11 Aprel 2021 00:31
852
SİYASƏT
A- A+

Bugünümüzün və  sabahımızın ən layiqli təminatçısı

 

Azərbaycan dövləti və xalqı demokratiya yolu ilə inamla irəlilədiyini 2018-ci ilin prezident seçkiləri ilə bir daha bütün dünyaya nümayiş etdirdi. Bu gün keçirilməsinin 3-cü ili tamam olan həmin seçki bütün parametrləri ilə Azərbaycanın siyasi tarixinə şəffaf, ədalətli və azad seçkilər kimi düşdü və xalqımız özünün növbəti tarixi və ən doğru seçimini edərək cənab İlham Əliyevlə davama səs verdi.

Yeni Azərbaycan Partiyasının 2018-ci ilin fevral ayında keçirilən qurultayında Prezident İlham Əliyevin növbəti müddət üçün prezidentliyə namizədliyinin irəli sürülməsi tək partiyamızın deyil, cəmiyyətin bütün təbəqələrinin ürəyindən xəbər verdi. Seçki kampaniyası ərəfəsində cərəyan edən proseslər də təsdiq edirdi ki, xalqımızın seçkiqabağı ovqatı bütünlüklə cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üzərində köklənib. Çünki məhz İlham Əliyevin şəxsində xalqımız Azərbaycanın müasir gücünün ifadəsini görürdü. Buna görə də aprelin 11-də keçirilən səsvermədə xalqımız birmənalı şəkildə İlham Əliyevə dəstəyini nümayiş etdirdi. 

Seçkilərin nəticələri göstərdi ki, insanlar Heydər Əliyev yolunu, İlham Əliyev siyasi kursunu perspektiv inkişafın yeganə yolu olaraq qəbul edirlər. Ona görə bu seçim Azərbaycan cəmiyyətinin öz layiqli liderinə sarsılmaz inam və rəğbətinin əyani təcəssümü oldu. Eyni zamanda bu seçim təkcə İlham Əliyevin deyil, onun apardığı siyasətə qəlbən inanan ölkə vətəndaşlarının, dövlətimizin qurucusunun şərəfli adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının qələbəsi kimi yadda qaldı.

Öncə onu qeyd edim ki, ötən 3 il respublikamızda prezident seçkilərindən sonra bir çox sahələrdə başlanan yeni və səmərəli islahatlar, quruculuq işlərinin davam etdirilməsi mühüm enerji və logistik layihələrin başa çatdırılması ilə əlamətdardır. Bütün bunlar və Prezident İlham Əliyevin yürütdüyü müstəqil və çoxşaxəli siyasət Azərbaycanın dünyadakı mövqelərini möhkəmləndirib, o cümlədən Cənubi Qafqazın aparıcı dövləti kimi rolunu artırıb.

Son bir ili isə koronavirus pandemiyası ilə mübarizə dövrü adlandıra bilərik. Çindən başlanan pandemiya ilə bütün dünya mübarizə aparır, amma heç də bütün dövlətlər bu sınaqdan uğurla çıxmağı bacarmırlar. Azərbaycan da bu sınaqla üz-üzə qalsa da, ilk gündən Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, problemi xüsusi diqqət mərkəzində saxlaması göz önündə idi. Məhz dövlət başçısının müdrik siyasəti nəticəsində ölkəmizdə vaxtında pandemiyaya qarşı səmərəli mübarizənin əsası qoyuldu. Xüsusilə qeyd edilməlidir ki, əvvəlki illərdə səhiyyə sistemində yaradılmış böyük potensial bu prosesdə mühüm rol oynayaraq İlham Əliyevin sosial siyasətinin uzaqgörənliyini təsdiq etdi. Eyni zamanda bu dövrdə yaradılan modul xəstəxanalar, respublikamıza gətirilən laboratoriyalar və bu kimi digər tədbirlər Azərbaycanda koronavirus pandemiyasının faciəvi fəsadlar verməsinin qarşısını aldı. Azərbaycanın Cənubi Qafqazda koronavirusa qarşı peyvəndlənməni ilk həyata keçirən dövlət olması da Prezident İlham Əliyevin  bu məsələdə qətiyyətli siyasətinin nəticəsidir.

Cənab İlham Əliyevin prezidentlik müddətinin geridə qalan 3 ilinin ən böyük hadisəsi isə əlbəttə ki, torpaqlarımızın işğaldan azad edilməsi oldu. Xalqımızın intizarında olduğu bu tarixi reallığın müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Cənab İlham Əliyevin ötən 17 ildə həyata keçirdiyi kompleks inkişaf siyasəti, respublikamızın yüksəlişi torpaqlarımızın azad edilməsi üçün tarixi şəraitin formalaşmasını təmin etdi. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində torpaqlarımızın azad edilməsi ilə Prezident, Ali Baş Komandan İlham Əliyev həm də dövlətimiz və xalqımız üçün olduqca mühüm və tarixi vəzifəni şərəflə yerinə yetirdi.

Bu Qələbə həm də onu göstərdi ki, Prezident İlham Əliyev bugünümüzün və  sabahımızın ən layiqli təminatçısıdır. Ona görə Azərbaycan xalqı öz rəhbərinin ətrafında hər zaman sıx səfərbər olacaq.

 

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video