11:11 15 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
01:09 15.06.2021

Tarixin dönüş məqamı


01:06 15.06.2021

Qurtuluş dastanı


01:00 15.06.2021

15 iyun müqəddəs tarixdir


00:50 15.06.2021

BİLDİRİŞ


00:49 15.06.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dövrünün görkəmli maarifçi ziyalısı

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:46 06.05.2021

 

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Abdulla Şaiq  ömrünün yarıdan çoxunu xalq maarifinin inkişafına sərf etmişdi. O, şair, nasir, dramaturq, tərcüməçi, qayğıkeş pedaqoq olmaqla yanaşı, həm də bir çox dərs kitablarının müəllifidir. Abdulla Axund Mustafa oğlu Talıbzadə-Abdulla Şaiq 1881-ci il fefral ayının 21-də Tiflisin Şeytanbazar deyilən  məhəlləsində anadan olmuşdu.

Abdulla Şaiq doğulmamışdan öncə gənc ailədə Abdulla adlı bir oğlan uşağı dünyaya gəlmişdi. Onun gəlişi böyük sevincə səbəb olsa da  bu, uzun sürməmişdi. O, körpə ikən dünyasını dəyişmişdi. Bir müddət gənc ata-ana uşağın yoxluğu ilə barışa bilmir. Lakin çox keçmir ki, ailənin qurduğu ocağa yeni sevinc gəlir. Allah-təalanın hökmü ilə Abdullanı əvəz edəcək körpə dünyaya göz açır. Uzun “səfərdən” gələn oğlan uşağı özü ilə bacı da “gətirir”. Bu da ailənin ikiqat sevincinə səbəb olur. Ata əvvəlinci oğlunun adını yaşatmaq üçün yeni doğulmuş övladına Abdulla, qızına Raziyə (qayıdan) adını verir. Lakin təəssüflər olsun ki, Raziyə də çox yaşamır. Üçaylığında o da dünyasını dəyişir.

Abdullanın atası Axund Mustafa Süleyman oğlu dövrünün məşhur din və maarif xadimlərindən idi. Axund Mustafa ali dini təhsilini Təbrizdə məşhur olan Hacı Səfərəli mədrəsəsində bitirmişdi. Təbrizdən Tiflisə qayıtdıqdan iki il sonra Şiə Ruhani İdarəsində yüksəkrütbəli din xadimlərinin qarşısında imtahan verərək “Axund” rütbəsinə layiq görülmüşdür. O, Tiflis-Kutaisi Şiə Quberniya məclisinə üzv seçilmiş, məktəb və dərsliklərin yaradılması işinə nəzarət etmiş, Tiflis şəhəri üzrə Qazının, sonra isə Zaqafqaziya üzrə Şeyxülislamın müavini olmuşdur.  Balaca Abdulla atasının 1888-ci ildə Tiflisin azərbaycanlılar yaşayan hissəsində ərəb və fars dillərindən dərs dediyi 6 sinifli Azərbaycan məktəbində oxumuşdu.

Bir müddət burada təhsil aldıqdan sonra anası Mehri xanım Abdullanı və qardaşı Yusifi Xorasan ziyarətinə aparmaq üçün əri axund Mustafadan icazə istəyir. Lakin Axund onların bu səfərə getməsinə etiraz edir. Buna da uşaqlarının kiçik, arvadının cavan olmasını səbəb gətirirdi. Əsl səbəb isə ailədə yaranmış umu-küsülük idi. Mehri xanım isə bu müqəddəs səfərə getmək üçün ərindən icazə almaqda təkidli idi. Axund Mustafa naəlac qalıb ailəsinin qonşu qadın ilə səfərə getməyinə razılıq verir.

1893-cü ildə  Abdulla qardaşı Yusif və anası ilə Xorasana, indiki Məşhəd şəhərinə səfər edir. Onlar Axund Mustafanın hər ay göndərdiyi kifayətedici pulla dolanırlar. Abdulla əvvəlcə mollaxanada oxuyur. Burada Çərəkə, Quran, “Cameyi-Abbas”, “Gülüstan” kimi kitablar tədris edilirdi. Lakin mollanın bir dəfə onu çubuqla vurması Abdullanın buradan qaçmasına səbəb olur. Bir qədər sonra isə İmam Rzanın ziyarətgahı yaxınlığında Mirzə Yusif adlı bir ziyalının açdığı şəxsi məktəbdə təhsilini davam etdirir. Qardaşlar burada fars və ərəb ədəbiyyatını öyrənməkdən savayı, tarix, məntiq, psixologiya və başqa fənləri də dərindən mənimsəməyə başlayırlar.

1899-cu ildə ailə Tiflisə qayıdır, Abdulla isə Xorasanda qalıb təhsilini davam etdirir.

1900-cü ildə anası Abdullanı vətənə gətirmək üçün Xorasana gəlir. Abdullanın etirazlarına baxmayaraq Mehri xanım onu Tiflisə gətirir.

Bir müddət sonra Abdulla müəllimlik şəhadətnaməsi almaq üçün Bakıya gəlir. O, ilk növbədə, Tiflisdən tanıdığı Nəriman Nərimanovla görüşür.

N.Nərimanov bu ailə ilə həmişə isti münasibətdə olmuşdu. O, Qori Müəllimlər Seminariyasında təhsilini başa vurduqdan sonra da axundla tez-tez görüşərdi. Mehri xanım uşaqlarını vaxtaşırı götürüb N.Nərimanovun anası Həlimə  xanıma baş çəkərmiş.

Abdulla Talıbzadə 22 aprel 1901-ci ildə Bakıda Aleksandr gimnaziyasında səkkiz  nəfərdən ibarət olan xüsusi komissiya  qarşısında imtahan verərək orta məktəblərdə Azərbaycan dili dərsinin tədrisi üçün müəllimlik şəhadətnaməsi alır. Arxivdə diqqətçəkən sənədlərdən biri də 10 may 1901-ci ildə Abdulla Talıbzadəyə verilən başqa bir şəhadətnamədir. Bu dini biliyi haqqında Tiflis Müsəlman Məktəbinin ştatlı nəzarətçisi, Zaqafqaziya Şeyxülislamı Axundzadənin imzası və möhürü ilə xüsusi təlim üzrə ilk iki sinfi bitirərək III sinfin birinci bölməsinə daxil olması haqqında Abdulla Talıbzadəyə verilən şəhadətnamə idi.

Abdulla Şaiqin müəllimlik şəhadətnaməsi aldığını bilən N.Nərimanov onun işlə təmin olunması üçün Bakı Dumasının maarif şöbəsinin müdirinə aşağıdakı məzmunda müraciət edir.

“Mixail Aqanoviç!

Qulluğum Sizinlə görüşməyimə mane olur, ancaq alicənablığınıza və xeyirxahlığınıza güvənərək Sizə məktub yazmağa cəsarət edirəm. Sizdən xahiş edirəm ki, Mirzə Abdulla Talıbzadəni rus-tatar (Azərbaycan) məktəblərinə tatar (Azərbaycan) dili müəllimi vəzifəsinə təyin edəsiniz, onun bu fənni tədris etməyə səlahiyyəti vardır və rus dilini də kifayət qədər yaxşı bilir. Əgər Siz onun sənədlərini başqalarının sənədləri ilə müqayisə etsəniz, onun başqalarından fərqlənən ləyaqəti aydınlaşar.

Narahat etdiyim üçün bağışlayın. Xidmətinizdə həmişə hazıram, Sizə hörmət edən N.Nərimanov  Bakı, 17 sentyabr 1901-ci il”. 

Bununla onu işə götürmək istəyirlər. Lakin təəssüf ki, yer olmadığından gənc Abdulla “ehtiyat müəllim” qalmağa razılıq verir.

Abdulla Şaiq 1902-ci ildə Bakıda Azərbaycan maarifçisi Həbib bəy Mahmudbəyovun müdir olduğu 6 sinifli şəhər məktəbinə müəllim təyin olunur. Məktəbdə dərs yükünün azlığı Abdullanı qane etmir. Maddi vəziyyətini yaxşılaşdırmaqdan ötrü başqa bir məktəbdə də dərs demək üçün yollar arayır və  H.Z.Tağıyevin “Lifli Maddələrin Emalı Səhmdar Cəmiyyəti”nin nəzdində açılacaq məktəbdə işləmək üçün həmin cəmiyyətin sahibi, milyonçu-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə 20 noyabr 1903-cü ildə məktubla müraciət edir. Müraciətdə Mirzə Abdulla Talıbzadə xahiş edir ki, Bakı şəhər rus-tatar məktəbinin ehtiyatda olan  şəriət və yerli dil müəllimi kimi “Lifli Maddələrin Emalı Səhmdar Cəmiyyəti” nəzdində yeni açılacaq məktəbə təyin edilməsinə icazə verilsin. 

H.Z.Tağıyev Abdullanın məktubu ilə tanış olduqdan sonra Bakı quberniyası və Dağıstan vilayətinin xalq məktəblərinin direktoru A.S.Tixoryevskiyə aşağıdakı məzmunda məktub göndərir.

“Bu il ( il yazılmayıb) 23 avqust tarixdə, H.Z.Tağıyevin “Lifli Maddələrin Emalı üzrə Qafqaz Səhmdar Cəmiyyətinin İdarə Heyəti”nə zati-alinizin adıçəkilən səhmdar cəmiyyətində məktəbin açılması ilə əlaqədar müsəlman etiqadı üzrə şəriət və tatar (Azərbaycan) dili müəllimi Mirzə Abdulla Talıbovun ora təyin olunması xahiş edilir.

Hazırda Talıbov Sabunçu üçsinifli məktəbə eyni vəzifəyə dəvət olunub. Səhmdar Cəmiyyətinin İdarə Heyəti zati-alinizə bildirməkdən şərəf duyur ki, Talıbov Sabunçu məktəbinə təyin olunarsa, idarə heyəti öz tərəfindən fabrik məktəbinə başqa bir müəllim təyin olunması üçün xüsusi müraciət etsin”.

Abdulla Şaiq həmin illərdə bir neçə məktəbdə pedaqoji fəaliyyətini davam etdirir. Bundan əlavə, o, Bakıda 3 sinifli kişilər məktəbində və Ramana məktəblərində ayrı-ayrı illərdə müəllim işləmişdi.

Abdulla Şaiq müəllimlik fəaliyyəti ilə bərabər, körpə balalarımızın da qayğısına qalırdı. Buna görə də o, uşaq bağçası açmaq qərarına gəlir və Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəbləri direktoru A.S.Tixoryevskiyə aşağıdakı məzmunda ərizə ilə müraciət edir.

“Zati-aliləri Sizdən xahiş edirəm Bakı şəhərində müsəlman uşaqları üçün uşaq bağçası açılmasına icazə verəsiniz. Uşaq bağçası həmişə mənim nəzarətim altında olacaq. İllik ödəniş 140 (yüz qırx) rubldır. Uşaq bağçası Verxnaya-Priyutskaya küçəsi (indiki Şamil Əzizbəyov -- A.K.), ev №80-də olacaq.

Mirzə Abdulla Tağızadə, 29 sentyabr 1916-cı il, Bakı şəhəri.”

6 oktyabr 1916-cı ildə Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəbləri direktoru tərəfindən Bakı Realni Məktəbi müdirinin adına aşağıdakı məzmunlu məktubda A.Talıbzadə tərəfindən uşaq bağçası açılmasına onun tərəfindən etirazın olub-olmadığını bilmək üçün müraciət olunur. Həmin realni məktəbin direktorunun 11 oktyabr 1916-cı ildə yazdığı cavab məktubunda Mirzə Abdulla Talıbzadə tərəfindən uşaq bağçasının açılmasına heç bir etiraz olmadığı bildirilir.

Maraqlıdır ki, Abdulla Şaiqə bağçanın açılmasına icazənin hələ iki il əvvəl olmasına baxmayaraq, bəzi dairələr tərəfindən süründürməçiliyə yol verilmişdir.

Abdulla Şaiq həm də ilk dərs kitablarının müəllifidir. O, Azərbaycan ədəbiyyatı və dildən xüsusi proqramlar, ibtidai, orta və ali məktəblər üçün dərsliklər hazırlamışdı.

1906-cı ilin avqustunda və 1907-ci ildə Azərbaycan müəllimlərinin birinci və ikinci qurultayları çağırılır. Abdulla Şaiq gənc müəllim kimi birinci qurultayda çıxış edərək ana dili və ədəbiyyatın tədrisi, yeni dərsliklər yaratmaq haqqında öz təkliflərini verir. Bu təklifindən irəli gələrək A.Şaiq 1907-ci ildə birinci siniflər üçün yazdığı “Uşaq gözlüyü”, “Gülzar” kitablarını nəşr etdirir. Onun dərslikləri yüksək qiymətləndirilmiş, “Gülzar”, “Uşaq gözlüyü”, “Türk çələngi”, H.Cavidlə birgə yazdığı “Ədəbiyyat dərsləri” kitabları Maarif Komissarlığı tərəfindən bəyənilmiş və onlar (xüsusilə “Uşaq gözlüyü” və “Gülzar”) dəfələrlə çapdan çıxmış və məktəblərdə dərslik kimi istifadə olunmuşdur.

Abdulla Şaiqin bir şair və nasir kimi yaradıcılığı XX əsrin əvvəllərində inkişaf etməyə başladı. Həmin illərdə o, öz dərs kitabları üçün bir sıra ibrətli, nəsihətamiz hekayələr yazır və bunlar da zəmanəsinin ziyalıları tərəfindən, xüsusilə də gənclər arasında rəğbətlə qarşılanırdı.

 

Aslan KƏNAN (Qasımlı),

Dövlət Tarix Arxivinin direktoru



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM