04 Avqust 2021 01:07
1877
CƏMİYYƏT
A- A+

Burada gül-çiçəkdir hər tərəf, hər yan

 

Lənkəran bu gün də “Cənub mirvarisi”dir

 

Təbiət insanı formalaşdırır, zənginləşdirir fikri ilə razılaşmamaq mümkün deyil. Çünki insan ana dediyimiz təbiətin övladı və bir parçasıdır. Elə buna görə də lənkəranlılar bu torpağın özü qədər səxavətli və qurub-yaradandırlar.

Böyük yaradan Lənkərandan heç nəyi əsirgəməyib. Zümrüd meşələri, silsilə dağları, gah coşub kükrəyən, gah da lal axan çayları, bulaqları, şəlalələri, bol nemətli, mavigözlü dənizi var bu diyarın. Təkcə bunlarmı? Əlbəttə ki, yox. Subtropik iqlimə malik olan Lənkəranda ətirli çay, çəltik, bağlarında limon, naringi, portağal, feyxoa və digər qiymətli nemətlər yetişir. Dünyanın bir çox ölkələrindən quşlar qışlamaq üçün payızda buradakı Qızılağac qoruğuna gəlir. Flora və faunası ilə zəngin olan Hirkan qoruğunun böyük bir hissəsi Lənkəranın payına düşür.

Bütün bu gözəlliklər haqqında şairlər şeirlər yazıb, bəstəkarlar nəğmələr bəstələyib, rəssamlar tablolar yaradıblar. Təsadüfi deyil ki, böyük rus şairi N. Tixonov Lənkəranı “Cənub mirvarisi” adlandırmışdır. Eyni zamanda bu diyar keşməkeşli bir inkişaf yolu keçmişdir.

Lənkəranın tarixi qədimdir. Ərazidəki çoxsaylı abidələr, qalalar da bunu sübut edir. Lənkəran cənub istiqamətində Azərbaycanın həmişə alınmaz qalası olmuşdur. Özünü qorumaq üçün buranın insanları həmişə əllərindən gələni etmişlər, istər qədim və orta dövrlərdə, istər xanlıqlar, istərsə də sonrakı illərdə.

Müstəqilliyimizin ilk illərində bunun bir daha şahidi olduq. Amma budəfəki mübarizə o qədər də asan deyildi. Separatçı qüvvələr at oynadanda onların bütün cəhdlərinin qarşısı Lənkəranın sağlam qüvvələri tərəfindən bu dəfə də qətiyyətlə alındı.

70 il ömür sürən sosializm sisteminin dağılması nəticəsində ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da iqtisadiyyat tənəzzül etdi, istehsal sahələri fəaliyyətini dayandırdı. İş yerlərini itirən adamlar ailələrini dolandırmaq üçün olmazın çətinliklər ilə üzləşdilər. Mövcud infrastruktur baxımsızlıq üzündən bərbad hala düşdü. Lənkəran şəhərinə yalnız günün müəyyən vaxtlarında işıq verilirdi, özü də aşağı gərginlikdə.

Elə həmin illər böyük Yaradan sanki Ulu Öndər Heydər Əliyevi səmadan yerə endirdi. Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın həyatında dönüş yarandı. “Əsrin müqaviləsi” imzalandı, islahatlar həyata keçirildi, yaranan sabitliyi görən əcnəbi investorlar Azərbaycana sərmayə qoymağa başladılar.

2003-cü ilin oktyabrında Prezident seçilən İlham Əliyev isə neftdən gələn ilk gəlirləri ən mühüm sahələrin, o cümlədən ordumuzun güclənməsinə, öz dədə-baba yurdlarından didərgin düşmüş qaçqın və köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, regionların sosial-iqtisadi inkişafına və digər mühüm məsələlərə yönəltdi. 2004-cü ilin fevral ayının 11-də təsdiqlənən regionların sosial-iqtisadi inkişafı I Dövlət Proqramı ilə hər yerdə, o cümlədən Lənkəranda quruculuq işlərinə start verildi. Beləliklə, bu cənub şəhəri yeni inkişaf dövrünə qədəm qoydu.

Küçələr, parklar, xiyabanlar abadlaşdırıldı. Birinci və onun ardınca qəbul edilən ikinci, üçüncü və hazırda həyata keçirilən sayca dördüncü dövlət proqramları çərçivəsində Lənkəran abadlaşdı, inkişaf etdi, tanınmaz oldu.

Ötən illər ərzində rayonda görülən işləri bir yazıya sığışdırmaq mümkün deyil. Amma elələri var ki, onları qeyd etməmək olmaz. Lənkəran Beynəlxalq Hava Limanı, Olimpiya İdman Kompleksi, İstisu Sağlamlıq Mərkəzi, Müalicə-Diaqnostika Mərkəzi, Uşaq Sağlamlıq, habelə Gənclər Mərkəzi, Əlillərin Reabilitasiya Mərkəzi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün 90, evləri qəzalı vəziyyətdə olan sakinlər üçün 100 mənzilli 4 yaşayış binasının tikilməsi, Lənkəran Dövlət Dram Teatrının, 350 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının, Şəhər Mədəniyyət Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı şəkildə yenidən qurulması, Lənkəran-2 Elektrik Yarımstansiyasının istismara verilməsi, 17 hotel, 10 istirahət mərkəzinin, 5 çay, 2 konserv, 3 düyü emalı, xalçaçılıq müəssisəsinin fəaliyyətə başlaması, Lənkəran Dövlət Universiteti üçün əlavə 2 tədris korpusunun, yataqxananın, rayon prokurorluğu üçün yeni inzibati binanın inşası, istehsal gücü ildə 18 min ton olan yeni qənnadı məhsulları fabrikinin, məcburi köçkünlər üçün çoxmərtəbəli yaşayış binasının tikilməsi, 167 kilometrlik kənd yollarının, şəhərin 13 küçəsində 11 kilometrlik asfaltlama işinin aparılması həmin illər Lənkəranda görülən işlərin yalnız yada düşənləridir.

Amma bunlardan əlavə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1200 şagirdlik Liman şəhər 1 saylı, 240 şagirdlik Şağlaküçə, 220 şagirdlik Girdəni, 260 şagirdlik Digah, 192 şagirdlik Tatoba, 320 şagirdlik Səpnəkəran, 100 şagirdlik Tuado, 100 şagirdlik Bürcəli, 192 şagirdlik Daşdatük kənd məktəbləri üçün müasir tələblərə cavab verən yeni binalar da tikilmişdir. Eyni zamanda Osman Mirzəyev adına qarışıq tipli uşaq evi, inteqrasiya təlimli internat gimnaziyası əsaslı təmir edilmiş, 2020-ci ildə isə 360 şagirdlik Viravul kənd 2 saylı, 632 şagirdlik Haftoni və 420 şagirdlik Nərimanabad qəsəbə tam orta məktəblərinin yeni binaları qapılarını şagirdlərin üzünə açmışdır. Ümumiyyətlə, 2003-2020-ci illərdə rayonda 38 məktəb tikilmiş, 50 məktəbdə təmir-tikinti işləri aparılmış, 5 məktəb əsaslı təmir edilmiş, 7 modul tipli məktəb quraşdırılmışdır. Hazırda şəhər 7 saylı və Zövlə kənd tam orta məktəblərində əsaslı təmir işləri aparılır.

Rayonda hazırda elektrik enerjisi ilə təchizatda heç bir çətinlik yoxdur. Həmçinin rayon ərazisinin 80 faizdən çoxu qazla təchiz olunmuşdur. Əhalinin içməli su ilə təminatında əsaslı dönüş yaranmışdır. Belə ki, 257 kilometr içməli su şəbəkəsi inşa edilmiş, hər bir evə su sayğacı qoyulmuşdur.

Subtropik iqlim şəraitinə malik olan Lənkəranda yetişən limon, portağal, çay və digər subtropik meyvələr onun “vizit kart”ıdır. Prezident İlham Əliyevin rayona göstərdiyi diqqət və qayğı nəticəsində digər sahələrdə olduğu kimi, kənd təsərrüfatında da əsaslı dönüş yaranmışdır. Dövlət başçısının sədrliyi ilə 2017-ci il sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının daha da artırılması məsələlərinin geniş müzakirə edildiyi respublika müşavirəsində bu barədə yol xəritəsi irəli sürülmüşdür. Müşavirədə qeyd olunmuşdur ki, kənd təsərrüfatının bütün ənənəvi sahələri inkişaf etdirilməlidir. Bu məsələ eyni zamanda regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında da öz əksini tapmışdır. Məqsəd isə birdir: rayonlarda infrastruktur layihələrini həyata keçirmək, sahibkarlıq üçün münbit şərait yaratmaq, ölkə iqtisadiyyatını şaxələndirərək inkişaf etdirmək, yeni iş yerləri açmaq, ölkəni ekoloji təmiz ərzaq məhsulları ilə təmin etmək və s. 2018-ci ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı IV Dövlət Proqramında həmin məsələlərin davamı əksini tapmışdır.

Lənkəranda çay plantasiyalarının min hektara çatdırılması üçün fermerlər səylə çalışırlar. Onlardan biri də Araz Yağubovdur. Onun “Yaşıl çay” təsərrüfatında keyfiyyətli məhsul yetişdirilir. 100 nəfərdən çox işçinin çalışdığı təsərrüfatın özünün çay fabriki var. Ekoloji cəhətdən təmiz çay məhsulu daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunur.

Sitrus meyvə bağlarının genişləndirilməsi ilə əlaqədar rayona daha məhsuldar sortlar gətirilmişdir. Dünyanın 5 ölkəsində - ABŞ, Braziliya, Yaponiya, Koreya, Fransada yetişdirilən nadir Hallobonq sitrus meyvəsi artıq Azərbaycanda - Lənkəranda da yetişdirilir. Şaxtaya davamlı, məhsuldarlığı kifayət qədər yüksək olan bu bol vitaminli meyvə sağlamlıq üçün olduqca faydalıdır.

Lənkəranda sitrus meyvələrinin başqa növləri də becərilir. İstisu qəsəbəsində yaşayan Rəftarə Şükürova 15 ilə yaxındır ki, öz fermer təsərrüfatında feyxoa və kivi yetişdirməklə məşğuldur. Hər il ölkəmizin və Rusiyanın bazarlarına min tonlarla Lənkəranda yetişdirilən sitrus meyvələri çıxarılır. Bu il də bağlarda meyvə boldur.

Çəltikçilik Lənkəran üçün ənənəvi bitkidir. Ötən əsrin 60-cı illərinədək burada becərilmiş “Haşimi”, “Həsənli”, “Ənbərbu”, “Qırmızı Ənbərbu”, “Çampo”, “Sədri” və digər düyü növləri özünəməxsus dadları ilə seçilmişdir. Aqrar sahəyə olan dövlət dəstəyi sayəsində lənkəranlılar yenidən bu gəlirli sahəyə üz tutmuşlar. Hazırda çəltikçilikdə 1200 nəfərdən çox işçi çalışır. Çəltiyin emalı üçün rayonda zavod fəaliyyət göstərir.

Tarixin hansı səhifəsini vərəqləsək, orada bu torpağın oğullarının göstərdiyi şücaət və qəhrəmanlığın şahidi olarıq. İkinci Dünya müharibəsində faşistlərə divan tutan iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun keçdiyi döyüş yolu hər bir lənkəranlı gənc üçün hünər və qürur mənbəyidir. İstər 1990-cı illərdə faşist xislətli erməniləri Qarabağı işğal edərkən, istərsə də İkinci Qarabağ savaşında Lənkəranın mərd oğulları da silaha sarılıb Vətənin müdafiəsinə qalxdılar. Zəfər savaşında yüzlərlə lənkəranlı gənc döyüşə yollandı və onlardan 66 nəfər şəhidlik zirvəsinə yüksəldi.

Bu gün rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, əmək kollektivləri hər bir şəhidə böyük rəğbət göstərir, onların xatirəsini əziz tuturlar. Şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədilə tədbirlər həyata keçirilir, qazilərin sağlamlığının bərpası, şəhid ailələrinin, habelə müharibə iştirakçılarının ehtiyacının ödənilməsi diqqət mərkəzində saxlanılır.

Vətən müharibəsi başa çatandan sonra hər yerdə olduğu kimi, Lənkəran Rayon İcra Hakimiyyətində də xüsusi şöbə yaradılmışdır. Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant Ramin Dövlətov həmin şöbənin müdiri təyin edilmişdir. Bu şöbənin xətti ilə həyata keçirilən tədbirlər hər bir lənkəranlı gəncdə vətənpərvərlik hissinin yüksəlməsinə xidmət edir. Bunun nəticəsidir ki, hər gün neçə-neçə gənc orduda xidmət etmək arzusunda olduqları barədə Lənkəran Şəhər Hərbi Səfərbərlik və Çağırış Şöbəsinə müraciət edir.

Məlum olduğu kimi, koronavirus pademiyası bütün sahələrə, o cümlədən turizmin inkişafına əngəllər törətməkdə davam edir. Nəinki gəzmək, istirahət etmək, hətta müalicə üçün insanlar istədikləri yerə getmək imkanından məhrumdurlar. Virusun çəkilib gedəcəyinə ümidli olduğumuz zaman xəbər çıxır ki, onun yeni bir növü peyda olub. Ancaq heç kim yenə də ümid və inamını itirmir. Hamı inanır ki, elmin, təbabətin gücü tarixin bütün dövrlərində olduğu kimi, yenə öz sözünü deyəcək, adamlar yenə sağlam həyat tərzi yaşayacaq, istədikləri vaxt istədikləri yerlərə səyahət edəcəklər.

Belə yerlərdən biri də həmişə qonaq-qaralı olan Lənkərandır. Əlverişli iqlimə, təmiz havaya, zəngin təbii sərvətlərə və nadir tarixi abidələrə malik olan Lənkəranda turizmin inkişafı üçün mühüm işlər görülmüşdür. Rayonda bu gün “Qala”, “Qızıl tac”, “Palıdlı sahil”, “Bəşəri”, “Xanbulan” turizm istirahət mərkəzləri, Haftoni qəsəbəsində təbii İstisu pansionatı, Hirkan Milli Parkı, “Qafqaz sahil” hoteli və s. fəaliyyət göstərir. Həmin obyektlərdə turistlərə yüksək xidmət göstərilir.

Bir sözlə, Lənkəran inkişaf edir, abadlaşır, “Cənub mirvarisi” statusunu inamla qoruyur. Bunları gördükcə isə duyğulanmamaq olmur:

 

Uzanır silsilə Talış dağları,

Naringi, portağal, limon bağları.

Allahın payıdır sərvəti, varı,

Burda gül-çiçəkdir hər tərəf, hər yan,

Gözəllər gözəli, gözəl Lənkəran.

 

Çağlayır sevincdən o mavi Xəzər,

Bərq vuran suları hüsnünü bəzər.

Belə görkəminə dəyməsin nəzər,

De harda tapılar belə bir məkan?

Gözəllər gözəli, gözəl Lənkəran.

 

Çayı məlhəm olur ürək yananda,

Yanında dilimli limon olanda.

İçsən, durulacaq damarda qan da.

Tapılar qoynunda hər dərdə dərman,

Gözəllər gözəli, gözəl Lənkəran.

 

Süfrəsin bəzəyən ləvəngisi var,

Dadı damaqlarda hər zaman qalar.

İlboyu qonaqlı-qaralı olar,

Qapısı açıqdır hər saat, hər an,

Gözəllər gözəli, gözəl Lənkəran.

 

Dəmirağacına tay varsa, gətir,

O ancaq bu eldə, bu yurdda bitir.

Yayın istisində açaraq çətir

Kölgəsi xəstəyə verər təzə can,

Gözəllər gözəli, gözəl Lənkəran.

 

Hüsnü başdan-başa bir tamaşadır,

İnsanla təbiət burda qoşadır.

Adama xoş ovqat, xoş gün yaşadır

Xəzərdən gün çıxıb söküləndə dan,

Gözəllər gözəli, gözəl Lənkəran.

 

Gəzib yer üzünü hey ölkə-ölkə,

Dedim ki, cənnəti taparam, bəlkə.

Çökdü gözlərimə hər yerdə kölgə.

Demə, bura imiş cənnət də, inan,

Gözəllər gözəli, gözəl Lənkəran.

 

Seyran CAVADOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video