01:47 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Çiçəklərin sultanı, min bir dərdin dərmanı
ANA SƏHİFƏ / SƏHIYYƏ
02:03 10.03.2013

 

Dünya bazarında yüksək alıcılıq qabiliyyətinə malik müalicəvi bitkilərin ölkəmizdə yetişdirilməsi və inkişafı üçün həm təcrübə, həm də əlverişli iqlim şəraiti mövcuddur. Belə bitkilərin yetişdirilməsi qida sənayesində tətbiq edilən bir sıra ziyanlı konsentratları əvəz edərək insanların sağlamlığının qorunmasında dönüş yarada bilər. Onlardan biri zəfərandır. Zəfəran neçə əsrlərdir ki, dünyada nadir, müalicəvi, həm də müqəddəs  çiçək sayılır.     

Bir çox mənbələrə görə zəfəranın becərilməsi 3-4 min il bundan əvvələ təsadüf edir. Bəzi mənbələrdə qeyd olunur ki, bu nadir bitki Avropaya ərəb istilaları zamanı aparılmışdır. Qədim Misir, Babilistan, İran və digər Asiya ölkələrində, Romada zəfəran boyaq maddəsi kimi işlədilir, təbiblər onunla bir çox xəstəlikləri müalicə edirdilər. Zəfəran iştahasızlığı, yuxusuzluğu, sinir zəifliyini aradan qaldırır, orqanizmi gücləndirir. Hətta baş, ürək, göz, qulaq ağrıları zamanı zəfərandan istifadə effektli sayılır, öskürəyin qarşısını alır, qızdırmanı salır.

Vaxtilə zəfəran çox baha olduğundan ondan əsasən şahlar, krallar və zadəganlar istifadə edərmişlər. Şahlar, sultanlar və onların xanımlarının paltarları bu bitkinin rəngi ilə boyanardı. Kübar qadınlar saçlarını zəfəranla boyayardılar. İngiltərədə isə həddən ziyadə qiymətli bitki olduğu üçün qadınlara zəfəranla saçlarını boyamaq qadağan edilmişdi. Avropada orta əsrlərdə saxta zəfəranı bazara çıxaranlar edam olunurdu. Ümumiyyətlə, dünyada əsrlər boyu zəfəran möcüzəvi keyfiyyətlərə malik bitki kimi sevilib, qorunub. İndi də belədir.

Abşeron öz zeytunu, üzümü, ənciri kimi zəfəranı ilə də tarixən məşhurdur. Zəfəranın bu yarımadaya gətirilməsi təxminən VIII-IX əsrlərə təsadüf edir. Hazırda Bilgəh qəsəbəsində becərilən zəfəran ədviyyələrin ən qiymətlisi hesab olunur. Azərbaycan mətbəxinin şah xörəyi sayılan əsl plovu da zəfəransız təsəvvür etmək çətindir. 

Abşeronun mülayim qışı, günəşli yayı və münbit torpağı zəfəranın becərilməsi üçün çox əlverişlidir. Hələ 1927-ci ildə Bilgəhdə "Zəfəran" sovxozu da yaradılmışdı. 140 hektar sahəsi olan sovxozda il ərzində 140-150 kiloqram quru zəfəran yığılardı. Dünya bazarında bir qram zəfəranın qiyməti keyfiyyətindən asılı olaraq 1-10 manat arasında dəyişir. Qeyd edək ki, Bakının Məmmədli, Maştağa, Nardaran, Pirşağı, Fatmeyi kəndlərində yetişdirilən bu bitki yüksək keyfiyyətinə görə həmişə fərqlənib. Məhsuldarlıq yüksək olduğundan daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə də ixrac edilib. Hətta Abşeronda yarım tondan artıq zəfəran yığıldığı vaxtlar da olub.  Hazırda zəfəran əkib-becərməklə məşğul olan Bilgəh kənd sakini İsmayıl İsmayılov bu barədə belə deyir:

- Uşaqlıqdan Bilgəhdəki həyətyanı sahəmizdə atamın zəfəran becərdiyini görmüşəm. O illər həyətyanı sahələrdə zəfəranı hamı yetişdirirdi. Hər tərəf zəfəran idi. Kəndin sakinləri bu bitkidən yaxşı qazanc götürürdü. İndi özüm 15 ilə yaxındır ki, zəfəran əkini ilə məşğul oluram. Bilgəhdə sovxozun ləğv edilməsi, torpaqların bir qismində yeni yaşayış evlərinin tikilməsi zəfəran sahələrinin azalaraq 20 hektara enməsinə səbəb oldu. İndi Abşeronda il ərzində  təxminən 60-70 kiloqram zəfəran tədarük olunur. Halbuki təbii şəraiti imkan verən əksər ölkələrdə onun qorunub artırılmasına xüsusi önəm verilir.

İran, İspaniya, İtaliya, Fransa, Türkiyə, Çin, Əfqanıstan, Meksika və digər ölkələrdə bu bitkinin onlarca növü yetişdirilir. Bir sıra Avropa dövlətlərinin aqrar siyasətində zəfəran perspektivli bitki kimi dəyərləndirilir, ona investisiya qoyulması təbliğ edilir. Zəfəran çoxillik bitkidir, dəmyə şəraitində yetişdirilir və onun becərilməsi üçün böyük vəsait tələb olunmur. 

Bir kiloqram quru zəfəran almaq üçün 200 minə yaxın çiçək lazımdır. Azərbaycanda ən keyfiyyətli zəfəran Bilgəhdə yetişir. Görünür, bu, kəndin havasındandır. Elə ailə  var ki, 1 kiloqramadək quru zəfəran istehsal edə bilir, müştərisi də həmişə başının üstündə olur.

Nədənsə ölkəmizdə sahibkarlar bu sahənin perspektivlərini aydın görmürlər. Bəlkə də bu, xaricdən və əsasən İrandan gətirilən ucuz zəfəran bazarını ələ keçirməsi ilə bağlıdır. Orta hesabla hər bir insanın bu məhsula illik tələbatını cəmi bir qramdan hesablasaq, Azərbaycanın zəfərana olan illik tələbatı 9 tona çata bilər. Bu rəqəmin özü də  zəfəranın perspektivinin böyük olmasından xəbər verir.

Digər tərəfdən, Abşerondan başqa Azərbaycanın digər bölgələrində də məsələn Bərdə rayonunda da zəfəran yetişdirmək mümkündür. Bunun üçün yeni texnologiyalar tətbiq etmək, məhsulu tanıtdırmaq üçün ilk vaxtlar təbii ki, daha çox iş görülməlidir.

Qida sənayesində, mətbəximizdə zəfəran işlətmək ənənəsini bərpa etmək, bu nadir məhsulun üstünlüklərini təbliğ etmək, onu becərənlərə mənəvi və maddi dəstək vermək zəfəranın becərilməsini stimullaşdıra bilər. Fikrimizcə, Kənd Təsərrüfatı Nazirliyi rayon icra hakimiyyətləri ilə birlikdə  maarifləndirici tədbirləri həyata keçirsə, zəfəranla bağlı bir neçə saytın yaradılmasına təkan versə, bu məhsulu yetişdirənlərin birliyi yaradılsa, həmin bitkiyə maraq artar, bu sahənin inkişafında dönüş yarana bilər, yeni iş yerləri yaranar. Göyçayda Nar bayramı keçirildiyi kimi, Bakıda da zəfəran festivalı təşkil etmək olar. Axı, zəfəran çiçəklərin sultanı, min bir dərdin dərmanıdır.

 

Elnur HADIYEV,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM