26 Oktyabr 2021 02:01
1121
CƏMİYYƏT
A- A+

“Deyəsən, torbada pişik var”

 

Yaxud dövlətin dəstəyi sayəsində fəaliyyət göstərən özəl müəssisələr jurnalistlərdən niyə qaçır?

 

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, o cümlədən əhalinin bol, ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə təmin edilməsi, yeni iş yerlərinin yaradılması və digər istiqamətlərdə genişmiqyaslı işlər görülür. Həmin işlərin icrası üçün ən müxtəlif qeyri-neft sahələrinə investisiyalar qoyulur, sahibkarlara güzəştli kreditlər verilir, onların istehsal etdikləri məhsullar təşviq edilir.

Təəssüf ki, həmin vəsaitlərlə inşa olunan bəzi müəssisələrin, obyektlərin tikintisi illərlə uzadıldığından onlar yalnız gözdağına bənzəyir. Məsələn, Bakının Qaradağ rayonu ərazisində - Xəzər dənizindəki “göydələnlər” kompleksi və ya Salyan şəhərindəki Şəkər yemi zavodu kimi. Tikilən obyektlərin bəziləri isə perspektivi, gələcəkdə hansı səmərəni verəcəyi nəzərə alınmadığından ya istehsal gücündən qat-qat aşağı işləyir, ya da heç işləmir. Amma biz bu dəfə belələri haqqında yox, işləyən müəssisələr barədə söhbət açacağıq.

Hacıqabul Quşçuluq fabriki Azərbaycanın bu sahə üzrə iri müəssisələrindən biridir. O, sovetlər birliyi zamanında fəaliyyət göstərmiş fabrikin bazasında yaradılmışdır. İnsafən demək lazımdır ki, ötən illər ərzində burada çox işlər görülmüş, fabrik sənaye təməli əsasında yenidən qurulmuşdur. Təsərrüfatın yem bazası üçün əkin sahələri də var. Fabrikdə çox sayda işçi çalışır və onlara müəyyən qədər qayğıkeşlik göstərilir. Belə ki, müəssisədə çalışanlar işə xüsusi avtobuslarla aparılıb-gətirilir, fabrikdə pulsuz nahar edirlər. Bütün bunların nəticəsidir ki, rayonda keçən il istehsal olunan 199 milyon ədəd yumurtanın və 1819 ton quş ətinin çoxu bu müəssisənin payına düşmüşdür. Ümumiyyətlə, müəssisənin iqtisadi göstəriciləri qənaətbəxşdir.

Elə buna görə də fabrikin fəaliyyəti barədə bir neçə dəfə yazmaq istəmişik. Gəl ki, müəssisənin rəhbərliyi hər dəfə bir bəhanə ilə yaxasını kənara çəkib. Sözü də bu olub ki, fabrikdə deyillər. Amma eşitmişik ki, fabrikin qeyri-rəsmi investoru keçmiş yüksək çinli məmurlardan biridir. Ona görə də müəssisənin fəaliyyəti ilə maraqlanmağa heç kim cürət etmir. Rayon icra hakimiyyətində isə deyirlər ki, xüsusi mülkiyyət olduğundan onlara heç bir söz deməyə səlahiyyətləri yoxdur.

Aqroparklar ölkədə yaradılan yeni, müasir kənd təsərrüfatı müəssisələridir. Müəssisə ona görə deyirik ki, həmin təsərrüfatlarda işlər demək olar ki, sənaye üsulu ilə təşkil edilir. Onların hər biri kifayət qədər torpaq sahəsi, əkin suyu ilə təmin olunurlar. İşıq, yol problemləri də yoxdur. Yeri gəlmişkən qeyd edək ki, bu gün Azərbaycanda 40-dan çox aqropark fəaliyyət göstərir. Bir müddət öncə onlardan biri - Cəlilabad rayonu ərazisində yerləşən Günəşli Aqroparkı (“Günəşli-Aqro” MMC) haqqında məqalə hazırlamaq istədik. Məlumatımız var idi ki, MMC-yə xarici ölkələrdən çox sayda məhsuldar cins inəklər alınıb gətirilmişdir. Bundan əlavə, magistral şose yolunun kənarında yerləşən aqroparkın görünən tövlələri, ot tayaları, müxtəlif adda texnikaları, suvarma qurğuları və s. təsərrüfatın ət və süd məhsulları istehsalında sanballı çəkiyə malik olması barədə müəyyən təsəvvür yaradırdı. Necə deyərlər, aqropark ölkənin aqrar sektorunda görülən işləri göstərmək üçün axtardığımız obyekt idi.

Təsərrüfatın giriş qapısındakı gözətçi daxili telefonla idarənin məsul işçisinə gəlişimiz barədə məlumat verdi. Onun isə cavabı belə oldu: “Mən özbaşına bu işə icazə verə bilmərəm, gərək Bakıdakı ümumi rəhbərlə danışıb ondan razılıq alam”.

İki saata yaxın gözləməli olduq. Gözətçidən bir də zəng edib nəticəsini öyrənməyi xahiş etdik. Məsul şəxslə özüm danışmaq istədiyimi bildirdim. Telefonun o biri başından “İcazə verilmir” cavabı gəldi. Rayon icra hakimiyyətinin, rayon dövlət aqrar inkişaf mərkəzinin məsul işçilərinin də kömək etmək cəhdləri nəticəsiz qaldı.

Rayonlarda yaradılan sənaye məhəllələri yerli potensial və imkanlar nəzərə alınmaqla həm daxili tələbatın ödənilməsinə, həm də yeni iş yerlərinin yaradılmasına hesablanmışdır. Məsələn, Neftçaladakı Sənaye Məhəlləsində istehsal olunan balıq yemi sexi rayondakı balıqçılıq təsərrüfatlarının və balıq yetişdirməklə məşğul olan fermerlərin əməlli-başlı karına gəlir. Əhali də yeri gələndə bundan razılıq edir.

Amma bu müəssisənin də fəaliyyəti barədə yazı hazırlamaq istəyimiz  düyünə düşdü. Burada da “mərkəzin razılığı olmadan icazə verə bilmərik”  dedilər. Biz ümidsiz olsaq da, mərkəzə bu barədə məlumat verilməsini xahiş etdikdə isə “razı deyil” cavabı gəldi.

Bəli, jurnalistin işi indi belədir. Fikirləşirsən ki, dövlət başçısı mühüm məsələlərin həlli üçün çalışır, müvafiq sərəncamlar imzalayır və onların icrası üçün nə lazımdırsa edir. Belə bir siyasət təbliğ olunmalı, KİV vasitəsilə əhali bunlardan xəbər tutmalıdır. Yaxşı işin təbliğinin nəyi pisdir ki? Yox, əgər qeyd etdiyimiz müəssisələrdəki kimi, kim isə bunu istəmirsə və istəməmək nədir, hətta hər cəhdlə bunun qarşısını alırsa, deməli, ən azından “torbada pişik var”.

Amma inanın, jurnalist olaraq bizim məqsədimiz həmin “pişiyi tapmaq” yox (bu, müvafiq dövlət orqanlarının işidir), dövlətin dəstəyi sayəsində ərsəyə gələnləri xalqa çatdırmaqdır.

 

Seyran CAVADOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video