10:35 19 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünyanın diqqəti yenə də Bakıya yönəldi
ANA SƏHİFƏ / SİYASƏT
01:28 05.05.2019


Azərbaycan təkcə neft-qaz deyil, eləcə də müsbət ideyalar ixrac edir


Dövlət xadimlərinin, siyasətçilərin və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə iki gün davam edən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yaranan ovqat onu deməyə əsas verir ki, 2008-ci ildən Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı Prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yarada bilib.

Ötən müddət ərzində forumun coğrafiyası çox genişlənib. Nəticədə tədbirə qoşulan ölkələrin və təşkilatların sayı xeyli artıb. Budəfəki foruma Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Böyük Britaniya kimi dövlətlərin təmsilçiləri qatılıblar. V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insanlar arasında həmrəylik yaratmaqda və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun rolu öyrənilib və səmərəliliyinin artırılmasına xüsusi önəm verilib.

Forumun açılış mərasimində Prezident İlham Əliyev çıxışında demişdir: "Bizim üçün multikulturalizm həm də siyasətimizin mühüm elementlərindəndir. Azərbaycanda multikulturalizm üzrə beynəlxalq mərkəz yaradılıb. Biz bu dəyərləri təşviq edir və multikulturalizmin böyük gələcəyinin olduğunu nümayiş etdiririk. Bilirik ki, bu mövzu ilə bağlı müxtəlif fikirlər var. Ancaq hesab edirəm ki, bizim forum və bu mövzuda Azərbaycanda və dünyanın digər yerlərində təşkil olunan çoxsaylı beynəlxalq tədbirlər multikulturalizm dəyərlərinin təşviqi ilə bağlı səylər göstərdiyimizi aydın nümayiş etdirir.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal miqyasda və əlbəttə, bizim ölkəmiz üçün mühüm beynəlxalq tədbirlərdən biridir. Son illər ərzində Azərbaycan çoxsaylı beynəlxalq təbirlərə evsahibliyi edib. Dünya Dini Liderlərinin Forumunu, ənənəvi Bakı Humanitar Forumunu, yeddi dəfə Bakı Qlobal Forumunu təşkil etmişik. Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilən həmin forum da siyasi inkişaf və mədəniyyət dialoqu mövzularının müzakirəsi üçün çox vacib platformadır. Digər tədbirlər də təşkil edilir və bununla da biz dünya ictimaiyyətinin diqqətini bu mühüm məsələlərə yönəltməyə çalışırıq.

Əminəm ki, bu gün və sabah forum çərçivəsində aparılan müzakirələr problemləri aşkar edərək çıxışçılara fikirlərini bildirmək imkanı verməklə yanaşı, tərəfdaşlıq, həmrəylik və əməkdaşlığı gücləndirəcək, nəticədə mədəniyyətlər arasında körpü yaradacaq”.

"Bakı Prosesi”nin BMT və digər mötəbər təşkilatlar tərəfindən dəstəkləndiyini deyən Prezident İlham Əliyev qəbul edilən qərarları yüksək qiymətləndirib. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın müstəqillik baxımından gənc olmasına baxmayaraq, sürətlə inkişaf etdiyini diqqətə çatdıran Prezident dövlət siyasətinin dünya ölkələri ilə əməkdaşlığın və tərəfdaşlığın genişləndirilməsinə yönəldiyini vurğulayıb. Ölkəmizin həyata keçirdiyi nəhəng layihələrə toxunan dövlət başçısı boru kəmərləri vasitəsilə Xəzər dənizinin Qara dənizlə birləşdiyini, Avropanın enerji təhlükəsizliyinə xidmət edən bu kəmərlərin, həmçinin Azərbaycanın təşəbbüsü ilə yaradılan beynəlxalq nəqliyyat dəhlizlərinin ölkələr və xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini deyib.

Forum öz işini üç əsas istiqamətdə davam etdirmişdir. Plenar iclaslarda "Gənclər sülh naminə: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması”, "Gənclərdən nə öyrənə bilərik: sülhü təşviq etmək və müxtəlifliyi əhatə etmək məqsədilə inklüziv yanaşmaların müzakirəsi”, "BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi”, "Gənclərin məşğulluğu və peşə təhsili: ayrıseçkilik və bərabərsizlik əleyhinə innovativ yanaşmalar”, "Bərabər vətəndaşlıq hüquqlarının dəstəklənməsi üçün daha böyük mənəvi yaxınlaşma istiqamətində irəliləyək”, "Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi” kimi mövzular diqqətçəkən olmuşdur.

"Gənclər sülh naminə: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması” mövzusunda ikinci plenar sessiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sessiyada iştirak edib.

Leyla Əliyeva çıxışında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun sülh şəraitində yaşamanı daim təbliğ etdiyini diqqətə çatdıraraq demişdir: "Dünyamızı daha yaxşı etmək üçün bir çox ölkələrdən insanları burada bir arada görmək olduqca xoşdur. Bu gün bizim hamımızın burada bir araya gəlməyimizin səbəbi zəngin fərqliliklər, mədəni müxtəlifliklər, bəşəri dəyərlər və anlaşmadır.

Mən sülhün və müxtəlifliyin təbliğində məhz gənclərin rolunu xüsusi qeyd etmək istərdim. Gənclərin çoxsaylı şəbəkələr yaratmaq, özü də bütün mümkün sərhədləri keçmək kimi gözəl qabiliyyətləri var. Sülh və harmoniya uğrunda mübarizədə gənclərə əksər hallarda ümidsiz romantiklər kimi baxırlar. Amma deyərdim ki, bu, qeyri-səmimi yanaşmadır. Əminəm ki, gənclərin dialoqa açıqlığı sülhə və rifaha gətirib çıxaracaq”.

Forumda plenar iclaslarda və sessiyalarda dəyərli təklifləri ilə seçilən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri tədbir çərçivəsində nazirlərlə görüşündə demişdir: "Uzun müddətdir ki, "Bakı Prosesi” ilə əməkdaşlıq edirik və Azərbaycanın mədəniyyətlərarası dialoqun qurulmasında rolunu yüksək qiymətləndiririk. Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun qurulmasına mühüm töhfə verir”.

Ə.Tüveycri bildirib ki, bu gün dünyanın mədəniyyətlərarası dialoqa böyük ehtiyacı var. Çünki islam bərabərlik, ədalətlilik, tolerantlıq, humanizm dini olduğu halda bu dini terorrizm kimi qələmə verməyə çalışanlar da var: "Bəzi siyasətçilərin öz gündəliyi var, geosiyasi mübarizələr gedir. Dünyada bizim gözümüz qarşısında müharibələr, münaqişələr baş verir, şəhərlər dağıdılır, miqrasiya getdikcə artır. Bütün bunların baş verməsində məsuliyyət böyük güclərin üzərinə düşür”.

O daha sonra vurğulayıb ki, dünyada əməkdaşlığa böyük ehtiyac var: "Biz sülh şəraitində yaşamaq üçün bir-birimizə hörmətlə yanaşmalıyıq. Somalidə, Liviyada vəziyyət göz önündədir. Mən Azərbaycan hökumətinə səmimi-qəlbdən minnətdarlıq edirəm”.

Forum iştirakçılarının çıxışlarında vurğulandığı kimi, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu göstərdi ki, Azərbaycan dünyaya təkcə neft-qaz deyil, eləcə də müsbət ideyalar ixrac edir.

Rəhman SALMANLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM