01 Dekabr 2011 02:12
1089
Səhiyyə
A- A+

Bu bəladan qurtulmağın bircə yolu var - ehtiyatlı və təmiz olmaq

 

XX əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biri QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromudur. Adından da göründüyü kimi, QİÇS insanla doğulan, insana xas xəstəliklərdən deyil. O, insanın sonrakı fəaliyyəti nəticəsində "qazandığı", əldə etdiyi, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır.  Narkomaniya, qeyri-sağlam həyat tərzi, antisanitariya, natəmizlik - bütün bunlar QİÇS-in yaranmasında və yayılmasında mühüm rol oynayır.

Bir sıra Avropa ölkəsində bu xəstəliyə mübtəla olanların vəziyyətini yaxşılaşdırmaq, cəmiyyətin onlara münasibətini dəyişdirmək üçün müxtəlif vasitələrdən istifadə edilir, həmin mərəzə tutulanlara tibbi, maddi və digər  yardımlar göstərilir. Ancaq bu xeyirxah səylər bəzən lazımi effekti vermir. Belə ki,  cəmiyyətin özündən gələn müxtəlif paradokslar da baş verir. Bu yaxınlarda aparılan araşdırmalar maraqlı bir faktı ortaya çıxardı: bir çox QİÇS daşıyıcısı özünü bilərəkdən belə bir mərəzə yoluxdurur ki, maddi vəziyyətini "düzəldə" bilsin. Özü də belə "xəstələr"in sayı o qədər də az deyil. Gördüyünüz kimi, cəmiyyətin atdığı müsbət addımlar bəzən  nə ilə nəticələnə bilir...

QİÇS-in epidemiya kimi vacib xüsusiyyətlərindən biri odur ki, ilk dəfə harada aşkarlanmasından asılı olmayaraq o, indi heç bir sərhəd tanımır, heç bir milli, dini ayrılığa fərq qoymadan yer üzündə tüğyan etməkdədir. Bəlkə elə bu xüsusiyyətinə görə o, əsrin bəlalarından biri hesab olunur, ona qarşı mübarizə də ümumbəşəri xarakter daşımaqdadır.

Son məlumatlara görə, yer üzündə 40 milyona yaxın insan bu virusun daşıyıcısıdır. Dünyada mentalitetdən və digər səbəblərdən gizlədilən belə faktların kifayət qədər olduğunu da nəzərə alsaq, bütün bu məlumatların həqiqəti hələ tam əks etdirmədiyi ortaya çıxır. Qloballaşan dünyada getdikcə güclənən miqrasiya prosesləri də epidemiyanın sürətlə yayılmasına rəvac verir.

Xatırladaq ki, 1988-ci ildə dünya ölkələrinin səhiyyə nazirlərinin əhalinin immun çatışmazlığı ilə əlaqədar sammiti təşkil olundu. Həmin sammitdən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) BMT-nin köməyi ilə hər il dekabrın 1-ni QİÇS-lə mübarizə günü elan etdi. Məqsəd həmin gün hər yerdə əhalinin diqqətini bu problemə yönəltməkdən, insanları maarifləndirməkdən ibarətdir. Xüsusilə iqtisadi cəhətdən zəif inkişaf etmiş, təhsilin səviyyəsinin aşağı olduğu ölkələrdə bu xəstəlikdən əzab çəkənlərin say çoxluğunu nəzərə alaraq onlara müxtəlif proqramlar, layihələr vasitəsilə kömək göstərilməsi indi də prioritet vəzifələrdəndir.

Azərbaycanda bu xəstəliklə mübarizə tempi onun yayılmasına uyğun bir sürətlə getməkdədir. 1987-ci ildə respublikamızda bu xəstəliyə tutulmuş iki nəfər vardısa, indi onların sayı yüzlərlədir. Doğrudur, digər ölkələrlə müqayisədə bu, elə də böyük rəqəm sayılmaya bilər. Amma "hər şeyi başlamaq asandır, bitirməksə çətindir" prinsipini əsas götürərək indidən qətiyyətlə hərəkət etmək lazımdır.

Bu mənada Azərbaycan dövlətinin, hökumətinin atdığı addımlar, qəbul etdiyi qərarlar və qanunlar kifayət qədər vacib olmaqla yanaşı, günün tələblərinə, reallıqlarına cavab verməkdədir. Hələ 1996-cı ildə Milli Məclisdə "İnsan immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (QİÇS) yayılmasının qarşısının alınması haqqında" qanun qəbul edilib. Lakin sonrakı dövrlərdə bu xəstəliyin qurbanlarının sayı get-gedə artdığı üçün həmin qanuna yenidən nəzər salınıb, Cinayət Məcəlləsində müəyyən dəyişikliklər edilib. İndi bu sindromu bilərəkdən yayanları 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

Azərbaycan QİÇS-lə mübarizə üçün bütün vasitələrdən istifadə edir, təbliğat fəaliyyətini günü-gündən gücləndirir, əhali arasında maarifləndirmə tədbirlərini artırır. Bu məqsədlə beynəlxalq təcrübədən də istifadə etməyə çalışır, həmin  bəlaya qarşı qeyri-hökumət təşkilatlarının, xüsusilə gənclər birliklərinin səylərini birləşdirməyə çalışır. Məqsəd isə aydındır: insanları başa salmaq, maarifləndirmək yolu ilə onları daha çox real həyata bağlamaq, dağılan və dağıdılan deyil, daha çox qurulan və gözəlləşən dünyanın yanında görmək, yaşamaq və yaratmaq həvəsini, eşqini gücləndirmək. Bu yolda hər bir vətəndaş dövlətin, dövlət isə öz vətəndaşının yanında olmalıdır - istər xəstə olsun, istər sağlam.

 

Bəxtiyar QARACA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video