23 Oktyabr 2021 00:58
1567
Mədəniyyət
A- A+

Dəyərlərdən gələn işıq

Azərbaycanın mədəniyyət inciləri UNESCO-nun nadir əsərləri siyahısında layiqli yer tutur

 

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra, 1945-ci ilin 1-16 noyabrında Londonda BMT-nin təhsil və mədəniyyət təşkilatının yaradılması üzrə konfransı keçirilib. Fransa və Böyük Britaniyanın təklifinə əsasən, nümayəndələr dünyanın həqiqi mədəniyyətini yarada biləcək qurum barədə qərar qəbul ediblər. 1945-ci il noyabrın 16-da 37 dövlətin iştirakı ilə BMT-nin elm, təhsil və mədəniyyət, informasiya və kommunikasiya üzrə ixtisaslaşdırılmış təsisatı olan UNESCO-nun yaranmasını təsdiq edən nizamnaməsi imzalanıb.

 

UNESCO-nun əsas məqsədi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək, qanunvericiliyi və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdir. Bu, 20 üzv dövlətdən ibarət qurum 1946-cı ilin 4 noyabrında rəsmi fəaliyyətə başlayıb. Hazırda 195 ölkə və 10 assosiativ üzvdən ibarətdir.

Ölkəmiz bu təşkilata 3 iyun 1992-ci ildə üzv qəbul edilib. Üzvlüyə qəbul edildikdən sonra UNESCO ilə qarşılıqlı əməkdaşlığın təşkil və təmin edilməsi məqsədilə dövlətimiz tərəfindən zəruri normativ hüquqi baza yaradılıb. Hazırda Azərbaycan bu konvensiyanın fəal iştirakçısıdır. İldən-ilə Azərbaycan-UNESCO əlaqələri xeyli genişlənməkdədir.

UNESCO tarixinin daha bir əlamətdar hadisəsi Parisdəki qərargah-mənzilində 2003-cü il sentyabrın 29-dan oktyabrın 17-dək keçirilmiş və 35800 üzvün, həmçinin 5 dövlət başçısı və 300 nazirin iştirak etdiyi baş konfransının 32-ci sessiyasının “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyanın qəbul edilməsi olub. Sənəddə BMT-nin 1948-ci il “İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi”nə, 1966-cı il İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta, 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta, həmçinin UNESCO-nun 1972-ci il “Dünya mədəni və təbii irsin mühafizəsi haqqında Konvensiyası”na, 1989-cu il “Ənənəvi mədəniyyətin və folklorun qorunub saxlanmasına dair Tövsiyəsi”nə, 2001-ci il “Mədəni müxtəliflik haqqında Ümumi Bəyannaməsi”nə istinad edilib.

O dövrdə artıq qeyri-maddi mədəni irsin bir çox formaları unudulmaqda, yaxud məhv olmaqda idi. Onların mühafizəsi, qorunub yaşadılması zərurəti yaranmışdı. Konvensiya qeyri-maddi mədəni irs nümunələrinin beynəlxalq hüquqi qorunması sahəsində qəbul edilmiş ən başlıca sənəd oldu. Sənəddə irsin təzahür formaları müəyyənləşdirildi, eyni zamanda, onun qorunma üsulları dəqiqləşdirildi və dövlətlərin üzərinə öhdəliklər qoydu.

Konvensiyanın məqsədlərinə müvafiq olaraq, yalnız insan hüquqları haqqında mövcud beynəlxalq hüquqi aktlara, eləcə də icmalar, qruplar və ayrı-ayrı şəxslər arasında qarşılıqlı hörmət və sabit inkişaf tələblərinə uyğun gələn qeyri-maddi mədəni irs olaraq diqqətə alınır. Bu irsin daşıyıcısı kimi dil də daxil olmaqla, şifahi ənənələr və ifadələr; ifaçılıq sənətləri; sosial təcrübələr, mərasimlər, bayram tədbirləri; təbiətə və kainata aid bilik və təcrübələr sənəddə əsas götürülən nümunələrdir.

Konvensiyanın 16 və 17-ci maddələrinə əsasən, “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı” və “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irsin Siyahısı” tərtib edilib.

Azərbaycan bu konvensiyaya Prezident İlham Əliyevin 2006-cı il oktyabrın 2-də imzaladığı “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanuna əsasən qoşulub.

Azərbaycan-UNESCO münasibətlərinin inkişafında və gücləndirilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətləri təqdirəlayiqdir.

Görülən işlər nəticəsində Azərbaycanın maddi və mənəvi irsinin nümunələri UNESCO-nun nadir əsərləri siyahısında yer alıb. Ötən illər ərzində Azərbaycanın tarixi maddi-mədəni irs nümunələri olan İçərişəhər Tarixi-Memarlıq Qoruğu, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Ümumdünya Maddi-Mədəni İrs Siyahısına, Şəki şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Həmçinin Azərbaycana aid 13 qeyri-maddi mədəniyyət nümunəsi - Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, Azərbaycanda xalçaçılıq sənəti, tarın hazırlanması və onun ifa edilməsi, Çövkan - Azərbaycanda Qarabağ atı ilə oynanılan ənənəvi oyun, Azərbaycan kəlağayısı, Lahıc misgərlik sənəti, lavaş, Novruz bayramı, kamançanın hazırlanması və onun ifa edilməsi, dolma hazırlama və paylaşma ənənəsi, “Kitabi-Dədə Qorqud”, Naxçıvanın ənənəvi qrup rəqsləri - yallı (köçəri, tənzərə) “Qeyri-maddi mədəni irs siyahısı”ndadır.

Ölkəmizin UNESCO ilə ən vacib fəaliyyət istiqamətlərindən biri də erməni işğalçıları tərəfindən dağıdılmış nadir mədəniyyət inciləri haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması, həmin abidələrin, mədəniyyət ocaqlarının bərpası, qarət olunub respublikadan çıxarılmış sənət əsərlərinin qaytarılması məsələləridir.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video