01 Noyabr 2020 00:22
2243
SİYASƏT
A- A+

Döyüş meydanında qalib olan İlham Əliyev diplomatik cəbhədə də milli maraqlarımızı qətiyyətlə təmin edir


Azərbaycan Ordusu müzəffər yürüşünü davam etdirir. Ermənistanın sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribatdan sonra başlanan ikinci Qarabağ müharibəsi praktik şəkildə təsdiq etdi ki, Azərbaycan hərb meydanında ən xırda detalına qədər böyük üstünlüyə malikdir. Hazırda cəbhə xəttinin bütün istiqamətlərində düşməni qovan ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.


Xeyli sayda yaşayış məntəqəsi azad olunub


Cəmi bir ay müddətinə Azərbaycan Ordusu 200-ə yaxın yaşayış məntəqəsini işğaldan azad etdi. O cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrut, Ağbənd, Mincivan qəsəbələrində, milli kimliyimizin rəmzlərindən olan Xudafərin körpüsündə 27 ildən sonra Azərbaycan bayrağı dalğalanmağa başladı. Murov dağında və cəbhənin digər istiqamətlərində strateji yüksəkliklər ordumuzun nəzarəti altındadır. Hər ötən gün ərzində cəbhənin bütün istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, tankları, PDM-ləri, müxtəlif atəş sistemləri və texnikaları məhv edilərək sıradan çıxarılır.

Bu günlərdə gücünü praktik şəkildə göstərən ordumuzun uğurlarının səbəbi Ali Baş Komandan İlham Əliyevin xüsusi nəzarəti altında respublikamızda həyata keçirilən hərbi quruculuqdur. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev demişdi: "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

Ötən 17 ildə respublikamızda ordunun daha da gücləndirilməsi ilə bağlı olduqca mühüm işlər görülüb. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda görüb, nümayiş etdirilən hərbi texnikaların timsalında möhtəşəm ordu quruculuğunun şahidi olub. Bu paradlar həm də bir növ ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədini daşıyıb.

O cümlədən 2016-cı ilin Aprel döyüşləri ilk olaraq Azərbaycanın hərbi imkanlarının ilk dəfə müharibə meydanında təsdiqi oldu. Hərb tariximizə həkk olunan həmin döyüşlər zamanı cəmi 4 günə düşmənə böyük zərbələr vurulmuş, ərazilərimiz azad edilmişdi.


Ən müasir döyüş imkanlarına malik olan ordu


İlham Əliyevin ordu quruculuğunun ən əsas tərəfi isə müasir döyüşlərin aparılmasına imkan verən hərbi texnikanın silahlı qüvvələrimizin arsenalına daxil edilməsidir. Son onilliklərdə bütün dünyada həyatın hər bir sahəsində baş verən dəyişikliklər, elmi və texniki inkişaf müasir döyüşlərin aparılmasına da ciddi korrektələr edilməsinə gətirib çıxarır. Məsələn, bu gün 30 il əvvəlin standartları ilə müharibə edib qalib gəlmək mümkün deyil.

Azərbaycanda həyata keçirilən ordu quruculuğunda bu cür məsələlərin hamısı nəzərə alınıb. Son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlar, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları bu qəbildəndir. Azərbaycanda həyata keçirilən ordu quruculuğunun ən mühüm uğuru silahlı qüvvələrimizin döyüş imkanlarının tamamilə modernləşdirilməsidir.

Bu baxımdan Azərbaycan ikinci Qarabağ müharibəsində müasir döyüşlərin aparılmasının nümunələrini yaratdı. Xalqımız və beynəlxalq ictimaiyyət dövlətimizin mükəmməl hərbi gücə malik olduğunu gördü. Cəbhədə əldə olunan hər bir uğur təsdiq edir ki, ordumuzun arsenalı ən modern silah və hərbi texnika ilə zəngindir. Dünyanın hərbi baxımdan inkişaf etmiş ölkələrinin malik olduqları silahlar Azərbaycanda da var.

Tanınmış hərbi ekspertlər də işğal edilmiş ərazilərimizin azad edilməsi üzrə əks-hücum əməliyyatlarında Azərbaycanın XXI əsrdə müharibə aparılması nümunəsini yaratdığını təsdiqləyirlər. Bu barədə danışan tanınmış rusiyalı hərbi ekspert, "Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenkonun sözlərinə görə, Azərbaycanın orduya çəkdiyi xərclər əbəs deyilmiş. "Ona görə də bugünkü Azərbaycan ordusu yaxşı təchiz olunub, o, layiqli rəqib və regionda ən yaxşı ordudur, dünyanın ən yaxşı 50 ordusu sırasındadır”, - deyə o bildirib.


İlham ƏLİYEV: "Heç bir təzyiq bizə təsir edə bilməz”


Bu gün Azərbaycan Ordusu işğalçını torpaqlarımızdan vurub çıxarır, danışıqları anlamayan və getdikcə həyasızlaşan Ermənistanı güc yolu ilə başa salır. Bütün bunlar ermənipərəst siyasi dairələri narahat etdi, hətta ATƏT-in Minsk qrupunün üzvü olan Fransa neytrallığını saxlaya bilməyərək açıq şəkildə Ermənistanın tərəfini tutdu. Bundan başqa, elə Fransanın da iştirakı ilə bir neçə gün əvvəl BMT Baş Assambleyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırlanan qətnamə layihəsində də məqsəd Azərbaycana təzyiq göstərmək idi. Lakin Qoşulmama Hərəkatının üzvü olan dövlətlərin sərt etirazı nəticəsində həmin qərəzli layihə səsverməyə çıxarılmayaraq geri götürüldü.

Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan öz torpaqlarında ədalətin bərpa olunması üçün hərbi əməliyyatlarını davam etdirir. Ordumuzun döyüş meydanında qələbəsi ilə yekunlaşan ötən hər bir günün təhlili göstərir ki, Prezident

İlham Əliyev həm də diplomatik cəbhədə inamla döyüşür, ölkəmizə qarşı beynəlxalq təzyiqlərin qarşısını peşəkarlıqla, qətiyyətlə alır. "Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!” -deyə Prezident İlham Əliyev bildirib.

Azərbaycan problemin danışıqlar yolu ilə həllinə bu gün də sadiqdir. Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə görüşü də bunu təsdiqləyir. Bu görüşlə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında yer alan müddəalara da Azərbaycan riayət edir. Belə ki, ordumuz beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəfə almır, döyüş sahəsindəki cəsədlərin toplanması və mübadiləsinin həyata keçirilməsində iştirak edir və s.

Eyni fikirləri Ermənistan barəsində söyləmək mümkün deyil. Gəncənin və Bərdənin bombalanması göstərir ki, işğalçı dövlət qəsdən mülki əhalini hədəfə alır. Eyni zamanda Ermənistan döyüş meydanında həlak olmuş əsgərlərinin cəsədlərinə, hətta azad olunmuş ərazilərdə qalan yaşlı vətəndaşına belə sahib durmaq istəmir.

İndiyə qədər əldə edilmiş bütün razılaşmalar məhz Ermənistan tərəfindən pozulub və hər dəfə də döyüş meydanında Azərbaycan tərəfindən cəzalandırılıb. Bu səbəbdən işğalçı dövlətin Cenevrə razılaşmalarına da riayət edəcəyi ağlabatan görünmür. Azərbaycanın isə şərtləri konkret və dəyişməzdir. Danışıqlar məhz ölkəmizin şərtlərinin yerinə yetirilməsi çərçivəsində mümkündür. Əks təqdirdə ordumuz torpaqlarımızda ədalətin təmin olunmasını layiqincə davam etdirəcək, Azərbaycan əsgəri öz vəzifəsini böyük şövqlə, rəşadətlə yerinə yetirəcək.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video