01 Sentyabr 2019 01:35
1475
SİYASƏT
A- A+

Dövlətin sosial siyasətinin davamlı olduğunu təsdiqləyən sərəncamlar

Azərbaycanda əhalinin sosial müdafiəsi dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Prezident İlham Əliyev bütün çıxışlarında vurğulayır ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Yəni dövlət öz siyasətində iqtisadi inkişafla yanaşı, əhalinin sosial müdafiəsini hədəf götürür. Təkcə son 15 il üzrə bu sahədəki faktlara nəzər salaq: maaşlar 7, pensiyalar 9, minimum əməkhaqqı 6,5 dəfə artıb.

Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə ölkə əhalisinin sosial güzəştləri də artır. Çünki həyata keçirilən iqtisadi siyasətin əsas məqsədi də budur. Ötən dövr ərzində əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artmasının dinamikasına nəzər yetirdikdə bunu aydın görmək olar.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əhalinin sosial rifahının yaxşılaşdırılmasının dövlətin prioritet vəzifəsi olduğunu bildirərək demişdir: "Qeyd etdiyim kimi, bu il maaşlar, pensiyalar artırıldı və bu proses davam etdiriləcək. Mən bildirmişəm ki, biz bu məsələni daim diqqətdə saxlayırıq. Qeyd etdim ki, son 15 il ərzində maaşlar və pensiyalar dəfələrlə artıb. Ancaq bu, bizi tam qane edə bilməz. Ona görə bundan sonra da minimum əməkhaqqı, minimum pensiya və digər sosial müavinətlərin artırılması nəzərdə tutulur. İmkan daxilində biz bunu edəcəyik. Bu sahədə öz siyasətimizi ardıcıl şəkildə aparacağıq”.

Dövlət başçısı iyunun 18-də imzaladığı sərəncamlarla bir daha sübut etdi ki, verdiyi sözün sahibidir. Həmin sərəncamların imzalanması

1 milyon 350 min insanın əməkhaqqında böyük artımlara səbəb oldu. Dövlət başçısının "Minimum əməkhaqqının artırılması haqqında” sərəncamına əsasən, cari il sentyabrın

1-dən minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırıldı. Bununla minimum əməkhaqqı yaşayış minimumunu (180 manat) 40 faizədək üstələdi. Prezidentin imzaladığı təkcə bu sərəncam 950 minədək vətəndaşı əhatə etdi. Artımdan faydalanacaq insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda çalışanlardır. Qeyd edilən artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon manat əlavə vəsait ayrılıb.

Prezidentin son sərəncamları, demək olar ki, əhalinin bütün təbəqələrini əhatə edir. Həmin sərəncamlar sayəsində Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, AMEA-nın Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycan Atatürk Mərkəzi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Prezident yanında Elmin İnkişafı Fondunda çalışan rəhbər və digər işçilərin, həmçinin dövlət orqanlarının tabeliyindəki dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 40 faiz artırılıb.

Prezidentin sərəncamlarına əsasən, həmçinin sentyabrın 1-dən Xüsusi Dövlət Mühafizə Xidmətinin, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı, vəzifə maaşları, həmçinin Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb Baş İdarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı, vəzifə maaşları orta hesabla 40 faiz həcmində artırılıb. İmzalanan digər sərəncamlarla müəllimlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin də əməkhaqları nəzərəçarpacaq dərəcədə yüksəlib.

Prezident İlham Əliyevin bu il iyunun 18-də imzaladığı sərəncamlarla dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslər və digərlərinin əməkhaqları ciddi şəkildə artırılıb ki, bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da gələn aydan orta hesabla 31 faiz artmasına səbəb olub. Həmin şəxslərin çalışdıqları sahələr üzrə əməkhaqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən onların əmək pensiyaları da yenidən hesablanaraq artırılıb.

Beləliklə, dövlət başçısı tərəfindən bu il təqdim edilən iki sosial paket minlərlə vətəndaşın maddi rifah halının yüksəlməsinə imkan verib ki, bu da ümumən əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha mühüm bir addımdır.

Rüstəm KAMAL,
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video