15:17 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Cəmiyyətin sosial bəlası
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:34 14.10.2021

 

Milli mentalitetimiz imkan verir ki, bəşəri fəlakətin qarşısını alaq

 

Təhlükə yaxınlaşdıqca hər bir canlı onun qarşısını almaq üçün özündə güc və qüvvə toplamağa çalışır. Lakin elə  fəlakət və təhlükələr  də olur ki, onunla mübarizədə geciksən, səni xilas edə biləcək qüvvənin təsiri itir. Belə olduqda yalnız ölüm deyil, milli və bəşəri fəlakətlər də qaçılmaz olur. Narkomaniyaya aludəçilik də məhz belə faciəni, fəlakəti qarşılamaq qədər təhlükəlidir. O, yalnız özü ilə bir nəfəri aparmır, ailənin, millətin genefondunu da məhv edir.

Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT-nin qərarı ilə iyun ayının 26-sı “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” elan edilib.

Azərbaycanda da narkomaniyaya qarşı mübarizə sahəsində geniş tədbirlər planı həyata keçirilməkdədir. Bu gün ictimaiyyət də rəsmi qurumlara kömək məqsədilə bu bəla ilə bağlı təbliğat işlərində fəal iştirak edir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, son vaxtlar sosial şəbəkələrdəki yeni yaradılan səhifələrə ayrı-ayrı vətəndaşlar tərəfindən göndərilən məlumatlar əsasında  paytaxt Bakının Yasamal, Xətai, Nizami, Nərimanov və Xəzər rayonlarında əməliyyatlar keçirilib və nəticədə xeyli narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.

Antinarkotik təbliğatı ilə bağlı Daxili İşlər Nazirliyinin ictimaiyyətə müraciətində deyilir ki, narkotik bəlasına qarşı mübarizə Azərbaycanda hüquq-mühafizə orqanları qarşısında duran başlıca vəzifələrdən biridir: “Qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artmasına baxmayaraq, həmin vasitələrin ölkəyə gətirilməsinə edilən cəhdlər, buna mütənasib olaraq narkotik istifadəçilərinin sayı çoxalır. Belə bir vəziyyət isə nəticə etibarı ilə gənclərimizin narkotik aludəçisi olmaq təhlükəsini artırır. Problemlə bağlı mediada tənqidi yazılar dərc olunur, sosial şəbəkələrdə müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilir. Bu, normal haldır və biz hər kəsin mövqeyinə, eləcə də ictimai rəyə hörmətlə yanaşırıq. Lakin təkcə tənqidlə, yaxud iradlarla iş bitmir. Bu təhlükəni aradan qaldırmaq üçün cəmiyyətin birgə səyləri tələb olunur. Yəni hər kəsin ümumi işə real köməkliyi çox vacibdir. Yalnız bu halda görülən işlər istənilən nəticəni verə bilər”.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov mətbuata açıqlamasında bildirib ki, 2020-ci ilin sonuna olan rəsmi məlumata əsasən, ölkəmizdə 33 788 rəsmi qeydiyyatda olan narkotik istifadəçisi var.

Xatırladaq ki, 2019-cu illə müqayisədə 2020-ci ildə 2356 nəfər narkotik istifadəçisi artıb. Bu, hələ qeydiyyata alınandır. Orxan Cəfərovun sözlərinə görə, son zamanlar psixotrop maddələrin istifadəsi də genişlənib.

Rəsmi məlumatlara görə, Azərbaycanda narkotiklər həm ölkəyə gətirilir, həm də ölkə ərazisində təbii yolla bitir və ya kultivasiya vasitəsilə yetişdirilir.

Hüquq-mühafizə orqanları il ərzində on tonlarla narkotik bitkiləri yaş halda toplayaraq məhv edir. Yalnız son günlər polis 15 tonadək kultivasiya yolu ilə becərilən narkotik bitkiləri aşkar edərək dövriyyədən çıxarıb.

 

Qanunsuz tranzit narkotik marşrutu

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir ki, ölkəmizdən bir neçə qanunsuz tranzit narkotik marşrutu keçir. Bunlar İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya-Yaponiya, İran-Azərbaycan-Gürcüstan-Avropa, İran-Azərbaycan-Rusiya-Ukrayna marşrutlarıdır. Ölkədə bu marşrutlarla narkotiklərin daşınması halları aşkar edilib, cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülüb.

Daha bir fakta diqqət yetirək. Ötən il narkotiklərlə bağlı 3105 nəfər həbs edilib: “Onlardan 16-18 yaşadək 4, 18-25 yaşadək 251, 26-29 yaşadək 526, 30 yaş və ondan yuxarı isə 2308 nəfər təşkil edir. Eyni zamanda hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 198 fakt aşkar edilib. Faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 197,9 kiloqram müxtəlif növ narkotik vasitə, 6 kiloqram 501,4 qram psixotrop maddə, 2 kiloqram 651 qram prekursor çıxarılıb”.

Dövlət Komissiyasının məlumatına görə, 2020-ci ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 4195 fakt aşkar olunub. Onlardan 1507-si narkotik vasitələrin qanunsuz satışı, 2309-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 317-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 62-si isə digər cinayətlərlə bağlı olub. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən müsadirə olunan 3 ton 806 kiloqram 356,5 qram narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 297 kiloqram 293,6 qramı heroin, 848 kiloqram 997,8 qramı marixuana, 267 kiloqram 258,7 qramı tiryək, 90 kiloqram 377,2 qramı həşiş, 394 qramı kokain, 302 kiloqram 035,2 qramını psixotrop maddələr və digərləri təşkil edib.

Həmçinin müvafiq dövr ərzində Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 2513 hektar sahədən çəkisi 152 ton 791 kiloqram 035,6 qram olan 414 min 644 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq, qaydaya uyğun məhv edilib.

Azərbaycan gömrükçülərinin də bu sahədə xidmətləri az olmayıb. Onların keçirdikləri əməliyyatlar nəticəsində 108 kq heroin götürülüb.

Ölkədə dövriyyədən çıxarılan narkotiklərin böyük hissəsi heroindir. Ekspertlərin təhlillərinə görə, bütün istiqamətlər üzrə narkotiklərdən istifadə artıb. Həmçinin ölkəyə gətirilərək dövriyyədən çıxarılan narkotiklərin miqdarı da artmaqda davam edir. Belə ki, 2019-cu illə müqayisədə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitə olan heroinin çəkisi 1 ton 483,4 kq, marixuananınkı 163,8 kq, həşişinki 68,9 kq, tiryəkinki 19,7 kq, psixotrop maddələr və digərlərinin çəkisi isə 99,3 kiloqram artıb.

Bu məsələlər üzrə ekspert Emil Maqalov bildirir ki, istənilən narkotik aludəçisi potensial cinayətkara çevrilir: “Narkotik tələbata çevriləndə istifadəçi onu müxtəlif yollarla əldə etməyə çalışır. İstifadəçilərin əksəriyyəti oğurluqla, soyğunçuluqla, cibgirliklə və digər cinayət yolu ilə maliyyə əldə edərək narkotik almağa sərf edir”.

Narkotik istifadəçilərinin sayıının artmasının digər səbəbi də var. Məsələn, insanların internetə və dünyaya senzurasız daxil olmasıdır. Emil Maqalov əlavə edir: “Uşaqdan tutmuş hər kəsin rahatlıqla yazı və ya videolara girmək imkanı var. Üçüncü səbəb gənclərin asudə vaxtının təşkili problemidir. Bu durumun acı mənzərəsi daha çox rayon və kəndlərdə özünü büruzə verir. Şəhərlərdə asudə vaxtın təşkili ilə bağlı bir qədər nikbin mənzərə mövcuddur”.

Ekspert ölkədə narkotik vasitələrin onlayn satışının təşkilindən söz açarkən bildirir ki, qonşu ölkələrlə müqayisədə Azərbaycanın göstəricisi nisbətən yaxşıdır: “...Mən Türkiyə, İran, Gürcüstan və Dağıstanda olmuşam. El dilində desək, bu ölkələrə baxanda şükürlüyük. Çünki Azərbaycanda ailə dəyərləri, mentalitet və digər amillər böyük rol oynayır. Mübarizəni gücləndirməliyik. Bunun bir yolu var: narkotiki yayanlara, satanlara qarşı birgə mübarizə aparılmalıdır. Hansı ki, bütün dünya bununla mübarizə aparır”.

Axı biz ən qəddar, amansız, talançı, soyğunçu, vandalizm siyasəti yürüdən ermənilərlə mübarizədə qalib olmağı bacardıq. Bu qalibiyyət isə birliyimizin təntənəsidir! İndi də bir olub bu bəlaya qalib gələk!

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM