21:55 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Dəmir yumruq” həmişə yerindədir

ANA SƏHİFƏ / SİYASƏT
00:39 26.09.2021

 

Azərbaycanın tarixi qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsinin başlanmasından bir il ötür. Ötən il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarının nəticəsi olaraq başlanan hərbi əməliyyatlar torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsinə çevrildi. Ordumuz Ermənistanın 30 ilə yaxın davam edən işğalına cəmi 44 günə son qoydu, düşmən döyüş meydanında darmadağın edildi, “dəmir yumruq” ona tarix boyu unutmayacağı maddi və mənəvi zərbə vurdu.

Bu müharibə, ilk növbədə, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, siyasi müdrikliyinin və uzaqgörənliyinin təcəssümü kimi tarixə düşdü. Çünki respublikamıza rəhbərlik etdiyi ilk gündən cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev yolunu layiqincə, inamla davam etdirərək torpaqlarımızın işğaldan azad ediləcəyi tarixi yaxınlaşdırdı. Azərbaycan Prezidentinin siyasi və iqtisadi kursunun, xarici siyasətinin əsas prioritetlərini məhz torpaqlarımızın azad olunması təşkil etdi. Dövlətimizin başçısı hər zaman çıxışlarında, görüşlərində bəyan edirdi ki, Azərbaycan öz ərazilərində ikinci erməni dövlətinin qurulmasına imkan verməyəcək və istənilən yolla torpaqlarını işğaldan azad edəcək. İlham Əliyev Azərbaycanı yüksəliş yoluna çıxarmaqla, iqtisadi inkişafı təmin etməklə, Ermənistanın işğal siyasətinin beynəlxalq səviyyədə hüquqi ifşasına nail olmaqla 44 günlük müharibədə qazandığmız qələbənin etibarlı təməllərini yaratdı.

Müharibə günlərində xalqımız bir daha öz rəhbərinin siyasi iradəsinin, qətiyyətinin, mətinliyinin, vətənpərvərliyinin və qəhrəmanlığının şahidi oldu. Cənab İlham  Əliyevin müharibə günlərindəki sərkərdələrə xas davranışları xalqımızı öz liderinin ətrafında sıx səfərbər etdi, milli həmrəyliyimizi daha da gücləndirdi, sarsılmaz etdi.  Azərbaycan Prezidenti 44 gündə bütün beynəlxalq təzyiqlərə sinə gərərək onları dəf etdi, müharibənin ilk günündən sonuna kimi dövlətimizin və xalqımızın milli mənafelərini qətiyyətlə təmin etdi. Ermənistan məhz İlham Əliyevin şərtləri əsasında kapitulyasiyaya imza atdı. Bu mənada 10 noyabr üçtərəfli bəyanatı hərbi qələbəmizin hüquqi təsdiqi olmaqla yanaşı, həm də tarixi siyasi-diplomatik uğurumuz oldu.

Biz torpaqlarımızı şəhidlərimizin, qazilərimizin canı, qanı hesabına azad etdik, ərazi bütövlüyümüzün təmin olunması uğrunda 3 minə yaxın Vətən övladı şəhidlik zirvəsinə ucaldı. Onlar bu müharibədə vətənpərvərlik salnamələri yazdılar, dastana döndülər, ata-babalarımızdan gələn qəhrəmanlıq ruhunu gələcək nəsillərə ötürdülər, millətimizin qüdrətini bütün dünyaya bəyan etdilər. Bir dövlət və xalq o zaman böyük olur ki, uğrunda canından və qanından keçənlər var. Türk şairi Mithat Camal Kuntayın yazdığı kimi, “Torpaq əgər uğrunda ölən varsa, vətəndir”. Bəli, Azərbaycan xalqının başını dik tutmağa, öyünməyə, fəxr etməyə ən yüksək mənəvi haqqı var.

Xalqımız şəhidlərini daim uca tutacaq, onların adı hər zaman qəlblərdə yaşayacaq. Prezident İlham Əliyevin sərəncamı ilə Vətən müharibəsinin başladığı günün - sentyabr ayının 27-nin Anım Günü kimi qeyd olunması torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın göstəricisidir.

İkinci Qarabağ müharibəsi bəlli həqiqətlərin praktik təsdiqi olmaqla regionda yeni reallıqlar yaradıb. Ən mühüm həqiqətlərdən biri odur ki, Azərbaycan Ordusunun gücü və qüdrəti barədə söylənən fikirlər döyüş meydanında öz təsdiqini tapdı. Başqa bir həqiqət odur ki, Azərbaycan  “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır” kimi miflərin cəfəngiyyat olduğunu sübuta yetirdi.

İndi azad olunmuş Qarabağ və Şərqi Zəngəzur tikinti meydanını xatırladır. Bu mənada müharibədən sonrakı əsas reallıqlardan biri Azərbaycanın işğaldan azad etdiyi ərazilərini bərpa etməsi və yenidən qurmasıdır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən hər bir layihə həm də döyüş meydanındakı qələbəmizin quruculuq meydanında davamı və rəmzi ifadəsidir.

“Dəmir yumruq” isə həmişə yerindədir. Prezident İlham Əliyevin dediyi kimi, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək: “Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər”.

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM