14 Iyun 2021 19:24
788
CƏMİYYƏT
A- A+

Britaniya nümayəndə heyəti: Azərbaycan bütün dinlərə aid abidələri qoruyub saxlayır, Ermənistan isə məhv edir

 

İyunun 14-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanda səfərdə olan Böyük Britaniya parlamentinin sabiq üzvü və keçmiş nazir müavini Şahid Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Rövşən Rzayev Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalçılıq, etnik təmizləmə, soyqırımı siyasəti haqqında qonaqlara ətraflı məlumat verib. Qeyd olunub ki, 1988-1993-cü illərdə baş vermiş münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı öz yurdunu tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Ermənistan otuz ilə yaxın işğal altında saxladığı ərazilərdə Azərbaycanın tarixi-mədəni irsini məhv edib, xalqımıza ağır maddi-mənəvi zərər vurub, şəhər və kəndlərimizi dağıdıb.

Qonaqlara məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət siyasəti haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev dövlət başçısı seçildikdən sonra qısa müddətdə çadır düşərgələrini ləğv edib, 300 mindən çox məcburi köçkün müasir standartlara cavab verən 115 qəsəbədə yerləşdirilib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə bu işə özəl sektor da cəlb olunub və üç böyük yaşayış kompleksi salınıb. Məcburi köçkünlərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir, onlar vahid aylıq müavinət alır, təhsil, səhiyyə və bir sıra ictimai xidmətlər üzrə güzəştlərdən yararlanır.

Qaçqınlıq və məcburi köçkünlük problem ilə əlaqədar yaranan humanitar fəlakət təhlükəsinin aradan qaldırılmasında Azərbaycana beynəlxalq təşkilatların göstərdiyi dəstək minnətdarlıq hissi ilə xatırlanıb.

Ermənistanın davamlı hərbi təxribatlarına cavab olaraq Azərbaycanın ötən ilin payızında əks-həmlə döyüş əməliyyatı keçirdiyi və 44 gün ərzində özünün ərazi bütövlüyünü bərpa etdiyi barədə məlumat verilərkən diqqətə çatdırılıb ki, multikultural dəyərlərə daim sadiq qalan ölkəmizin müxtəlif etnik mənşəli vətəndaşları işğalçılara qarşı birlikdə vuruşub, qəhrəmanlıq nümunəsi göstəriblər. Xalqımızın tarixində Vətən müharibəsi kimi yer tutan və Ermənistanın işğal etdiyi ərazilərdən çıxarılması ilə başa çatan hərbi əməliyyatlardan sonra məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıtmasına imkan yaranıb. Bu yaxınlarda aparılan sorğuda onların mütləq əksəriyyəti doğma yurda qayıdacağını bir daha təsdiqləyib. Məcburi köçkünlərin dövlət tərəfindən könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışı təmin ediləcək. Hazırda Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri həyata keçirir. Ermənistanın mina xəritələrini verməkdən uzun müddət imtina etməsi bu sahədə vəziyyəti gərginləşdirib, indiyədək 100-dən çox azərbaycanlı mina partlayışı nəticəsində həyatını itirib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və diplomatik fəaliyyəti nəticəsində, nəhayət ki, Ermənistan yalnız Ağdam rayonu ərazisində basdırılmış 97 min minanın xəritəsini verib. Azərbaycan ərazilərində mina təhlükəsinin aradan qaldırılmasına Böyük Britaniyanın da dəstək verdiyi qeyd edilib və bölgədə dayanıqlı sülhün bərqərar olması naminə bütün xəritələrin verilməsi üçün Ermənistana beynəlxalq təzyiqin artırılmasının vacibliyi vurğulanıb.

Komitə sədri bildirib ki, məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıdışı dünyada ilk dəfə Azərbaycanda gerçəkləşəcək. Buna görə də bu ilk təcrübədə uğurlu nəticəyə nail olmaq üçün müvafiq dövlət proqramları hazırlanır.

Səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin üzvləri - Böyük Britaniya parlamentinin sabiq üzvü və keçmiş nazir müavini Şahid Malik, siyasi təhlilçi Qureyşi Şahid, “T-vine” nəşrinin təsisçisi və redaktoru Özerim İpek, videojurnalist Kravford Edvard, jurnalist Rov Edvard, tədqiqatçı Reynolds Nikolas Azərbaycana səfərlərindən, ölkəmizdə gördükləri inkişafdan məmnunluqlarını bildiriblər. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdəki dağıntılar insanlarda depressiya yaradır. Həmin ərazilərdə quruculuqla bağlı böyük işlər həyata keçirilir. Azərbaycan bütün dinlərə aid abidələri qoruyub saxlayır, Ermənistan isə məhv edir. Beynəlxalq ictimaiyyətin bunları nəzərə almaması, işğalçı ilə təcavüzə məruz qalanı fərqləndirməməsi təəssüf hissi doğurur.

Dövlət Komitəsinin sədri görüşdə iştirak edən britaniyalı jurnalistlərin suallarını cavablandırıb.

Görüşdə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə də iştirak edib.

Görüşdən sonra nümayəndə heyəti məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki yaşayış kompleksindəki vəziyyətlə tanış olub, orada yerləşən məktəbin müəllimləri ilə görüşüb və Tarix-Diyarşünaslıq Muzeyində olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video