29 Avqust 2021 00:46
581
SİYASƏT
A- A+

Dövlət onların, onlar dövlətin dayağıdır

 

Prezident İlham ƏLİYEV: “Bütün Azərbaycan xalqı şəhidlərimizlə, hərbçilərimizlə fəxr edir”

 

Biri 1890, digəri isə 1152 mənzildən ibarət olan daha iki kompleksdə şəhid ailələri, müharibə əlilləri və Vətən Müharibəsi qəhrəmanları yaşayacaqlar.

Bir neçə gün əvvəl Abşeron rayonundakı həmin komplekslərdə 300 mənzil sahiblərinə təqdim olundu. Eyni vaxtda müharibə əlillərinə 50 avtomobilin açarları verildi.

Təqdimolunma mərasimində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etməsi şəhid ailələri üzvlərinin və qazilərin sevincinə səbəb oldu. Bu, eyni zamanda dövlət başçısının və Mehriban xanım Əliyevanın həmin kateqoriyadan olan insanlarla növbəti səmimi görüşü idi.

Şəhid ailələri və müharibə əlillərinin sosial təminatı, postmüharibə dövründə sosial dəstək, məşğulluq, mənzil, fərdi ev və avtomobil, həmçinin müasir reabilitasiya vasitələri ilə təminatı istiqamətində görülən işlər davamlı xarakter daşıyır. Bu istiqamətdə Heydər Əliyev Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mühüm sosial tərəfdaşlarından biridir. Bu tərəfdaşlıq çərçivəsində indiyədək bir çox sosialyönümlü layihələr həyata keçirilib. Belə ki, 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezident İlham Əliyevin bu ilin yanvar ayında imzaladığı sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.

Son 7 ayda 52 min nəfər şəhid ailəsi üzvü və müharibə veteranı işlə təmin olunub, 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilib. Bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 2018-2020-ci illərdə 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb.

Postmüharibə dövründə 26 min nəfərə 36 min xidmət göstərilib.

 Müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər sırasında onların avtomobillə təmin olunması da önəmli yer tutur. Xatırladaq ki, indiyədək 7200 müharibə əlili avtomobillə təmin edilib. Bu il 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub.

 Beləliklə, dünyada koronavirus pandemiyasının hökm sürməsinə və iqtisadi çətinliklərin olmasına baxmayaraq, ölkəmizdə bu istiqamətdə işlər davam edir. Avqustun 25-də Prezident İlham Əliyevin “Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” imzaladığı sərəncam bunun daha bir təsdiqidir.

 Bu sahədə Azərbaycanın dünya miqyasında nümunəvi ölkə sayıla biləcəyini vurğulayan dövlət başçısı sözügedən tədbirdə demişdir: “Bu günə qədər 10 minə yaxın vətəndaş mənzillərlə, fərdi evlərlə təmin edilib. Biz hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayırırıq ki, bu məsələlər öz həllini tapsın və növbəti müddət ərzində bu proqram tam icra olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq göstərişlər verilib, gələn ilin büdcəsi formalaşdıqda, əlbəttə ki, bu məsələ öz həllini tapacaq. Onu da bildirməliyəm ki, dünən imzaladığım sərəncam əsasında İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək, müvafiq sərəncam imzalanıbdır. Vətən Müharibəsi Qəhrəmanı adını alan bütün şəxslər mənzillərlə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələri də bu mənzillərə sahib olacaqlar”.

 Müharibə dövründə əmlakını itirmiş insanlar da unudulmayıb. Onlar üçün də minlərlə yeni ev tikilməkdədir. Evlərin xeyli hissəsi artıq inşa edilib.

Bu və digər evlər və yaşayış kompleksləri hər cür rahat şəraitlə, zəruri sosial infrastukturla təmin olunub. Məsələn, sözügedən kompleksin ərazisində 280 yerlik uşaq bağçası da inşa edilib. Burada belə müasir bağçanın istifadəyə verilməsi sakinlərin övladlarının tərbiyəsində, asudə vaxtlarının səmərəli təşkil edilməsində böyük rol oynayır.

 Kompleksin ərazisində eləcə də 1512 şagirdlik tam orta məktəb binası tikilib. Təhsil ocağında şagirdlərin təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq, onların elmin sirlərinə yiyələnmələri üçün bütün imkanlar yaradılıb. Məktəbdə informatika, texnologiya, çağırışaqədər hərbi hazırlıq, kimya, fizika, biologiya otaqları, idman zalları, kitabxana şagirdlərin ixtiyarına veriləcək.

 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşdə şəhid ailələrinin üzvləri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanları bütün bunlardan məmnun olduqlarını bildirdilər. Göstərilən qayğıkeşliyə və diqqətə görə dərin minnətdarlıqlarını ifadə etdilər. Mehriban xanım Əliyevanın özünün doğum günündə məhz onlarla birlikdə olmasını yüksək dəyərləndirdilər.

 Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Cəfərovun həyat yoldaşı Sitarə Cəfərova dedi: “Mənim yoldaşım otuz il bu Vətənə xidmət edib. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Sizin sərəncamınızla ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi və digər medallarla təltif olundu. Sizə təşəkkür edirəm. Siz şəhid ailələrinə daim dəstək olmusunuz və həmişə bizim yanımızda olmusunuz. Bu gün də bizə sevinc bəxş etmisiniz. Bizi mənzillərlə təmin edirsiniz. Allah Sizə cansağlığı versin. Allah Sizi Azərbaycan xalqının üstündə həmişə var eləsin. Hörmətli Mehriban xanım, bu gün Sizin doğum gününüzdür. Fürsətdən istifadə edərək Sizi təbrik edirəm. Allah Sizə cansağlığı versin, uzun ömür və bol-bol nailiyyətlər arzulayıram. Çox sağ olun”.

 Vətən müharibəsi şəhidi Fərid Şamilovun atası Mirzə Şamilov isə fikrini belə ifadə etdi: “Bu gün oğlumun və bütün şəhidlərimizin ruhu şaddır. Çünki Sizin rəhbərliyinizlə tarixi Qələbəyə imza atdıq. Xalqımız öz arzusuna çatdı. Otuz il düşmən işğalında olan torpaqlarımız azad edildi. Gələcək nəsillərimiz də bu tarixi Zəfəri qürurla yad edəcəklər, xatırlayacaqlar. Vətən müharibəsindən çox az, doqquz ay keçməsinə baxmayaraq, Sizin tapşırığınızla bizə, bütün şəhid ailələrinə yüksək diqqət və qayğı ilə yanaşırlar. Bütün sosial dəstəklə əhatə olunmuşuq. Gənc qazilərimizin evlə, mənzillə, maşınla təmin olunması şəhid atası kimi məni həqiqi mənada sevindirir və qürurlandırır. Buna görə Sizə minnətdaram. Tanrı Sizi, Mehriban xanımı qorusun. Mehriban xanım, şəhid ailələrinə xüsusi, həssas, diqqətli yanaşmağınızın göstəricisidir ki, ad gününüzdə də bizimləsiniz. Sizi təbrik edirik”.

 Vətən müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Ehtiram Məmmədov da minnətdarlıq duygularını ifadə etdi: “Cənab Prezident, biz bu gün sevinirik, fərəhlənirik. Ona görə ki, Sizin bizə göstərdiyiniz böyük qayğının bir daha şahidi oluruq. Şəhid ailələri, qazilər mənzillə təmin olundular. Həmçinin qazilərimizə minik avtomobilləri hədiyyə etdiniz. Sizin sərəncamınızla hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar bir daha yüksək qiymətləndirilərək Vətən Müharibəsi qəhrəmanları və onların ailələri mənzillərlə təmin olunurlar. Mən ehtiyatda olmağıma baxmayaraq, daim Sizin tapşırığınızı yerinə yetirməyə hazıram. Azərbaycan xalqı Sizinlə daim yeni zəfərlərə imza atacaq”.

 Prezident və Birinci vitse-prezident digər qazilər və şəhid ailəsi üzvləri ilə də səmimi söhbət etdilər.

 Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla başlanan tədbirdəki çıxışını dövlət başçısı bu sözləri ilə tamamladı: “Mən bir daha şəhidlərimizin əziz xatirəsini yad edərək deməliyəm ki, siz - onların yaxınları onlarla fəxr edirsiniz. Haqlı olaraq fəxr edirsiniz. Bütün Azərbaycan xalqı şəhidlərimizlə, hərbçilərimizlə fəxr edir. Şəhidlərimizin əziz xatirəsi bizim ürəyimizdə əbədi yaşayacaqdır”.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video