31 Dekabr 2011 01:12
381
SİYASƏT
A- A+

Dünya azərbaycanlıları vahid ideya və məqsədlər ətrafında təşkilatlanır

 

Milli birlik və həmrəylik ideyası sivil insan cəmiyyəti formalaşandan mövcud olmuş, mürəkkəb təkamül mərhələlərindən keçərək təkmilləşmiş, hər bir xalqın vahid məqsədlər ətrafında birləşməsində vacib rol oynamışdır. Qloballaşan dünyada ayrı-ayrı xalqların, dövlətlərin sülh, əmin-amanlıq, tərəqqi məqsədi ilə yaxınlaşdığı, habelə bəşər sivilizasiyasının yeni-yeni mənəvi dəyərlər, humanizm çalarları ilə zənginləşdiyi, mədəniyyətlərarası dialoqun, etnomədəni müxtəlifliyin qorunmasının zərurətə çevrildiyi bir vaxtda milli özünüdərkin təsdiqi, insanların öz kökünə bağlılığı getdikcə daha böyük əhəmiyyət daşıyır. Vətənə bağlılıq duyğuları təkcə insanın doğulduğu coğrafi ərazi amili ilə şərtlənmir, o, eyni zamanda hər bir fərdin şəxsiyyət olaraq formalaşmasını, özünüdərkini, dünyaya münasibətini şərtləndirən başlıca meyarları müəyyənləşdirən birləşdirici fenomen kimi çıxış edir.

Hər bir insan üçün "Vətən" anlayışı onun daxili "məni" ilə tamamlanan, düşüncə və hislərini, emosiyalarını, dünyagörüşünü, ictimai münasibətlər sistemində fərdi davranışının motivlərini istiqamətləndirən başlıca məfhum kimi qiymətləndirilir. Bu reallıq da getdikcə daha aydın dərk edilir ki, milli kimliyini anlamayan, təmsil etdiyi xalqdan ayrı düşən şəxs heç zaman kamil insan və vətəndaş kimi formalaşa bilməz. Bütün bu gerçəkliklər fonunda əminliklə demək olar ki, dünya azərbaycanlılarının həmrəyliyi, vahid amal, tarixi Vətən ətrafında birliyi də Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı, xalqımızın siyasi-iqtisadi və mədəni tərəqqisi baxımından son dərəcə vacib amildir. Bu gün əqidəsindən, dünyagörüşündən asılı olmayaraq Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin vahid amal uğrunda birləşməsi, həmrəylik nümayiş etdirməsi tarixi missiya, dövrün tələbi, zamanın çağırışıdır. Bunun üçünsə ilk növbədə dünyanın müxtəlif ölkələrində, tarixi Vətəndən uzaqda yaşayan azərbaycanlılar arasında həmrəyliyin, fikir, əməl birliyinin yaradılması, möhkəmləndirilməsi son dərəcə zəruridir.

XX əsrin sonlarında Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın ictimai-siyasi, milli-mənəvi və mədəni həyatında keyfiyyətcə yeni  tarixi mərhələ başlanmışdır. Zaman-zaman milli müstəqilliyindən zorla məhrum edilmiş Azərbaycan xalqı taleyinin sahibi olmuş, eyni zamanda tarixin keşməkeşli gedişatı nəticəsində illərdən bəri parçalanmış, bütün dünyaya səpələnmiş azərbaycanlıların milli dəyərlərə əsaslanaraq birləşməsinə imkan yaranmışdır.

Azərbaycanlıların mühacirət tarixi əsasən XIX əsrin ilk onilliklərindən başlayır. Qafqazda çar Rusiyasının antimüsəlman və antitürk siyasəti regionda azərbaycanlı əhalinin üstün mövqeyinin zəifləməsinə yönəlmiş və 1905-1906, 1918-ci illərdə ermənilər tərəfindən həyata keçirilən qanlı azərbaycanlı qırğınları belə məkrli strateji niyyətlərlə törədilmişdir. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətin növbəti mərhələsi başlanmışdır. Ötən əsrin 30-cu illərində İkinci dünya müharibəsindən sonrakı mərhələnin mühacirəti qanlı repressiyalar, siyasi təqib, qətllərlə bağlı olmuş və məcburi xarakter daşımışdır. Yalnız ötən əsrin 70-80-ci illərində vətənpərvər və milli ruhlu bir liderin - ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə hər bir azərbaycanlıda milli özünüdərk hisləri, soy-kökə bağlılığı güclənmiş, xaricdə yaşayan soydaşlarımızla əlaqələrin möhkəmlənməsinə əlverişli imkanlar açılmışdır. Ümummilli lider məhz həmin illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının təbliği istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir.

SSRİ dağıldıqdan və Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə də müxtəlif səbəblərdən, əsasən də sosial-iqtisadi, siyasi və mənəvi böhran üzündən respublikadan xarici ölkələrə gedənlər olmuşdur. Diaspor quruculuğu Azərbaycanda müstəqilliyin ilk illərindən aktuallıq kəsb etməyə başlasa da, bu taleyüklü vəzifənin yerinə yetirilməsinə dövlətin xüsusi diqqət göstərməsi məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur. Çətin bir şəraitdə respublikanı böhranlı vəziyyətdən qurtaran, müdrik qərarları ilə vətəndaş qarşıdurmasının qarşısını alan, ictimai-siyasi sabitliyi, qanunçuluğu təmin edən ulu öndər ilk gündən diaspor quruculuğunu da ciddi vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.

Xatırlatmaq lazımdır ki, məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" tarixi qərarında 31 dekabr tarixinin respublikada bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi qarşısında vəsatət qaldırmışdı. Ümummilli liderin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra isə müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etmiş və xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılmağa başlanmışdır.

Dünya azərbaycanlılarının konkret milli ideya ətrafında sıx birləşdirilməsi ideyasını irəli sürən ulu öndər Heydər Əliyev 1993-2003-cü illərdə xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə çalışmışdır. Ümummilli lider dünya azərbaycanlılarının milli birliyi ilə bağlı demişdir: "Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlılar üçün doğma Vətəndir. Hansı ölkədə yaşamasından asılı olmayaraq azərbaycanlı öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi Vətəni vardır. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi müstəqil bir dövlət durur. İnanıram ki, əsrlərdən bəri arzusunda olduğumuz və uğrunda mübarizə apardığımız müstəqil və azad Azərbaycan ideyalarının həyata keçirildiyi bu tarixi sınaq anlarında dünyanın hər bir guşəsində yaşayan həmvətənlərimiz bizim ümummilli məqsədlərimizin tam gerçəkləşməsi üçün daha böyük əzmlə çalışacaqlar".

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların arasında birliyin və həmrəyliyin təmin olunması ilə bağlı məsələlərin birgə müzakirəsi məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda tarixi bir toplantı - Dünya azərbaycanlılarının I qurultayı keçirilmişdir. Qurultay Azərbaycan diasporunun keçdiyi inkişaf mərhələlərini geniş təhlil etmiş, Azərbaycan icmalarının tarixi Vətənlə əlaqələrinin qurulması və möhkəmləndirilməsi, xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, diaspor quruculuğu sahəsində qarşıda duran prioritet vəzifələri müəyyənləşdirmişdir. Ümummilli lider Heydər Əliyevin I qurultaydakı dərin məzmunlu nitqində böyük həyəcanla söylədiyi "Fəxr edirəm ki, mən azərbaycanlıyam!" sözləri sayı 50 milyonu ötmüş dünya azərbaycanlıları üçün milli qürur simvoluna çevrilmişdir.

Həmin tarixi qurultaydan sonra Azərbaycanda diaspor quruculuğu prosesi sürətlənmiş, 2002-ci ilin iyulunda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (Hazırda Diasporla İş üzrə Dövlət Komitəsi adlanır) yaradılması bu sahədə dövlət siyasətinin sistemli və mütəşəkkil şəkildə həyata keçirilməsinə imkan yaratmışdır. Dövlət Komitəsi ötən dövr ərzində azərbaycançılıq ideologiyasının fundamental prinsiplərinin gerçəkləşdirilməsi istiqamətində mühüm addımlar atmış, həmvətənlərimizin təşkilatlanması üçün bir çox problemlərin həllinə nail olmuşdur. Həyata keçirilmiş çoxsaylı tədbirlər dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın xalqımızın milli maraqlarının təmin olunmasında yaxından iştirakına imkan yaratmışdır. 2002-ci ilin dekabrında "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu diasporumuzun təşkilatlanması, dünya azərbaycanlılarının birliyinin yaranması və dövlətin bu sahədə apardığı məqsədli siyasətin uğurla həyata keçirilməsinə nail olmaq üçün geniş imkanlar açmışdır.

Tarixdən məlumdur ki, mütərəqqi ideyalar olmadan insanları konkret məram və məqsədlər ətrafında səfərbər etmək, birləşdirmək mümkün deyildir. Azərbaycan xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmiş və praktikada tətbiq etmişdir.

Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada ölkədə reallaşdırılmasına səy göstərilən hər hansı ideya təkcə azərbaycanlıların deyil, bütün etnosların maraqlarını özündə tam ehtiva edir. Yəni dövlətin irəli sürdüyü hər hansı ideya və fikir etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq ölkənin bütün əhalisinin maraqlarını önə çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə rəğmən, respublikamızda insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir həmvətənimizin bu torpaq üçün yiyəlik və məsuliyyət hissi yaşaması da milli həmrəyliyin bariz təzahürüdür. Azərbaycançılıq ideologiyası bu gün ilk növbədə etnik-dini tolerantlığın və milli həmrəyliyin başlıca təminatçısı kimi çıxış edir.

Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi, ünsiyyət birliyini ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün cəlbedicidir.

Xalqımızın əvəzsiz sərvəti olan və böyük qurbanlar hesabına əldə edilmiş dövlət müstəqilliyinin son illərdə əzmlə qorunub möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin dönmədən həyata keçirilməsi, vətəndaşların  təhlükəsizliyinin, rifahının təmini sahələrində qazanılan uğurlar Azərbaycanın sürətli tərəqqi dövrünə qədəm qoymasına səbəb olmuşdur. Əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü mütərəqqi həmrəylik ideyaları ötən müddətdə ictimai şüurda daha da möhkəmlənmiş, yeni dövrün tələblərinə uyğun zənginləşdirilmiş, vətəndaş sülhü üçün möhkəm təmələ çevrilmişdir. Ötən 8 ildə milli maraqlara əsaslanan xarici siyasət yürüdən, uğurlu diplomatiya ilə respublikamızın beynəlxalq mövqelərini gücləndirən möhtərəm Prezident İlham Əliyev diaspor və lobbi quruculuğu yönümündə sistemli iş aparır. Dövlət başçısı ölkədəki sosial-iqtisadi inkişafın tempinə uyğun olaraq diaspor quruculuğu sahəsində dövrün nəbzi və tələbləri ilə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçirilməsini son dərəcə vacib sayır. Bu yöndə aparılan dövlət siyasətinin mahiyyəti dünya azərbaycanlılarının potensial imkanlarını müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həlli naminə səfərbər etmək, milli birliyə, həmrəyliyə və mütəşəkkilliyə nail olmaqdır.

Dövlət başçısı milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə çatdırılması baxımından xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd etmiş, onların daha da təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil mücadilə aparması ilə bağlı dəyərli tövsiyələrini vermiş və diaspor təşkilatlarının qarşısında yeni vəzifələr qoymuşdur. Dövlət başçısı 2004-cü il iyulun 27-də ölkə diplomatlarının iştirakı ilə Xarici İşlər Nazirliyində keçirdiyi müşavirədə demişdir: "Xaricdə yaşayan azərbaycanlılar bu və digər məsələlərdə səfirliklərə öz köməyini göstərə bilərlər. Biz, bir tərəfdən, onları qorumalıyıq, müdafiə etməliyik. Çalışmalıyıq ki, onlar yaşadıqları ölkələrin bütün təbəqələrində təmsil olunsunlar... Eyni zamanda, onlar da öz doğma vətənlərinə xidmət etməli, kömək göstərməlidirlər. Mən bilirəm ki, bu iş bir çox ölkədə gedir. Amma əlbəttə, istərdik ki, bunun böyük nəticəsi, səmərəsi olsun".

Dövlət başçısının 2004-cü ildə Rusiyaya ilk rəsmi səfərindən sonra burada yaşayan azərbaycanlıların təşkilatlanması işində dinamiklik daha da artmış, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) yeni regional şöbələri yaradılmışdır. 2004-cü ilin oktyabrında Moskvada Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə keçirilən Ümumrusiya Azərbaycanlıları Konqresinin II qurultayı da qonşu ölkədə azərbaycanlıların təşkilatlanması baxımından mühüm tədbirlərdən biri olmuşdur. Bundan başqa, 2004-cü ilin aprelində Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresi (AAK), 2004-cü ilin mayında Türkiyənin İskəndərun şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, 2005-ci ildə Kanadanın Toronto şəhərində Azərbaycan Təşkilatları Federasiyasının yaradılması dövlət siyasətinin mühüm uğurları kimi diqqəti çəkir. 

Prezident İlham Əliyev xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərə xüsusi diqqət ayırır, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində xaricdəki soydaşlarımızı daha fəal olmağa çağırır. Azərbaycançılıq ideologiyasının xaricdə yaşayan soydaşlarımızın mənəvi-siyasi birliyinin əsas istinad nöqtəsinə çevrilməsi istiqamətində məqsədyönlü iş aparır. Bu baxımdan dövlət başçısının sərəncamı əsasında 2006-cı il martın 16-da Dünya azərbaycanlılarının II qurultayının keçirilməsini xüsusi vurğulamaq lazımdır. Bu qurultay Azərbaycan diasporunun tarixində yeni səhifə açaraq, vəzifəsindən, ictimai statusundan, siyasi mənsubiyyətindən, dünyagörüşündən, vətəndaşlığından asılı olmayaraq hər bir azərbaycanlının diaspor quruculuğu işində fəal iştirakının vacib olduğunu təsdiqləmişdir. Mötəbər tədbir eyni zamanda diasporumuzun qarşısında kifayət qədər mühüm vəzifələrin durduğunu, xarici ölkələrdə yaşayan soydaşlarımızın milli dövlətçilik maraqlarımızın müdafiəsi uğrunda daha sıx birləşməsinin zəruriliyini bir daha nümayiş etdirmişdir. Azərbaycan Prezidentinin dəyərli tövsiyələri, qurultayın qəbul etdiyi sənədlər yeni tarixi mərhələdə Azərbaycan diaspor təşkilatlarının qarşısında duran əsas vəzifələri müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, doğma Vətənin milli maraqlarının müdafiəsi işinin təkmilləşdirilməsi zərurətini ortaya qoymuşdur.

2006-cı ilin iyun ayında keçirilmiş Dünya Azərbaycanlı Ziyalılarının Forumu isə müxtəlif ölkələrdə yaşayan azərbaycanlı mədəniyyət və incəsənət xadimlərinin müstəqil dövlətimizə bağlılığını nümayiş etdirmişdir, habelə onların daim dövlətin diqqət mərkəzində olduğunu göstərmişdir. Forum Azərbaycan dövlətinin xarici ölkələrdə yaşayan nüfuzlu ziyalılarımızın diaspor quruculuğu işinə daha geniş cəlb olunmasına xüsusi önəm verdiyini bir daha təsdiqləmişdir. Tədbirdə müzakirə olunan məsələlər və qəbul olunmuş sənədlər azərbaycanlı ziyalıların diaspor quruculuğu işinə verdiyi yüksək qiymətin təzahürü kimi tarixə düşmüşdür.

2007-ci ilin mart ayının 10-da Bakı şəhərində keçirilmiş Avropa Azərbaycanlıları Konqresinin II qurultayı Azərbaycan dövlətinin diaspor quruculuğu işinə göstərdiyi diqqət və qayğıya əsaslanaraq yeni mərhələdə təşkilatın qarşısında duran əsas vəzifələri müəyyən etmişdir. Qurultayda AAK-ın Nizamnaməsinə edilmiş dəyişikliklər, aparılmış struktur islahatları qurumun fəaliyyətini daha da təkmilləşdirməyə əsaslı zəmin yaratmışdır. Konqres Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının son illər ərzində qazandığı iqtisadi və siyasi nailiyyətləri alqışlayaraq, ölkənin inkişafına, xalqımızın sosial rifahının yaxşılaşdırılmasına, demokratik ənənələrin təşəkkülünə, vətəndaş cəmiyyəti quruculuğuna, regionda sülhün və sabitliyin təmin olunmasına istiqamətlənmiş islahatları dəstəklədiyini bəyan etmişdir.

Şübhəsiz, Azərbaycan Respublikasının hər bir uğuru, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizin qəlblərində böyük qürur və iftixar hissi doğurur. Müstəqil Azərbaycan  dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş soydaşlarımıza doğma atalıq duyğuları bəsləyir, öz övladlıq borclarını layiqincə yerinə yetirə bilmələri üçün onlara lazımi imkanların yaradılmasına səy göstərir. Bununla belə, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların ilk növbədə öz milli kimliklərini dərk etməsi, Azərbaycanın dilini, mədəniyyətini, incəsənətini, mütərəqqi ənənələrini, tarixini yaşatması, inkişaf etdirməsi zərurətdir. Hər bir xalqın mövcudluğunun ideoloji-siyasi və mənəvi təməl prinsipi kimi nəzərdən keçirilən bu meyarlar xaricdəki soydaşlarımız üçün də əsas olmalı, daim diqqətdə saxlanılmalıdır. Bu, bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin təminatı baxımından bəlkə də ən mühüm şərtdir.

Zəngin milli-mənəvi irsi ilə dünyanın ən qədim etnoslarından biri kimi tanınan azərbaycanlılar haqqında xarici ölkələrdə obyektiv rəyin formalaşdırılması məhz bu prinsiplərə riayət olunmasından keçir. Bunun üçün xaricdəki soydaşlarımızı birləşdirən diaspor təşkilatları yüksək fəallıq nümayiş etdirərək yaşadıqları ölkələrin ictimai-siyasi həyatına geniş təsir imkanları əldə etməyə, müəyyən mövqelərə malik olmağa çalışmalıdır. Yalnız bu halda Azərbaycan haqqında məlumat qıtlığını aradan qaldırmaq, ölkə reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq mümkündür. Dövlət başçısı cənab İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanda gedən proseslər dünya dövlətləri üçün açıq olmalıdır: "Mənim müxtəlif qonaqlarla çox görüşlərim olubdur. Görürəm ki, Azərbaycana ilk dəfə gələn qonaqlar tam başqa fikirlə gəlirlər. Amma burada reallıqları, ab-havanı görəndə, Azərbaycanın ümumi inkişafını, cəmiyyətdə hökm sürən dözümlülüyü, tolerantlığı, qonaqpərvərliyi, vətəndaş həmrəyliyini görəndə Azərbaycandan tamamilə başqa fikirlə ayrılırlar. Ona görə diasporun fəaliyyəti məhz bu istiqamətdə də öz töhfəsini verməlidir və bunu etmək üçün diaspor daha da möhkəm təşkilatlanmalıdır".  

Respublikamızın sosial-iqtisadi sahədə qazandığı nailiyyətləri, inkişafı Azərbaycan modelinin mahiyyətinin dünya miqyasında təbliğ olunması beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından da olduqca vacibdir. Azərbaycanın zəngin təbii resurslara, habelə Şərqlə Qərbi qovuşduran əlverişli tranzit imkanlarına malik olması, qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi iştirak etməsi, eləcə də balanslaşdırılmış xarici siyasət yeritməsi onun dünyanın siyasi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə əlaqələrinin genişlənməsinə böyük imkanlar açır. Qlobal iqtisadi layihələrin uğurla həyata keçirilməsi təkcə iqtisadi deyil, həm də siyasi aspektdən Azərbaycan üçün son dərəcə faydalıdır. Prezident  İlham Əliyev haqlı olaraq hesab edir ki, sosial-iqtisadi sahədəki uğurlar xaricdə yaşayan soydaşlarımızın müstəqil respublikamızla bağlı dolğun və hərtərəfli təbliğat aparması, habelə Azərbaycana investisiya qoyuluşunu təşviq etməsi baxımından daim istinad ediləcək zəngin "informasiya bankı" rolunu oynayır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazın ən ciddi problemi kimi indiyə qədər həllini tapmaması bütövlükdə Xəzər hövzəsi regionunda sülhə, sabitliyə və iqtisadi əməkdaşlığa potensial təhlükə mənbəyi kimi çıxış edir. Azərbaycanın 20 faizdən artıq ərazisini işğal altında saxlayan bu təcavüzkar dövlətin ən müxtəlif səviyyələrdə ifşası, erməni lobbisinin respublikamıza qarşı apardığı bədnam təbliğata qarşı effektiv əks-hücumun təşkili prosesində müvafiq dövlət və qeyri-dövlət qurumları ilə yanaşı, xaricdə yaşayan azərbaycanlıların da fəal mövqe tutması son dərəcə vacibdir. Dünyada gedən qloballaşma prosesinin sivilizasiyalararası dialoqu zərurətə çevirdiyi bir vaxtda Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərinə etinasızlıq göstərməkdə davam etməklə özünü ifşa edir, strateji layihələrdən kənarda saxlayır. Azərbaycan diasporunün nümayəndələri bu və digər mühüm faktlardan maksimum səmərəli yararlanmalı, yaşadıqları ölkələrdə Ermənistanın ifşası istiqamətində fəal iş aparmalıdırlar. Dövlət başçısı cənab İlham Əliyevin bu ilin iyun ayında keçirilmiş Dünya azərbaycanlılarının III qurultayında bəyan etdiyi kimi, regionda milli düşmənçilik və ədavət yaradan təcavüzkar erməni separatizminin, erməni diasporu və lobbisi tərəfindən irəli sürülən cəfəng iddiaların, tarixi saxtakarlıqların qarşısının alınması xaricdəki soydaşlarımızın üzərinə düşən vacib vəzifələrdən biridir: "Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni, Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi. Biz indi iddia etmirik ki, bu torpaqlar Azərbaycana birləşsin. Halbuki hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq tarixini bilməlidir. Bilməlidir ki, bu bölgələr tarixi Azərbaycan torpaqlarıdır. Məsələnin həlli üçün, əlbəttə, bütün amillər nəzərdən keçirilməlidir. Tarix bəllidir. Bu, bizim torpağımızdır, nəinki Dağlıq Qarabağ və digər bölgələr. Beynəlxalq hüquq normaları tam şəkildə bizim mövqeyimizi müdafiə edir".

Bir neçə gün əvvəl Fransa Milli Assambleyasının nəinki Türkiyənin və Azərbaycanın dövlət maraqlarının, ümumiyyətlə demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının əleyhinə yönəlmiş qərar qəbul etməsi bədnam erməni lobbisinin son vaxtlar yenidən fəallaşdığını göstərir. Məhz buna görə də dövlət başçısı son 8 ildə Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının səylərinin birləşdirilməsi üçün real təşəbbüslərlə çıxış etmişdir. Azərbaycan Prezidentinin türkdilli xalqların ideya birliyinin təmin edilməsi istiqamətindəki fəaliyyətinin ən başlıca səbəblərindən biri də bu gün az qala bütün dünyanı cəfəng, iftira xarakterli təbliğatının təsiri altına salmağa çalışan, nəinki Türkiyə və Azərbaycana, bütövlükdə böyük türk dünyasına qənim kəsilən bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkili zərurəti ilə şərtlənir. Xüsusən də tarixi tellərlə bir-birinə sıx bağlı olan Türkiyə və Azərbaycanın diaspor təşkilatlarının vahid məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni nöqtəyə vurması, çirkin erməni təbliğatına qarşı mütəşəkkil mübarizəyə qoşulması cənab İlham Əliyevin başlıca məqsədlərindən biridir.

Hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla azərbaycanlı və türk yaşayır. Bu böyük qüvvənin xalqlarımızın və dövlətlərimizin ümumi maraqlarının müdafiəsinə istiqamətləndirilməsi, Azərbaycan və Türkiyənin beynəlxalq aləmdə siyasi, iqtisadi mövqelərinin daha da möhkəmləndirilməsi, onun intellektual imkanlarından istifadə edilməsi müasir dövrün çağırışıdır.

2006-cı ilin sentyabr ayında Ankarada keçirilən Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı Prezident İlham Əliyevin türk dövlətləri arasında birləşdiricilik missiyası həyata keçirən və bu sahədə böyük uğurlar qazanan lider olduğunu bir daha təsdiqləmişdir. 2007-ci ilin mart ayının 9-da keçirilmiş Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I forumu yalnız Azərbaycan diasporunun deyil, bütün türk dünyasının həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Forumda türkdilli dövlətlərin dövlət rəsmilərinin, habelə dünyanın müxtəlif ölkələrində yaşayan türk xalqlarının təmsilçilərinin iştirakı Azərbaycan və türk diaspor təşkilatlarının birliyi ideyasının inkişafına yeni təkan vermişdir.

Tədbirdə təsdiq edilmiş "Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası" Azərbaycan və türk icmaları arasında əməkdaşlığın əsas prinsip və istiqamətlərini müəyyənləşdirmişdir. Strategiyanın müddəaları iqtisadi, sosial, mədəniyyət, turizm, təbliğat, habelə ermənilərin "soyqırımı" iddialarının ifşa edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, insan hüquq və azadlıqlarının qorunması kimi mühüm vəzifələrin yerinə yetirilməsi sahəsində qarşıda duran vəzifələri özündə ehtiva etmişdir. Bu sənədin əhəmiyyəti Azərbaycan və Türkiyə respublikalarının, habelə bütün türkdilli xalqların milli maraqlarının müdafiəsi işinə diaspor təşkilatlarının cəlb etməyə yönəldilməsindən ibarət olmuşdur.

Dövlət başçısı İlham Əliyevin ciddi səyləri ilə Azərbaycan diasporu indi özünün inkişaf və təkamül dövrünü yaşayır. Diasporumuzun güclənməsində, Azərbaycanın təbliğində, ölkəmiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə təhsil alan və işləyən gənclərin də mühüm rolu var. Son illərdə respublikanın Avropaya inteqrasiya yolu seçməsi xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin sayının ildən-ilə artmasına imkan yaratmışdır. Bu isə gələcəkdə güclü diasporun formalaşması üçün etibarlı bünövrə rolunu oynayır. Onu da xüsusi vurğulamaq istərdik ki, dövlət başçısı İlham Əliyev də xarici ölkələrdə təhsil alan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin milli maraqlarının müdafiəsi işinə cəlb edilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamışdır. Hələ 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi Dövlət Proqramı" əsasında Bakı şəhərində Dünya azərbaycanlı gənclərinin l konqresinin keçirilməsi də bunun əyani təzahürüdür.

Dövlət rəhbəri xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin problemlərinin həllini həmişə diqqət mərkəzində saxlayır, onların aradan qaldırılması məqsədi ilə Azərbaycanın müvafiq dövlət və hökumət orqanlarına göstərişlərini, tövsiyələrini verir. Xarici ölkələrdə təhsil alan və yaşayan azərbaycanlı gənclər də dövlətin yaxın dəstəyi və yardımı sayəsində həmin ölkələrdə müxtəlif dərnəklər və ictimai birliklər yaradırlar. Dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" da gənclərimizin diaspor və lobbi quruculuğu prosesində fəal iştirakını təmin edir. Bu baxımdan, BDU-nun xətti ilə xaricdə təhsil alan tələbələrin fəallığını da xüsusi qeyd etmək olar.

Azərbaycan həqiqətlərinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, diasporumuzun bu istiqamətdə təşkilatlanmasında Heydər Əliyev Fondunun da tarixi xidmətləri xüsusi vurğulanmalıdır. 2007-ci ildən başlayaraq hər il dünyanın bir sıra böyük şəhərlərində - Moskvada, Berlində, Strasburqda, Buxarestdə, Cenevrədə, Ankarada, İstanbulda, Parisdə, Vaşinqtonda, Nyu-Yorkda, Varşavada, Londonda, Dubayda, Haaqada, Kiyev və Tbilisidə Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar həyata keçirir. Bu aksiyaların təşkilində xaricdəki diaspor təşkilatları da xüsusi fəallıq nümayiş etdirirlər. Eyni zamanda, Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın diaspor quruculuğu, Rusiyadakı azərbaycanlı gənclərin təşkilatlandırılması istiqamətindəki fəaliyyəti təqdirəlayiqdir.

Ümumilikdə, son 20 ildə 31 dekabr tarixinin respublikada Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi xoş ənənəyə, xalqın sarsılmaz milli-mənəvi birliyinin təcəssümünə çevrilmişdir. Dövlət başçısı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində deyilir: "Vətənimizin hüdudlarından kənarda yaşayan soydaşlarımız arasında azərbaycançılıq ideyalarının və milli təəssübkeşlik duyğularının günü-gündən güclənməsi olduqca fərəhləndirici haldır. İndi xaricdəki həmvətənlərimiz məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında getdikcə öz mövqelərini genişləndirir, Azərbaycanın dünyada tanıdılmasına, mədəniyyətimizin təbliğinə sanballı töhfələr verirlər. Bu ilin yazında keçirilmiş nüfuzlu beynəlxalq mədəniyyət yarışmasında - "Eurovision - 2011" mahnı müsabiqəsində təmsilçilərimizin qazandığı qələbədə Avropa ölkələrində yaşayan soydaşlarımızın da payı olmuşdur. Ümidvaram ki, diaspor təşkilatlarımız bundan sonra da əldə edilən nailiyyətlərlə kifayətlənməyəcək, Diasporla İş üzrə Dövlət Komitəsi və xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizlə əməkdaşlığı gücləndirəcək, yeni çağırışlara daha mütəşəkkil və təsirli cavab verəcəklər".

Qədim tarixə, zəngin mədəniyyətə malik Azərbaycan xalqının müstəqillik əldə etdiyi andan bütün dünya azərbaycanlılarına bəxş etdiyi bu bayram ümummilli əhəmiyyətə malik olmaqla dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasını möhkəmləndirir. Azərbaycanlıların dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən milli həmrəylik günü xalqda özünəinamı gücləndirir. Hər bir vətəndaş kimi, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti, tələbələri də bu bayramı yüksək əhvali-ruhiyyə, həmrəylik duyğuları ilə qarşılayırlar. Ürəkdən inanırıq ki, möhtərəm Prezident İlham Əliyevin yürütdüyü siyasət müstəqil Azərbaycanın yaxın perspektivdə inkişaf etmiş ölkəyə çevrilməsi ilə nəticələnəcək, hər bir azərbaycanlı vətənin uğurları ilə qürur duyacaqdır.

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin rektoru, akademik, Milli Məclisin deputatı 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video