19 Mart 2021 00:40
1656
SİYASƏT
A- A+

Böyük zəfərdən böyük quruculuğa...

 

Prezident İlham Əliyevin Qarabağın dirçəlişi strategiyası uğurla icra olunur

 

Bu il Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ailə üzvləri ilə birlikdə Novruz bayramını Şuşada qarşıladı. İlin axır çərşənbəsi axşamı gözəlliklər məkanında qalanmış bayram tonqalı hamımıza bir aləm sevinc bəxş etdi.

Bu, 29 ildən sonra ruhumuzun şəhərində alovlanan ilk bayram tonqalı idi. Qədim Şuşa qalasının divarları önündə çatılan Novruz tonqalı ətrafında halay vurmuş müzəffər Ordumuzun əsgər və zabitləri mərd, qürurlu duruşları ilə Azərbaycanın zəfər bayramını, haqqın nahaqq üzərində qələbəsinin sevincini, Şuşanın 29 illik işğaldan sonrakı büsatını bir daha bütün dünyaya çatdırdılar.

 

Şuşa bütün mövsümlərdə gözəldir

 

Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Şuşanı ziyarət etdi. Birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birgə yenidən bu gözəl şəhərimizdə oldu. Şanlı qələbəmizdən sonra bu, Ali Baş Komandanın ailə üzvləri ilə birgə Şuşaya ikinci səfəri idi. Yanvarın 14-də də Azərbaycan Prezidentinin Şuşaya ilk tarixi səfəri olmuşdu. Dövlət rəhbərimizin növbəti səfəri isə hazırda Şuşada başlanan bərpa-quruculuq tədbirləri ilə tanışlıq məqsədi daşıyırdı. Prezident Şuşaya Ordumuzun böyük qəhrəmanlıqla qət edərək bu dilbər guşəni azadlığına qovuşdurduğu Zəfər yolu ilə gəldi. Mehriban xanım Əliyevanın yolboyu telefonunun kamerası ilə çəkdiyi kadrlar yenə də böyük marağa səbəb oldu. İnsanlarımız bu kadrları, dövlət rəhbərimizin sükan arxasında dediyi sözləri böyük sevgi ilə qarşıladılar.

 

Tarixi bərpa edirik

 

Ölkə rəhbərimiz ailə üzvləri ilə birgə azad Qarabağ torpaqlarına səfər edəndə hər dəfə simvolik bir məqam diqqəti çəkir. Bu torpaqlarda həmin gün Günəş doğur, hava aydınlaşır. Sanki Ana təbiət də bu gəlişi bayram edir. Azərbaycanın öz haqqı olana qovuşmasına sevinir. Prezidentimizin şəxsində bu yurdun əsl sahibinin - Azərbaycan dövlətinin, vətəndaşlarımızın, sosial-iqtisadi gücümüzün, imkanlarımızın, qurucu əllərimizin qayıdışına şadlanır.

Təbiətin də sevinməyə haqqı var. Çünki bu torpaqların xoşbəxtlik qaynağı Azərbaycandır. İnsanın torpağa sevgisi onu əkib becərməsidir, köksündə qurub yaratmasıdır. Nəsillərdən nəsillərə soraq gətirən mədəniyyət nişanələri ucaltmasıdır. Bunun üçün də torpağa sevgi lazımdır. Onu sidq-ürəkdən özünə Vətən bilməlisən. 30 illik işğal dövründə bu ərazilərdə inanılmaz vandalizm aktları törədən, qurulu şəhərlərimizi, kənd və qəsəbələrimizi yer üzündən silən, əlinə keçmiş, gözünə görünmüş nə varsa satıb sovuran, torpağın köksünü minalarla zəhərləyən erməni qəsbkarları haradan bilsin əsl torpaq sevgisi nədir?! Onların “missiyası” tarixən oğurluq etmək olub. Daim başqalarından oğurlayıb mənimsəməyə çalışıblar, saxtalaşdırıblar. Bədnam əməlləri ilə vəhşət mənzərələri yaradıblar.

Amma Azərbaycan artıq qəsbkarları torpaqlarımızdan rədd edib. Onların 30 il ərzində dağıdıb viran qoyduqları yurdlarımızda indi genişmiqyaslı quruculuq işləri başlanıb. Azərbaycan xalqı öz tarixi missiyasını yenə davam etdirir. Qurub-yaradır, dünyada mədəniyyət nişanələri formalaşdırır, inkişafa, rifaha, insanın xoşbəxtliyinə qapı açır.

 

Fotolardakı yaddaşın bələdçiliyi

 

Azərbaycan Prezidentinin Şuşaya növbəti səfəri yeni bir mövsümün, yeni bir həyatın başlanğıcında bunun daha bir xoş müjdəsi idi. Prezident İlham Əliyev bu ilin yanvar ayındakı səfərində Natəvanın, Üzeyir bəy Hacıbəylinin və Bülbülün büstlərinin Şuşaya qaytarıldığını xatırlatdı. Hər dəfə Şuşanı ziyarət etməyin zövqünü, onun başı qarlı, dumanlı dağlarının gözəlliyini, füsunkar mənzərəsini diqqətə çəkən dövlət rəhbərimizin hər bir sözü, hərəkəti böyük sevgi ilə insanlarımız tərəfindən izlənilir. Azərbaycan Prezidenti Vaqifin məqbərəsini də ziyarət etdi və bərpa işlərinə başlandığını bildirdi. Dövlət rəhbərimiz məqbərənin tezliklə əvvəlki görkəminə qaytarılacağını bildirdi. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı, 1982-ci ildə təntənəli şəkildə açılışı olan bu milli yaddaş məbədimizə tikilinin o dövrə aid arxiv fotolarını da  gətirmişdi. Azərbaycan Prezidenti fotoların bələdçiliyi ilə məqbərənin açılış günündəki görkəminə aid nişanələrini dəqiqliklə göstərdi. Bu, bir tərəfdən Ulu Öndər Heydər Əliyevlə bağlı xoş xatirələr, digər tərəfdən isə erməni vandalizminin ifşası idi. Ölkə rəhbərinin nümayiş etdirdiyi fotolardan bir daha göründü ki, erməni vandalları Vaqifin məqbərədəki barelyefinə, qəbrinin üzərindəki sinə daşına qədər söküb aparıblar. Şuşada şairin büstünü dağıdıb yerində dükan tikiblər.

 

Tarixi ədalətin bərpası

 

Şükürlər olsun ki, erməni quldurlarının əsarətindəki illər bitdi. Şuşa da, dağıdılmış başqa yurdlarımız da yenidən əvvəlki gözəlliyinə qaytarılacaq. Vaqifin məqbərəsi də tezliklə bərpa olunacaq. Prezidentimiz məqbərənin bərpası layihəsini Heydər Əliyev Fondunun öz vəsaiti hesabına həyata keçirəcəyini bildirdi: “Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə” dedi dövlət rəhbərimiz. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilmiş bərpa-quruculuq layihələri ilə tanış olan hər kəs üçün bu, mükəmməlliyin başqa bir adı deməkdir. O deməkdir ki, Vaqifin muzey-məqbərə kompleksi qısa zamanda dünyanın ən gözəl mədəniyyət abidələrindən birinə çevriləcək. Şuşanın əsas simvollarından biri kimi bu məkanın adını tutub gələn axın-axın ziyarətçilərini qarşılayacaq. Burada yenidən ənənəvi Vaqif poeziya günləri keçiriləcək. Azərbaycan dilinin şirinliyi, xoş ahəngi bu dildə əbədiyyət ətirli şeirlər yazmış Vaqifin məqbərəsindən yenidən dünyaya yayılacaq. Gələcək nəsillərə soraq aparacaq. Tarixi ədalətin bərpası həm də budur!

Prezident İlham Əliyev Şuşadakı məscidlərin də, ermənilərin bu illər ərzində qurutduqları bulaqların da bərpa olunacağını bildirdi. Şuşanın qurucusu Pənahəli xanın sarayının qalıqlarını da ziyarət etdi. Erməni vandallarının Şuşada və başqa əzəli torpaqlarımızda törətdikləri dağıntıları bir daha acı təəssüf hissi ilə diqqətə çatdırdı: “Bura Pənahəli xanın sarayı olub. Şuşanı quran, Şuşanı salan Pənahəli xan özü üçün burada saray tikdirib. İndi görün, ermənilər nə günə salıblar bu sarayı. Tarixi abidə idi. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib.

Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər bunu. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər.

Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidəsini bax, bu günə qoyasan. Vəhşilik. Mən deyəndə ki, sanki vəhşi qəbilə keçib buradan, bax, bu mənzərəni nəzərdə tuturam”.

 

Əzəli, əbədi yurdumuz

 

Şuşaya səfəri zamanı dövlət rəhbərimiz şəhərin mərkəzi meydanındakı XIX əsrə aid karvansaray tarix-memarlıq kompleksinə, Şuşa Dövlət Rəsm Qalereyasının binasına, “Qarabağ” mehmanxanasına, Şuşa Xalça Muzeyinə, park hotelin yerləşəcəyi binaya və başqa tarixi tikililərə də baş çəkdi. Hər birində erməni vandalizminin mənfur izləri yaşayan bu binaların bərpası ilə bağlı tapşırıq və göstərişlərini verdi. Geri dönərkən yolüstü Daşaltı kəndində dayandı. Azərbaycan igidlərinin qəhrəmanlığını yaşadan bu kəndin gözəl təbiətinə, əsrarəngliyinə heyranlıq hissi ilə bir daha bəyan etdi: “Hansı tərəfə baxsan gözəllik, yaşıllıq. Bura Azərbaycan torpağıdır, Qarabağ torpağıdır. Bundan sonra Azərbaycan xalqı burada əbədi yaşayacaq”.

 

Həyatımızın yeni dövrü

 

İşğaldan azad edilmiş torpaqlarımıza növbəti səfəri çərçivəsində Prezident İlham Əliyev ailə üzvləri ilə birgə Füzuli və Xocavənd rayonlarında da oldu. Azad torpaqlarımızı inkişafa qovuşduracaq yeni yolların - Füzuli-Hadrut və Hadrut-Cəbrayıl-Şükürbəyli yollarının təməlini qoydu. Bu avtomobil yollarının inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyacaq. Buna paralel başqa yol layihələri də icra edilməkdədir. Füzulidən Şuşaya dövlət rəhbərimizin “Zəfər yolu” adlandırdığı yol çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilməsi planlaşdırılır. Horadizdən Zəngilana qədər də yol çəkiləcək. “Biz bu torpaqlara qayıtmışıq. Qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtmışıq. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq” dedi Prezident İlham Əliyev və xüsusi vurğuladı ki, düşməni torpaqlarımızdan qovandan sonra indi həyatımızın yeni dövrü başlayır - quruculuq, inkişaf, torpaqlarımızın bərpası dövrü.

Bu, otuz ildir öz əsl sahibinin yolunu gözləyən və, nəhayət, nisgili, intizarı başa çatan yurdlarımızın yeni həyatının müjdəsidir: “Otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı daş üstündə qoymayıb. Görün yollar nə gündədir. Otuz il ərzində bu yollar asfalt görməyib. Onların bütün təbliğatı yalandır, bütün tarixi saxtadır. Özlərini dövlət adlandırırdılar, dırnaqarası “Artsax dövləti” - cəhənnəmə getdi. “Dövlət” idisə, bəs niyə daş daş üstə qoyulmayıb? Çünki bilirdilər ki, bu torpaq onların deyil. Bu torpaq azərbaycanlıların torpağıdır”.

 

Qət edilən zirvələr

 

Dövlət başçısı İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırdı, qalib Ordumuzun əsgər və zabitləri önündə çıxış etdi. 44 günlük Vətən müharibəsinin gələcək tədqiqatçıları üçün bu çıxışların hər bir detalı çox önəmlidir. Ali Baş Komandan bildirdi ki, məhz Hadrutun azadlığından sonra Şuşaya doğru istiqamət götürülüb. Çünki Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Azərbaycan Ordusu yenə də düşmənin gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşıb. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayalara dırmaşaraq Şuşanı işğalçılardan azad edib. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq.

Səfər zamanı Prezident İlham Əliyev ailə üzvləri ilə birgə Hünərli kəndindəki Alban məbədində, tarixi yaşayış məskənlərimizdən olan Tuğ kəndində, bu kənddəki qədim Alban mədədində, Azıx kəndində də oldu. Dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarasına baş çəkdi. Prezident yada saldı ki, Ermənistan bu mağarada da qanunsuz işlər aparıb. Xaricdən qanunsuz olaraq alimlər cəlb edib. “Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik.

Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb. Azıx mağarası Azərbaycan ərazisində yerləşir. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar”.

Dövlət rəhbərimizin Qarabağa əvvəlki səfərləri kimi, bu səfərindən də uca dağ zirvələrində o qürur dolu anları əbədiləşdirən fotolar çəkildi. Bu möhtəşəm anlar həmin fotolarda tarixiləşdi. Azərbaycan dövlətinin bundan sonrakı gələcəyini əks etdirən fotoların hamısında məhz zirvələr görünəcək. Çünki biz can atdığımız zirvələri, yüksəklikləri fəth etmişik. Bu zirvələrin sahibi bizik. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, elə zirvə yoxdur ki, biz onu qət edə bilməyək. Bu zirvələr ruh yüksəkliyimizdir. Vətənimizin gələcəyini də bu ruh yüksəkliyi ilə yaradacağıq.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video