01 Avqust 2021 01:33
1345
Mədəniyyət
A- A+

Bu kino ki var, çox qəliz məsələdir

 

Kino deyəndə ilk yada düşən məşhur “Bəyin oğurlanması” filmində Səməndər Rzayevin qəhrəmanın dediyi “Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki vacib...” cümləsi yada düşür. Elə bu sitatla da başlmaq istərdim, amma başlamıram, çünki kino haqqında onlarla yazıya bu sitatla giriş verilib.

Yaxşısı budur ondan başlayaq ki, bu kino əslində milli məsələdir, ona görə də milli kinonun tarixi və o tarixi qeyd etdiyimiz gün var -

2 avqust.  Həmin gün 18 dekabr 2000-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan Kinosu Günü” kimi qeyd edilir.

Kinonun milli məsələ olması ilə bağlı daha bir nümunə gətirək. 1979-cu ildə kinorejissor  Eldar Quliyev “Babək” filmini ekranlaşdıranda Ümummilli Lider Heydər Əliyev çəklişlərlə maraqlanan zaman rejissor deyir ki, çəkilişlər ləngiyir, çünki kütləvi səhnələrə çəkməyə kütlə tapmırıq, hamı üzüm yığımı ilə məşğuldur. Çəkilişlər Naxçıvanda aparılırmış. Həmin vaxt Naxçıvanda üzüm yığımı olduğundan əhali çəkilişlərə gələ bilməyib. O vaxt Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyən Heydər Əliyevdən tapşırıq gəlir: “Qoy bu il Naxçıvanın üzüm planında kəsir qalsın, amma insanlar çəkilişlərdə iştirak etsinlər. Üzüm gözləyər, “Babək” isə çəkilməlidir”.

Milli kino ilə bağlı ensiklopedik araşdırmasında kinoşünas Aydın Kazımzadə də bu barədə yazıb. Yeri gəlmişkən, 1996-cı ildə kinoşünas Aydın Kazımzadə araşdırmalarının  nəticəsi kimi, Azərbaycan kino tarixinin 1898-ci ildən başlandığı sübut olundu. Çünki həmin il avqustun 2-də Anton Mişonun Bakıda çəkdiyi  “Balaxanıda neft fontanı” adlı ilk Azərbaycan filmi nümayiş etdirilib. Kinomuzun bu tarixdən sonrakı inkişafı isə dahi Üzeyir bəy Hacıbəylinin adı ilə bağlıdır. Onun əsərləri dəfələrlə ekranlaşdırılıb, kinonun Azərbaycanda ayaq açıb yeriməsi Üzeyir bəy Hacıbəylinin əsərlərinin ekran həlli ilə mümkün olub. “Arşın mal alan”, “O olmasın, bu olsun” milli kinonun inkişafını əsaslandıran ekran əsərləridir.

Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən kinomuz yeni inkişaf yoluna qədəm qoydu, vaxtilə ekranlara buraxılmayan filmlər Heydər Əliyevin təşəbbüsü ilə ekrana çıxdı. Azərbaycan kinosunun ən maraqlı işlərindən olan “Bir cənub şəhərində” filmi məhz Heydər Əliyevin dəstəyi ilə ekran həyatı qazandı. Kinoda Azərbaycan tarixini, mədəni abidələrini, dahi şəxsiyyətlərini canlandıran “Nəsimi”, “Nizami”, “Babək”, “Dədə Qorqud” kimi ekran əsərləri meydana gəldi. Kinematoqrafiya sahəsində çalışanların məişət şəraiti yaxşılaşdırıldı, onlara fəxri adlar verildi. Əgər 1969-cu ilə qədər Azərbaycan kinosunda yalnız bir nəfər Xalq artisti fəxri adı almışdırsa, həmin ildən Tofiq Tağızadə, Həsən Seyidbəyli və neçə-neçə sənətkarlar Xalq artisti adına layiq görüldülər. 1976-cı ildə Ulu Öndərin təşəbbüsü ilə respublikamızda kino sənətinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında tarixi qərar qəbul olundu. Məhz onun sayəsində 1970-ci illərdən başlayaraq Bakıda ümumittifaq kino və televiziya filmləri festivallarının keçirilməsi ənənəsi qoyuldu.

Dahi Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələndən sonra ilk sərəncamlarından biri Dövlət Film Fondunun yaradılması barədə oldu ki, bununla da Ulu Öndər  Azərbaycan filmlərini məhv olmaqdan qorudu. 1998-ci ildə “Kino haqqında” qanun qəbul  olunmaqla Azərbaycan kinosunun hüquqi bazası yardıldı. Qeyd edək ki, MDB ölkələri arasında Rusiyadan sonra yalnız Azərbaycanda belə bir qanun qəbul edilib.

Azərbaycanda kino çəkilişlərinə hər il dövlət büdcəsindən vəsait ayrılır və ilbəil bu vəsaitin həcmi artırılır. 2000-ci ildə 600 min, 2004-cü ildə 850 min, 2005-ci ildə

1 milyon 400 min, 2006-cı ildə  2 milyon, 2007-ci ildə isə 3 milyon 300 min manat vəsait ayrılıb. Müstəqilliyin ilk illərində 3-4 ildə cəmi 1-2 bədii film çəkilirdisə və ya heç çəkilmirdisə, son 10 il ərzində “Ovsunçu”, “Hacı Qara”, “Küçələrə su səpmişəm”, “Arxada qalmış gələcək”, “Girov”, “Əlvida, Cənub şəhəri”, “Cavid ömrü”, “Hökmdarın taleyi”, “Manifest”, “Biz qayıdacağıq”, “Axınla aşağı”, “Dolu”, “Yarımçıq xatirələr” və sair bədii, xeyli sayda sənədli və cizgi filmləri ekranlaşdırılıb.

2007-ci il fevralın 20-də Prezident İlham Əliyev “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzaladı. Bu sərəncam kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə xidmət edir. Xatırladaq ki, 1976-cı ildə Ulu Öndər Heydər Əliyev də “Kino sənətinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncam imzalamışdı. O vaxtdan kinostudiya həmin il alınan avadanlıqlarla işləyirdi. İndi “Azərbaycanfilm” yeni avadanlıqlarla təchiz edilib.

Bu gün artıq milli kinomuzun dünya ekranlarına çıxması üçün bütün imkanları var. Qalır yalnız ona münasibət. Milli kino sahəsində əsas çətinliklərimizdən biri filmlərin satış məsələsidir. Yəni çəkilən filmlərimizi dünya ekranlarına çıxararaq nümayiş etdirmək imkanlarımız məhduddur. Bu məsələni həll etmək məqsədilə filmlərin çəkilişlərinin və nümayişinin prodüser mərkəzlərinə həvalə edilməsi ilə bağlı layihə hazırlanıb həyata keçirilmək üzrədir.

Bu, atılacaq addımların başlanğıcı olsun. Amma kinonun inkişafı üçün hələ çox iş görülməlidir. Onun dünya ekranlarına çıxıb Azərbaycanın adını ucaltması üçün yalnız dövlət deyil, həm də ayrı-ayrı imkanlı şəxslər, ümumilikdə xalq maraqlı olmalıdır. Çünki kino təkcə milli deyil, həm də siyasi məsələdir. Kinonun təbliğat gücü və auditoriyası daha genişdir.

Bu gün Azərbaycan dünyaya öz torpaqlarını işğaldan azad etməsi, düşmən üzərində qələbəsi ilə qürurlanır. Bu qələbəni və tarixi gələcək nəsillərə yalnız kinonun dili və imkanları ilə çatdırmaq mümkündür. Söz yox ki, yeni-yeni əsərlər yaranacaq.  Qarabağda, Şuşada oğullar yüzlərlə “film çəkib”, ekranlarda indiyə qədər görülməyən “kadrlar yaradıb”. Qalır onları kino lentinə köçürüb kinotetrlara daşımaq.

2 avqust Azərbaycanda Milli Kino Günüdür. Hər sahədə uğur, qələbə qazanan Azərbaycanın tezliklə kino sahəsində də yeni uğurlara imza atacağına inanırıq. Tezliklə Şuşa fatehlərinin obrazları canlandırılan Azərbaycan kinosunun səsi dünya kinoteatrlarından gələcək. Həm onları kino ilə tarixiləşdirmək, həm də kinomuzu onlarla dünya ekranlarına çıxarmaq uğurlarımız olacaq. Buna inanırıq. Kino gününüz mübarək!

 

Ramilə QURBANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video