15:02 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dövlətə və xalqa sədaqətli xidmət nümunəsi

ANA SƏHİFƏ / SİYASƏT
01:45 26.08.2021

 

Sərbəst bazar münasibətlərinə, özünütənzimləməyə əsaslanan iqtisadi sistemdə insanların sosial müdafiəsinə və yüksək rifahına hesablanmış müxtəlif layihələrin, xeyriyyəçilik aksiyalarının həyata keçirilməsi, ən başlıcası isə, mənəvi-etik dəyərlərin yad təsirlərdən qorunması xüsusi aktuallıq kəsb edir. Bu, ilk növbədə, onunla şərtlənir ki, elmi-texniki inqilabın məhsulu olan müasir texnoloji yeniliklər müsbət tərəfləri ilə yanaşı, bəzi hallarda insanlar arasında mənəvi-psixoloji uçurumu dərinləşdirir, milli dəyərləri ifrat maddiləşmənin neqativ təsirlərinə məruz qoyur. Bu təsirləri zərərsizləşdirmək, ictimai düşüncədə xeyirxahlıq, humanizm, insanpərvərlik, mərhəmət kimi ali keyfiyyətlərin möhkəmlənməsinə nail olmaq missiyası isə yalnız yüksək mənəviyyatlı şəxsiyyətlərin üzərinə düşür.

Dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyev dərinməzmunlu nitqlərinin birində demişdi: “Mənəviyyat olmayan yerdə haqdan, ədalətdən, düzgünlükdən söhbət gedə bilməz”. İstənilən cəmiyyətdə ədalət, insanpərvərlik, dürüstlük kimi mənəvi dəyərlərin özünə möhkəm dayaqlar tapması nəcib, alicənab, kamil insanların əzmkar fəaliyyəti sayəsində mümkün olur. Hazırda bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasızlıqla həyata keçirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sıralarda dayanır. İnamla deyə bilərik ki, Ulu Öndərin ali ideyalarına tapınan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin milli mədəniyyətin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri vardır.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva təmənnasızlığa söykənən çoxşaxəli fəaliyyəti ilə xalqımızın böyük sevgisini qazanmışdır. Bu məsuliyyətli missiya Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, onun layiqli varisi - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inamla davam etdirdiyi strateji siyasi kursun həyata keçirilməsinə, bu siyasətin hər bir vətəndaşın həyatında qabarıq hiss olunmasına xidmət edir.

Xatırlatmaq lazımdır ki, dövlət başçısının 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi cəmiyyətin sosial sifarişinə əsaslanan tarixi qərar olmuşdur. 2016-cı il 26 sentyabr tarixli ümumxalq referendumunun nəticəsi kimi təsis edilmiş bu vəzifəyə milyonların sevgisini qazanmış bir şəxsiyyətin təyin olunması haqlı olaraq Azərbaycanın dövlət idarəçiliyi sistemində keyfiyyətcə yeni və uğurlu mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu, ölkədəki sistem xarakterli islahatların tələbindən irəli gələn və cəmiyyətin mənafeyini əks etdirən tarixi əhəmiyyətli qərar olmuşdur. Bu təyinatla əlaqədar hələ 4 il əvvəl şəxsi təşəbbüs və ideya müəllifliyimlə hazırlanmış “Mehriban Əliyeva - Vətənə sevgi etalonu” sənədli filmində dövlət idarəçiliyinin təkmilləşdirilməsi zərurəti, habelə Mehriban xanım Əliyevanın parlaq şəxsiyyəti, yüksək mənəvi keyfiyyətləri, idarəçilik bacarığı ilə bağlı fikirlərimi geniş auditoriyaya təqdim etmişəm. Bu gün əminliklə deyə bilərik ki, Birinci vitse-prezident vəzifəsinə çoxşaxəli fəaliyyəti ilə milyonların sevgisini qazanmış bir şəxsiyyətin təyin olunması Azərbaycanın dövlət idarəetmə sisteminə yeni keyfiyyət dəyişiklikləri gətirmişdir. 4 il əvvəl gerçəkləşən bu təyinat idarəetmə modelinin modernləşdirilməsi və islahatların sürətləndirilməsi baxımından əhəmiyyətli olmuşdu. Heydər Əliyev Fonduna yüksək səviyyədə rəhbərlik etmiş Mehriban xanım Əliyeva cəmiyyətdəki böyük nüfuzu ilə idarəçiliyə yeni nəfəs, müasirləşmə və gəncləşmə ruhu vermişdir.

Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyəti postneft dövründə həyata keçirilən çoxşaxəli islahatların səmərəliliyini daha da yüksəltmişdir. Mehriban xanım Əliyevanın cəmiyyətin müxtəlif sahələrində nəzərəçarpacaq nailiyyətləri, təmiz imici olan, yüksək bilik və bacarıqlara, idarəetmə və menecer təfəkkürünə malik gənc kadrlar hesabına mükəmməl komanda formalaşdırması onun Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsində uğurlu fəaliyyətini şərtləndirən mühüm məqamlar sırasındadır. Müsahibələrinin birində Mehriban xanım Əliyeva idarəetməyə yeni islahatçı baxışını özünəməxsus şəkildə ifadə edərək rəhbər şəxsdə vacib keyfiyyətləri xüsusi önə çəkmişdir: “Mənim üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsipcə bölüşən, sənin ardınca getməyə hazır olan həmfikirlər komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa yönəlib. Çox vacibdir ki, bəyan və elan edilənlər həqiqətən baş verənlərlə üst-üstə düşsün. Çünki insanlar hər şeyi görür, hər şeyi anlayırlar”.

Ötən 4 ildə cəmiyyətin aztəminatlı təbəqələri ilə apardığı fəal iş, onların problemlərinin həlli istiqamətində atdığı ardıcıl addımlar Mehriban xanım Əliyevanın idarəetmə fəaliyyətinin humanist və insanpərvər mahiyyətini bir daha üzə çıxarmışdir. Birinci vitse-prezident dövlətin sosial-humanitar, təhsil və mədəniyyət siyasətinin uğurla həyata keçirilməsi prosesində yaxından iştirak edərək yeniləşmə prosesinə sanballı töhfələr verir. Ali dövlət vəzifəsi Mehriban xanım Əliyevanın ölkənin hər bir vətəndaşına daha layiqli xidmət göstərmək, xalqın maraq və mənafeyini beynəlxalq arenada lazımınca təmsil etmək imkanlarını daha da genişləndirir. Onun müasir idarəetmə səriştəsi, yeniliklərə açıq olması, ölkə qarşısındakı strateji hədəfləri aydın təsəvvür etməsi ümumən hökumətin fəaliyyətinin səmərəliliyini yüksəltmişdir. Yaxından iştirakı ilə inkişafın əsasını müəyyən edən idarəetmənin modern əsaslarla aparılması və situasiyaların idarə olunması qarşıya qoyulan vəzifələrin uğurlu icrasını təmin edir. Bu təyinatın özünü tamamilə doğrultması və cəmiyyətdə rəğbətlə qarşılanması həm də onunla şərtlənir ki, Mehriban xanım Əliyeva fəaliyyətində insan amilini daim önə çəkmiş, cəmiyyətin mövcud resurslarının bu yöndə səfərbər olunmasına çalışmışdır.

2018-ci ilin 11 aprel seçkilərindən sonra sosialyönümlü islahatlarda keyfiyyətcə yeni mərhələnin başlanmasında, xüsusən də 2019-cu ilin əvvəlindən etibarən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən kompleks tədbirlərin həyata keçirilməsində, habelə 2020-ci ildən dünyanı sarsıdan koronavirus pandemiyasının mənfi fəsadlarının aradan qaldırılmasında dövlətimizin başçısı cənab İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xidmətləri böyükdür. Yürüdülən uğurlu iqtisadi siyasət - çevik və şəffaf vergi-gömrük islahatları nəticəsində son 3 ildə ölkəmizin maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artımı ilə paralel uğurlu sosial islahatlar paketinin reallaşdırılması təmin edilmiş, pandemiyadan zərər çəkən insanlara, iş adamlarına dövlət səviyyəsində yardımlar edilmişdir.

İlk müşavirəni Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsi məsələsinə həsr etməsi bir daha təsdiqləmişdir ki, cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli Azərbaycanın Birinci vitse-prezidentinin diqqət mərkəzindədir. Bu, əslində 2004-cü ildən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən sosial layihələrin uğurlu davamı olmuşdur. Heydər Əliyev Fondu humanitar və sosialyönümlü fəaliyyətində hər zaman cəmiyyətin mənəvi, mədəni-intellektual yüksəlişini təmin etmək, habelə Azərbaycanın zəngin mədəni irsini - tarixi abidələrini, musiqisini, incəsənətini, ümumən ölkə həqiqətlərini dolğunluğu ilə dünya ictimaiyyətinə çatdırmaq məramını qarşıya qoymuşdur.

Azərbaycanın Birinci vitse-prezidenti bu və digər məqsədlərin həyata keçirilməsi, ölkənin hərtərəfli inkişafı, cəmiyyətin mənəvi-intellektual yüksəlişi baxımından təhsilin, səhiyyənin, sosial xidmət sektorunun problemlərinin həllini vacib sayır. Aztəminatlı insanların, qaçqın və məcburi köçkünlərin, şəhid ailələlərinin problemlərinin həllində dövlət başçısı ilə yanaşı, Birinci vitse-prezidentin son 4 ildəki fəaliyyəti də müstəsnalıq təşkil edir. İlk günlərdən cəmiyyətin həssas təbəqələrinin problemlərinin həllinə diqqət ayırması - 2017-ci il martın 1-də Sabunçu və Xəzər rayonlarında fiziki imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş internat məktəblərində yaradılmış şəraitlə tanış olması bunu bir daha təsdiqləmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın Birinci vitse-prezidenti əzmkar fəaliyyəti ilə Heydər Əliyev irsinin təbliği və gələcək nəsillərə çatdırılmasına, Ümummilli Liderin həyata keçməyən arzu və ideallarının gerçəkləşməsinə çalışır. Bu baxımdan Mehriban xanım Əliyevanın bir sıra xarici səfərlərdə Ulu Öndərin yanında olması, onun fitri idarəçilik məktəbini yaxından əxz etməsi xüsusi vurğulanmalıdır. Heydər Əliyevin parlaq şəxsiyyətinə, xarakter cizgilərinə, ideallarına yaxından bələd olması Mehriban xanım Əliyevaya Ümummilli Liderin zəngin ideya-siyasi irsinin yaşadılması və təbliği kimi məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə imkan verir.

Hazırda dinamik inkişaf yolunda olan müstəqil Azərbaycanın beynəlxalq aləmdə geniş təbliği, onun humanist və milli-mənəvi dəyərlərə sadiq dövlət imicinin formalaşdırılması istiqamətində atılan addımlar təkcə rəsmi tədbirlərlə məhdudlaşmır. Son 17 ildə cəmiyyətdə əlahiddə statuslu qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərərək milyonlarla insanın ümid və pənah yerinə çevrilmiş Heydər Əliyev Fondu bu missiyanın əsas daşıyıcılarından biri kimi çıxış edir. Qısa zamanda böyük uğurlara imza atan, inkişafyönümlü layihələri gerçəyə çevirən, fəaliyyətini qloballaşan dünyanın yeni aktual cağırışlarına adekvat şəkildə qurmağı bacaran fond Azərbaycanı beynəlxalq miqyasda layiqincə təmsil edir və milli mənafelərimizi qoruyur.

Təkcə Azərbaycanda deyil, ölkəmizin sərhədlərindən kənarda da böyük rəğbət qazanan, hər zaman köməyə, yardıma ehtiyac duyanların yanında olan Heydər Əliyev Fondu Ulu Öndərin ideallarını rəhbər tutaraq ümumbəşəri mədəniyyətə, sülhə və əmin-amanlığa sanballı töhfələrini verir. Qloballaşan dünyada Ümummilli Liderin azərbaycançılıq fəlsəfəsinin əhəmiyyətini vurğulamaq niyyətinə köklənən fond milli irsin, habelə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz xidmətlər göstərir.

Ötən 17 ildə fond Azərbaycanın ictimai həyatında necə böyük rol oynadığını, qarşıya qoyduğu məqsədlərin əhəmiyyətinə, miqyasına və sanbalına görə ölkəmizdə analoqu olmayan qeyri-dövlət qurumu olduğunu sübuta yetirmişdir. Yerli əhəmiyyətli sosial problemlərin həllinə, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardımçı olmaq Heydər Əliyev Fondunun məqsədləri sırasında ön yerlərdən birini tutur. 2004-cü ildən etibarən fondun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın ictimai həyatına gətirdiyi yeniliklər onun rəhbərliyi altında fəaliyyət göstərən fondların işi ilə məhdudlaşmayaraq daha genişmiqyaslı xarakter daşımışdır. Bunlardan biri də Azərbaycanda “birinci xanım” institutunun geniş mənada məhz Mehriban xanım Əliyevanın adı ilə bağlı olması, həmçinin sözügedən anlayışın Azərbaycan leksikonuna 2003-cü ilin oktyabrından sonra daxil edilməsidir. Mehriban xanım Əliyeva bu ictimai missiyası ilə daim Azərbaycan xalqına yaxın olduğunu sübuta yetirmiş, Şərq mədəniyyətində birinci xanım tituluna daha geniş rakursdan yanaşılmasına yol açmışdır. Eyni zamanda “birinci ledi” statusunun kifayət qədər məsuliyyətli yük olduğuna diqqət çəkərək demişdir: “Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür”.

Həyata keçirdiyi layihələr, irəli sürdüyü nəcib və xeyirxah təşəbbüslər təkcə Azərbaycanda yox, beynəlxalq miqyasda da Mehriban xanım Əliyevanın dərin inam və etimad qazanmasına, nəcib missiyalar daşıyıcısı, Azərbaycan mədəniyyətinin fəal təbliğatçısı kimi tanınmasına səbəb olmuşdur. Bunun məntiqi nəticəsi kimi Mehriban xanım Əliyevanın 2004-cü ilin sentyabrında UNESCO-nun xoşməramlı səfiri seçilməsi tamamilə məntiqəuyğun hadisə olmuşdur. Ölkəmizin birinci xanımı yeni statusla bu mötəbər təşkilatda təkcə Azərbaycanın deyil, bütün türk xalqlarının mədəni irsinin təbliğatçısı kimi şərəfli missiyanı yerinə yetirmək imkanı qazanmışdır.

Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfiri seçilməsi ilə Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsindəki fəaliyyəti bir qədər də genişlənmişdir. “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, Azərbaycanın bir sıra görkəmli alimlərinin, yazıçı və bəstəkarların yubileylərinin keçirilməsi bu fəaliyyətin mühüm nəticələri kimi diqqəti çəkir.

Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, işğal faktına son qoyaraq tarixi Zəfərə imza atmışdır. Müzəffər Ordumuzun ötən il sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcavüzkarı hərbi-siyasi məğlubiyyəti rəsmiləşdirən 10 noyabr tarixli üçtərəfli Bəyanata imza atmaq məcburiyyətində qoymuşdur. Bu Zəfərlə həm də 30 ildən çox müddətdə Vətən həsrəti ilə yaşayan insanların nisgilinə, habelə onların ümidsizliyinə son qoyulmuşdur. Həmin günlərdə məlum olmuşdur ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızı sındırmamış, onun iradəsinə mənfi təsir göstərməmişdir.

Müharibənin davam etdiyi günlərdə və sonrakı mərhələdə Azərbaycanın Birinci vitse-prezidentinin rəsmi sosial şəbəkə hesabları üzərindən paylaşdığı dərinməzmunlu, səmimi fikirlər, eləcə də videogörüntülər cəmiyyətin vətənpərvətlik ruhunda köklənməsi, habelə münaqişə ilə bağlı üzləşdiyimiz gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli olmuşdur.

Ümumiyyətlə, tarixə çevrilmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, ölkəmizin haqlı mövqeyinin dolğun şəkildə ifadə olunması Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, birinci xanımın da hər zaman diqqət mərkəzində olmuşdur. Mehriban xanım Əliyevanın UNESCO xətti ilə keçirilən tədbirlər çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri, həmin ərazilərdə xalqımıza məxsus tarixi, mədəni və dini abidələrin dağıdılmasına toxunmayan bir çıxışını belə xatırlamaq mümkün deyil. Bunun nəticəsidir ki, bir vaxtlar dünya informasiya məkanına çıxış imkanları son dərəcə məhdudlaşdırılan, haqq səsi eşidilməyən respublikamız üzləşdiyi ədalətsiz blokadanı yarmaqla, milli həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq yönümündə yaxşı imkanlar qazanmışdır.

“Biz müdafiədə deyil, hücumda olmalıyıq!” - deyən Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılmasını, işğalçının müxtəlif səviyyələrdə ifşasını, bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini Vətəninə bağlı hər bir azərbaycanlının ümdə vəzifəsi sayır. Bu baxımdan fond Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər keçirir. Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əyani şəkildə göstərən filmlərin, fotosənədlərin, kitabların, digər kütləvi nəşrlərin çapını və yayılmasını təmin edir. Bu məqsədlə müxtəlif internet saytları yaradılır, xarici kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunur.

Dünya Səhiyyə Təşkilatının Cenevrədə keçirilən 60-cı sessiyasında Mehriban xanım Əliyeva demişdir: “Mən beynəlxalq ictimaiyyətin diqqətini bir daha ən böyük problemimizə cəlb etmək istəyirəm. Bu da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Ərazimizin Ermənistan tərəfindən işğal edilməsinin bizim təhsilimiz, mədəniyyətimiz üçün çox ağrılı nəticələri olmuşdur. İşğal olunmuş ərazilərdə məktəblər, tarixi abidələr, muzeylər yerləyeksan edilmişdir. Etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır... Biz bu münaqişənin beynəlxalq hüquq əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinə ümid edirik”.

Heydər Əliyev Fondunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya miqyasında təbliği məqsədilə son 17 ildə müxtəlif dillərdə nəşr etdirdiyi kitabların əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Bu istiqamətdə ilk layihə “Qarabağ həqiqətləri” toplusunun hazırlanmasından ibarət olmuşdur. Qısa, lakin bütün mahiyyəti əks etdirən toplu bir neçə dilə tərcümə olunmuşdur. Xaricdəki diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız və digər kanallarla bütün dünyaya yayılmış “Qarabağ həqiqətləri” toplusu “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitablarından ibarətdir. Qarabağın daha qədim tarixini əks etdirən ikinci topluda isə Qafqaz Albaniyasından başlayaraq Azərbaycan SSR-dək olan dövrdə Qarabağın tarixi əksini tapmışdır.

Kitab dünyanın əksər ölkələrində Azərbaycan üçün vacib olan yeni informasiya mənbəyinin əldə olunmasında və xalqımızın haqq səsinin eşidilməsində əvəzsiz rol oynayır. Toplu müxtəlif ölkələrin dövlət orqanları, nüfuzlu təşkilatları, müvafiq təhsil qurumları və kitabxanaları, habelə aparıcı TV kanalları və KİV arasında yayılmışdır. Nəfis şəkildə tərtib edilmiş və yüksək poliqrafik səviyyədə çap olunmuş bukletlər, fotoşəkillərlə zəngindir. Eyni zamanda burada münaqişə nəticəsində dəymiş ziyan, işğal aktının qurbanları və digər məlumatlar özünə yer almışdır.

Layihənin davamı olaraq Heydər Əliyev Fondu “Azərbaycan həqiqətləri” filmlər toplusunun hazırlanmasına da dəstək vermişdir. Bu layihənin məqsədi Azərbaycan həqiqətlərinin dünyada daha geniş şəkildə yayılması işinə kömək göstərməkdir. Topluya erməni terror təşkilatlarının Azərbaycanda dinc əhaliyə qarşı həyata keçirdikləri soyqırımı aktlarından bəhs edən “Soyqırımı: Bakı”, “Soyqırımı: Quba”, “Soyqırımı: Şamaxı”, “Xocalı soyqırımı”, “Qaradağlı soyqırımı”, “Ağdaban faciəsi” filmləri daxildir. Topluda, həmçinin Ermənistan silahlı qüvvələrinin uzun illər işğal altında saxladıqları Şuşa və Ağdam şəhərlərində törətdikləri vandalizm aktlarını özündə əks etdirən “Dağıdılmış mədəniyyət beşiyi - Şuşa” və “Ağdam; Qafqazın Xirosiması” filmləri yer almışdır.

Azərbaycan və ingilis dillərində hazırlanmış toplular ölkəmizin xaricdəki diaspor təşkilatları və diplomatik missiyaları vasitəsilə bütün dünyada yayılmışdır. Xarici İşlər Nazirliyi ilə birgə layihənin davamı olaraq “Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması” kitabı da ingilis dilində işıq üzü görmüşdür. Kitaba işğal altında saxlanılmış rayonlarımızdakı mədəni sərvətlərimizin siyahısı, xəritələr, habelə tarixi-mədəniyyət abidələrimizin əvvəlki və indiki vəziyyətini əks etdirən videomateriallar əlavə edilmişdir.

Azərbaycan həqiqətlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verən fond 2007-ci ildən başlayaraq hər il dünyanın bir sıra böyük şəhərlərində - Moskvada, Berlində, Strasburqda, Buxarestdə, Cenevrədə, Ankarada, İstanbulda, Parisdə, Vaşinqtonda, Nyu Yorkda, Varşavada, Londonda, Dubayda, Haaqada, Kiyev və Tbilisidə Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar keçirir. Xarici ölkələrdə təşkil olunan bu tədbirlərə müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də kütləvi informasiya vasitələrinin əməkdaşları dəvət olunur. Anma mərasimlərində fondun hazırladığı “Xocalı soyqırımı” filmi ilə yanaşı, insanlığa qarşı törədilən cinayəti əks etdirən müxtəlif ekspozisiyalar nümayiş olunur. Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsinin, əl işlərinin, fotoşəkillərinin dünyanın qabaqcıl ölkələrində keçirilən sərgisi beynəlxalq ictimaiyyətdə XX əsrin ən böyük faciəsi barədə dolğun təsəvvür formalaşdırır.

Xocalı faciəsinə beynəlxalq miqyasda qiymət verilməsi istiqamətində atılan addımlar çərçivəsində 2008-ci il fevralın 14-də Berlində keçirilən “Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” adlı elmi konfrans da mühüm əhəmiyyət kəsb etmişdir. Konfrans iştirakçıları bəşəriyyət tarixində amansız və qanlı qırğınlardan biri olan Xocalı faciəsinə beynəlxalq hüququn bütün tələbləri ilə qiymət verilməsini tələb etmişlər.

Fondun Qarabağ həqiqətlərinin yayılması sahəsində növbəti mühüm addımı Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun mütəxəssisləri ilə birgə “Pirlər və müharibə” kitabının hazırlanması olmuşdur. Kitabda Ermənistan silahlı qüvvələri tərəfindən uzun illər boyu işğal altında saxlanılmış Azərbaycan ərazilərindəki ziyarətgahlar, dağıdılmış tarixi memarlıq abidələri, pirlər haqqında ətraflı məlumatlar verilmişdir.

Fond hərbi vətənpərvərlik ideyalarının təbliği məqsədilə 2006-2008-ci illərdə Azərbaycan tarixi ilə bağlı məlumatların, o cümlədən hərbçilər üçün yararlı olacaq bilgilərin yer aldığı “Hərbçinin qeyd-yaddaş kitabçası”nın, “Hərbi and” qəzetinin nəşrini də həyata keçirmişdir.

Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə filiallarının açılması Azərbaycan həqiqətlərini ayrı-ayrı ölkələrdə yaymaq, milli mədəniyyəti təbliğ etmək, habelə diaspor hərəkatının genişlənməsinə yardımçı olmaq niyyətinin təzahürüdür. Fondun Rusiyada, ABŞ-da, Rumıniyada, Türkiyədə, Böyük Britaniyada filiallarının açılması qarşıya qoyulmuş bu məqsədlərin gerçəkləşdirilməsi üçün ardıcıl və sistemli şəkildə iş aparılır. Bu baxımdan fondun Moskva filialının həyata keçirdiyi tədbirlər xüsusi vurğulanmalıdır.

Fondun vitse-prezidenti və Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın İslam Konfransı Təşkilatının Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində “Xocalıya ədalət!” kampaniyasına start verməsi bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır. Bu kampaniya İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü təşəbbüs əsasında həyata keçirilir. Tunisdə ICESCO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol “Xocalıya ədalət!” Beynəlxalq Məlumat Təşviqat kampaniyasına dəstək verilməsini və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Aksiyanın əsas məqsədi beynəlxalq birliyi Xocalı faciəsi haqda ədalətli məlumatlandırmaqdır. Bu məqsədlə dünyanın bir çox ölkələrində “Xocalıya ədalət!” veb-saytının təqdimetmə mərasimləri keçirilmişdir.

Bundan əlavə, İslam Konfransı Təşkilatına üzv ölkələr fondun Rusiya nümayəndəliyinin təşəbbüsünü dəstəkləyərək 26 fevral - Xocalı soyqırımı gününun “Humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü” kimi qeyd olunması barədə qərar qəbul etmişlər. 2009-cu ildən 26 fevral tarixi islam ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi qeyd olunur.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə başlanmış genişmiqyaslı abadlıq və yenidənqurma işlərinin reallaşdırılmasına da layiqli töhfələrini verir. Dövlətimizin başçısı cənab İlham Əliyevi işğaldan azad edilmiş ərazilərə səfər zamanı müşayiət edən birinci xanım Mehriban Əliyeva özünəməxsus səmimiyyətlə paylaşımlar edir, ictimai diqqəti erməni vandalizminin ağır fəsadlarına yönəldir. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək layihə və tədbirlər barədə ictimaiyyətə müəyyən mesajlar, məlumatlar verir.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq prosesinə Heydər Əliyev Fondu da öz dəstəyini verir. Fond Qarabağda, xüsusilə Şuşa şəhərində tarixi mədəniyyət abidələrinin, dini ziyarətgahların təmiri və bərpası prosesində yaxından iştirak etmək niyyətindədir. Fondun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, mütəxəssislər qrupu işğaldan azad olunan ərazilərdə ermənilər tərəfindən dağıdılmış dini abidələrin, məscidlərin bərpasına dair layihənin icrasına başlamışdır. Bununla bağlı Avstriyanın “Atelier Erich Pummer GesmbH” şirkətinin rəhbəri, memar Erix Pummer Ağdam məscidində olmuş və məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə aparılmışdır.

Ümumiyyətlə, fondun layihəsi çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahların bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadətgahların bərpası üzrə işlərə başlanılmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev 16 mart 2021-ci il tarixdə Şuşa şəhərinə səfəri zamanı demişdir ki, Heydər Əliyev Fondu şəhərin bərpasına öz sanballı töhfələrini verəcəkdir: “Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Artıq işlərə start verilib. Bunu, həmçinin Molla Pənah Vaqifin büstünün bərpası layihəsini Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək, Heydər Əliyev Fonduna xas olan zövqlə...”

Birinci vitse-prezidentin göstərişi əsasında Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütovlüyü uğrunda şəhid olan hərbçilərin ailələrini və qazilərimizi daim diqqətdə saxlayır, onların qayğısına qalır. Fond bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Fondun dəstəyi ilə Vətən müharibəsində ağır yaralanan bir neçə qazimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilmiş və müasir protezlərlə təmin edilmişlər.

Bu gün həm Heydər Əliyev Fondu, həm də “YAŞAT” Fondu tərəfindən şəhid ailələrinin, Qarabağ qazilərinin, eləcə də onların ailə üzvlərinin sosial təminatının gücləndirilməsi ilə bağlı mühüm işlər görülür, sistemli tədbirlər həyata keçirilir. Bütün bunlar deməyə əsas verir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətə əməli dəstək verən Azərbaycanın Birinci vitse-prezidentinin təşəbbüsü ilə gerçəkləşdirilən çoxsaylı layihələr isə cəmiyyətdə yüksək razılıqla qarşılanaraq vətəndaşların dövlətə və onun ali rəhbərliyinə etimadını daha da gücləndirir.

 

Qüdrət KƏRİMOV,

“Xəzər” QSC-nin sədri, iqtisad elmləri doktoru



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM