31 Oktyabr 2014 12:10
2570
Oxucu məktubları
A- A+

Distillə olunmuş su tapmaq müşkülə dönüb

 

Təəccüblənməyin. Haradan ala biləcəyimi məsləhət verməyə də tələsməyin. Məsələ də elə apteklərdə və avtomobil ehtiyat hissələri satılan mağazalarda təklif olunan sudadır. Etiketində "distillə olunmuş su" yazılı plastik qablara doldurulmuş suyun, həqiqətən də, distillə edildiyi çox şübhəlidir. Əvvəla, su bulanıqdır -  qabı işığa tutduqda tərkibindəki bol miqdarda mikroorqanizm və mexaniki qarışıq aydınca görünür. Digər tərəfdən, etiketdə suyun mənşəyi - istehsalçısı haqqında heç bir məlumat yoxdur. "Distillə" və "akkumulyator" sözləri də səhv yazılıb.

Etiketində şəstlə "Tərkibindəki mikroelementlər 0-a bərabərdir" qeyd olunmuş bu mayedən gözüm su içmədiyindən onu yoxlamaq qərarına gəldim.  Hərçənd içindəki çoxsaylı yad maddələr apaydın görünürdü.  Kimya dərslərinə maraq göstərənlər yəqin unutmayıblar - təmiz (qatqısız, yad elementsiz, maddəsiz) su əslində, dielektrikdir. Yəni elektrik cərəyanını keçirmir. Odur ki, suyun distillə vəziyyətini onun keçiricilik dərəcəsini ölçməklə yoxlamaq mümkündür.  Qətiyyətlə söyləyirəm: ticarət şəbəkələrində 1 litrlik qablarda 40-50 qəpiyə satılan su qətiyyən distillə edilməyib, adi sudur və hətta ondan daha çox qatışığa malikdir. İnanmırsınızsa, özünüz baxın, yoxlayın.

Bəlkə kimlərəsə bu, çox adi və diqqətə alınmasına zərurət duyulmayacaq qəbildən olan xırda problem kimi görünə bilər. Amma distillə edilmiş su tətbiq olunmalı yerdə  adi sudan istifadə böyük problemlər törədə bilər. Distillə olunmuş su - yəni tərkibi bioloji və fiziki-kimyəvi maddələrdən maksimum təmizlənmiş su, əsasən avtomobillərdə, eləcə də digər maşın və mexanizmlərdəki akkumulyatorlara, mühərriklərin soyutma sistemlərinə tökülür. Onun əvəzinə tərkibində mikroelementlər, mikroorqanizmlər, müxtəlif metallar, duzlar və digər maddələr bol olan adi sudan istifadə akkumulyatoru qısa müddətdə, mühərriki isə bir qədər gec sıradan çıxarır. Belə ki, yad maddələr akkumulyatordakı elektrod lövhələrinin səthinə çöküb kimyəvi prosesi pozur. Mühərriklərdə isə eyni çöküntülər kirəcləşərək soyutma sisteminin kiçik ölçülü kanallarını bağlayır, beləcə,  soyutma dövriyyəsi pozulur. 

Qeyd edilən səbəblərdən hər iki hal üzrə istismar qaydalarında distillə olunmuş sudan istifadə tövsiyə deyil, istisnasız tələb kimi qoyulub. Di gəl ki, bu tələbə riayət etmək heç də düşünüldüyü kimi asan olmur. Rayonları deyə bilmərəm, mən Bakıda, həqiqətən də, distillə olunmuş su tapmaqda çətinlik çəkirəm. Daha doğrusu, tapa bilmirəm. Ticarət şəbəkəsində eyni "məhsul" satılır. İndi nə edək?

 

Yaşar İBRAHİMOV,

Bakı şəhəri

 

Redaksiyadan:  "Azərbaycan" nəşriyyatı ilə üzbəüz yerləşən binanın altındakı ehtiyat hissələri  mağazasından aldığımız eyni mənşəli, qablaşdırılmış "Distillə olunmuş su"yu Azərbaycan Milli Elmlər Akademiyasının Kimya İnstitutunun laboratoriyasına verərək mütəxəssislərdən onu yoxlamağı xahiş etdik. Bizə əyani şəkildə suyun üzərinə əlavə edilən bir neçə damcı xüsusi məhlula verilən reaksiya  nümayiş edildi: kimya laboratoriyasında müvafiq  avadanlıq vasitəsilə alınmış həqiqi distillə suyu təmiz olduğundan əlavə edilən kimyəvi məhlulla reaksiyaya girmədi və rəngi olduğu kimi şəffaf qaldı.

Ticarət şəbəkəsindən alınmış, qapağını laboratoriyada açdığımız "distillə" suyu isə  adi su  kimi bulanıb "süd" rəngini aldı. İnstitutun kimya mütəxəssisi gətirdiyimiz suyun qətiyyən distillə edilmədiyini bildirdi!

Laboratoriya sınağının nəticələri oxucunun sualını daha da aktuallaşdırır: belə hallarda nə etmək lazımdır? Saxtakarlığın qarşısını necə almaq mümkündür? Alıcıları saxta malla aldadan şirkəti hansı cəza gözləyir? Bu suallara əlaqədar orqanların verəcəyi cavabları qəzetimizdə  dərc edəcəyik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video