22 Sentyabr 2021 00:15
766
Mədəniyyət
A- A+

Dahi bəstəkar Üzeyir bəy

 

Xalqın qələbəsini simvollaşdıran konkret tarixi anlar olur. Qərinələr, əsrlər keçsə də, həmin anlar hər zaman xatırlanır və qələbəni xatırladır. 44 günlük Vətən müharibəsini də tarixiləşdirən belə anlar çox oldu. Rəşadətli ordumuzun gücü ilə torpaqlarımızı erməni işğalçılarından təmizləyən Azərbaycan Respublikası Prezidentinin qətiyyətli çıxışları, azad edilmiş yurdlarımızda üçrəngli bayrağımızın ucaldılması, insanlarımızın qələbə coşqusu. Bakıda keçirilən Zəfər paradı, gözəl Şuşamızda böyük təntənə ilə baş tutan “Xarıbülbül” festivalı, “Vaqif Poeziya Günləri”... Bunların hər biri bizim üçün xoş və unudulmaz anlar, məqamlardır.

Bu günlər isə dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin xatirəsinə ehtiram nümunəsi kimi azad Şuşamızda, Cıdır düzündə Milli Musiqi bayramı qeyd edilir. Qüdrətli sənətkar Üzeyir bəyin xatirəsi sevgi ilə anılır. Onun əbədi irsi ən qiymətli mənəvi yadigarımız kimi nəsillərdən-nəsillərə ötürülür.

Builki musiqi gününün hüsnü isə bir başqadır. Üzeyir bəyin boya-başa çatdığı, musiqinin sehrinə düşdüyü, yaradıcı ruhunun göylərə yüksəldiyi Şuşa şəhəri azaddır. Unudulmaz bəstəkarımızın erməni vandallarının güllələri ilə yaralanmış büstü artıq əvvəlki yerində - Şuşadadır. Xan qızı Natəvanla, Bülbüllə yanaşı, Şuşanın azad günlərinə sevinir. Onların illərlə Qafqazın musiqi beşiyinin səmasında dolaşan nigaran ruhları artıq rahatdır. Bu gözəl məkandan eşidilən Azərbaycan musiqiləri böyük şəxsiyyətlərin ruhlarını şad edir. Azad Şuşada azad musiqi sədaları bütün dünyaya səs salır, tarixin yaddaşına yeni səhifələr yazır. Bütün bunlar 2021-ci ilin Milli Musiqi Gününə dəyər qatan möhtəşəm faktlardır.

 

İşıqlı səhifələr

 

Bütün dövrlərdə dahi sənətkarların həyatı və yaradıcılığı, zəngin irsi insanların daim diqqət mərkəzində olur, onların ölməz əsərləri müasirlərini düşündürür, ictimaiyyət arasında müxtəlif fikirlər oyadır və bu diqqəti, bu marağı zəmanənin heç bir axarı nə poza, nə də dəyişə bilir. Bu baxımdan dahi bəstəkar Üzeyir bəy Hacıbəyli Azərbaycan incəsənəti və mədəniyyəti tarixində nadir simalardandır. O, müasir Azərbaycan professional musiqi sənətinin və operasının banisidir. 45 ildən artıq bir müddətdə yorulmadan milli musiqimizi inkişaf etdirmiş, onun nəzəri əsaslarını yaratmış, müasir ruhlu kadrlar yetişdirmiş, həm də bunu böyük vüsət və parlaqlıqla etmişdir. Onun yaşam tərzi, yaratdıqları indinin özündə də hamını valeh edir.

Üzeyir bəy illərin sərt sınağından, sosial sinfi ziddiyyətlərin kəskinləşdiyi dövrlərdən, ictimai-siyasi maneələrdən keçərək əbədiyaşarlıq qazanmış şəxsiyyətlərdəndir. Sənətin bir çox sahələrində silinməz izlər qoyan dahi bəstəkarın yaradıcılığı nəinki zamanın ruhunu, fikri mübarizəsini, eyni vaxtda estetik tələblərini, zövqünü, bədii düşüncəsini əks etdirir. Onun sənətinin dərinliyi, dolğunluğu isə bitkin bədii üslubda ifadə olunur. Bu üslub isə insanların mənəvi ehtiyaclarına cavab verir, onları təsiri altına alır, irəli aparır, daim ucaldır, yüksəldir... Ona görə də Üzeyir bəyin zəngin irsi Azərbaycan xalqının mədəni sərvətinə çevrilib. Əsərləri dünya musiqi incisinin nümunələri hesab olunur. O, Azərbaycanın himninin müəllifi, ilk milli operanın yaradıcısıdır.

 

“Leyli və Məcnun”

 

1908-ci ilin yanvarında Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası bütün müsəlman Şərqində opera sənətinin bünövrəsinə çevrilir. Özü xatirələrində qeyd edirdi ki, uşaqlıq dövründə, XIX əsrin sonlarında Əbdürrəhim bəy Haqverdiyev tərəfindən Şuşada təşkil edilmiş “Məcnun Leylinin məzarı üzərində” tamaşası onda böyük təəssürat yaradır. Tamaşada Məcnun rolunu o zaman məşhur xanəndə Cabbar Qaryağdı ifa edir, on üç yaşlı Üzeyir isə xanəndəni müşayiət edən oğlanlar xorunda çıxış edir. Əsas personajların partiyaları Füzuli poemasının müvafiq hissələrindən olan mətnlərlə oxunan muğam improvizasiyalarından ibarət idi, hadisələr isə qısa xor fraqmentləri, yəni həmin muğamlardan təsniflər vasitəsiylə şərh edilirdi. Ü.Hacıbəyli xatirələrində bildirirdi ki, şuşalıların tamaşası, onun ilk Azərbaycan operasını yaratmaq qərarını verməsində ciddi rol oynayır. O yazır: “Təxminən 1897-1898-ci illərdə... mən doğma şəhərim olan Şuşadakı həvəskar tamaşada “Məcnun Leylinin məzarı üzərində” səhnəsini gördüm və bu səhnə məni o qədər dərindən həyəcanlandırdı ki, ... opera yazmağa qərar verdim”.

Klassik Azərbaycan ədəbiyyatının mövzularından və musiqi motivlərindən istifadə etməklə opera yazmaq ideyası Üzeyiri hələ Qori Seminariyasında oxuduğu vaxtlardan düşündürürdü. Tiflisdə gördüyü italyan operası - Coakkino Rossininin “Sevilya bərbəri” əsəri onu bu işə daha da həvəsləndirir.

1907-ci ildə Üzeyir bəy “Leyli və Məcnun” operasını yazır. Onun librettosu bəstəkarın özü və qardaşı Ceyhun bəy Hacıbəyli tərəfindən qələmə alınır. Məşqlər əvvəlcə Üzeyir bəy Hacıbəylinin evi və “İsmailiyyə” mehmanxanasında keçirilir. Sonra 1907-ci ilin axırıncı günlərindən etibarən Muxtarov, 115 ünvanında (keçmiş Persidskaya, 135) yerləşən Qasımovların böyük evinin üçüncü mərtəbəsindəki geniş zalda təşkil edilir.

“Leyli və Məcnun” operasının “Nicat” müsəlman maarif dərnəyi tərəfindən təşkil olunmuş ilk tamaşası 1908-ci ildə, H.Z.Tağıyevin Bakıda inşa etdirdiyi teatr binasında baş tutur. İlk səhnələşdirmənin rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev olur. Rollarda Hüseynqulu Sarabski (Məcnun), Əbdürrəhman Fərəcov (Leyli), C.Dağıstani (İbn Salam), Mirmahmud Kazımov (Məcnunun anası), Mirzə Muxtar (Əbülqeys, Məcnunun atası) və başqaları çıxış edirlər. Tarda solo partiyalar Qurban Pirimov və Şirin Axundov tərəfindən ifa olunur. İlk tamaşanın xoreoqrafı Bəhram Vəzirov, suflyoru A.Rzayev, məsul idarəçi isə Balabəy Aşurbəyov (Sara Aşurbəylinin atası) olur. Üzeyir bəy Hacıbəyov özü isə orkestrdə skripka partiyasını ifa edir.

Çox təəssüf ki, premyera problemsiz ötüşmür. Tamaşanın başlamasına iki saat qalmış skripkaçılardan ikisi gəlməyəcəyini xəbər verir. Hacıbəyli skripka musiqisinin bir hissəsini təcili dəyişməli olur, həmçinin bu alətdə ifa etmək üçün şəxsən orkestrə qoşulur. Dahi bəstəkarın operasına qarşı çıxanlar da olur. Bunlar, əsasən, yerli mollalar və konservativ ruhlu avtoritetlər - qoçular idi. Bəzi məlumatlara görə, premyeradan sonra H.Sarabskiyə hücum olunur. Sonradan 1930-cu ildə nəşr edilmiş xatirələrində Sarabski yazır ki, bu tamaşadan sonra çoxları məni Məcnun adlandırmağa başladılar:  “Mən bu ada yüksək dəyər verir və onunla fəxr edirdim. Əvvəl mənə küçədə lağ edən xalq, indi hörmət və sevgi ilə qəbul edirdi...”

Operanın ilk səhnələşdirilməsində iştirak edənlər arasında çoxlu sayda qeyri-peşəkarlar var idi. Problem qadın rollarının ifaçıları ilə bağlı idi. Leyli rolunun ifaçısını tapmaq isə daha çətin məsələyə çevrilmişdi. O zaman şəriət qanunlarına görə, müsəlman qadınlara səhnədə ifa etməyə icazə verilmirdi. Ü.Hacıbəyli səhnəyə rus qadın ifaçı da çıxara bilməzdi, çünki bu zaman muğam partiyalarında problem yaranardı.

Üzeyir bəy ilk dəfə Əbdürrəhman Fərəcovu çayxanada görür və ifasını eşidir, bundan sonra onu teatra dəvət edir, Leyli rolunu ona tapşırır. Sarabski özünün “Qədim Bakı” kitabında Fərəcovu Leyli rolunun ifasına razılaşdırmağın nə qədər çətin olduğundan bəhs edərək yazır ki, ona qrimdən sonra heç kimin tanımayacağını söz verirlər. Lakin teatra qarşı olanların təhdidlərinə görə, ikinci tamaşada Ə. Fərəcov çıxışdan imtina edir. O zaman, Üzeyir bəyin qohumu və həmin illərdə Məcnun rolunu ifa edən Balabəy Bədəlbəyli, öz qardaşı Əhməd Ağdamskini Leyli rolunu ifa etmək üçün razı salır. Sonradan Ağdamski böyük bəstəkarın digər əsərlərində Əsli (“Əsli və Kərəm”), Gülnaz (“O olmasın, bu olsun”), Gülçöhrə (“Arşın mal alan”), Minnət xanım (“Ər və arvad”), Təhminə (“Rüstəm və Söhrab”), Xurşidbanu (“Şah Abbas və Xurşidbanu”) kimi qadın rollarını da canlandırır. Leyli rolunu ifa edən ilk qadınlar isə səhnəyə yalnız 1920-ci illərin ortalarında çıxırlar.

 “Leyli və Məcnun”dan sonra - 1909-1915-ci illərdə bəstəkar “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla” operalarını yazır.

 

“Koroğlu”

 

1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası Üzeyir bəy Hacıbəyli yaradıcılığının zirvəsinə çevrilir. Bu opera həqiqətən Azərbaycan opera sənətinin nadir incilərindən olur. Burada bəstəkar ilk dəfə olaraq klassik opera formasına riayət etməklə yanaşı, bütün ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri və s. yaratmışdır. “Koroğlu”da yeniliklər çox idi. Bəstəkar simfonik orkestrin tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək ayrı-ayrı parçaların, ariyaların rəngarəng səslənməsinə nail olmuşdur.

“Koroğlu” ilə Ü.Hacıbəyli Azərbaycan musiqisində köklü dönüş yaratmış bir bəstəkar olduğunu sübut etdi. Bu bir həqiqətdir ki, XIX əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirdi. Bununla da o, Azərbaycan və ümumiyyətlə, Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirdi.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə “Arşın mal alan” və “Koroğlu” böyük marağa səbəb olur. SSRİ-nin rəhbəri İ.V.Stalin hər iki əsərə tamaşa edir və onlara yüksək qiymət verir. O, “Koroğlu”nu vaxtında yaradılmış opera kimi dəyərləndirir və Üzeyir bəyə deyir: “Bir yox, iki belə opera yaratmaq lazımdır”.

Stalinin göstərişi ilə Azərbaycandan gələn nümayəndə heyətinin şərəfinə ziyafət təşkil edilir. Həmin məclisdə Üzeyir bəy Hacıbəyliyə yuxarı başda Stalinlə Mircəfər Bağırovun yanında yer göstərilir. Stalin Üzeyir bəylə xeyli söhbət edir və “Arşın mal alan”a hələ Gürcüstanda olarkən baxdığını bildirir. Hətta bu əsərdən parçalar oxuyur. “Koroğlu”dan sonra Üzeyir bəy Azərbaycan SSR-in Xalq artisti fəxri adına layiq görülür.

Ü.Hacıbəylinin üç şedevr musiqili komediyası var ki, onlara onilliklər boyu sevilə-sevilə tamaşa edilir, həmişə yadda qalır. Bunlar “Ər və arvad”, “O olmasın, bu olsun” və “Arşın mal alan”dır.

“Arşın mal alan”ın uzunömürlülüyünü və şöhrətini sübut etmək üçün bir neçə faktı göstərmək kifayətdir. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə olunub, 100-dən çox teatrın səhnəsində oynanılıb, beş dəfə ekranlaşdırılıb.

Üzeyir bəyin komediyalarında, xüsusilə musiqili komediyalarında obrazların bədii təsir prinsipi əsas yer tutur. Bu komediyaların ədəbi mətninin bəstəkarın özü tərəfindən yazılması da onun böyük istedadını təsdiqləyən faktdır. Həmin əsərlərdə müəllif olduqca canlı səhnələr, yaddaqalan obrazlar, dildən-dilə düşüb söylənilən komik vəziyyətlər yaradır. Üzeyir bəyin komediyalarında süni heç nə yoxdur, ən kiçik epizodlar da həyatın bir parçasıdır.

 

Üzeyir bəy hamar ömür yolu yaşamamışdır

 

Yaradıcılığının ilk addımlarından əsərlərinin üslubu, xüsusiyyətləri ətrafında mübahisələr getmişdir, hətta onu ittiham da etmişlər. Bir dəstə adam bəstəkarı xalqın mənəviyyatına, ruhuna zidd mövqe tutmaqda, ondan uzaqlaşmaqda günahlandırırdı. Digərləri isə tutduğu istiqamətin onu məhdudluğa apardığına, folklor dairəsindən çıxa bilmədiyinə, musiqinin primitiv və müasirlikdən uzaq olduğuna görə qınayırdılar. Lakin istər əsl mütəxəssislərin fikrinə, istərsə də zamanın təsdiqlədiyi gerçəkliyə görə bu baxışların hər ikisi yanlış idi.

Təkcə musiqili səhnə tamaşalarının tərəfdarı olmadığını vurğulayan Üzeyir bəyin fikrincə, “ictimai tərbiyə üçün faciə də, dram da, komediya da, opera da, operetta da lazımdır!”, deyirdi. Görkəmli yazıçı Mirzə İbrahimov “Xalq sənətkarı” məqaləsində yazırdı: “1916-cı ildə “Ölülər” müvəffəqiyyətlə tamaşaya qoyulanda Üzeyir bəy Hacıbəyli bu hadisəni Azərbaycan dramaturgiyası və teatr tarixində bir bayram kimi qarşılayanlardan idi”. Bütün bunlar onu göstərirdi ki, Üzeyir bəy münaqişələr və mübahisələr dövründə yazdığı məqalələrdə böyük sənət uğrunda çarpışırdı, Azərbaycan musiqisini və xüsusən opera sənətini görünməmiş zirvəyə qaldırmaq üçün vuruşurdu.

Digər tərəfdən, Üzeyir bəy qəlbi və ruhu ilə xalqına bağlı bir insan, sənətkar və şəxsiyyət idi. Bu, həm onun tərbiyəsindən, böyüyüb boya-başa çatdığı mühitdən irəli gəlir, həm mənəviyyatından qaynaqlanır, həm də xalqın tarixini, mədəniyyətini dərindən bilməsinə söykənirdi.

Üzeyir bəyi istəməyənlər arasında bədxah qonşularımız - ermənilər üstünlük təşkil edirdi. 1918-ci ildə ermənilərin Azərbaycanda törətdiyi mart qırğınları zamanı daşnaklar Üzeyir bəyin evini güllə atəşinə tutmuşlar. Hər vasitə ilə bu böyük bəstəkarın məhvinə çalışmışlar. Ona görə də bu mənfur millətin nümayəndələri - erməni millətçiləri Ü.Hacıbəyliyə zərbə vurmağa həmişə fürsət axtarırdılar. 1939-cu ildə Moskvada ittifaq miqyasında milli musiqi alətləri ifaçılarının müsabiqəsi keçirilir və Stalinin göstərişinə əsasən, münsiflər heyətinə Ü.Hacıbəyli başçılıq edir. Bakı erməniləri bundan qıcıqlanaraq “yuxarı”ya məktub yazırlar ki, guya Hacıbəyli qeyri-millətlərin nümayəndələrinin müsabiqədə iştirakına mane olur. 1930-cu illər üçün bu, ən ağır ittiham idi. Üzeyir bəyin yaxın qohumu Ramazan Xəlilov xatirələrində yazırdı ki, Molotov ona ünvanlanan bu məktuba dərkənar qoyaraq bəstəkara göndərir: “Özünüz həll edin”. Bu böhtan bəstəkarı özündən çıxarır və o, böyük stres keçirir və əsəbdən şəkər xəstəliyinə tutulur.

Ü.Hacıbəyli yaradıcılığının çiçəkləndiyi bir dövrdə dünyasını dəyişir. 23 noyabr 1948-ci ildə, 63 yaşında vəfat edir. O, həyatının sonunda “Firuzə” operası üzərində işləyir. Bu yarımçıq əsərdən qalan təkcə Firuzənin ariyası olur. Kim bilir, o, hələ neçə belə əsər yaradacaqmış?!

Üzeyir bəy haqqında çox deyilib, çox yazılıb. Bundan sonra da yazılacaq. Bütün deyilənlərə və gələcəkdə deyiləcəklərə Ulu Öndər Heydər Əliyevin sözlərini başlıq kimi götürsək, böyük bəstəkarımıza əsl qiymətini vermiş olarıq: “Üzeyir Hacıbəyli fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur”.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video