04 Avqust 2021 01:18
590
İQTİSADİYYAT
A- A+

CQBK-nin texniki operatorluğunun bp-dən SOCAR-a ötürülməsi prosesi başa çatdı

 

Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatorluğunun bp Exploration (Shah Deniz) Limited şirkətindən SOCAR Midstream Operations Limited şirkətinə ötürülməsi prosesi başa çatıb.

CQBK təbii qazın Azərbaycandan Gürcüstan ərazisi üzərindən Türkiyə və Avropaya ixracı üçün nəzərdə tutulan “Cənub qaz dəhlizi”nin dörd seqmentindən biridir. SOCAR Midstream Operations MMC SOCAR-ın 100 faizlik törəmə müəssisəsidir.

Xatırladaq ki, texniki operatorluğun ötürülməsi “Şahdəniz” yatağının 2-ci fazası və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələri çərçivəsində Yekun İnvestisiya Qərarının bir hissəsi olaraq 2013-cü ilin dekabrında imzalanmış CQBK Boru Kəməri Payçılarının Sazişinin yenilənmiş variantında nəzərdə tutulmuşdu. Saziş CQBK-nin genişləndirilməsi layihəsi başa çatdıqdan bir il sonra SOCAR-a boru kəmərinin texniki operatorluğunu öz üzərinə götürmək hüququ verib. Kəmərin genişləndirilməsi üzrə tikinti işləri 2019-cu ilin martında başa çatıb. 2020-ci ilin martında isə SOCAR Midstream Operations Limited razılaşdırılmış keçid dövründə rəsmən CQBK-nin texniki operatoru olub. Həmin vaxtdan başlayan keçid prosesi 2021-ci ilin iyulunda müvəffəqiyyətlə yekunlaşıb. COVID-19-un yaratdığı problemlərə baxmayaraq, bp və SOCAR keçid prosesinin bütün aspektlərini səmərəli şəkildə həyata keçirmək üçün sıx əməkdaşlıq ediblər.

SOCAR prezidenti Rövnəq Abdullayev “Cənub qaz dəhlizi”nin bütün seqmentlərində

SOCAR ilə bərabər iştirak edən bp şirkətinə səmərəli əməkdaşlığa görə təşəkkür etdiyini bildirmiş və demişdir: “Cənubi Qafqaz Boru Kəməri şirkətinin 6 illik uğurlu kommersiya operatorluğundan sonra SOCAR kəmərin texniki operatorluğunu öz üzərinə götürür. Bu, Azərbaycan dövlət şirkətinin beynəlxalq qaz kəmərinin idarə edilməsi istiqamətində əldə etdiyi daha bir böyük nailiyyətdir”.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons dəqiq və kompleks şəkildə həyata keçirilmiş keçid prosesinin ardınca ÇQBK-nin texniki operatorluğunun SOCAR-a uğurlu ötürülməsindən məmnunluq duyduqlarını bildirmişdir: “SOCAR kəmərin kommersiya operatoru kimi öz zəngin təcrübəsini ortaya qoyub və biz əminik ki, texniki operatorluğu da eyni effektivlik və təcrübə ilə həyata keçirəcək. “Şahdəniz” və CQBK layihələrinin ən böyük hissədarı olaraq, biz üzərinə düşən yeni vəzifənin həyata keçirilməsində SOCAR-ı dəstəkləmək məqsədilə onunla sıx əməkdaşlığmızı davam etdirmək əzmindəyik və SOCAR-a böyük uğur arzulayırıq”.

SOCAR Midstream şirkətinin icraçı direktoru Fuad Əhmədov CQBK-nin texniki operatorluğunu qəbul etməyin böyük məsuliyyət olduğunu vurğulayaq demişdir: “Texniki operatorun xələfi kimi biz bp-nin boru kəmərinin operatoru olduğu dövrdə nümayiş etdirdiyi təhlükəsiz, effektiv, ətraf mühit və cəmiyyət üçün əlverişli fəaliyyətini təmin etmək məqsədi ilə bp və digər tərəfdaşlarla sıx əməkdaşlıq etməkdə davam edirik. Əminik ki, birgə işimiz kəmərin keçdiyi ölkələrə, hissədarlara, əməkdaşlara və kəmərin keçdiyi yerlərdə yaşayan icmalara fayda verəcək”.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə ixrac boru kəmərləri üzrə sahə əməliyyat meneceri Eldar Qaziyev əməliyyat təhlükəsizliyinə sadiqliyin və işçi heyətin yüksəkkeyfiyyətli bacarıqlarının SOCAR-ın texniki operatorluğu dövründə də davam edəcəyinə əmin olduğunu bildirmişdir: “Uğurlu keçidə nail olmaq üçün hər iki komandamızın nümayiş etdirdiyi birgə iş mükəmməl tərəfdaşlıq və sıx əməkdaşlığın nümunəsidir. Biz keçidin kəmərin fəaliyyətinə təsir etmədən təhlükəsiz və rahat tamamlanmasına görə xüsusi qürur duyur və bunu mümkün etdikləri üçün SOCAR və bp komandalarına təşəkkür edirik”.

Qeyd edək ki, CQBK dünya səviyyəli boru kəməridir və 2006-cı ildən etibarən təhlükəsiz, etibarlı və səmərəli şəkildə fəaliyyət göstərməklə Azərbaycan, Gürcüstan və Türkiyənin regional bazarlarına qaz nəql edir. Kəmər Azərbaycanda 443 kilometr, Gürcüstanda 248 kilometr məsafə boyu uzanır. Boru kəməri sisteminə həmçinin Azərbaycanda iki kompressor stansiyası, Gürcüstanda isə iki kompressor stansiyası və iki nəzarət-ölçü qovşağı daxildir.

CQBKŞ şirkətinin səhmdarları bp (28,8 faiz), TPAO (19 faiz), SOCAR və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (16,7 faiz), PETRONAS (15,5 faiz), LUKOIL (10 faiz) və NICO (10 faiz) şirkətləridir.

Bu ilin birinci yarısında CQBK-nin gündəlik orta ötürücülük gücü 46,51 milyon kubmetr qaz təşkil etmişdir.

“Şahdəniz-2” çərçivəsində əlavə hasilat həcmlərini əhatə etmək məqsədilə CQBK sistemi Türkiyəyə (ildə 6 milyard kubmetr) və Avropaya (ildə 10 milyard kubmetr) qaz ixrac etmək üçün genişləndirilmişdir. Kəmərin genişləndirilmiş hissəsi 2018-ci ilin iyun ayında Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinə başlamışdır. 2020-ci ilin dekabr ayından başlayaraq şirkət ilk dəfə olaraq “Şahdəniz” qazını Avropaya ixrac etmişdir.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video