illərdə hər il 50 milyon insan bu xəstəliyə yoluxurdu. Sağ qalanlarda əlavə təsirlər yaranır, görmə qabiliyyəti itir və ya bədənlərində xəstəlikdən əmələ gələn yaraların izləri qalırdı. Bütün bədən ağrıyır, yüksək hərarət, boğaz və baş ağrısı, nəfəs almada çətinlik yaranırdı. Vücudun hər yerində, hətta ağciyərlərdə qorxunc səpkilər çıxırdı.

Yoluxma şəkli də koronavirusa bənzəyirdi; Xəstəlik hava-damcı və ya təmas yolu ilə, virusa yoluxmuş səthlərə və əşyalara toxunaraq keçirdi. İnkubasiya müddəti 10-14 gün idi.

Və bəşər tarixi qədər qədim olan suçiçəyi xəstəliyinə qarşı heç bir müalicə üsulu tapılmırdı. Lakin 1796-cı ildə ingilis həkim Edvard Cenner tərəfindən ilk peyvənd tapıldı.

Həkim epidemiyanın yayıldığı yerləri nəzərdən keçirdikdə anladı ki, bəzi adamlara bu xəstəlik ümumiyyətlə keçmir. Cenner o adamları diqqətlə sorğu-sual etdikdən sonra öyrənir ki, onlar uşaqlıqda inək çiçəyi ilə xəstələniblər, lakin sağalıblar.

Cenner başa düşür ki, inək çiçəyi xəstəliyi keçirənlər qorxmaya bilərlər - onların qanında xəstəliyin mikroblarını öldürən nəsə var. Bununla da o, təcrübələr keçirməyə başlayır. Vaxtilə inək xəstəliyi keçirmiş Sara Nelmesin qanından nümunələr götürür. 8 yaşlı Ceyms Filipsin 4 yerdən əlini çərtərək həmin qanı ora sürtür. 6 gündən sonra Filips xəstələnir, lakin 3 gün keçəndən sonra sağalır. Cennerin fikri təsdiqlənir. O, bundan cəsarətlənərək təcrübələrini daha da genişləndirir. Suçiçəyi olmuş adamdan nümunə götürüb Filipsə yeridir. Bu dəfə də təcrübə uğurlu alınır - uşaqda immunitet yarandığı üçün xəstələnmir.


Bəşər tarixinin ən böyük qələbəsi


Beləliklə, suçiçəyinə qarşı vaksin kəşf olunur. "Vaksin” latın sözü olub, "vakka” - "inəkdən götürülüb” mənasını verir. Təbii ki, Cennerin bu kəşfi ilk zamanlar hər kəs tərəfindən qəbul edilmir, ələ salınır, karikaturalara mövzu olur. Lakin məhz bu kəşf iki yüz il sonra bütün dünyada tətbiq olunan ilk peyvəndin əsas qaynağına çevrilir.

1800-cü ilədək dünyada təxminən 100 min insan inəklərin sinələrindəki çiçək qabarcıqlarından götürülmüş maye ilə peyvəndlənir. 19-20-ci əsrlərdə isə elm adamları suçiçəyi peyvəndini daha da təkmilləşdirir və yeni vaksinlər hazırlayır.

Ümumdünya Səhiyyə Təşkilatı isə 1967-ci ildə qlobal peyvəndləmə kampaniyasına start verir. Və 1979-cu ildə xəstəlik tamamilə yox edilir. Bu, təkcə tibbin deyil, bəşər tarixinin ən böyük qələbələrindən biri sayılırdı.

İndi dünyanın bütün ölkələrində uşaqlar peyvənd edilir: vaxtilə çiçək xəstəliynə yoluxmuş buzovun qanından götürülmüş milyonlarla leykositlər insanın qanına vurulur. Bu leykositlər çiçək xəstəliyi ilə mübarizədə sınaqdan keçirilir və onun öhdəsindən asanlıqla gəlir. Məhz peyvəndlər sayəsində hazırda insanlar suçiçəyi və bir çox başqa infeksiyalara nadir hallarda yoluxur, yoluxduqda belə xəstəliyi yüngül keçirirlər.

Müasir tibbin bəzi dəyişməz və dəyişdirilməz qaydaları var. Qaydalardan biri budur: Hansısa sağlıq probleminin qarşısını almaq və ya həll etmək istəyirsinizsə, ilk olaraq peyvənd və dərmanlardan faydalanmalısınız. COVID-19 pandemiyasında da bu qayda keçərlidir.

Təbii ki, heç bir peyvənd və dərman yüzdəyüz təhlükəsiz, problemsiz deyil. İstənilən dərmanın əlavə təsirləri, ən azından alllergik reaksiya verə bilmə ehtimalı hər zaman var.

Ancaq peyvəndin təhlükəsizliyi haqda belə bir deyim səslənir: "Bir avtomobilə minib harasa gedən zaman heç kim qəza ehtimalı barədə düşünmür və buna görə də səyahətindən qalmır. Bilin ki, hər hansı bir peyvəndin əlavə təsirlərə səbəb olma ehtimalı avtomobil qəzasında olduğundan daha azdır”.

Odur ki, vaksinasiya proqramlarını dəstəkləmək və iştirak etmək tək vətəndaşlıq borcu yox, həm də insanlığın gələcəyi üçün bir töhfədir.

Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM