15 Iyun 2021 21:57
1290
SİYASƏT
A- A+

Bu gün Şuşada türk dünyasının ən yeni tarixi yazılır

 

Adətən bir xalqın, bir ölkənin taleyində xüsusi əhəmiyyət kəsb edən əlamətdar günləri tarixi gün adlandırırlar. Necə ki, iyun ayının 15-i Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət kəsb edən tarixi günlərdən biridir. 1993-cü ilin məhz bu günündə ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyasını yerinə yetirmək üçün Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Artıq 25 ildir ki, Azərbaycan xalqı bu günü ümumxalq bayramı olaraq böyük təntənə ilə qeyd edir. Lakin bundan sonra, gələcək nəsillər iyunun 15-ni yalnız bir tarixi gün kimi deyil, həm də bütün Türk dünyasının ən yeni tarixinin bir başlanğıc nöqtəsi kimi də qeyd edəcəklər. Bu gün, 2021-ci ilin iyun ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, türk mədəniyyətinin beşiyi olan Şuşada, sözün əsl mənasında, tarix yazırlar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

Deputat vurğulayıb ki, Türkiyə Prezidentinin Şuşaya səfəri ölkələrimiz, xalqlarımız və dövlət başçılarımız arasında olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin həqiqətən də ən yüksək səviyyədə olmasının ən bariz göstəricilərindən biridir. O bildirib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri həqiqətən də həm ölkələrimiz üçün, həm də bütün türk dünyası üçün son dərəcə böyük əhəmiyyət kəsb edən bir tarixi hadisədir. Nəzərə alsaq ki, Prezident Ərdoğan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilk dəfə səfər edir, o zaman səfərin günü və təyinat nöqtəsi seçiminin heç də təsadüfi olmadığını əminliklə demək mümkündür. Heç şübhəsiz, Şuşanın işğaldan azad edilməsi təkcə Azərbaycan üçün deyil, bütün müsəlman və türk dünyası üçün olduqca əhəmiyyətli bir hadisə idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanı azad edən Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionunda kimin əsl söz sahibi olması məsələsinə bir daha aydınlıq gətirdi və faktın müzakirəyə belə açıq olmadığını bütün dünyaya nümayiş etdirdi. Türkiyə Prezidentinin Şuşaya səfəri isə Azərbaycanın arxasında qardaş ölkənin timsalında belə bir böyük gücün dayandığının və artıq bu ölkələr arasındakı strateji müttəfiqliyin daha güclü birliyə çevrildiyinin növbəti təsdiqi oldu. Səfərin məhz 15 iyun tarixində baş tutmasını isə bu əlamətdar günün Azərbaycan xalqının tarixində həqiqətən böyük başlanğıclar günü olduğuna işarə kimi qəbul etmək lazımdır. Ulu Öndərin dühasından doğan Qurtuluş yolunun bu gün bütün türk dünyasının yeni formatda birliyinə aparan bir başlanğıc olması Heydər Əliyev siyasi kursunun bundan sonra da bütün bəşəriyyətin rifahına, inkişafına misilsiz töhfələr verəcəyini göstərir”.

Azərbaycan ilə Türkiyə arasında imzalanan sənədlərin əhəmiyyətindən danışan S.Möhbalıyev deyib: “Azərbaycan və Türkiyə münasibətləri daim inkişaf edir, möhkəmlənir. Prezident Ərdoğanın Şuşaya səfəri zamanı da dövlətlərimiz arasında vacib sənəd imzalandı. Məlumdur ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar fonunda Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq tamamilə yeni bir mərhələyə keçib. Heç şübhəsiz, imzalanan Şuşa Bəyannaməsi də bu tərəfdaşlığın hüquqi əsaslar üzərində bazasının yaradılmasına xidmət edəcək. Bir sözlə, Azərbaycan və Türkiyə prezidentləri bu gün Şuşada Bəyannamə imzalamaqla yeni tarix yazdılar və bu tarix bütün türk dünyasının həm nüfuzunun, həm də qüdrətinin daha da artması ilə əlamətdar olacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video