29 Dekabr 2011 01:12
332
CƏMİYYƏT
A- A+

Dövlət proqramı üzümçülüyün inkişafı üçün zəmin yaradacaq

 

Hələ qədim zamanlardan üzüm əkib becərmək kənd adamının başlıca məşğuliyyət növlərindən biri olmuşdur. Onlar yetişdirdikləri məhsulun bir hissəsini satıb ehtiyaclarına sərf etmiş, qalanını isə doşab (bəhməz) bişirib soyuq qış aylarına saxlamışlar. Üzüm doşabı, həkimlərin dediyinə görə, bir çox xəstəliklərin, xüsusilə qara ciyərin dərmanıdır. Üzümün, əsasən də süfrə üzümünün insan sağlamlığına faydası hamıya yaxşı məlumdur.

Zaman keçdikcə bu qiymətli giləmeyvədən hazırlanan məhsulların, növbənöv şərabların çeşidi artmışdır. İndiki yaşlı və orta nəslin nümayəndələrinin yaxşı yadındadır ki, üzümçülük respublikamızda əsasən keçən əsrin 70-ci illərində inkişaf etmişdir. 1969-cu ildə Azərbaycana rəhbər seçilən  Heydər Əliyev bu sahəyə ciddi diqqət verirdi. Üzümçülüklə bağlı mühüm qərarların qəbul olunması, onun gəlirli sahəyə çevrilməsi nəticəsində həmin dövr Azərbaycanda üzüm istehsalı 272 min tondan 2 milyon tona çatdı. Üzümçülük rayonlarında yetişdirilmiş məhsulu emal etmək üçün şərab zavodları tikildi. O vaxt Cəlilabad rayonunda ucsuz-bucaqsız üzüm bağları salınmışdı. 1982-ci ildə rayonda 31 min hektar üzümlük vardı və həmin il rekord miqdarda - 265 min 403 ton məhsul yetişdirilmişdi. Üzümçülük sahəsində çalışan mütəxəssislərin, fəhlələrin gün-güzəranı, dolanışığı da pis deyildi. Demək olar ki, işsiz adam yox idi. Qabaqcıl üzümçülərə orden-medallar, minik maşınları, digər mükafatlar verilirdi.

Amma 1985-ci ildə keçmiş SSRİ rəhbəri M.Qorbaçovun düşünülməmiş, düzgün olmayan qərarı aqrar sahənin bu bölməsinə böyük zərbə vurdu. Hər yerdə olduğu kimi, Azərbaycanda, eləcə də Cəlilabadda üzümlüklər, emal müəssisələri viran edildi. Ağır zəhmət bahasına başa gəlmiş bağlar, şərab zavodları məhv edildi. Nəticədə minlərlə üzümçü, şərabçı işsiz qaldı, respublikamıza milyon manatlarla ziyan dəydi.

Ulu öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıtdı. Rayon əhalisi inanırdı ki, dəfələrlə bir çox sınaqlardan şərəflə çıxmış, hələ sovetlər birliyi zamanında Cəlilabadın inkişafına böyük diqqət və qayğı göstərmiş bu böyük şəxsiyyətin bacarığı, polad iradəsi ilə hər sahədə, eləcə də üzümçülükdə əsaslı dönüş yaranacaq. Bu belə də oldu. Ümummilli liderin təşəbbüsü ilə həyata keçirilən aqrar islahatlar nəticəsində torpaqlar kəndlilərə paylandı. Düzdür, dağıdılmış, məhv edilmiş bağları, şərab zavodlarını qaydaya salmaq çətin iş idi. Lakin "hər şeyin zamana ehtiyacı var" deyənlər yanılmayıblar. Yaranan sabitlik, aparılan radikal islahatlar problemlərin həlli üçün şərait yaratdı və qısa zamanda ölkənin aqrar sektoru dirçəlməyə başladı. Ulu öndərin həyata keçirə bilmədiyi işləri isə 2003-cü ilin oktyabr ayında Prezident seçilən İlham Əliyev davam etdirdi. 2004-cü il fevralın 11-də təsdiq olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı üzümçülük rayonlarında, o cümlədən Cəlilabadda bu sahənin inkişafına start verdi.

Ölkə başçısı son illər bir neçə dəfə Cəlilabada səfər etmiş, tikinti-quruculuq, abadlıq işlərinin gedişi ilə maraqlanmış, aqrar sektorun, həmçinin üzümçülüyün inkişafı ilə bağlı lazımi tövsiyələrini vermişdir: "Ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyevin düzgün siyasəti nəticəsində Cəlilabadın təbiətinə uyğun olaraq burada üzümçülük inkişaf etdirildi, rayon Azərbaycan üzümçülüyünün beşiyinə çevrildi. Cəlilabad üzümünün həmin şöhrətini özünə qaytarmalıyıq".

Bu tövsiyədən sonra, daha dəqiq, 2005-ci ildən etibarən rayonda üzümçülüyün bərpası ilə bağlı tədbirlər həyata keçirilməyə başlamışdır. O vaxt fransalı mütəxəssislər də Cəlilabada gəlib-gedirdilər. Onlar fransız üzüm sortlarının buradakı iqlim şəraitinə tez uyğunlaşdığını görərək demişlər ki, həmin sortlar Fransada ən azı 7 ilə bara düşdüyü halda, Cəlilabad torpağında bu, 3 ilə mümkün olur. Hazırda rayonda 1180 hektar üzüm bağı var. "Şardone", "Siro", "Merlo", "Kaberne-Sovinyon", "Kaberne-Frank", "Kardinal", "Ağ kişmişi", "Qara kişmişi", "Mahmudu", "Ağ şanı", "Qara şanı" və başqa sortlar yüksək məhsul verir. Təkcə cari il 6 min 682 ton üzüm istehsal edilib ki, bu da keçən ildəkindən 2 min 602 ton çoxdur. İndi üzümçülük sahəsində 1200 nəfərə qədər işçi çalışır.

İstehsal olunan üzümün emalı məqsədilə 2007-ci ildə rayonun Qarazəncir kəndində zavod tikilib istifadəyə verilib. Ölkə başçısının açılışında iştirak etdiyi müəssisə xaricdən alınmış müasir avadanlıqlarla təchiz edilib. Zavod mövsüm ərzində 9 min ton məhsul qəbul etmək gücünə malikdir. Bu il isə 2 min 497 ton üzüm qəbul olunub. Hazırda zavodda 300 min dekalitr yüksək keyfiyyətli hazır şərab məhsulu var. "Qazan köşkü", "Banu Çiçək", "Göytəpə" markası adı altında buraxılan şərablar alıcılar tərəfindən rəğbətlə qarşılanır. Bunlardan əlavə, zavodda konyak spirti hazırlanır. Yaxın vaxtlarda şərab məhsullarının xarici ölkələrə satılması da planlaşdırılır.

İndi Cəlilabadda üzümçülüyə meyil artıb. Sahibkarlardan Sahib Mədətov, Ağaxan Nağıyev, Nuru İsparov, Ərəstun Astanov, Rizvan Bayramovun hər birinə məxsus 80-90 hektar üzüm bağı var. Təcrübəli üzümçü Sahib Mədətov deyir ki, "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" hamının ürəyindən xəbər verdi: "Üzümçülük gəlirli sahədir. Düzdür, əkdikdən sonra ən tezi 3-4 ilə bar verir. Lakin məhsul verəndən sonra xeyirini görürsən. Əkmək, becərmək üçün isə gərək əlində pulun olsun. Çox adam üzüm əkmək istəsə də, imkansızlıq üzündən arzusunu həyata keçirə bilmir. Prezident tərəfindən görülən tədbir nəticəsində, yəqin ki, adamlara uzunmüddətli kreditlər verəcəklər". Digər üzümçü Ağaxan Nağıyev də həmkarının sözlərinə qüvvət verərək dövlət proqramını ürəkdən bəyəndiyini, onun yaxın 2-3 il ərzində səmərə verəcəyini, üzümçülük sahəsində Cəlilabadın itirilmiş şöhrətinin yenidən qaytarılacağına əmin olduğunu bildirdi.

Yaxın gələcəkdə rayonda üzüm bağlarının 5 min 700 hektara çatdırılması nəzərdə tutulur. Bu tədbir üzümçülərin sosial rifah halının yaxşılaşmasına, məşğulluğun artmasına, işsizliyin və yoxsulluğun aradan qalxmasına şərait yaradacaq. Yetişdirilən süfrə üzümünün saxlanılması, payız-qış mövsümündə əhaliyə satılması üçün rayonda soyuducu kameralar da tikilir. Artıq 2 min tonluq soyuducu kamera fəaliyyət göstərir, digəri isə yaxın vaxtlarda istifadəyə veriləcək.

 

Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video