17 Oktyabr 2021 00:23
986
SİYASƏT
A- A+

Dövlət müstəqilliyinin bərpasına aparan yol

 

Azərbaycan Respublikası Milli Məclisinin 11 oktyabr 2021-ci il tarixli qərarı ilə 28 may Müstəqillik Günü, 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü elan olunmuşdur. Xalqımızın tarixində mühüm yeri olan hər iki bayram gününün siyasi məzmunu obyektiv dəyərləndirilmişdir. 103 yaşlı Azərbaycan Demokratik Cumhuriyyətinin bəyan edildiyi gün, 28 may onun varisi olan Azərbaycan Respublikasının da Müstəqillik Günü kimi təsbit olunmuşdur. 18 oktyabr günü isə 1920-ci ildə işğala məruz qalmış milli dövlətimizin bərpası haqqında Müstəqillik Aktının qəbul edildiyi gün kimi bəyan olunmuşdur. Müstəqillik Bəyannaməsi ilə Müstəqillik Aktının vəhdət təşkil etdiyi, qanunvericilik baxımından birincinin ikinci üçün hüquqi baza yaratdıgı əsaslandırılmışdır.

Azərbaycan hazırda əlamətdar tarixi hadisənin, respublikanın Dövlət Müstəqilliyinin Bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsinin 30-cu ildönümünü qeyd edir. Buna görə dövlət müstəqilliyinin bərpası gününə aparan mübarizə yoluna bir daha nəzər salmaq xüsusi aktuallıq kəsb edir.

28 may 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Cumhuriyyətinin bolşevik-rus qoşunları tərəfindən işğalından Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının hüquqi əsasını təşkil edən 1991-ci il 18 oktyabr tarixli Akta qədərki ictimai-siyasi proseslərin təhlili bu tarixi günün əhəmiyyətini bir daha ümumiləşdirməyin zəruriliyini diktə edir.

İyirminci yüzilliyin ikinci onilliyinin sonlarında dünyada, o cümlədən Rusiyada baş verən siyasi proseslərin nəticəsi olaraq Cənubi Qafqazda, eləcə də Şimali Azərbaycanda genişlənən demokratik hərəkat xalqın siyasi məfkurəsinin inkişafına böyük təkan verdi. Dünyanın böyük dövlətlərinin toqquşan maraqlarının düyün nöqtəsi olan Cənubi Qafqazın demokratik qüvvələri yaranmış beynəlxalq vəziyyətdən, Rusiyada rejimin devrilməsindən, kəskinləşən vətəndaş müharibəsindən istifadə edərək Zaqafqaziya Seyminin buraxılması Zaqafqaziya Müstəqil Federativ Respublikasının yaradılması haqqında qərar qəbul etdilər. Seymin Azərbaycandan olan deputatlarının iştirakı ilə keçirilən 27 may 1918-ci il tarixli fövqəladə iclasda Azərbaycanın idarə olunması səlahiyyətini öz üzərinə götürən Müvəqqəti Milli Şuranın yaradıldıgı elan olundu. Şuranın 28 may 1918-ci il tarixli ilk iclasında “Azərbaycanın müstəqilliyi haqqında Akt” qəbul edildi. Tarixi dövlətçilik ənənələrinə malik xalqımız milli-azadlıq hərəkatının məntiqi nəticəsi olaraq müstəqillik dövrünə qədəm qoydu. Lakin cəmi 23 ay fəaliyyət göstərən milli hökumət bolşevik-rus ordusunun süngüsü gücünə devrildi. İşğaldan sonra XI bolşevik-rus ordusuna qarşı davam edən müqavimət hərəkatı ağır artilleriyanın gücü ilə susduruldu. Azərbaycanın işğalına qarşı aparılan mübarizə sovet siyasi sistemi əleyhinə qeyri-leqal hərəkatın başlanğıcını qoydu. Həm ölkə daxilində, həm də mühacirətdə olan vətən fədailəri tərəfindən 70 ilə qədər gizli davam edən bu mübarizə XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində beynəlxalq münasibətlərin və sovet imperiyasında dərinləşən iqtisadi-siyasi böhranın kəskinləşməsi nəticəsində yeni keyfiyyət mərhələsinə daxil oldu. Sovet dövlətinin vahid iqtisadi sisteminin bazisini təşkil edən ictimai mülkiyyətdən xüsusi mülkiyyətə keçid tədbirləri, regional milli konfliktlərin kəskinləşməsi, siyasi sistemin “demokratikləşdirilmə” kompaniyası, təkpartiyalılığın ləğvi, çoxpartiyalılığın bərqərar olması və digər iqtisadi və siyasi tədbirlər SSRİ-nin süqutunu daha da sürətləndirdi.

Beləliklə, SSRİ-nin dinc yolla dağıdılması kursu nəticəsini çox gözlətmədi. 1991-ci ilin sonunda imperiya tarix səhnəsindən çıxarıldı.

Azərbaycanın dövlət müstəqilliyi üçün hələ XX əsrin 70-ci illərində sosial-iqtisadi baza yaradan, dünyada və sovet imperiyasında cərəyan edən prosesləri uzaqgörənliklə müşahidə edən Ulu Öndər Heydər Əliyev hələ 1986-cı ildə sovet dövlətinin siyasi sisteminin tədricən qürub edəcəyini, imperiyadan asılı millətlərin, o cümlədən doğma xalqının azadlığa çıxacağı günün çox uzaqda olmadığını duyaraq deyirdi: “O zaman hiss edirdim ki, dünyada böyük dəyişikliklər baş verir və bunu alqışlayırdım”.

Dövlət müstəqilliyi üçün yaranan obyektiv siyasi imkandan çıxış edərək ittifaq respublikalarında, o cümlədən Azərbaycanda sovet siyasi sisteminin məngənəsindən qurtulmaq uğrunda kütləvi etiraz hərəkatının başlanması Ümummilli Liderin fenomenal uzaqgörənliyinin təsdiqi idi.

Müxtəlif millətlərdən olan xalqların “mərkəzdənqaçma” prosesinin qarşısını almağa can atan imperiya irtica yolu tutdu. Azadlığın astanasında duran xalqlar, xüsusilə türkdilli xalqlar əleyhinə, onların liderlərinə qarşı təzyiqlər gücləndirildi. Türkdilli xalqların rəhbərlərinə qarşı hücumlar başlandı. Qazaxıstanda uzun müddət rəhbər vəzifədə çalışmış Din Muhamməd Kunayevin istefaya göndərilməsi, qazax xalqının iradəsinə zidd olaraq respublikaya rus milliyyətli şəxsin rəhbər təyin edilməsi və digər bu kimi antitürk meyilli addımlar bu məqsədi güdürdü.

İmperiya rəhbərliyinin məqsədini təhlil edən, türk xalqlarının XXI əsrdəki yerini uzaqgörənliklə müəyyənləşdirən Heydər Əliyev türk dünyasının maraqlarının müdafiəsinə qalxmaqla ədalətə, prinsipiallığa, millətinə sadiqlik, təəssübkeşlik nümunəsi nümayış etdirdi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən Heydər Əliyev ona qarşı ediləcək hücumlardan çəkinməyərək, hələ 1986-cı ildə M.Qorbaçovun milli siyasətini cəsarətlə ifşa edərək birbaşa ona deyirdi: “...Bunu etmək olmaz. Qazaxıstan böyük bir respublikadır... Bundan əvvəl də bu respublikaya rəhbərlik edənlər qazaxlar olublar. Amma indi Qazaxıstana başqa millətdən olan bir adamı rəhbər göndərmək doğru deyil”.

İdarəçilik bacarığına, qətiyyətinə, mübarizliyinə, ittifaq dövləti başçılığına layiq şəxs kimi dəyərləndirilməsinə qısqanclıqla yanaşan sovet dövlət rəhbərliyi Heydər Əliyevə təzyiqlərə başladı.

Ümummilli Liderin qayğısı sayəsində Azərbaycanda məsul vəzifələrə yüksələnlər də, çətin anlarda maskası yırtılan, “...inandığı adamlar ondan üz döndərdilər, ona xəyanət etdilər”. Milli maraqları düşünmək qeyrətindən məhrum “şər bədxahlar”dan istifadə edərək “antiəliyevçi” kampaniyaya start verildi.

Məhz Heydər Əliyev şəxsiyyətinə qarşı təzyiqlər dövründə indiki Ermənistanda yaşayan azərbaycanlı əhalinin dədə-baba yurdundan didərgin salınması, Dağlıq Qarabağın işğalı siyasəti intensivləşdi.

Təcavüzkar erməni siyasətinə qarşı yüksələn kütləvi etiraz mitinqləri respublikanın xilası yolunu Heydər Əliyevin hakimiyyətə gətirilməsində görən xalqın haqlı ictimai rəyini ortaya qoysa da millətlərin mövqeyini heç zaman nəzərə almayan həm ittifaq, həm yerli iqtidar, həm də respublikada olan müxalifətin bəzi qanadları tərəfindən bu təşəbbüs qısqanclıqla qarşılanır. Halbuki siyasi böhranın kəskinləşdiyi belə bir zamanda respublikadakı ictimai-siyasi vəziyyəti, rəhbərlik təcrübəsini, xalqın rəyini nəzərə alaraq Heydər Əliyevi respublikaya dəvət etmək, məsləhətlərindən bəhrələnmək ən düzgün seçim olardı. Səriştəsiz iqtidar isə imperiyanın süqutunun qaçılmaz proses oldugunu dərk edə bilmədi. Moskvameyilli mövqedən çıxış edərək “antiəliyev kampaniyası”na rəvac verdi. Beləliklə, nə iqtidar, nə də müxalifət xalq, dövlət üçün zəruri olan siyasi ortaq məxrəcə gələ bilmədi.

Xalq etirazlarına qarşı irtica yolunu seçən sovetin dövlət rəhbərliyi Azərbaycan xalqını susdura biləcəyini güman edərək, 1990-cı il 20 Yanvar faciəsinə qərar verdi.

Sovet dövləti rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra “siyasi fəaliyyətlə məşğul olmayacağını” düşünən, ancaq ürəyi hər an xalqı ilə döyünən Heydər Əliyev sağlamlığı üçün təhlükəli bir şəraitdə, öz doğmaları ilə dərhal Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək 20 Yanvar faciəsini, dinc insanlara qarşı törədilən silahlı vəhşiliyi Azərbaycan xalqına qarşı kütləvi qırğın aktı kimi pislədi. Xalqı ilə bir yerdə oldugunu ifadə etdi. Bu faciə sovet imperiyasına qarşı nifrət dolu beynəlxalq ictimai rəyin daha da dərinləşməsinə, imperiyanın iflasına təkan verdi. SSRİ-nin dayağı olan sovet ordusunun beynəlxalq aləmdə onsuz da işğalçı kimi tanınan nüfuzuna zərbə vurdu. Şərqi Avropadan çıxarılmasına artıq başlanılmış sovet ordusunun sosializm düşərgəsi ölkələrini tərketmə prosesi aktiv fazaya daxil oldu.

Beləliklə, Azərbaycanda yüksələn xalq hərəkatı sovet imperiyasının, eləcə də beynəlxalq sosializm cəbhəsinin süqutuna təsir baxımından da öz sözünü dedi. Qanlı Yanvar Azərbaycan xalqının siyasi həyatında dönüş nöqtəsi oldu.

20 Yanvar şəhidlərinin qanı üzərindən adlayaraq hakimiyyətə gələn yeni iqtidar nəinki Moskvameyilli mövqedən əl çəkmədi, respublikanın sərhədlərinin erməni silahlı təxribatçılarından qorunmasını təşkil edə bilmədi, milli birlik yaratmaq əvəzinə, xalqının ağır günlərində Vətənə qayıdan Ümummilli Liderə qarşı təcrid siyasəti ilə respublikadaxili siyasi qütbləşməni daha da dərinləşdirdi.

Ulu Öndərin Vətənə qayıdışı müstəqillik və demokratiya uğrunda ümumxalq mübarizəsinin yeni dövrünün başlanğıcını qoydu. Hakimiyyətin ona qarşı təcrid siyasətinin nəticəsində Naxçıvana, özünün dediyi kimi, “tənha ada”ya sığınmaqla xalqının azadlığı uğrunda mübarizəni davam etdirməyə qərar verdi. Hakimiyyət qadağalarına baxmayaraq, xalqın cəmiyyətdəki həlledici tələbi və səsi sayəsində siyasi mübarizənin önünə keçdi.

Naxçıvan Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda demokratik mübarizə ocagına çevrildi. Sovet hakimiyyətinin və yerli iqtidarın SSRİ-nin saxlanması niyyəti ilə keçirmək istədiyi referendum haqqında qərarın muxtar respublikanın Ali Məclisinin 14 mart 1991-ci il tarixli iclasında rədd edilməsi demokratik mübarizə yolunun nümunəsi oldu.

Moskvada 19-21 avqust 1991-ci il tarixli dövlət çevrilişinə cəhd hadisəsindən sonra imperiya rejiminə qarşı ümumxalq mübarizəsi daha da alovlandı. Respublikaların dövlət müstəqilliyinin bərpası tələbləri kəskinləşdi.

Moskvanın çoxpartiyalı demokratik sistem yaratmaq adı altında yeritdiyi siyasətin nəticəsində Sovet İttifaqı Kommunist Partiyası ləğv edildikdən dərhal sonra, Azərbaycanda da gecikmiş tədbirlərə başlandı. 26 avqust 1991-ci ildə dövlət orqanlarında, müəssisələrində, idarələrində və s. kommunist partiyasının və digər siyasi partiya, habelə siyasi məqsədlər güdən kütləvi ictimai hərəkatların fəaliyyətinə xitam verildi. Azərbaycan Kommunist Partiyası isə özünün 14 sentyabr 1991-ci il tarixli XXXIII qurultayında buraxıldı.

27 avqust 1991-ci ildə Ümummilli Liderin siyasi dəstək verdiyi demokratik qüvvələrin tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası çağırıldı. Dövlət müstəqilliyinin bərpası məsələsi sessiyanın gündəliyinə daxil edildi. Sessiyada gedən müzakirədən sonra, 29 avqust 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə qəbul edildi.

1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikası Ali Soveti Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Müstəqillik uğrunda mübarizə özünün mühüm bəhrəsini verdi.

Elan etdiyi hüquqi müstəqilliyə nail olmuş Azərbaycan Respublikası imperiyanın 1991-ci ilin dekabrında iflası ilə faktiki olaraq dövlət müstəqilliyini qazandı.

Bu nailiyyətin beynəlxalq aləmdə və keçmiş SSRİ-də baş verən tarixi-obyektiv proseslərin məntiqi nəticəsi olduğunu vurğulayan müdrik siyasi xadim Heydər Əliyev “müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvəti” olan obyektiv tarxi hadisə kimi dəyərləndirirdi. Respublikanın dövlət müstəqilliyinin hüquqi cəhətdən bərpa olunması müstəqil dövlət quruculuğu, beynəlxalq münasibətlər sisteminə inteqrasiyası üçün böyük perspektivlər açdı.

Müstəqillik əldə olunsa da, hakimiyyət uğrunda daxili çəkişmələr səngimədi. Kommunust nomenklaturasını əvəz edən hakimiyyət dövrünün ziddiyyətləri, dövlət idarəçiliyi sahəsində səriştəsizliyi müstəqilliyimizi siyasi burulğanın dibinə çəkməkdə idi. Ölkədəki hərbi-siyasi xaosdan istifadə edən işğalçı Ermənistan torpaqlarımızın 20 faizini işğal etdi.

Ümummilli Lider deyirdi: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanması, daimi, əbədi olması bundan da çətindir...” Bu çətinliyin öhdəsindən gəlmək qüdrətinə malik Heydər Əliyev şəxsiyyətinə ümumxalq inamının və tələbinin təsiri altında ovaxtkı hakimiyyət Ulu Öndərə kömək üçün müraciət etdi.

İkinci dəfə respublika rəhbərliyinə yüksələn Ümummilli Lider “Böyük Qayıdış”la müstəqil dövlət quruculuğuna başladı. İdarəetmənin qanunvericilik bazasının yaradılmasından siyasi və iqtisadi islahatlara qədər zəruri tədbirlər paketinin həyata keçirilməsi sayəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi. Ermənistanla atəşkəsə nail olundu.

Azərbaycanla ikitərəfli müqavilələrə, xüsusilə enerji yataqları ilə baglı müqavilələrə can atan böyük dövlətlərin və Azərbaycanın milli maraqlarını çulğalaşdıran uzaqgörən siyasətçi Heydər Əliyev Müstəqil Dövlətlər Birliyinə daxil olmaqla əslində həmin dövlətlərə ciddi təzyiq mesajı göndərdi. Rusiyanın regiondan sıxışdırılmasını strateji hədəf seçən nəhəng dövlətlərlə başlanan danışıqlar “Əsrin müqaviləsi”nin baglanmasını sürətləndirdi. Azərbaycan torpaqları isə hələ də işğal altında qalmaqda idi. Lakin birinci dərəcəli faktor - dövlət müstəqilliyi qorunub saxlandı. Siyasi, iqtisadi və hərbi cəhətdən güclənmək üçün vacib tənəffüsə nail olundu.

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş bu kursun sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi Azərbaycanın cənubi Qafqazda söz sahibinə çevrilməsini, dünya dövlətləri sırasında layiqli yerini, Ermənistanla 44 günlük müharibədə böyük tarixi qələbəni təmin etdi. Məhz bu siyasi kursun nəticəsidir ki, dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının ildönümünü ilk dəfə olaraq respublikanın ərazi bütövlüyü şəraitində qeyd edirik.

 

Asəf ZAMANOV,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video