22 Oktyabr 2011 06:10
400
Mədəniyyət
A- A+

Bu söz necə yazılmalıdır?

 

"Keşməkeşli", yoxsa "kəşməkəşli"

 

Xeyli vaxtdır ki, bu sözün yazılışı ilə bağlı sual qarşısında qalmışıq. Təbii ki, biz öz yazılarımızda "keşməkeşli" kimi yazdığımız sözü çox vaxt qəzet səhifəsində "kəşməkəşli" oxuyanda təəccüblənirik. Etirazımıza cavab olaraq korrektorlar 2004-cü ildə işıq üzü görmüş "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə əsasən belə etdiklərini söyləyirlər. Hər dəfə də bu "düzəliş" üzərində yaranan mübahisə narazılıqla tamamlanır. Bəs haqlı kimdir? Yazan, yoxsa pozan?

Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmiş "Azərbaycan dilinin orfoqrafiya qaydaları" əsasında hazırlanmış "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə "kəşməkəş", "kəşməkəşli" ifadələrinə rast gəlinir. Maraqlıdır ki, bu lüğətdən bir il sonra filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Ağamusa Axundovun çapdan çıxmış "Azərbaycan dilinin izahlı lüğəti" kitabında "keşməkəşli" yazılıb. Sözün mənası "dartışma", "keşməkeşli" kimi izah edilib. Burada bir diqqətçəkən məsələ də var ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" kitabının redaktoru və ön sözün müəllifi də Ağamusa Axundovdur. Bəs onda bu kitabların hansına istinad edək? Hər halda "Azərbaycan dilinin izahlı lüğəti" orfoqrafiyadan bir il sonra işıq üzü görüb. Bu da əsas sayıla bilmir. Müəyyən araşdırmalar apardıq. İstər sovet dövründə, istərsə də dövlət müstəqilliyimizi qazandıqdan sonra çap edilmiş müxtəlif yöndən olan lüğət kitablarında yenə də ikitirəliyə rast gəldik. Məsələn, "Azərbaycan dilinin izahlı lüğəti"ndə (1983) "keşməkeş", "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə (1976) "kəşməkəş" göstərilib. Hər iki kitab da "Elm" nəşriyyatında çap edilib. Sovet dövründə nəşr edilən "Məktəblinin orfoqrafiya lüğəti"ndə "keşməkeş", 2004-cü ildə işıq üzü görə, "Məktəblinin orfoqrafiya-orfoepik-qrammatika lüğəti" kitabında isə "kəşməkəşli" yazılıb.

İstər klassik şair və yazıçıların, istərsə də müasir ədib və nasirlərin, tənqidçilərin qələmə aldığı bədii və elmi əsərlərdə bu söz əsasən "keşməkeşli" yazılıb. Məsələn, "Keşməkeşli ömür yolumu xatırladıqca ürəyim qan ağlayır" (Ə.Vəliyev,  "Budağın xatirələri" əsərindən). "Keşməkeşli həyatın hər üzünü görmüşdü" (V.Babanlı, "Bulanıq dünya" romanından). Belə nümunələri çox çəkmək olar. Bəs dilçi alimlər, ədəbiyyatşünaslar nə fikirləşirlər?

AMEA-nın akademiki Bəkir Nəbiyev:

- Birmənalı olaraq "keşməkeşli" yazılmalıdır. Azərbaycan dilinin özünün daxili qanunları tələb edir bunu. Müzakirəyə ehtiyac yoxdur. Orfoqrafiya lüğətində bu söz ya o kitabın korrektorunun səhvidir, ya da hazırlama prosesində yanlışlığa yol verilib. Təəssüf ki, meyar da belə hazırlananda insanlar çaşbaş qalırlar. Mən "Azərbaycan" qəzetinə minnətdarlıq edirəm ki, belə mövzulara toxunur. Heç olmasa yeni nəşr hazırlananda müəyyən səhvlər aradan qaldırılar.

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev:

- Doğrudur, orfoqrafiya lüğətində bu söz "kəşməkəşli" yazılıb. Amma bizim hamımız "keşməkeşli" deyirik, elə o cür də qələmə alırıq. Azərbaycan dilinin ahəng qanunu var. Ona əməl etmək hamının borcudur. Təəssüf ki, 2004-cü ildə çap edilmiş "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ni hazırlayanlar Əliheydər Orucovun sovet dövründə nəşr olunmuş eyniadlı kitabının üzünü köçürüblər, heç onun adını da müəlliflər sırasına salmayıblar. Əlavə etdikləri bir çox sözlər də yanlış yazılıb. Bu da hamını çaşdırır.

Xalq şairi, ədəbiyyatşünas-alim Nəriman Həsənzadə:

- Əlimə qələm alan gündən "keşməkeşli" yazıram. İllərdir ki, pedaqoji fəaliyyətlə məşğulam. Mənim tələbələrim də bu cür yazırlar. "Kəşməkəş" sözü tamamilə mənasız və ifadəsizdir. Əgər həmin orfoqrafiya lüğətində "keşkə", "keşkələnmə", "keşkələnmək", "keşkəli" sözləri varsa, bəs nədən "kəşməkəşli" yazıblar? Tamamilə səhvdir.

Rəyləri uzatmağın əhəmiyyəti yoxdur. Sadəcə olaraq "Azərbaycan dilinin orfoqrafiya lüğəti" təkcə oxucunu və qələm əhlini çaşdırmır. Ali məktəbə qəbul imtahanları verən abituriyentlər də bu sözü necə yazmaq barədə çətinlik çəkirlər. "Kəşməkəşli" yazırlar - düz deyil, "keşməkeşli" yazırlar - səhv hesab edilir. Ona görə də növbəti lüğəti nəşrə hazırlayanlar dilimizin bütün üslubuna, ahəng qanununa ciddi riayət etməyə səy göstərməlidirlər. Ona fərəhlənmək və qürurlanmaq azdır ki, çap edilən sonuncu orfoqrafiya lüğətində 80.000 söz vardır. Əsas odur ki, sözlərin düzgün yazılışı göstərilsin.

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video