05 Avqust 2017 01:08
853
Oxucu məktubları
A- A+

Dəniz məsuliyyətsizliyi və səhlənkarlığı bağışlamır

 

Bədən tərbiyəsi dərslərində üzgüçülüyün öyrədilməsi sağlamlığa da xeyirlidir, sağ qalmağa da...

 

Dəniz sahilində yaşayırıq - Bakının, Abşeronun üç tərəfi sudur. Xəzər boyu başqa rayon və yaşayış məntəqələrimiz də az deyil. Ölkəmizdə çox sayda çay, göl, kanal və kiçik su hövzələri də var. Amma di gəl ki, əhalinin əksəriyyəti üzməyi bacarmır. Təəssüf ki, hər yay - çimərlik mövsümündə müəyyən sayda vətəndaşımız, o cümlədən uşaq və gənclərimiz su hövzələrində boğularaq həyatlarını itirir. Acınacaqlı haldır. Özü də bu bədbəxt hadisələrin təhlili onu göstərir ki, səbəb təkcə o şəxslərin üzə bilməməyi deyil. Bir əsas “baiskar” da insanların məsuliyyətsizliyidir.
Əvvəla həyat və sağlamlıq üçün təhlükə daşıyan hər əməl ciddi məsuliyyət tələb edir. Dəniz, çay, göl sahilində, çimərlikdə istirahətin əyləncəli tərəfinə “köklənib” təhlükəsini unutmaq olmaz! Bunun üçünsə, belə demək mümkünsə, çimərlik mədəniyyətini mənimsəmək, təhlükəsizlik qaydalarını öyrənmək və ən başlıcası, bunlara əməl etmək lazımdır. Çimərlik ərazisində spirtli içki satışı qadağandır. Amma satılır. Niyə? Çünki bunu istəyən, içən var! Halbuki hər kəs bilməlidir ki, spirtli içki içib sükan arxasına keçməklə, dənizə çimməyə girmək arasında fərq azdır: hər iki halda şəxs həm özünün, həm də başqalarının həyatını ciddi təhlükəyə atır. Başqalarının niyə? Çünki suda boğulan şəxs əli ilişən hər kim olsa, qamarlayıb üstünə çıxmağa çalışır. Məhz bu səbəbdən də boğulanı xilas etməyə cəhd göstərənlər arasında da batanların sayı çoxdur. Xilasetmə özü bir bacarıq və xüsusi hazırlıq tələb edir. Yəni bunun üçün təkcə üzə bilmək azdır. Batmaqda olan şəxsə necə yaxınlaşmaq, tutaraq üzə-üzə sahilə çəkmək, bu zaman onun dəhşət içindəki çırpıntılarından qorunmaq hər kəsin işi deyil. Bu səbəbdən xüsusi hazırlığı və vasitələri olmayan şəxslərin xilasedicilik təşəbbüsü də bəzən faciə ilə yekunlaşır.
Bəzi şəxslər çimərlik zonalarında xilasedicilər var deyə, üzə bilmədikləri halda dərinə gedir, az bacarıqlı, təcrübəsizlər də buna arxayın olaraq çimərliyin təhlükəsizlik zolaqlarını aşır, açıq dənizə “çıxırlar”. Unudurlar ki, nəfəs ala bilməyəcəyi təqdirdə insanın suda (özü də şor, acı dəniz suyunda) boğulması saniyələr, maksimum bir dəqiqə ərzində baş verir. Bu müddətdə xilasedicilərin özlərini hadisə yerinə çatdırması heç də hər zaman mümkün olmur.
Bunu və digər amilləri uşaqları ilə çimərliyə gedən valideynlər xüsusilə nəzərə almalı, övladlarını bir an da olsa nəzarətsiz buraxmamalı, onların təhlükəsiz yerdə çimmələrinə çalışmalıdırlar. Ümumiyyətlə, çimərlik ərazisində hər kəs vəziyyətə nəzarət etməli, üzməkdə, dənizdən çıxmaqda çətinlik çəkənləri, yaxud boğulma halı müşahidə etdikdə dərhal bu haqda xilasedicilərə məlumat verməli, ən azı başqalarının da diqqətini təcili buna yönəltməlidir.
Xəzər sahilində elə zonalar var ki, orada dənizə girmək, yəni çimmək qadağandır. Özü də, bu, təkcə o yerlərdə xilasedici xidmətinin yoxluğuna dəlalət etmir. Deməli, o yerdə həm də dəniz suyunun tərkibində sağlamlıq üçün təhlükəli maddələrin miqdarı normadan çoxdur. Təəssüf ki, bu qadağalara da məhəl qoymayan, özünün və ailə üzvlərinin, balalarının həyatını təhlükəyə ataraq yasaqlı yerlərdə “istirahət” edənlər də az deyil!
Bir məqamı da dəniz, çimərlik həvəskarlarının nəzərinə çatdırmaq istərdik - Xəzər dənizi unikal xüsusiyyətlərə malikdir: su axınlarının, cərəyanlarının istiqaməti və şiddəti tez-tez dəyişdiyindən sahilboyu relyef də dəyişir. Yəni bir gün dayaz olan yer, daha sonra dərinləşə, yaxud əksinə ola bilər. Odur ki, üzə bilməyən şəxslər dənizə ehtiyatla girməli, relyefi öyrənməli (əvvəlki günlərin təcrübəsinə güvənməməli), özlərinə çimdikləri günün təhlükəsizlik sərhədlərini müəyyənləşdirməlidirlər. Valideynlərin bunu etməsi olduqca vacibdir. Yalnız bundan sonra uşaqlara harada və necə çimməli olduqları izah edilməli, dənizə girmələrinə icazə verilməlidir. Bundan başqa, uşaqlar qeyd etdiyimiz kimi, daim, fasiləsiz vizual nəzarətdə saxlanılmalıdır. Körpə uşaqları isə ümumiyyətlə təkbaşına, hətta ləpədöyəndə nəzarətsiz buraxmaq olmaz!
Təhlükəsizlik qaydalarına əməl olunsa belə, bədbəxt hadisədən heç kəs sığortalı deyil! Odur ki, ekstremal, fövqəladə hallara da hazırlıqlı olmalı, çətin vəziyyətdən çıxmağın üsullarını da bilmək lazımdır. Dənizdə ani və doğru qərarla hərəkət etmək həyati əhəmiyyətə malikdir. Üzə bilməyən şəxs hər hansı səbəbdən, məsələn, axınla qəfil su boyunu aşan yerə keçibsə, təlaşlanmamalı, vahimə ilə çırpınmamalı, soyuqqanlı hərəkət etməlidir. Belə vəziyyətdən çıxmağın sadə üsulu var: nəfəsi qısıb suyun dibinə enməkdən qorxmamalı, dizləri bir qədər qatlayaraq ayaqlar yerə dəydikdən sonra (sahilə, yaxınlıqdakı insanların yerinə nəzərən) dayaz tərəfə istiqamətlənməklə yuxarı sıçramaq lazımdır. Havada olarkən nəfəsi yeniləmək və bu hərəkəti təkrarlamaqla təhlükədən qurtulmaq mümkündür. Bu üsulu uşaqlara izah etmək, nəzəri və praktik nüanslarını elə dənizdə əyləncə xarakterli oyun halında öyrətmək olar. Əlbəttə ki, daha dayaz və təhlükəsiz yerdə. Beləcə, uşaqlar əvvəlcədən çətin vəziyyətdə necə hərəkət etməli olduqlarını mənimsəyərlər.
Əlbəttə ki, təhlükəsizlik qaydalarını bilməklə yanaşı, vətəndaşlarımızın hər mənada həyat üçün vacib idman növü - üzgüçülüklə məşğul olmaları məsləhətdir. Amma nədənsə bu faydalı idman növünə yetərli dərəcədə, kütləvi maraq göstərmirik.
Bədən tərbiyəsi uşaqların müxtəlif yaş mərhələlərində onların fiziki və əqli inkişafında müstəsna rola, təsirə malikdir. Əvvəllər orta və ali məktəblərdə bədən tərbiyəsi xüsusi metodika ilə keçilib. Sinfindən, mövsümündən (eləcə də şagirdlərin cinsindən) asılı olaraq bu dərslər gimnastika, yüngül atletika, əl-top oyunları, güləş və s. idman növlərini əhatə edib. Lakin nədənsə heç bir zaman bura üzgüçülük daxil edilməyib. Nə qədər qəribə görünsə də, keçmişdə Bakı şəhərində barmaqla sayılacaq qədər üzgüçülük hovuzu olub. İndi bilinmir, hovuzların azlığındanmı, yoxsa tədris proqramlarına üzgüçülük dərsləri daxil edilmədiyindənmi bu idman növünə ictimai maraq yaranmayıb. İndi isə...
Bakıda və bəzi digər şəhərlərimizdə kifayət qədər olmasa da, üzgüçülük hovuzları var. Əksəriyyətində də üzgüçülük kursları fəaliyyət göstərir. Təbii ki, əsasən də kommersiya əsasında, ödənişli. Çox güman ki, bu səbəbdən aztəminatlı ailələr uşaqlarını belə kurslara yazdıra bilmir. Ancaq məsələ ondadır ki, imkanı çatan, təminatlı ailələrin də müəyyən hissəsi uşaqların üzgüçülüklə məşğul olmasına önəm vermir. Görünür, məhz tələbat az olduğundan təklif də məhduddur.
Deməli, ilk növbədə bu idman növünə marağı yüksəltmək lazımdır. Hərçənd, üzgüçülüyün insan sağlamlığına faydasını eşidib-bilməyən yoxdur. Şübhəsiz, məsələnin maddi tərəfi də önəmlidir. Üzgüçülük kurslarına yazılmaq, hovuzlardan istifadə heç də ucuz məşğuliyyət deyil. Bəlkə, hər uşağa görə ayda 50-100 manat ödəniş bəzilərinin gözündə kiçik xərcdir, lakin əksəriyyət, xüsusilə çoxuşaqlı ailələr sosial-məişət qayğıları fonunda uşaqların bədən tərbiyəsinə bu məbləğdə əlavə vəsait ayıra bilmir. Təəssüf ki, məktəblərin də üzgüçülük hovuzları yoxdur və bədən tərbiyəsində üzgüçülüyə yer ayrılmayıb.
Kapitalizm münasibətlərində az qala hər məsələyə pul - maddi gəlir üzərindən yanaşılması normal qəbul olunsa da, bəzən düşünürsən ki, doğrudanmı hər şey mütləq pullu olmalıdır? Əlbəttə, təşkili üçün vəsait tələb edilən, məsrəfli hər şey pullu olmalıdır. Müftə heç nə olmur və alınmır - olması da əks tərəfin haqqının tapdalanması deməkdir...
Üzməyi bacarmamağımızdan, hovuzların azlığından və əhalinin müəyyən qisminin gəlirlərinin məhdudluğundan bəhs etdik. Xeyriyyəçiliyi, mesenatlığı və humanizmi məhz bu xüsusda xatırlamaq olar. Varlı şəxslər və ya şirkətlər, eləcə də idarə və müəssisələr üzgüçülüyün əhəmiyyətini, hər il sularda qeydə alınan bədbəxt hadisələrin statistikasını (2016-cı il çimərlik mövsümü ərzində 50 nəfər suda boğulmaq üzrə olan şəxs xilas edilib, həyatını itirənlərin sayı isə 30-dan çox olub. Təkcə bir gündə 7 nəfər batıb. Son məlumata görə, bu il nəzarət edilən ərazilərdə 80 nəfər xilas edilib, yenə də batanlar var...) nəzərə alaraq hər kəndə, qəsəbəyə, rayona, yaxud hər məktəbə bir üzgüçülük hovuzu hədiyyə edə bilməzlərmi? Bunun üçün hər varlı malikanəsində mövcud olan üzmə hovuzunun bir kiçik modeli yetərlidir. Zənnimizcə, belə hovuzun tikintisi və istismar xərcləri böyük məbləğ tutmaz.
Əlbəttə, sözlə, istəklə, təkliflə iş ərsəyə gəlmir. Bunun realizə olunması üçün müəyyən vaxt və vəsait tələb olunur. Belə bir kampaniya başlanarsa, ilk etapda imkan sahibləri ən azı mövcud üzgüçülük hovuzlarının həftədə bir gününü icarəyə götürüb, yəni haqqını ödəyib məktəblilərin, eləcə də imkansız ailələrin övladlarının ixtiyarına verə də bilərlər... Eyni zamanda yay mövsümündə elə dəniz kənarındaca fəaliyyət göstərən üzgüçülük məktəbləri açmaq mümkündür. Hətta bunu dəniz kənarındakı çoxsaylı obyekt sahibləri də edə bilər.
Unutmaq olmaz ki, bir şəxsin, şirkətin və ya müəssisənin böyüklüyü onun bank hesablarındakı vəsaitin məbləği ilə deyil, həm də aid olduğu cəmiyyətə, xalqa, dövlətə verdiyi töhfə, bunların uğrunda gördüyü təmənnasız işlərin böyüklüyü ilə ölçülür. Bunun da qısa adı humanizm, xeyriyyəçilik, mesenatlıqdır.
Şübhəsiz, bu kampaniyanın maarifçilik və təbliğatı işini də mətbu orqanlar məmnuniyyətlə həyata keçirər. Nəticə də qısa müddətdə hiss edilər: uşaqlarımız daha sağlam böyüyər, eyni zamanda su hövzələrində bədbəxt hadisələrin sayı xeyli azalar.
İndi maraqlıdır, bu məsələyə varlı-imkanlı şəxslər, şirkətlər necə münasibət göstərəcək? Gözləyək, baxaq və görək...

Elxan QƏNBƏRLİ,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video