01 Yanvar 2012 12:01
430
Mədəniyyət
A- A+

Daim axtarışda olan jurnalist

 

"Sənin hansısa sənəti seçməyin azdır, gərək o sənət də səni seçsin". İlk dəfə bir müdrikin söylədiyi və zamanın da dönə-dönə öz sınağından keçirdiyi bu fikri qələm dostumuz Rəhman Salmanlı çalışdığımız sahəyə yönəldərək belə deyir: "Jurnalist olmaq istəyən kəs gərək bu sənətin hər çətinliyinə dözə bilsin, zəhmətə qatlaşsın, qısası, fədakarlığı bacarsın. Bütün bunlar ona əziyyət yox, zövq versin. Bu isə yalnız jurnalistikanı ürəkdən sevdikdə mümkündür. Yoxsa əlinə qələm götürüb nə qədər özünü jurnalistə bənzətmək istəsən də, bu sənət səni qəbul etməyəcək".

"Azərbaycan" qəzetinin müxbiri Rəhman Həsənov ("Salmanlı" təxəllüsünü atasının adından götürüb) jurnalistlik sənətini uşaqlıqdan sevib. Hələ Şəmkirdə Səməd Vurğun adına orta məktəbdə oxuyanda divar qəzetindəki məqalələrin əksəriyyətini o yazırdı. Lakin məktəbi bitirəndən sonra sənədlərini bir qovluğa yığıb evlərinin yaxınlığından ötən qatara minərək Bakıya gəlməyə tələsmədi. Eşitmişdi ki, rayonda çıxan "Ulduz" qəzetinə müsabiqə yolu ilə korrektor götürürlər. Korrektor işləmək istəyən altı nəfər müsabiqədən keçirildi. Qalib gələn isə 17 yaşlı Rəhman oldu.

İki il rayon qəzetində işləyəndən sonra onu ordu sıralarına çağırdılar. Beləliklə, yaşıdları artıq ali təhsil haqqında diplom almağa hazırlaşanda Rəhman ADU-nun (indi BDU) jurnalistika fakültəsinin tələbəsi adını qazana bildi. Amma bu gecikmə onu heç də narahat etmirdi. Öz məqsədinə doğru inamla və tələsmədən gedirdi.

Bütövlükdə tələsmək, səbirsizlik və hövsələsizlik etmək Rəhman Salmanlı üçün yad xüsusiyyətlərdir. Özünəməxsus sadəliklə, təvazökarlıqla, təmkinlə, necə deyərlər, başını aşağı salıb yazır, oxuyur, öyrənir, mütaliə etməkdən yorulmur. Mütaliə demişkən, Rəhmanın evi həmişə kitabxananı xatırladıb. Mənzil şəraiti məhdud olan illərdə, elə indinin özündə də kitablar, jurnallar, qəzet topluları ilə dolu otaqları ona heç vaxt darısqal görünməyib. Hətta kimsə vaxtilə böyük müəssisələrdə çıxan çoxtirajlı qəzetlərin nümunələrini vərəqləmək marağında olsa, Rəhman müəllimin kitabxanasına müraciət edə bilər. Axı, o, vaxtilə "Azərelektroişıq" İstehsalat Birliyində redaktoru olduğu "Şüa" qəzetinin 25-30 il bundan əvvəlki nömrələrini də əzizləyə-əzizləyə saxlayır. Bütün bunlarla yanaşı, Rəhmanın ədəbiyyat toplamaq, mütaliə etmək istəyi tükənmir. Elə bu səbəbdən də qəzetimizin öz kitabxanasından başlayaraq ölkənin ən böyük kitabxana və arxivlərinə qədər cavanlıqda olduğu kimi, yenə də həvəslə gedir. "Mənim üçün axtarışın əziyyəti tapıntının sevincindən əzizdir" - deyir.

Rəhman Salmanlının "Repressiya qurbanları" silsiləsindən yazdığı məqalələr məhz bu zəhmətin nəticəsində ortaya çıxıb. Həm də müəllif öz qələmi ilə repressiyanın o qurbanlarının həyatına işıq salıb ki, indiyə qədər onların haqqında mətbuatda söhbət açılmayıb. Məsələn, Axund Yusif Ziya Talıbzadə (Abdulla Şaiqin qardaşı), şair Hacı Kərim Sanılı, həkim Cahangir Ağayev və başqaları haqqında məqalələri bu silsilədəndir.

Rəhman Salmanlının jurnalist axtarışları isə ən çox şair Əhməd Cavadla bağlıdır. Bu axtarışların bəhrəsi təkcə ayrı-ayrı qəzet məqalələri deyil, həm də "Əhməd Cavad", "Cümhuriyyət şairi", "Əhməd Cavadın yaradıcılıq yolu" adlı kitablarıdır. Filologiya elmləri üzrə fəlsəfə doktoru olan qələm yoldaşımızın dissertasiya mövzusu da məhz Əhməd Cavad yaradıcılığı olub. Onun müxtəlif elmi məcmuələrdə, o cümlədən Türkiyədə çıxan "Kumbat" jurnalında, Gürcüstan Dövlət Universitetinin məcmuəsində onlarla məqalə və monoqrafiyaları dərc edilib.

Bütün bunlardan öncə Rəhman Salmanlı qəzet jurnalistidir. "Azərbaycan"ın oxucuları onun şəhər mövzusunda məqalələrini, günlə səsləşən digər yazılarını həmişə rəğbətlə qarşılayırlar.

Biz ömrünün 60-cı pilləsinə çatan qələm dostumuzu səmimi-qəlbdən təbrik edirik. Ürəyinin təpəri, gözünün nuru, qələminin mürəkkəbi heç vaxt azalmasın. Bir arzumuz da iki oğul atası olan həmkarımıza növbəti təbrikləri övladlarının toy-nişanında yetirməkdir.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video