15 Yanvar 2012 12:01
317
CƏMİYYƏT
A- A+

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində 2011-ci ildə görülmüş işlərin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsində 2011-ci ildə görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, daxili işlər naziri general-polkovnik Ramil Usubov əməliyyat müşavirəsini açaraq bildirmişdir ki, dünyada ən ağır cinayətlər sayılan, transmilli xarakter daşıyan terrorçuluq, insan, silah-sursat alveri, qaçaqmalçılıq və digər beynəlxalq miqyaslı cinayətlərin heç biri xalq üçün, cəmiyyət üçün narkotiklər qədər ağır zərər verə, ağır fəsadlara, nəticələrə səbəb ola bilməz. Onları narkotiklərlə müqayisə etmək çox çətindir və bu məsələ öz ağırlığı ilə bütün inkişaf etmiş ölkələri narahat edir. Ona görə də Baş Narkotiklərlə Mübarizə İdarəsi, onun yerli qurumları qanunvericiliklə müəyyən olunmuş qaydada çox mühüm bir funksiyanı icra edir. Nazir xatırlatmışdır ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti 2011-ci il aprelin 5-də nazirliyin kollegiya iclasında geniş müzakirə olunmuş, bu sahədə xidməti fəaliyyəti DİN-in normativ hüquqi aktlarının tələbləri səviyyəsində qurmamış bir sıra ərazi polis orqanlarının vəzifəli şəxsləri və digər əməkdaşları barədə təşkilati-intizam tədbirləri görülmüş, habelə işdə dönüş yaradılması üçün konkret tədbirlər müəyyən edilərək icraya yönəldilmişdir.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi polis general-mayoru Həzi Aslanov narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində görülmüş işlərin nəticələrinə dair geniş məruzə ilə çıxış etmişdir. O demişdir ki, hesabat dövründə baş idarə yerlərə idarəçilik təsirini və nəzarət mexanizmini yaxşılaşdırmağa səy göstərmiş, əsas diqqət narkotik vasitələrin qanunsuz dövriyyəsi və ondan sui-istifadə hallarına qarşı mübarizəyə və respublikada narkotik vəziyyətin təhlilinə, müvafiq qərarların qəbul edilməsinə yönəlmişdir. Həyata keçirilən bu və ya digər təşkilati xarakterli məsələlərlə bərabər, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması və onunla mübarizənin təşkili sahəsində də bir sıra zəruri işlər görülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə bağlı olan 2 min 636 cinayət faktı aşkar edilmişdir ki, onlardan da 817-i narkotik vasitələrin qanunsuz satışı, 1694-ü qanunsuz olaraq narkotik vasitələrin əldə edilib saxlanılması və 111-i narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı olmuşdur.

Cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdən 557 kiloqramdan çox müxtəlif növ narkotik vasitələr, o cümlədən 298,8 kiloqram marixuana, 164,8 kiloqram həşiş, 52,3 kiloqram heroin, 14,1 kiloqram tiryək, 1,5 kiloqram psixotrop maddələr və prekursorlar, 106,7 qram metadon, 27,1 kiloqram digər narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Bununla belə, 19 fakt üzrə 28,6 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikamıza gətirilməsinin qarşısı alınmışdır.

Hesabat dövründə qanunsuz dövriyyədən qrup şəklində törədilmiş 106 cinayət faktı üzrə 136 kiloqramdan çox müxtəlif növ narkotik vasitələr çıxarılmış, ümumi şəkisi 366,7 ton narkotik tərkibli bitkilər yaşıl kütlə halında məhv edilmişdir. Narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunmuş 22 xarici ölkə vətəndaşından 54 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə aşkar olunaraq götürülmüşdür.

Məruzəçi xidməti fəaliyyətdə yol verilmiş bir sıra nöqsanlara da toxunmuş, onların aradan qaldırılması üçün lazımi tədbirlərin görüləcəyini bildirmişdir.

Daxili işlər naziri general-polkovnik Ramil Usubov əməliyyat müşavirəsinə yekun vuraraq tapşırıq və tövsiyələrini vermişdir. Qeyd etmişdir ki, ölkə ərazisindən tranzit kimi istifadə edilməsi, dövlətlərarası əlaqələri olan narkobiznes iştirakçıları barədə əməliyyat məlumatlarının əldə edilməsi, belə şəxslərin ifşa olunması üçün ixtisaslı əməliyyat tədbirləri hazırlanıb həyata keçirilməlidir.

Nazir qarşıda duran vəzifələrdən danışarkən yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədi ilə ərazi polis orqanları və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, onun doğurduğu təhdidlər və zərərli nəticələri barədə aparılan maarifləndirmə işlərinin davamlı surətdə həyata keçirilməsinin zəruriliyini də qeyd etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video