18:58 16 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünya bizdən öyrənir
ANA SƏHİFƏ / SİYASƏT
00:29 06.04.2021

“Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, inşallah dastan yazmaqda davam edəcək”.

Rəcəb Tayyib ƏRDOĞAN

***

 

“Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək.  İnsanlar öz dədə-baba torpaqlarına qayıdacaqlar.

Biz işğaldan azad edilmiş torpaqları yenidən quracağıq. Ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq. Azərbaycana olan hörmət daha da artacaq ki, biz güclü dövlət kimi öz ərazi bütövlüyümüzü, ədaləti və beynəlxalq hüququ bərpa edirik.

Biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcək”.

İlham ƏLİYEV

 

Son illər mediada Azərbaycanın müxtəlif sahələrdəki uğurlu təcrübəsinin ayrı-ayrı ölkələrdə də öyrənilməsindən bəhs edilir. Bu, həm xarici, həm də yerli kütləvi informsiya vasitələrinə aid xəbər başlıqlarında çox tez-tez nəzərə çarpır. İnkişafın Azərbaycan modelinin üstünlükləri, dövlətimizin yaratdığı mütərəqqi nümunələr həm də əcnəbilərin ölkəmizə marağının getdikcə artmasında özünü göstərir.

Azərbaycan öz yüksəlişi ilə dünyanı təəccübləndirməyi bacarır. Müəllifi olduğu parlaq uğurlara diqqət və heyrət cəlb edir. Bu təcrübənin öyrənilməsinə, başqa ölkələrdə, cəmiyyətlərdə də bu unikal addımların tətbiqinə meyil yaradır. Bütün bunlar dünya inkişafının hərəkətverici qüvvələrindən birinə çevrilmək deməkdir. Tərəqqinin mərkəzində olmaqdır. Başqa sözlə desək, tarixin axarını müəyyənləşdirmək bacarığıdır. Bəli, Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin parlaq uğurları sayəsində tarixin axarını dəyişir. Bu axarı bütün bəşəriyyət üçün faydalı olan, davamlı inkişafa, insanların rifahına xidmət edən yeni bir məcraya yönəldir. Dünya bizə baxır.

 

 

 

Novatorluğu hazırlıqlı qarşılamaq

 

Vətən müharibəsindəki qələbəmizdən sonra dünyanın bizə diqqəti daha da artmaqdadır. Beynəlxalq aləm Azərbaycanı indi daha həssaslıqla öyrənməyə başlayıb. Dünya ölkəmizin yürütdüyü inkişaf siyasətindən, əldə etdiklərindən nəticə çıxarmağa daha da meyilli görünür. Çünki Azərbaycan dövləti o qədər də uzun olmayan illər ərzində çoxlarının xəyal belə etmədiklərini gerçəyə çevirməyi bacarıb. Dövlətimiz regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar qlobal dünyanın yeni inkişaf trendlərindən, dünyanın gərdişindən doğan reallıqlardır.

Dünya dəyişir, şərtlər başqalaşır. Yeni maraqlar formalaşır. Dünən üçün aktual olanlar bu gün artıq öz əhəmiyyətini itirməyə başlayır. Gələcəklə bağlı yeni strateji baxışlar müəyyənləşir. Bəşəriyyət, qlobal beyin mərkəzləri mövcud problemlərin həlli üçün yeni yollar axtarır. İnsan beyninin məhsulu olan innovasiyalar, informasiya texnologiyaları, yaradıcı güc həyatımızı dəyişir. Qlobal iqtisadiyyat yeni imkanların axtarışına çıxır.

Bizim ən böyük uğurumuz ondadır ki, özümüzü novatorluğa, dəyişikliklərə vaxtında hazırlaya bilmişik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət sayəsində ölkəmiz dünyanın dəyişən meyillərini hazırlıqlı qarşılayır. Ona görə də bu gün Azərbaycan bir çox ölkələrdən fərqli olaraq qlobal dəyişikliklərin kənar seyrçisi deyil, bu dəyişiklikləri yaradanlardandır. İnkişaf proseslərini irəli aparanlardandır. Onu yeni-yeni mütərəqqi təcrübələrlə zənginləşdirənlərdəndir. Ortaya qoyduğu parlaq nümunələrlə başqaları üçün də model təqdim edənlərdəndir.

 

Qalibiyyət anı

 

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinə rəhbərliyi dövründə müəyyən etdiyi strateji inkişaf kursuna uyğun olaraq aparılan siyasətin, cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlərin mahiyyəti indi hər birimiz üçün bir daha aydın olur. 1993-cü ilin iyununda Ulu Öndərin xalqın təkidi ilə ölkə rəhbərliyinə qayıdışından sonra atılan addımlara çoxumuz sadəcə hüquqi dövlət quruculuğu tədbirləri kimi baxırdıq. Azad bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi, demokratik təsisatların, vətəndaş cəmiyyətinin formalaşdırılması kimi yanaşırdıq. 2003-cü ildən etibarən cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə, inkişaf proseslərinə, apardığı köklü islahatlara, ordu quruculuğu məsələlərinə, gənc nəslin vətənpərvərlik tərbiyəsinə və digər strateji istiqamətlərdə görülən işlərə Ulu Öndərin müəllifi olduğu inkişaf kursunun davamı kimi nəzər yetirirdik. Amma indi bütün bunları küll halında, böyük bir dövlətçilik istiqamətləri kimi görüb anlaya bilirik.

Bunların hamısının birlikdə həyata keçirilməsi Azərbaycanın gələcəyə hazırlanması idi. Qarşıya qoyulan milli hədəflərə doğru ardıcıl şəkildə irəliləməsi idi. Bu gün həmin arzularda yaşayan gələcəyin içindəyik. Bu dövr üçün ən böyük milli hədəfimiz olan Qarabağın azad edilməsi, işğal altındakı torpaqlarımızın düşməndən təmizləndiyi dövrün ən xoşbəxt insanlarıyıq.

Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründən qurulmağa başlayan,  Ali Baş Komandan İlham Əliyevin isə dünyanın ən güclü orduları sırasında qərarlaşdırdığı Azərbaycan Ordusu bizi ən ülvi arzumuza qovuşdurdu. Zəfəri ilə tarix yazdı. Düşməni torpaqlarımızdan qovdu. Təxminən 30 il əvvəl müstəqilliyini yenicə qazanmış ölkəmizdəki xaosdan, naşı siyasətçilərin yaratdığı hərc-mərcikdən xilas etdi. Havadarlarının əli ilə cənnət yurdlarımızı zəbt edən azğın düşmənin özü haqqında yaratdığı mif darmadağın oldu. Göründü ki, Azərbaycan Ordusunun qüdrəti qarşısında Ermənistanın quldur birləşmələrinin cəmi bir neçə günlük gücü varmış. Azərbaycan igidləri qısa zaman ərzində işğalçı ölkənin bütün ordusunun axırına çıxdılar. Onları torpaqlarımızdan “iti qovan kimi” qovdular. Bu iflasdan sonra  Ermənistanın yenidən özünə ordu yarada bilməsi üçün  onilliklər lazımdır. Üzləşdiyi demoqrafik böhran ucbatından doğum sayı getdikcə azalan, sosial problemlər üzündən əhalisinin çörək dalınca başqa məmləkətlərə üz tutan, ağır məğlubiyyətdən sonra rəzil duruma düşən və başı siyasi çəkişmələrə qarışan işğalçı ölkə çətin ki, bundan sonra özünə babat bir ordu yarada bilsin.

Azərbaycan 44 günlük Vətən müharibəsində düşmənə elə bir dərs verdi ki, mənfur ermənilər bundan sonra bir də cəsarət edib müharibə haqqında düşünə bilməzlər. Bu barədə hər dəfə xam xəyallara qapılanda dəmir yumruğun ağır zərbəsini zəhərli faşist ideologiyası ilə dolmuş xəstə başlarında hiss edəcəkər.

 

Tarixi haqlarımıza nail olmuşuq

 

İndi bütün dünyanın gözü bizdədir. Çünki Azərbaycan öz tarixi haqlarına, müqəddəs vəzifələrinə nail ola bilib. Haqq-ədaləti bərpa edib. İllərlə işğal altında saxlanan doğma torpaqlarını düşməndən təmizləyib.

Dünyanın müxtəlif ölkələrində xeyli sayda münaqişə ocaqları var. Bu ocaqların olması kimlərəsə sərf edir. Hansısa xarici qüvvələr müəyyən maraqlarını təmin etməkdən ötrü bu münaqişə ocaqlarını yaradır və idarə edirlər. Bütün bunlar bəşəriyyətin əsrlərcə görə-görə gəldiyi acı reallıqdır. Hətta politologiya elmində “konflikt menecmenti” deyilən bir anlayış da formalaşıb. Hansısa toplumun, etnik qrupun öz daxilindəki neştərlə saxta millətçilik, uydurulmuş tarixi əfsanələrlə məqsədli şəkildə damarlarına zəhər  yeridilir. Onlar böyük bir regionda pozucu ünsürlərə çevrilirlər. Yaramaz davranışları ilə inkişafa, daimi təhlükəsizliyə maneə yaradırlar. Dünyanın böyük güc mərkəzləri üçün kifayət qədər əhəmiyyətli bölgə olan Cənubi Qafqaz da bu bəladan xali deyil. İmperiyalar dağılanda, əfsus ki, onların ağır miraslarından biri məhz bu cür münaqişə ocaqları olur. Keçmiş SSRİ imperiyasının belə “qalıqlarına” Azərbaycanla yanaşı, qonşu Gürcüstanda, Moldovada, Ukraynada, müəyyən səviyyələrdə digər postsovet ölkələrində də rast gəlmək olar. Dünyanın başqa coğrafiyalarındakı ayrı-ayrı ölkələr də uzun illərdir ki, belə münaqişələrdən əziyyət çəkir. On illər boyu danışıqlar davam edir. Guya həll yolları axtarılır. Amma bütün bunların sadəcə baş qatmaqdan başqa bir şey olmadığını zaman sübuta yetirir. İtirilən illərin əziyyətini sadə insanlar çəkir. Hər qanlı toqquşmada minlərlə insan həlak olur. Milyonlarla şəxs yurd-yuvasını  itirir, illərlə zərrə-zərrə tikib qurduqları ev-eşikləri dağıdılır. Ömürləri tar-mar olur. Gələcəklə bağlı arzuları puça çıxır. Didərginliyin necə dəhşətli tale olduğunu 30 ilə yaxındır bu taleyi yaşayan milyonlarla soydaşımızın həyatında görürük. Bu cür regional münaqişələrin torpağın bağrında  qara yara kimi zaman-zaman necə qövr etdiyini bizdən çox kim bilər ki?! 

 

Ustad dərsləri

 

Azərbaycan öz əzəli-əbədi torpaqlarında riyakar münaqişəyə cəlb edilmiş, ərazisi işğala məruz qalmış ölkələr sırasında, demək olar son 500 ildə, ilk ölkə oldu ki, tarixi torpaqlarını işğaldan azad edə bildi. Təxminən 30 il çəkən, sülh danışıqları ilə bu qədər müddətdə həll olunmayan münaqişəyə 44 günlük Vətən müharibəsi ilə yekun vurdu. Bütün dünyaya göstərdi ki, dövrümüzdə haqqı sübuta yetirməkdən ötrü təkcə beynəlxalq hüquq normaları kifayət etmir. Haqqın-ədalətin sənin tərəfində olması ilə də iş bitmir. Qələbə arzusuna çatmaq üçün həm də güclü, qüdrətli olmalısan. Yeri gələndə, vuran əlinin zorunu da göstərməlisən. Düşmən dəmir yumruğun gücünü duymalıdır. Anlamalıdır ki, rəqibi ondan daha güclüdür. Havadarlarının köməyi, güvəndiyi lobbi alverçilərinin dəstəyi onu bu zərbədən xilas etməyəcək.  Necə ki, Azərbaycan bütün dünyaya dəmir yumruğunun gücünü göstərdi.  Bu gücü toplamaq üçün illərdən bəri yaratdığı inkişaf hekayəsini 44 günlük Vətən müharibəsində nəql etdi. Həqiqətləri çözmək üçün ölkənin, xalqın, cəmiyyətin inkişafına nail oldu. Ordunu modernləşdirməyi, gücləndirməyi bacardı. Döyüş meydanında düşmənin dizini yerə gətirməyin sirlərini öyrəndi, diplomatik meydanda üstünlükləri ələ aldı. Haqq işinə dəstək verənlərin sayını ildən-ilə artıra bildi. Dünyaya öz həqiqətlərini çatdıra bildi. Düşmənin yalanlarını ifşa etdi. Qüdrətli ordunun öldürücü zərbəsi ilə düşməni zəbun etmək üçün əlverişli məqamı müəyyən etdi. Vaxtında hərəkətə keçməyə müvəffəq oldu.

Azərbaycan bütün dünyaya, hətta təcrübəli hərbi rəhbərlərə belə Qələbənin sirlərini, bu sirlərin nümunəsini göstərdi. Hərbi təcrübəsi ilə dünyanı mat qoydu. Dövlət rəhbərimizin “Biz nəyi, nə zaman, necə etməyi yaxşı bilirik” kəlmələri hər zaman olduğu kimi, bu dəfə də sözdə deyil, real əməldə öz təcəssümünü tapdı.

Məhz buna görə də bu gün bütün dünya bizdən öyrənir. Dünyanın gözü Azərbaycandadır. Dünyanın gözü Azərbaycandır. Hamı Azərbaycandan öyrənməyə çalışır. Şanlı qələbəmizdən müəyyən nəticələr çıxarmağa can atır. Azərbaycanın həm 44 günlük Vətən müharibəsində, illərlə davam etmiş hərbi, diplomatik, sosial-iqtisadi, mənəvi hazırlıq prosesində, həm apardığı ildırım sürətli döyüş əməliyyatlarında, həm də müharibə nəticəsində yaranmış yeni reallıqların idarə edilməsi qabiliyyətində hər kəsin öyrənə biləcəyi çox sirli məqamlar oldu.

Azərbaycan Prezidenti cənab İlham Əliyev hər kəsə sözün əsl mənasında ustad dərsləri keçdi. Dünya siyasətindən, idarəetmədən başı çıxan hər kəs bu dərslərin nə qədər dəyərli, mahiyyətli, faydalı olduğunu aydın dərk edir və bu dərslərdən lazımınca barınmağa çalışır.

 

Sülh arzusu

 

Azərbaycan 44 günlük Vətən müharibəsi ilə dünyanın hərb tarixini dəyişdi. Ona görə belə bir fikir tez-tez işlənir ki, Azərbaycan XXI əsrin innovativ müharibəsini apardı. Həqiqətən, Azərbaycanın öz iqtisadi imkanları hesabına dost ölkələrdən aldığı, eyni zamanda, müdafiə sənayesini quraraq özünün istehsal etdiyi innovativ silahlarla apardığı bu müharibə Azərbaycanın kosmosdan idarə etdiyi yeni əsrin müharibəsi idi.

Azərbaycan göstərdi ki, hərb meydanında avtomatlar, tanklar, toplar və digər belə silahlar dövrü artıq geridə qalır. Bunların yerini yeni texnologiyalar tutur. Bu silahların əsas hədəfi düşmənin hərbi birləşmələri, texnika və qurğuları, əlisilahlı canlı qüvvəsidir.

Azərbaycan bu müharibədə mülki insanlara qarşı yüksək humanizm nümayiş etdirdi. Ermənistanın heç bir mülki obyektini, dinc sakinini hədəfə almadı. Eyni zamanda dünyaya göstərdi ki, artıq sülh barədə daha ciddi düşünmək zamanıdır. Müharibələrə səbəb olan mənasız iddiaları aradan qaldırmaq gərəkdir. Toplumları faşizim mahyyətli ideologiyalardan çəkindirmək mütləqdir. Ona görə ki, indiki müasir silahlarla uzunmüddətli müharibələr aparılsa, bu müharibələrin miqyası və nəticələri dəhşətli olar. Azərbaycanın Vətən müharibəsində tətbiq etdiyi innovativ silahların gücü düşmənin gözünü qorxudaraq onu təslimçi sülhə, faktiki olaraq kapitulyasiya aktına imza atmağa məcbur etdi, dünyaya böyük bir həqiqəti anlatdı. Qoy dünya bu müharibənin təcrübəsindən nəticə çıxarsın. Bundan sonra o silahlara ehtiyac qalmasın. İnsan oğlunun yaradıcı potensialı, kəşfləri - yeni silahların icadına deyil, həyatın gözəlləşdirilməsinə, inkişafa yönələn mövcud problemlərin həllinə, rifahın yüksəldilməsinə həsr olunsun.

Azərbaycanın Vətən müharibəsində tətbiq etdiyi silahlar, nümayiş etdirdiyi mükəmməl döyüş taktikası, bu gün dünyanın aparıcı hərbi məktəblərində öyrənilir, təhlil edilir. Bütün bunlar, həqiqətən, hərb tarixinə yazılan, bu tarixdə əbədiləşən nümunəvi yeniliklərdir. Azərbaycan igidlərinin canı-qanı bahasına yazılmış qəhrəmanlıq salnaməsidir. Bəşəriyyət istərdi ki, bundan sonra bütün bunlar ancaq tarix kimi xatırlansın, öyrənilsin. Bu silahların, döyüş taktikalarının təkrarlanmasına Yer üzünün heç bir yerində daha ehtiyac olmasın. Bir daha dünyamızda müharibələr baş verməsin. Anaların ürəyinə çalın-çarpaz dağlar çəkilməsin. Göz yaşları axmasın.

 

Quruculuq vaxtı

 

Azərbaycan onillər boyu sülh danışıqları aparanda da, 44 günlük müharibə ilə yüz illərin problemlərini həll edəndə də nə istədiyini yaxşı bilirdi. Bu müharibə bizə torpaqlarımızı düşməndən təmizləmək, onillərlə düşmənə sərf edən şəkildə dondurulmuş münaqişənin buzunu əritmək, status kvonu ortadan götürmək, yeni reallıqlar yaratmaq, haqq-ədaləti bərpa etmək, məcburi köçkünlərimizin əzəli torpaqlarına qayıdışına nail olmaq üçün lazım idi.

Ermənistan isə o torpaqları nə üçün işğal etdiyini, niyə onillərlə işğal altında saxladığını, ötən 30 il ərzində bu işğaldan nə qazandığını heç kimə doğru-dürüst izah edə bilməyib. Çünki ortada Ermənistan cəmiyyətinin bu münaqişədən nə qazandığı özünə də məlum deyil. Əksinə, ağlasığmaz itkiləri var. Ötən əsrin 80-ci illərinin sonunda Qarabağ ermənilərinin separatçı hərəkətləri yenicə başlayanda Aqanbekyan kimi başabəla akademiklər bunu belə əsaslandırmağa çalışırdılar ki, guya Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi regionun iqtisadi inkişafı baxımından daha effektiv olar. Ermənilərin 30 il ərzində bu torpaqlarımızda yaratdıqları xarabalıqlar, qurulu rayonlarımızı, kənd və qəsəbələrimizi tar-mar etmələri, evlərin daşına, mismarına qədər söküb satmaları söhbətin hansı “effektivlikdən” getdiyini  aydın göstərir.

Azad edilmiş yurdlarımızdan tez-tez videogörüntülər çəkilib təqdim edilir. Bu xarabalıqlara baxdıqca istər-istəməz Nizami Gəncəvinin Nuşirəvan şah və bayquşların söhbəti dastanını xatırladım. İnsan işğalçıların, bu yerlərdə məskunlaşdırılmış ermənilərin illər ərzində bu acınacaqlı şəraitdə, xarabazarlıqda, necə yaşadıqlarına təəccüblənməyə bilmir. Bu, insandan daha çox, həşərat həyatıdır. Belə dağıntılar törətmək də şüurlu insana yox, məhz ziyanverici həşəratlara xas əməllərdir.

30 il ərzində ermənilər bu ərazilərdə heç bir iqtisadi dəyər yarada bilməyiblər. Yaratdıqları viranələrdir. Azərbaycanın vəhşicəsinə dağıdılan əmlakıdır. Vətəndaşlarımızın talan edilmiş mülkiyyətidir. Sivilizasiyadan uzaq vəhşi sürüsü kimi bu ərazilərdə qurulu nə varsa yerləyeksan edən ermənilər buna görə beynəlxalq məhkəmələr qarşısında cavab verəcəklər. Bədnam əməllərinin əvəzini ödəməli olacaqlar. O zaman bir daha anlayacaqlar ki, faşizmə məxsus millətçilik nağılları heç kimə xeyir gətirməyib. Bir daha anlayacaqlar ki, nə istədiyini anlamayan, kimlərinsə əlində alətə çevrilən, regionun inkişafını əngəlləyən, özünü çıxılmaz vəziyyətə məhkum edən bir xalqın gələcəyi ola bilməz!

 

Dünyaya taybatay açılan qapılar

 

Azərbaycan isə münaqişə başa çatandan sonra yenə də nə istədiyini yaxşı bilir. Dövlətimiz düşməndən təmizlənmiş yurd yerlərimizi yenidən gülüstana çevirmək əzmindədir. Bu yerlərin yenidən qurulmasına Azərbaycanın və ümumən dünyanın inkişaf axarına qovuşmasına çalışır. Münaqişə başa çatan kimi dərhal bu istiqamətdə işlər başlanıb. İşğaldan azad edilmiş rayonlarımızda yollar çəkilir. Bu torpaqların dünyaya, sivilizasiyaya açıq olması üçün hava limanları tikilir. Azərbaycan azad ərazilərini yenidən qurur, abadlaşdırır. Regiondan dünyaya yeni qapılar açır. Dünya iqtisadiyyatı üçün yeni imkanlar yaradır. Hər kəsi, bütün qonşu ölkələri bu imkanlardan birgə faydalanmağa çağırır. Hamını sülhü qorumaqdan ötrü çalışmağa, yeni inkişaf imkanları kəşf etməyə, tərəqqiyə mane olan əngəlləri ortadan götürməyə dəvət edir. Ona görə bu gün bütün dünyanın gözü Azərbaycandadır.

Tarixin gərdişindən baş çıxaran hər kəs fərqindədir ki, indiyədək heç bir dövlət müharibələrdən, münaqişələrdən səmərə görməyib. Bu günə qədər nail olduğu inkişaf səviyyəsini isə bütün bəşəriyyət sülhə xidmət edən, iqtisadi yüksəlişdən hamının faydalanması üçün geniş imkanlar yaradan, investisiyalara, mütərəqqi təşəbbüslərə, dirçəlişə yol açan müdrik, dühalı liderlərə bocludur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün beynəlxalq siyasi arenada belə bir tarixi missiyanı hünərlə, qətiyyətlə yerinə yetirir.

Dünya onun simasında öz məqsədlərini dəqiq müəyyənləşdirən, keçmişin təcrübəsinə əsasən bu günü və gələcəyi doğru proqnozlaşdıran, irəli sürdüyü qlobal təşəbbüslərin effektivliyini, faydalarını zaman-zaman sübuta yetirən kamil bir lideri, müdrik dövlət rəhbərini görür.

Cənab İlham Əliyevin irəli sürdüyü hər təklifin, verdiyi hər bəyanatın arxasında real icra mexanizmləri, aydın, dəqiq gözləntilər durur. Əgər Azərbaycanın yaratdığı reallıqlar düzgün dəyərləndirilərsə, bütün qonşu ölkələr bu reallıqlardan bəhrələnmək üçün imkanları birləşdirərlərsə, sülhün, sabitliyin davamlı inkişafı üçün çalışarlarsa, o zaman bu region yaxın illərdə dünyanın cənnətinə çevriləcək. Azərbaycan regiondakı böyük maraqları da nəzərə almaqla, burada gələcəklə bağlı elə dəqiq, düşünülmüş konfiqurasiya quracaq ki, özünü bu inkişaf mühitindən kənarda saxlayanlar yalnız itirəcəklər.

İnkişaf qatarı bütün hallarda öz yoluna davam edəcək və böyük gələcəyə doğru irəliləyəcək. Dünya bu xoşbəxt yola şahid olacaq!

 

Azərbaycandan başlanan gələcək

 

Azərbaycan bütün addımları ilə, həyata keçirdiyi tədbirlərlə, qazandığı uğurlarla bu gələcəyin mənzərəsini yaradır. Milliyyətindən, dinindən, mədəniyyət fərqlərindən asılı olmayaraq, bu, hər kəsin hüzur içində, qarşılıqlı hörmət ruhunda yaşayacağı parlaq gələcəkdir. Azərbaycan öz nümunəsi ilə hər bir bəşər övladını belə bir mühiti yaratmağın, belə bir gələcəyi qurmağın mümkünlüyünə ürəkdən inandırır və nurlu məqsədləri və əməlləri ilə buna addım-addım nail olur.

Bu gün bütün dünyanın nəzərləri həm də Azərbaycandakı multikulturalizm, tolerantlıq, mədəniyyətlərarası dialoq mühitindədir. Ölkəmiz illərdir ki, Qərb və Şərq sivilizasiyalarının təmas məkanına çevrilib. Tarixən bu torpaqlarda mövcud olan tolerantlıq ənənələri daha da inkişaf etdirilir. Bu ənənələr üzərində tolerantlığın Azərbaycan nümunəsi dünyaya təqdim edilir. Bakıda, digər iri şəhərlərimizdə bu yöndə beynəlxalq tədbirlər keçirilir. Azərbaycandan dünyaya multikultural dəyərlərin yayılması, innovativ inkişaf, insan kapitalının dəstəklənməsi, cəmiyyətdə savadlılıq səviyyəsinin yüksəldilməsi, ətraf mühitin mühafizəsi, sosial problemlərin həlli və s. qlobal məsələlərlə bağlı müasir çağırışlar ünvanlanır.

Tarixin bütün dövrlərində bəşəriyyətin xoşbəxtliyi üçün yollar axtaran, müxtəlif nəzəriyyələr formalaşdıran mütərəqqi fikirli bütün insanların arzusunda olduğu  gələcək Azərbaycandan başlanır. Bu başlanğıcda odlar yurdunun adı var. Azərbaycandan başlanan bu firavan gələcəkdə özünü görmək istəyənlərin, bu gələcəyin qurulması prosesində iştirak etmək arzusunda olanların, buna can atanların sayı çoxdur. Bu gələcək həm də böyük inam, sarsılmaz güvən deməkdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev həyata keçirdiyi siyasətlə, imzası qədər mötəbər olan hər sözünə sadiqliyi ilə ölkəmizə bütün dünyada böyük inam, etimad qazandıra bilib.

Azərbaycan geniş imkanlar ölkəsi deməkdir.  Burada mövcud olan zəngin, əlverişli biznes mühiti investorları özünə cəlb edir. Onlar iqtisadi həyatın müxtəlif sahələrinə yatırdıqları sərmayələrin gələcəyindən əmindirlər. Bu sərmayələrlə yaradılan yeni iqtisadi dəyərlər ölkəmizin sabahına inanıb etibar edən iş adamlarına, şirkətlərə, o cümlədən, transmilli korporasiyalara böyük üstünlüklər qazandırır. 

Azərbaycanın Prezidenti cəmiyyət həyatının müxtəlif sahələrində köklü islahatları uğurla davam etdirir. Yeni dövrə transformasiya prosesi sürətlə həyata keçirilir. Ölkəmiz yenilənir. Bu yenilik ruhu hər yerdə, hər an özünü hiss etdirir və insanlarımızın arzuları ilə üst-üstə düşür. Bu yeniliklərlə Azərbaycan özünü növbəti inkişaf mərhələlərinə hazırlayır. Zamanla birgə özü də dəyişib inkişaf edir.

 

Əsrlərin mirası

 

Dövlətimiz təhsilə, elmə, innovativ təşəbbüslərə ardıcıl dəstəyi ilə cəmiyyətə düzgün yol göstərir. Bütün ölkəboyu məktəblər tikilir, yenidən qurulur. Müasir dövrün tələblərinə cavab verən savadlı pedaqoqlar nəsli yetişdirilir. Onların ölkəmizin ən ucqar bölgələrində də rahat iş mühitinə malik olması, öz missiyasını vicdanla, sevə-sevə yerinə yetirə bilməsi üçün lazımi şərait yaradılır. Universitetlərimiz modernləşdirilir. Təhsilin forması kimi məzmunu da dəyişib, yenilənir. Azərbaycan təhsili tədricən dünya təhsilinə inteqrasiya olunur. Azərbaycan şagirdlərinin, tələbələrinin, alimlərinin səsi-sorağı beynəlxalq tədbirlərdən gəlir. Onların qazandıqları nailiyyətlərin miqyası getdikcə genişlənir. Bu sahədə mütərəqqi ənənələr inkişaf etdirilir. Ziyalılıq, təhsil, Azərbaycan cəmiyyətində yenə də ali bir dəyər kimi öz yüksək mövqeyində qərarlaşır. 

Bu mənəvi nailiyyətin əldə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rolu böyükdür. Onun təşəbbüsü ilə reallaşdırılan humanitar layihələr dövlətimizin səhiyyə , təhsil, elm, mədəniyyət və s. sahələrdə həyata keçirdiyi siyasətə böyük töhfədir. Mehriban xanımın rəhbərliyi ilə həm respublikamızda, həm də ölkə hüdudlarından kənarda reallaşdırılan bu humanitar layihələr dünyanın hər yerində Azərbaycana böyük rəğbət yaradır. Ölkəmizə dərin marağı artırır, dünyanın üzünü Azərbaycana yönəldir.

Dövlətimizin işğaldan azad edilmiş yurd yerlərimizdə bərpasına başladığı yenidənqurma işlərindən birincisi məhz mədəniyyət abidələrimizdir. Xalqımız vandal ermənilərin onilliklərlə dağıdıb viran qoyduqları, yer üzündən silməyə çalışdıqları mədəni sərvətlərimizə sahib çıxır. Onları əvvəlki görkəminə qaytarmaq, bərpa etmək, bu abidələrə yeni bir həyat vermək üçün lazımi addımlar atılır. Əsrlərdən soraq gətirən bu abidələri yaratmış Azərbaycan xalqı bundan sonra da onların əhatəsində, işığında əbədi yaşayacaq. Gələcək həyat nailiyyətləri ilə torpağın köksündə yeni-yeni maddi mədəniyyət nümunələri ucaldacaq. 

 

Cənab İlham Əliyevin yetişdirdiyi gənclik

 

Azərbaycanın ən böyük nailiyyətlərindən biri də xoşbəxt gələcəyi yaratmağa qabil gənclər ordusunun yetişməsidir. İşğal altındakı torpaqlarımız da məhz bu gəncliyin gücü, əzmkarlığı, vətənpərvərliyi, döyüş ruhu sayəsində azadlığa çıxdı. Vətən müharibəsindəki zəfərimizdə bütün nəsillərin böyük əməyi, zəhməti var. Amma bu zəfəri, bu qalibiyyəti qazananlar cərgəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə  rəhbərliyi dövründə yetişən, formalaşan gəncliyin xüsusi rolu oldu. Belə bir gəncliyi məhz İlham Əliyevin müdrik siyasəti yetişdirdi.

Bu gənclik cənab İlham Əliyevin yetişdirdiyi gənclikdir: qəlbi Vətən sevgisi ilə dolu, qürurlu, yüksək ruhlu, milli-mənəvi dəyərlərə yiyələnmiş, dövlətinə, torpağına, xalqına bağlı. Başqa cür ola da bilməzdi. Onlar gözlərini açıb Azərbaycanı güclü, qüdrətli, mübariz, öz milli  məqsədlərinə doğru addım-addım irəliləyən görüblər. Ölkəmizin nailiyyətlərini gündəlik həyat tərzi kimi yaşayıblar. Dövlətimizin varlığını, gücünü, dəstəyini, diqqət və qayğısını hər zaman hiss ediblər. Vətən, dövlət bu gənclik üçün sadəcə söz deyil, qeyri-müəyyən təsəvvür deyil. Bu, sarsılmaz inamdır, arzulara çatmaq üçün mənəvi və maddi güc mənbəyidir, sarsılmaz bir dayaqdır. Daim vətəndaşlarının yanında olan, onların rifahı, xoşbəxtliyi üçün çalışan təsisatdır. Qürur mənbəyidir, Vətən evinin abadlığıdır, inkişafdır, dünyaya qovuşmaqdır, qlobal inkişaf proseslərinin güclü bir hissəsi olmaqdır. Azərbaycan gəncliyi bu dövlətdə, bu Vətəndə öz gələcəyini aydın görə bilir. Ona görə də Azərbaycanın inkişafına töhfə verməyə, Vətən naminə misilsiz fədakarlıqlar göstərməyə hər zaman hazırdır.

Azərbaycan bu gün cəmiyyətdə nail olduğu milli birliklə nümunədir, dünyanın diqqət mərkəzindədir. Dünya bu milli birliyin gücünü Vətən müharibəsi dövründə də gördü, bu gün də görür. Ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqu yeni bir siyasi konfiqurasiya formalaşdırır. Mövcud problemlərin həllinə, faydalı təşəbbüslərin nəzərə alınmasına, eyni zamanda, Azərbaycanın milli maraqları ətrafında vəhdətin daha da möhkəmlənməsinə xidmət edir. Bu, yeni bir siyasi mədəniyyətdir. Azərbaycan bununla da yeni bir örnək formalaşdırır.

Bəli, bu gün dünya bizə baxır. Dünyanın nəzərləri bizdədir. Ona görə də yeni, müasir töhfələrlə Azərbaycanın uğurlarını daha da zənginləşdirməyə çalışaq. Məsuliyyətli vətəndaş kimi Vətən qarşısındakı mənəvi öhdəliklərimizi yerinə yetirək. Azərbaycan dövləti daha da güclənsin, qüdrətlənsin. Öz layiqli gələcəyinə doğru daha mətin addımlarla irəliləsin, xalqımız, gəncliyimiz xoşbəxt yaşasın!

 

Nurlana Əliyeva,

Bakı Slavyan Universitetinin rektoru, professor



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM