22:38 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

COVAX öhdəliklərini yerinə yetirə bilmir

ANA SƏHİFƏ / SƏHIYYƏ
03:01 06.03.2021

 

Prezident İlham Əliyev vaksinlərin dövlətlər arasında qeyri-bərabər və ədalətsiz bölüşdürülməsini pisləyir

 

Artıq bir neçə aydır dünya koronavirus pandemiyası ilə mübarizənin ən effektli və çoxdan gözlənilən mərhələsinə - vaksinasiya prosesinə qədəm qoyub. Virusun qarşısını almaq isə hələ də mümkün olmayıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 115 milyona çatıb, ölüm hallarının sayı isə 2,5 milyonu ötüb.

Ekspertlər hesab edirlər ki, peyvəndlənmə ilə kütləvi immun sistemi qazanaraq COVID-19-a qalib gəlmək mümkündür. Lakin hələ də peyvənd əldə edə bilməyən ölkələr var.

Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir. Respublikamızda yanvarın 18-də tibb işçilərinin vaksinasiyası ilə start götürən peyvəndlənmə bütün rayonlarda uğurla davam edir. Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 363.183 nəfər peyvənd olunub.

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, fevralın 8-dən yaşı 65-dən yuxarı, fevralın 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin vaksinasiyası həyata keçirilir. Artıq Azərbaycanda risk qrupuna daxil olan səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, həkimlər, polislər vaksinasiya olunublar. Martın 3-dən isə ilkin olaraq paytaxtdakı ümumtəhsil müəssisələrinin yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətinin vaksinasiyası başlanıb. Prosesə paytaxt üzrə 20000 nəfərə yaxın pedaqoji və texniki heyət üzvünün cəlb olunması nəzərdə tutulur. Üç gün ərzində mindən çox müəllim peyvənd olunub.

Azərbaycan Çində istehsal edilmiş “CoronaVac” peyvəndi ilə vaksinasiya aparır. Bu vaksinin 4 milyon dozasının alınması barədə müqavilə bağlanıb. Eyni zamanda Azərbaycan ötən il bütün ölkələr üçün effektli vaksin axtarışını sürətləndirmək, dünyada COVID-19-a qarşı hazırlanmış peyvəndlərə ədalətli əlçatanlığı təmin etmək məqsədilə yaradılan COVAX platformasına ilk qoşulan 50 ölkədən biri olaraq “AstraZeneca”, “Pfizer” və “Moderna” peyvəndlərini də almalıdır. Lakin hələlik bu vaksinlər ölkəmizə daxil olmayıb. Bu da COVAX platformasının bu layihəyə üzv ölkələri vaksinlərlə vaxtında təmin etməyə, ədalətlilik və əlçatanlıq prinsiplərinə əsasən bölüşdürülməsinə dair öhdəliyini yerinə yetirə bilməməsi ilə əlaqədardır.

Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxış edərkən bir daha bu problemə toxunaraq peyvəndlərin ölkələr arasında ədalətsiz bölüşdürülməsinə diqqət çəkib. Ölkəmizin rəhbəri xatırladıb ki, COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olan Azərbaycan ötən il hazırda sədrlik etdiyi iki beynəlxalq təşkilatın - Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə toplantılarının, eləcə də BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsinin təşəbbüskarı olub. Bu təşəbbüslər Azərbaycanın beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirir.

Azərbaycan pandemiyanın ilk günlərindən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir. Bu təşkilata 10 milyon dollar həcmində könüllü maliyyə yardımı göstərib. Eyni zamanda koronavirusla əlaqədar dünyanın 30-dan artıq ölkəsinə humanitar və maliyyə yardımı edib: “Azərbaycan yanvar ayının 18-dən peyvəndləmə prosesinə başlayıb. Biz regionda peyvəndləməyə start vermiş ilk ölkələrdən biriyik. Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölüşdürülməsini pisləyirik. Bəzi ölkələr özlərinin ehtiyacları ilə müqayisədə bir neçə dəfə çox həcmdə vaksin alır. Aydındır ki, belə olduğu təqdirdə bəzi ölkələrə peyvənd çatmayacaq”.

Azərbaycanın bu məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyi planlaşdırdığını da vurğulayan Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini həmin təşəbbüsü dəstəkləməyə dəvət edib.

Ötən gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də məlumat yayaraq, Azərbaycanın COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməməsi ilə razı olmadığını açıqlayıb.

ÜST tərəfindən verilən məlumatda 29 yanvar tarixinədək COVID-19 peyvənd proqramına başlamış iştirakçı ölkələrin “Pfizer-BioNTech” peyvəndinin birinci müstəsna paylanma mərhələsinə daxil edilmədiyi qeyd olunub. Bu əsaslandırma aydın deyil və bununla bağlı müddəalar heç bir hüquqi sənəddə, rəsmi yazışmalarda öz əksini tapmayıb. Azərbaycan ÜST-ün tövsiyələrini nəzərə alaraq vaksinasiya strategiyasını təsdiqləyib və vaksinlərin qəbulu üçün bütün texniki tələbləri yerinə yetirib: “Ötən il yaradılmış COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri də məhz Azərbaycan Respublikasıdır. Azərbaycan vaksinlərin dünya ölkələri arasında ədalətlilik və həmrəylik prinsipləri ilə bölgüsünün tərəfdarıdır. Təəssüflə qeyd etmək istərdik ki, təcrübədə bunun əksini görürük”.

Məlumatda bir daha vurğulanır ki, Azərbaycan ilk gündən ÜST-ün tövsiyələrinə uyğun fəaliyyət göstərməklə yanaşı, COVID-19-la mübarizə çərçivəsində həyata keçirilən əməkdaşlıqlara öz töhfəsini verib və vətəndaşlarının sağlamlığı üçün qarşıya qoyulmuş bütün öhdəlikləri yerinə yetirməyə bu gün də davam edir. COVAX-la yazışmalarda Azərbaycanın bu vaksinləri infrastruktur baxımından qəbul etməyə tam hazır olduğu bildirilib. “Bu gün COVAX layihəsi faktiki olaraq öz öhdəliklərini yerinə yetirə bilmir. Vaksinlərin düzgün paylaşdırılmasında ədalətsiz yanaşma birbaşa bu layihənin icrasında ciddi problemlərin olmasından xəbər verir. Hesab edirik ki, COVAX layihəsi çərçivəsində bu proses nəzarətdə saxlanılmalı və istehsalçı şirkətlər qarşısında konkret tələblər qoyulmalıdır”, - deyə qeyd olunur.

Agentlik bu mövqeyini COVAX-a göndərilən rəsmi məktubda bildirib və təşəbbüskar qurumları qərara yenidən baxmağa çağırıb.

Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə təkcə insanlar deyil, dövlətlər də bir olmağa, birlikdə mübarizə aparmağa borcludurlar. Ölkələr bir-birinə yardım etməklə bu bəladan uzaqlaşmaq və yaxud onun qarşısını almaq mümkündür. COVID-19-a yalnız qarşılıqlı dəstək və birgə səylərlə qalib gəlmək olar. Çünki hazırkı çətin vəziyyətdə dünyanın həmrəyliyə və əməkdaşlığa ciddi ehtiyacı var.

 

Xəyalə MURADLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM